Eyzenşteyn məktəbinin yetirməsi
Sənədli filmlər ustası
Kinorejissor Niyazi Bədəlovun həyat və
yaradıcılığı nəinki Azərbaycan kinosunun, həm
də ölkənin tarixi ilə bağlıdır. Çünki ötən illər ərzində o
özü baş vermiş bir çox hadisələrin
şahidi və iştirakçısı olmuşdur. Və
bütün bunları çəkdiyi min metrlərlə filmlərdə
əks etdirmişdir. Niyazi müəllimlə bağlı sənədləri
və məktubları araşdırarkən, onun lentə
aldığı filmlərə baxarkən, bu sənətkarın
tərcümeyi-halında o dövr nəslinin tərcümeyi-halını
görürük.
O, 1927-ci ildə Şəkidə
«Yeni yol» kinoteatrında kinomexanik köməkçisi kimi fəaliyyətə
başlayanda hələ çox cavan idi, cəmi 18
yaşı vardı.
Niyazi müəllim
1931-36-cı illərdə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunda təhsil alan ilk şəkili tələbə
olmuşdur. O, rejissorluq
fakültəsində bədii kino sahəsində görkəmli
sənətkar S.Eyzenşteyndən dərs alaraq, rejissorluq sənətinin
sirlərinə yiyələnmişdir. N.Bədəlov
kinostudiyada ilk filmlərini-«Komsomol nəsli» və «Azərbaycan
aşıqları»nı 1938-ci, axırıncı filmini - «Xəzər
üzərində körpü» kinolentini isə 1988-ci ildə
çəkmişdir. Deməli, görkəmli sənətkar
nə az-nə çox, düz 50 il Azərbaycan kinosuna
canla-başla xidmət etmişdir. Hətta təqaüdə
çıxandan sonra Niyazi müəllim üç sənədli
film çəkmişdir: «Əbədi iz» (C.Zeynallı ilə
birgə), «Estafet» və «Xəzər üzərində
körpü».
Maraqlıdır ki, N.Bədəlov
bədii kino üzrə ixtisaslaşdığı
üçün Böyük Vətən müharibəsi
başlamazdan bir il əvvəl həmkarı H.Seyidzadə ilə
birgə «Ayna» adlı bədii filmin çəkilişlərinə
başlayır. Müəyyən
səbəblərdən filmin çəkilişləri
yarımçıq qalır. Lakin inadkar rejissorlar çəkilmiş
materiallardan istifadə edərək 1942-ci ildə «Sovqat»
adlı qısametrajlı bədii film yaradırlar. Bu film həm
arxa, həm də ön cəbhədə nümayiş
etdirilir. Bu film Niyazi müəllimin bədii kinoda ilk və
son işi olur. Lakin sonralar rejissor bir sıra sənədli
filmlərində bədii kinodan yeri gəldikcə bacarıqla
istifadə edir. 1958-ci ildə çəkdiyi «Məhəmməd
Füzuli» sənədli filmini buna misal göstərə bilərik.
Dahi Azərbaycan
şairi Füzulinin poetik irsi kinematoqrafçıları da
ekran əsəri yaratmağa ruhlandırmış, onlar Məhəmməd
Füzulinin vəfatının 400 illiyinə ithaf olunan
eyniadlı film yaratmışlar. Filmdə şairin ata
babasının Azərbaycandan İraqa köçməsi,
şairin Kərbəlada anadan olması,
yaradıcılığı barədə
danışılır. Azərbaycan kinosunda bir epizodla da olsa
Füzulinin bədii obrazı ilk dəfə olaraq, bu filmdə
yaradılmışdır. Burada şairin «Şikayətnamə»
əsərindən bir parça
ekranlaşdırılmış, Füzuli rolunda görkəmli
aktyor Əli Qurbanov çıxış etmişdir.
Yazıçı-alim
Gülhüseyn Hüseynoğlu «Füzuli haqqında film»
resenziyasında yazıb: «Film həcm etibarilə kiçik
olsa da, məzmun və ideyaca dolğundur... Filmdə,
xalqın sevimli şairə bəslədiyi böyük sevgiyə
geniş yer verilmişdir. Film «Azərbaycanfilm»
kinostudiyasının bədii-sənədli filmlər sahəsində
əldə etdiyi yeni nailiyyətlərdəndir».
Niyazi Bədəlovda
işləməyə o qədər həvəs var idi ki, o,
bir saat da olsun bekar qalmağı sevmirdi. 30-cu illərin
sonunda M.F.Axundov adına Bakı Dövlət Teatr Texnikumunda
kino texnikası fənnindən dərs demişdir. 1941-ci ilin əvvəllərində
«Böyük həyat», «Tüfəngli adam», «Oyanmış
torpaq» və keçmiş Sovet İttifaqının müxtəlif
respublikalarında istehsal olunan digər bədii filmləri Azərbaycan
dilinə dublyaj etmişdir.
Niyazi müəllim 40-a
qədər sənədli film, «Novosti dnya», «Po strane Sovetov»,
«Sovet Azərbaycanı», «Ordenli Azərbaycan», «Gənc nəsil»,
«İncəsənət» və «İdman» kinojurnalları
üçün süjetlər çəkmişdir. Onun
çəkdiyi süjetlərin sayını hesablamaq
mümkün deyil, çünki bunlar kilometrlərlə
ölçülür.
Yaratdığı sənədli
filmlər Azərbaycanın qəhrəmanlıq tarixinə,
xalqımızın Böyük Vətən müharibəsində
iştirakına, milli mədəniyyətimizə, mədəniyyət
xadimlərinə, respublikamızın şəhər və kəndlərinə,
zəhmət adamlarına həsr olunmuşdur. «Azərbaycan
aşıqları», «General Həzi Aslanov», «Biz Bakını
müdafiə edirik», «Mirzə Fətəli Axundov», «Məhəmməd
Füzuli», «Xalq şairi Səməd Vurğun», «Dağlarda
ada», «Hanı mənim övladlarım?», «Onun adı Serafino
idi», «Əbədi iz» və digər sənədli filmləri
ölkəmizin kino salnaməsində öz layiqli yerini
tutmuşdur.
Milli dramaturgiyanın
banisi Mirzə Fətəli Axundovun həyat və
yaradıcılığı Niyazi müəllimi onun barəsində
film yaratmağa ruhlandırmışdır. O, 1962-ci ildə
M.C.Cəfərov və Ə.Qurbanovun ssenarisi əsasında
«Mirzə Fətəli Axundov» kino-oçerkini lentə
almışdır. Görkəmli dramaturqun anadan
olmasının 150 illiyinə həsr olunmuş bu film bizi Mirzə
Fətəlinin uşaqlıq illəri, mürəkkəb
keçən həyatı və fəaliyyəti ilə, onun
Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə
M.F.Axundovun Şəkidən
Tiflisə gəlməyi, burada M.Ş.Vazeh ilə
görüşü-bunlar kadrda yoxdur, yəni
sağlıqlarında çəkilməyib, çünki
kino o vaxtı hələ icad olunmamışdı. Amma rejissor
hücrələrdən istifadə edib bu iki sənətkarı
elə şəkildə dilləndirir ki, onlar sanki filmdə
iştirak edirlər, eyni zamanda onlar yoxdurlar.
N.Bədəlov filmə
«Hacı Qara» pyesindən bir fraqmenti daxil etməklə kino əsərini
daha da canlandırmışdır. Hacı Qara rolunda
Sadıq Hüseynov, arvadı rolunda Məhluqə Sadıqova
çəkilmişlər. Bu tarixi-bioqrafik film Tiflisdə
M.F.Axundovun qəbri önündə və Bakıda
böyük maarifçinin abidəsi qarşısında
keçirilən təntənəli mərasimlərlə
qurtarır.
1963-cü ildə
Tbilisidə Zaqafqaziya respublikaları, Rostov-Don, Orconikidze
studiyalarının sənədli filmlər
baxışında N.Bədəlov ən yaxşı rejissor
işinə görə diplom almışdır.
N.Bədəlovun
filmləri mənalı, təravətli və
baxımlıdır. Rejissor gələcək filmi öz xəyalında
canlandırır, onu aydın görür. Nə çəkəcəyini
və necə çəkəcəyini yaxşı bilir. Sonra
təsəvvüründə canlandırdıqlarını
kadrbakadr kağızlara köçürür. Belə bir
iş üsulunu o, müəllimi, dahi S.Eyzenşteyndən
öyrənmişdi.
Qocaman sənətkar
kinematoqrafiyada öz sözünü deyib. Onun yarım əsr
ərzində yaratdığı filmlər Azərbaycan sənədli
kinosunda öz layiqli yerini tutub. Belə dəyərli filmlərdən
biri də «Hanı mənim övladlarım?» tammetrajlı sənədli
filmidir. 1967-ci ildə çəkilmiş bu film Cənubi Azərbaycanda
milli azadlıq hərəkatı yatırıldıqdan, Azərbaycan
milli hökuməti devrildikdən sonra şah üsul-idarəsinin
azərbaycanlıların başına gətirdiyi müsibətlərdən,
öz ev-eşiklərini tərk edib, Sovet İttifaqında, o
cümlədən Quzey Azərbaycanda məskunlaşmağa məcbur
olmuş İran mühacirlərinin-demokratların taleyindən
bəhs edir.
1941-1945-ci illər
müharibəsinin ortalarında N.Bədəlov sevimli işindən-kinematoqrafdan
məcburi ayrılıb bir müddət həyatını
teatra bağladı. O, 1944-cü ilin fevral ayında Salyan
şəhərinə ezam olundu. Burada Salyan Dövlət Dram
Teatrını təşkil etdi. Həmin teatrın bədii rəhbəri
təyin olundu və M. Rzaquluzadənin «Sədaqət» əsərini
tamaşaya hazırladı.
Kinoya qayıtdıqdan
sonra N.Bədəlov yenidən filmlər çəkməklə
məşğul olub və bir daha sevimli işindən
ayrılmayıb.
Səməd Vurğun
ictimai xadim kimi ölkəmizdə keçirilən bir
çox mədəni və siyasi tədbirlərdə fəal
iştirak edirdi. Onun bu tədbirlərdə
iştirakı, məruzə və çıxışlar etməsi,
şeirlər oxuması daim kino işçilərinin diqqət
mərkəzində olmuş, onlar şairi belə tədbirlər
zamanı dəfələrlə kinoxronika üçün
lentə almışlar. Bundan başqa, xalq şairinin
özü barəsində bir neçə sənədli film
çəkilmiş, əsərləri
ekranlaşdırılmışdır. Rejissor N.Bədəlov
iki filmində Səməd Vurğunu böyük məhəbbətlə
əks etdirmişdir: «Komsomol nəsli» və «Xalq şairi Səməd
Vurğun». İkinci filmin ssenarisini yazıçı
İsmayıl Şıxlı yazmışdır.
İkinci Dünya
müharibəsində Azərbaycanın 700 mindən artıq
oğul və qızı iştirak etmiş, onlardan 300 mindən
çoxu həyatlarını qurban vermişdir. Müharibə
illərində İtaliyada faşizmə qarşı
mübarizə aparan Beynəlmiləl Müqavimət Hərəkatı
briqadasında azərbaycanlılıar da iştirak etmiş,
igidlik və şücaət göstərmişlər.
«Onun adı Serafino idi» hərbi
və vətənpərvərlik sənədli filmi vətəndən
uzaqlarda hitlerçilərlə vuruşan igid
oğullarımızdan biri - Tahir İsayev haqqındadır. Döyüş
yoldaşları Tahir İsayevi «Serafino»
çağırırdılar. O, «Fiamma Verdi» Beynəlmiləl
briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla
çiyin-çiyinə vuruşmuşdur.Göstərdiyi
igidliklərə görə T.İsayev yeddi İtaliya Ordeni ilə
təltif olunmuşdur. Bütün bunlar barəsində müəlliflər
filmdə fəxrlə, ürəkaçıqlığı
ilə danışırlar.
Niyazi müəllimi bir
insan kimi, bir sənətkar kimi xalqın taleyi, Azərbaycanın
dünəni, bu günü və sabahı həmişə
düşündürmüş, narahat etmişdir: istər
kinostudiyada fəaliyyət göstərdiyi illərdə, istərsə
də təqaüdə çıxandan sonra. Məhz o
vaxt kinostudiyanın rəhbərliyi ona təbrik göndərmişdi.
Təbrikdə bu sözlər yazılmışdı:
«Yaradıcı işçinin tərcümeyi-halı onun
layiqli istirahətə getməsi ilə bitmir...»
Bu,
doğrudan da belədir. Niyazi müəllim sonralar «kiçik
kino» - həvəskar kinonun inkişafı üçün
xeyli zəhmət çəkmiş, bu sahə üzrə
onlarla şagird hazırlamışdır. Onun şagirdlərinə
bu gün Bakıda, Qubada, Naxçıvanda, Saatlıda və
respublikanın digər bölgələrində rast gəlmək
olar. Azərbaycan kino həvəskarlarının filmləri dəfələrlə
ümumittifaq və respublika müsabiqələrinin
mükafatlarına layiq görülmüşdür.
Niyazi müəllim 90
yaşına iki il qalmış, yəni 1997-ci il noyabrın
2-də vəfat etmişdir. N.Bədəlovdan bizə və
gələcək nəsillərə gördüyü işlər,
bir də sadə insanın timsalında prinsipiallıq, cəsarətli
olmaq nümunəsi yadigar qalmışdır. Bu gün gənc
nəslin beynəlxalq kino aləmində qazandığı
uğurlar bir daha deməyə əsas verir ki, yaşlı nəslin
çəkdiyi zəhmət hədər getməmişdir,
estafet möhkəm əllərdədir.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi
Mədəniyyət.- 2009.- 22 iyul.- S. 10.