Hamamın içində...
Bakı. XXI əsr. İçərişəhərin
dolanbac küçələri ilə qız-qadınlar orta əsrlərdə
olduğu kimi, əllərində boğça hamama gedirlər…
Söhbət
İçərişəhərin mərkəzində yerləşən,
XVIII əsrdə inşa edilən Ağa Mikayıl
hamamından gedir. Xalq arasında bu hamama «Məşədi
İbad» hamamı da deyirlər. Ona görə ki, «O
olmasın, bu olsun» filmindəki məşhur hamam fraqmenti məhz
burada lentə alınıb.
Ağa Mikayıl
hamamının özünəməxsus memarlıq üslubu
var. Abidə Şamaxı sakini Ağa Mikayılın təşəbbüsü
ilə Şirvan memarlıq üslubunda tikilib. Öz
dövrünün imkanlı şəxslərindən olan
Ağa Mikayıl yaşadığı dövrdə
Şamaxıda da bir çox hamamlar tikdirərək
camaatın ixtiyarına verib.
İçərişəhərin
Kiçik Qala küçəsində yerləşən hamam
kiçik girişdən, paltar saxlanılan otaqdan və yuyunma
salonundan ibarətdir. Paltar saxlanılan otaqda kiçik hovuz,
döşəmədən yarım metr hündür olan
dövrələmə daş oturacağa bənzər yerlər
olduğu kimi qalır.
Bu abidənin digər
özəlliyi isə ondan ibarətdir ki, başdan-ayağa təbii
daşdan tikilib. Hamamdakı istilik sistemi elə tənzimlənir
ki, divarlarının qalınlığı 1 metr olan bu
binanın istixanası söndürüləndən sonra da o,
10-15 gün isti qalır. Hamam həm də müalicəvi əhəmiyyətə
malikdir. Yuyunma salonunda ayrıca buğ otağı («parnoy»)
tikilib. Burada bir-birinin üzərində pilləkən
formasında tikilmiş taxta skamyalar var. Bunun özü də
məqsədli şəkildə quraşdırılıb. Belə
ki, özünü yaxşı hiss edənlər, yəni
sağlam olanlar yuxarı mərtəbədə, orqanizmi zəif
olanlar isə aşağı mərtəbədə oturub
özlərini buğa verir və təbii üsulla bədəndə
olan duzlar xaric olunur. İri salonda təbii daşdan dövrələmə
və masaya bənzər, kvadrat formasında tikilmiş və
yerdən bir metr hündürlükdə olan xüsusi yerlər
isə masaj üçün nəzərdə tutulub. Ən
maraqlısı isə hamamın hovuzudur. Hovuzu yuyunma salonu ilə
divar ayırır. Dəmir pilləkənlərlə
divarın yuxarı tərəfinə qalxıb hovuza enmək
mümkündür. Tikildiyi dövrdən bu günə qədər
yaşayan palıd süpürgələrdən istifadə
etmək ənənəsi müalicəvi xarakter
daşıyır. Bu süpürgələr yüngül
formada bədənə çırpıldıqda, orqanizmdə
qan dövranını yaxşılaşdırır.
Hamam müəyyən
fasilələrlə daim fəaliyyət göstərib və
sovet hakimiyyəti dövründə cəmi bir dəfə -
80-ci illərdə təmir edilib. Həmin illərdə abidə
Hamamlar Birliyinə, sonra isə Mənzil Kommunal Təsərrüfat
Departamentinə daxil olub. 1995-ci ildən hamama rəhbərlik
edən Qorxmaz Xəlilov əvvəlki quruluşu saxlamaqla
öz hesabına hamamda təmir-bərpa işləri
aparıb. 2008-ci ildə Ağa Mikayıl hamamı Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruğuna daxil edilib. 2009-cu ildə
qoruq idarəsi tərəfindən abidənin çöl hissəsində
təmir-bərpa işləri aparılıb.
Mədəniyyət.- 2009.- 22 iyul.- S. 2.