Ədəbiyyat öz şinelində

 

Mətbuat günü qeyd edilməkdədir. Bu gün müstəqil Azərbaycanda təsis edildi. Nədənsə hər il ədəbi mətbuatımız, ədəbi dərgilərimiz, bu mətbularda zəhmət çəkənlər bayram günündə o qədər də xatırlanmır. Məhz bu baxımdan ədəbi sahənin orqanlarının mənzərəsini oxuculara çatdırmaq istədik. Xatırlatmaq istədik ki, müasir mətbuatda çağdaş ədəbi orqanların da öz yeri var. Dövrülüyü tam qaydasında olmayan dərgilərimiz də var, nəşri tez-tez dayanan ədəbi qəzetlərimiz də. Mənzərəyə baxsaq, hələ ki, ədəbi prosesi çiyinlərinə alıb daşıya biləcək ədəbi nəşr mövcud deyil. Amma bu faktdır ki, cəhdlər var, davam edir və inkişaf qaçılmazdır. Bu yazı da sadəcə müasir Azərbaycan ədəbi mətbularının yaradıcılarına kiçik bir hədiyyədir.

 

Əkrəmin  “Azərbaycan”ından Anarın «Qobustan»ına

 

Azərbaycan ədəbi mətbuatının tarixini tədqiq etmək istəmirəm. Amma bu və ya digər şəkildə ədəbiyyat yönümlü mətbuatın cəmiyyət həyatına təsiri danılmaz faktdır. Ötən əsrin 70-ci illərində (1978-1983) Əkrəm Əylislinin baş redaktor olduğu “Azərbaycan” jurnalı sözün həqiqi mənasında cəsarətli mövqeyi ilə cəmiyyətdə ədəbiyyata böyük ümidlər yaratdı. Üstəlik, jurnalın ətrafında əsl istedadlar ordusu formalaşmağa başladı. Bu jurnalda çap olunan gənclik az keçmədən qəbul edilən imza sahiblərinə çevrildi və bu gün də ədəbiyyatdadırlar.

Dövrün bədii yönümü, yaradıcılıq xətti ilə fərqlənən, sənətlər jurnalı saymağın mümkün olduğu “Qobustan” toplusu isə 1969-cu ildən nəşr edilməyə başladı və əvvəlki şöhrətə malik olmasa da, bu gün də çap olunur. Toplunun ilk baş redaktoru xalq yazıçısı Anar olmuşdur. Toplunun yaradılmasında, dəyərli nəşr kimi formalaşmasında, tanınmasında qarşılaşdıığı çətinliklərdən, o zamankı senzura sədlərindən qorunmasında məhz Anarın rolu danılmazdır. Elə bu dövrlərdə də yazıçı yazdığı bəzi əsərlərlə cəmiyyət həyatına qarşı narazılığını bildirmişdi.

İldə dörd dəfə çıxan toplunun indiyəcən 132 sayı işıq üzü görmüşdür.

«Qobustan» öz səhifələrində bütün sənət sahələrini əhatə edən araşdırmalara, nəzəri-tənqidi yazılara, klassik irslə və çağdaş dünya sənətçilərinin yaradıcılığı ilə bağlı materiallara geniş yer ayırırdı. Hazırda «Qobustan»ın baş redaktoru Ələkbər Salahzadədir.

 

Ədəbi mübarizə

 

Ədəbiyyatımızın 37-ci il repressiyasından aldığı məhvedici zərbədən sonra məhz 60-70-ci illərdə müəyyən dirçəliş müşahidə olunmaqdaydı. Həmən dövrlərdə diqqətçəkən məqam dünya ədəbiyyatından tərcümələrin SSRİ-yə daxil digər respublikalarla müqayisədə azlığı idi. Tərcümə sahəsində peşəkar mətbunun olmasına bu və ya digər səbəbdən əngəllər vardı. Milli azadlıq hərəkatının başlandığı, Qarabağ ətrafında məkrli siyasət planının işə düşdüyü vaxt isə məhz ədəbi yönümlü mətbuat respublikanın problemlərini cəsarətli şəkildə işıqlandırmağa başladı. “Ədəbiyyat qəzeti”nin, “Azərbaycan” jurnalının o dövr saylarına baxmaqla bunun şahidi olmaq mümkündür. Qarabağın erməni terroruna uğraması, vətənpərvərlik mövzusu bu mətbuatın əsas mövzusuna, yazıçı-ziyalıların tribunasına çevrilmişdi. Müstəqillik uğrunda mübarizənin ilk illəri həm də müəyyən mənada ədəbi mətbuların meydana çıxmasına şərait və zərurət yaradırdı.  

 

Azadlıq havasında ədəbi mətbuat

 

Qeyd edək ki, dünya ölkələrinin müstəqillik tarixi də bu zərurəti təsdiq edir. İlk növbədə ədəbiyyat azadlıq uğrunda çağırışların carçısı olur. Məhz bizim tariximizdə də Bəxtiyar Vahabzadənin bir çox şeirləri azadlıq ideyalarının stimulçusu rolunda gənc nəslin mübaribəsini şərtləndirirdi. Müstəqilliyin havası ilə meydana çıxan bu qəzet ve dərgilərin əksəriyyəti indi tarixə çevrilsə də, hər halda, yaddaşlarda iz qoydular. Məsələn, 1988-ci ildə tezliklə ədəbi gəncliyin formalaşmasında müstəsna rol oynayacaq “Gənclik” jurnalı ortaya çıxdı. O vaxt "Gənclik" 70 min tirajla dərc olunurdu. Jurnalın nəzdində fəaliyyət göstərən Ədəbi Birliyin məşğələlərində bir il ərzində jurnal səhifələrində dərc olunmuş şeirlərin müzakirəsi keçirilirdi. Bundan başqa, «Karvan» jurnalı ədəbi toplu olaraq öz oxucularını qazanmışdı. Jurnal tarixi-publisistik məqalələrə üstünlük verməklə yanaşı, o dövrdə qıt sayılan ədəbi tərcümə nümunələrini də imkan daxilində təqdim edirdi. Tərcümə sahəsində əsl dönüş isə “Xəzər” jurnalının nəşrə başlaması ilə yarandı. “Xəzər” Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin jurnalı olaraq 1989-cu ildən çap olunur. İlk dövrlərdə jurnal aylıq olmuşdur. 2004-cü ildən ildə 4 dəfə, 500 nüsxəylə işıq üzü görür. Tanınmış şair Vaqif Bayatlının redaktorluğu ilə nəşrə başlayan dərgi indi nasir Afaq Məsudun redaktəsindən keçir. İlk müstəqil ədəbiyyat orqanlarından olan “Qala” qəzeti şair Məmməd Kazımın redaktorluğu ilə 90-cı illərin əvvəllərində Masallıda nəşr olunsa da, bütün ölkəyə yayımlanırdı. Qəzet qısa zamanda çoxlu istedadlı Azərbaycan yazarını ətrafına yığdı. Bir neçə il ardıcıl işıq üzü görən bu maraqlı qəzet o zamanlar müharibə və inflyasiyanın qurbanına çevrildi...

Əlisəmid Kürün baş redaktorluğu ilə ötən əsrin 90-cı illərində nəşrə başlayan «Yol» da ədəbi qəzet olaraq, az vaxt içərisində yüksək tirajı ilə fərqlənir. Mövcud olduğu 3-4 il ərzində qəzet əsasən 80-ci illər ədəbi nəsli deyilən yazarlara üstünlük verir. Lakin qəzetdə sonradan tanınmış imzalara çevriləcək Salam, Xanəmir, Orxan Fikrətoğlu, Fəxri Uğurlu, Məhəmməd Astanbəyli, Qulu Ağsəs, Etimad Başkeçid kimi 90-cılara xas imzalara da yetərincə və qayğıkeşliklə yer ayrılır. Sonradan nəşri obyektiv səbəblərdən dayanmış qəzetin bərpasına cəhdlər uğursuzluqla nəticələnsə də, bu qəzet ədəbiyyat tarixində öz rolu ilə fərqlənən mətbu orqanı kimi xarakterizə ediləcək. Bu dövrdə bir çox ədəbi orqanların çapına cəhdlər edilsə də, bu və ya digər səbəbdən onların ömrü qısa olmuşdur. "Dədə Qorqud" adlı ədəbi dərgi cəmi 1 nömrə çıxır. Əlisa Nicatın "Turan" ədəbi-fəlsəfi dərgisi yalnız 4 sayla oxucu görüşünə gələ bilir. Niyazi Mehdinin "Dünya" ədəbiyyat dərgisinin də 5-6 sayı işıq üzü görmüş oldu. Ölkənin ötən əsrin 90-cı illərinin əvvəllərində düşdüyü qeyri-sabitlik ədəbi mətbuatın da normal məcrada inkişafına mane olur, ədəbiyyat işi, kitab şəbəkələri iflic vəziyyətində uzun müddət durğunluq keçirir.

 

Dirçəliş!

 

Ötən əsrin sonu, yeni əsrin başlanğıcı isə bir çox ədəbi mətbuların təsisi ilə yadda qaldı. Həmçinin AYB-nin ədəbi orqanları dövlət büdcəsi hesabına dirçəldilir, bu təşkilat nəzdində yeni dərgilər ortaya çıxır. “Azərbaycan”, “Ulduz” kimi ənənəvi jurnalların sırasına “Mütərcim” dərgisi də qoşulur. Baş redaktoru professor Telman Vəlixanlı olan jurnal əsasən dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan Azərbaycan dilinə, Azərbaycan yazarlarının əsərlərinin xarici dillərə tərcümələrini, həmçinin bədii tərcümə işinin aktual problemləri, tərcüməçilik işi, tərcümə sənəti, tərcümə nəzəriyyəsi və tarixi, ədəbiyyatşünaslıq və s. mövzuda respublikamızın tanınmış mütəxəssislərinin elmi məqalələrini öz səhifələrində işıqlandırır. 1996-cı ildən fəaliyyət göstərən «Mütərcim» ədəbi, elmi, tərcümə jurnalı Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti və «Mütərcim» Tərcümə Mərkəzinin həmtəsisçiliyi ilə nəşr olunur. Respublikamızın ədəbi mühitində öz dəst-xətti ilə seçilən dərgi ildə 4 dəfə buraxılır.

Məqsədi dünya ədəbiyyatı nümunələrinin, eləcə də tərcümə praktikası və nəzəriyyəsi həqqındakı araşdırmaların Azərbaycan dilinə tərcüməsi və təqdim edilməsi olan «Dünya ədəbiyyatı» dərgisinin əsası 2004-cü ildə qoyulub. Konseptual olaraq heç bir ideoloji bazaya, nəzəriyyəyə söykənmir. Yaradıcısı Səlim Babullaoğludur. Fəaliyyətində əsasən gənc və orta nəsil tərcüməçilərin işindən bəhrələnməyə meyillidir. İndiyədək üç sayı işıq üzü görüb (bir sayı 2004-cü ildə, iki sayı 2005-ci ildə). Daha çox orijinaldan olan tərcümələrə üstünlük verir. Dərginin işıq üzü görməsində Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin çox əhəmiyyətli rolu vardır. Habelə «Dünya ədəbiyyatı» dərgisininin əlavəsi olaraq 2005-ci ildən qısa adı «DƏB» olan «Dünya ədəbiyyatından books» seriyası nəşr olunmağa başlamışdır. «Dünya ədəbiyyatı» dərgisi öz praktikasında icazəli bədii ədəbiyyat nəşretmə mexanizmini son illərdə işə salan ilk qurumdur. Belə ki, nəşr olunan Orxan Vəli «Bütün şeirləri» kitabı icazəylə nəşr olunmuşdur. «Körpü» jurnalı isə ilk dəfə 2004-cü ildə almanax kimi işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin 17.05.2004-cü il tarixdə keçirilən XI Qurultayının qərarı ilə almanax rüblük ədəbi-tənqid dərgisi kimi təsis olunur. Dərginin daş redaktoru tənqidçi Əsəd Cahangirdir. «Körpü» respublikada ilk ədəbi - tənqid dərgisidir. Almanax kimi dərc olunmuş ilk sayını nəzərə almasaq, indiyə qədər dərginin 3 sayı işıq üzü görüb. Dərginin əsas məqsədi çağdaş ədəbi prosesdə meydana çıxan faktların nəzəri-estetik şərhini verməkdir. Bununla bərabər, klassik ədəbiyyatımız və ictimai şüurun digər sahələri - din, incəsənət, fəlsəfə və sair haqqında yazılar da dərginin səhifələrində öz əksini tapır.

 

Alternativlər

 

Bu dövrdə bir çox alternativ mətbu orqanları da fəaliyyətə başlayır. Eyvaz Tahanın baş redaktor olduğu "Cahan" dərgisinin cəmi 5 sayı çıxsa da, yaddaşlarda parlaq iz buraxdı. 1997-ci ildən nəşrə başlayan, kifayət qədər həcmli “Cahan” dərgisinin nəfis, müasir poliqrafik nəşri rüblük nəzərdə tutulurdu. Ədəbi, bədii, elmi, ictimai yönümlü jurnal müasir Azərbaycan ədəbiyyatına yer verməklə yanaşı, Orxan Vəli, Frans Kafka, Alber Kamyu, Pol Elüar, Artur Rembo, Edqar Allan Po, Xorxe Luis Borxes, Antonen Arto, Tomas Bernhard, Səid Faiq, Xose Asunsion Silva kimi yazarlardan tərcümələr verməklə, bir növ “İnostronnaya literatura” jurnalının missiyasını təkrar edir.

Bədii ədəbiyyat kimi, bədii tərcümə də “Cahan”ın ilk saylarında aparıcı xətti təşkil etmir. Ədəbi publisistika jurnalın sevimli xəttinə çevrilir.

"Sənət qəzeti", "Roman-qəzet" kimi müstəqil ədəbi orqanlarda ədəbi mühit də ciddi izlənilir. Şair Xanəmirin baş redaktor olduğu "Səhifələr", Salamın rəhbərlik etdiyi “Ruh” (cəmi 12 sayı nəşr edilib) qəzetləri, "Mars" dərgisi daxil, bu nəşrlər də maliyyə problemləri üzündən dayanmalı oldular. Xanəmirin naşirliyi ilə nəşr edilən "9 iqlim" jurnalı isə dövrü olmasa da, oxucularla görüşə gəlməyə çalışır.

“Alatoran" jurnalı isə postmodernizmi ədəbi yaradıcılıda əsas tutan yazarların birləşdiyi nəşr olaraq ədəbi həyata vəsiqə alır. Jurnal rüblük olaraq çap edilir və baş redaktoru Rasim Qaracadır. Jurnalın ən maraqlı layihəsi “jurnal içində jurnal” adlanır. Bu çərçivədə müxtəlif ölkə ədəbi jurnallarının materialları tərcümə edilərək oxuculara təqdim edilir.

«Tənqid.net» jurnalı 2006-cı ilin may ayından çıxmağa başlamışdır. Jurnalın təsisçisi və baş redaktoru Tehran Əlişanoğludur. Neoakademik nəşr vurğusuyla çıxan jurnal çağdaş ədəbiyyatın və elmi ədəbi fikrin tənqidi, analizi və şərhini verir. Rüblük nəşr olunur. “Körpü” jurnalı kimi tənqid missiyalı bu jurnal xələfindən fərqli olaraq, dövrülüyünü qoruyur, tənqidin başqa rakurslarına üstünlük verməyə çalışır. Jurnalın ilk sayında Tehran Əlişanoğlu “Analiz yazıları”, «C.Məmmədquluzadə və XX əsr modernizmi”, Aydın Talıbzadə “El bilir ki...”, Kamal Abdulla «Xaron, mərhəmətli Xaron” kimi maraqlı yazılarla oxucu görüşünə gəlib. Jurnalda həmçinin «Dəyirmi masa” rubrikasında “Sehrbazlar dərəsindən virtual söhbət”, etnoqrafik esselər, Keril Emersonun “Bir postsovet jurnal polemikasına dair” məqalələr oxucu reaksiyası ilə müşayiət olunub.

 

 

Sabutay

 

Mədəniyyət.- 2009.- 22 iyul.- S. 12.