115 ölkə içində
Müəllim həmişə xöşbəxtdir, fəxr
edir ki, onun şagirdləri var və o bu yolda şagirdlərinə
nəsə öyrədə bilir. Mən Ulu Tanrıdan həmişə
razı olmuşam. İ.M.Əbilov adına Mədəniyyət
Mərkəzi nəzdindəki “Mədəniyyət inciləri”
teatrında çalışan şagirdlərimi yaxın gələcəkdə
əsl incəsənət fenomeni, sabahkı həyatın
memarı kimi görəndə xöşbəxtlik və sevgi
dolu yaşam tərzindən məhrum olmadığımı
hiss edirəm.
Elə İsmayıl Əlizadə
və Samerlan İsgəndərov da məncə, bu gələcək
memarlardandırlar. Əslində
şagirdlərimin hamısı canda ruh, damarda qan, qəlbdə
ürək kimi mənə əzizdirlər. Lakin bu iki yeniyetmənin
yeri qeyri-adidir.
Xatırlayırsızsa, 7-ci
Ölkələrarası Türk Olimpiyaları (7.
Uluslararası Türk Olimpiatları) keçirilirdi. Doğma
türk dilimizi dünya birliyinə sevdirmək, bütün
ölkə xalqlarına çatdırmaq naminə yeni layihə-müsabiqəsinə
start verildi. Müsabiqəyə qatılan minlərcə məktəbli
arasında şagirdlərim İsmayıl və Samerlan da
vardı.
Günlərin bir günü
teatrda məşqdəydim. M.Ə.Sabirin yaradıcılıq
gecəsinə hazırlaşırdıq. Birdən qapı
döyülmədən açıldı və
İsmayılla Samerlan xoşbəxt, sevgi dolu nəzərlərlə
üstümə qaçdılar.
- Müəllim,
gözünüz aydın, biz müsabiqənin qalibləriyik!
Doğrusu, qəhər məni
yaman boğmuşdu. Həyəcan, sevinc qarışıq
qışqırıq qulaqlarımı bir anlıq
batırdı. Bu xəbərə necə sevindiyimi sözlə
çatdira bilmədim, uşaqlara. Həmən gün elə
bilirdim həyatda bütün istəklərimə məhz bu
gün çatmışam. Müsabiqənin şərtlərinə
görə qaliblər Türkiyəyə getməli, 115
ölkə arasında öz vətənlərini, doğma
dillərini təmsil etdirməliydilər. Bax,
İsmayılın da, Samerlanın da elə birinci qeyri-adiliyi
bu idi. Azərbaycan və onun dilini təmsil etmək.
Nəhayət, o gün gəlib
çatdı. 26 may 2009-cu il teatrımızın fəalları
İsmayıl Əlizadə və Samerlan İsgəndərov
Türkiyə Respublikasına yola düşdülər. Hə,
indi gəl döz, müəllim ürəyi, görüm necə
dözürsən! Müsabiqədə iştirak edənlər
Naxçıvan Muxtar Respublikası məktəbliləri ilə
birlikdə 38 nəfər şagird-müəllim heyəti idi.
Allah amanında! Şagirdlərimin sağ-salamat Vətənə
dönmək arzusuyla o günü gözlədim...
Qardaş
ölkədə təşkil olunmuş “Dünyanı sevgi
dili altında birləşdirək!” konsert proqramında həmvətənlərimizin
çıxışı dünyanın dörd bir
yanından gəlmiş tamaşaçı
alqışına qərq olmuşdu. Xüsusiylə vurğulamaq istəyirəm şagirdlərimi.
İsmayıl Əlizadənin ifasında səslənən
şeir, Samerlan İsgəndərovun ifasında səslənən
“Qarabağ şikəstəsi” dilindən, dinindən, irqindən
asılı olmayaraq, hamını heyran qoydu. Aman tanrım, bu
uğuru gözlə görüb, dillə danışıb
yazmaq necə də çətindir mənim üçün.
İsmayıl deyirdi ki; -Müəllim, göz işlədikcə
iri hərflərlə yazılmış
“Hep birlikde
yeni bir dünya kuruyoruz
Sevgi dili-Türkce konuşuyoruz!”
misraları məndə
bir ruh yüksəkliyi, vətənə sevgi
bağlılığı, anaya, ataya, müəllimə
hörmət qayğısını aşılayırdı.
Mən fürsətdən
istifadə edib İsmayılın, Samerlanın və digər
azərbaycanlı məktəblilərin bu müsabiqəyə
qatılıb, doğma dillərini bütün dünyaya sevgi
dolu hisslərlə çatdırmaqda zəhmət çəkib,
onlara yaxından köməklik göstərən hörmətli
Türkiyə vətəndaşı, müəllim Hüseyin
Karahana öz və həmkarlarım adından minnətdarlığımı
bildirirəm.
3 həftə, hər
gün Türkiyənin müxtəlif şəhərlərində
möhtəşəm konsert proqramlarıyla
çıxış edən azərbaycanlılar hər
çıxışlarında Azərbaycan
bayrağını zirvələrə qaldıraraq, ayaqüstə
alqış sədalarıyla müşayiət olunurdular. Azərbaycan
bayrağı hər dəfə İsmayıl şeir söyləyərkən,
Samerlan muğam oxuyarkən zirvələrə ucalıb,
insanların ayaqüstə alqışlarıyla müşayiət
olunanda qəlbim sanki fərəhdən sərhədləri
qucaqlayırdı.
Hələ şagirdlərimin
canlı yayımlanan televiziya verilişlərindəki
çıxışlarını demirəm. Həmin gün
bütün evlərdən bayram əhval-ruhiyyəsi, qələbə
hiss-həyəcanı duyulurdu.
Qısa zamanda şagirdlərim
özlərinə xeyli dostlar tapdılar. Çin, Fransa,
Amerika, Norveç, Rasiya və b.ölkələrdən
Türkiyəyə müsabiqəyə gəlmiş məktəblilər
doğma dilimizdə sərbəst danışır, adət-ənənələrimizə
hörmətlə yanaşırdılar.
- Əcnəbi dostlarla
necə ünsiyyət qururdunuz? - deyə sual verəndə
İsmayıl ürək dolusu belə cavablandırdı:
- Müəllim, hər
konsertdən sonra hoteldə də, oxu zalında da əcnəbi
dostlarımıza milli sərvətlərimizdən, dahi
inqilabçılarımızdan, milli teatr tariximizdən,
bayrağımızın, himnimizin yaranma tarixindən saatlarla
məruzələr oxuyurdum. Ara-sıra Vətən, sevgi, ana
mövzularında şeirlər də oxuyurdum.
- Bəs sən nə məharət
göstərirdin, ay Samerlan - deyə ona baxdım.
- Mən də onlar
üçün “Qarabağ şikəstəsi”, “Şur təsnifi”,
muğamlar oxuyurdum. Hətta sonra məndən xahiş edirdilər
ki, oxuduğum mahnıları onlara da öyrədəm - deyə
Samerlan cavab verdi.
- Uşaqlar, daha
hansı yaddaqalan təəssüratlarınız var,
danışın.
İsmayıl adəti
üzrə “Ünlü sunucu” (azərbaycanca
tanınmış aparıcı deməkdir) kimi
çıxışa başladı:
- Müəllim,
bir gün
İsmayıl
danışdıqca onun keçirdiyi sevinc hisslərini mən
artıq əvvəlcədən hiss etmişdim. Bir də ki,
kimin yadından çıxar belə bir gün. Sadəcə
rəqəmlərə diqqətlə nəzər salsaq,
onların çıxışlarının nə dərəcədə
diqqət mərkəzində olduğunu müəyyən
etmiş olarıq.
Uşaqlar
danışdıqca şirin hadisələr sanki
gözümün önündəcə film kadrı tək
canlanırdı.
- Mən qeyri-ixtiyari
davam edin, uşaqlar! Mən bu uğurları əzbərləmək
istəyirəm, - dedim.
İsmayıl
çıxışına davam etdi:
- Türkiyənin bir
çox şəhərlərində - Ankara, İstanbul,
Kayseri, Kırşehir, Adanaceyhanda təşkil olunmuş
möhtəşəm konsert proqramlarında da
çıxışlarımız olduqca uğurlu, milyonlarla
tamaşaçı məhəbbəti qazandı.
Bir dəfə də
Ankarada “ASKİ” deyilən böyük konsert salonunda tədbirdəydik.
Müəllim, birdən məni konsertin
aparıcısı kimi təqdim etdilər. Təsəvvür
edin, milyonlarla insan və mən meydanda tək. Konserti giriş
sözü ilə açdım. Ardıncada şeirimi (“Millət
ruhu” müəllifi F.Gülən) söylədim. Yenicə
çıxışımı qurtarmışdım ki,
salondan ucalan “Azərbaycan! Azərbaycan!” səsləri ətrafı
bürüdü. Sevinc həyəcanından məni qəhər
boğdu. Səhnədən necə
çıxdığımı hiss etmədim. Kulisdə
dostlarımız mənə dedilər ki, “sağ ol, İsmayil!
Çıxışını baş bakan Rəcəb Tayyib Ərdoğan
da bəyəndi”. Özümü ələ alıb alandan nəfəs
dərəndən sonra gördüm ki, konsertə Türkiyənin
baş naziri də gəlibmiş.
Digər bir konsertdə
Türkiyənin tanınmış şou ulduzları bizi tək
buraxmadılar. Ebru Gündeş, Sərdar Ortac,
tanınmış aparıcı Reha Yeprem bizimlə bir səhnəni
paylaşdılar.
İsmayil
danışırdı, mənsə beynimdə yeni-yeni səhnələr,
obrazlar canlandırırdım.
Beləcə,
yaddaşlardan silinməyən o gözəl günlər geridə
qaldıqca, qarşıda yeni günlər, yeni yollar işıqlanırdı.
Bu işıqlı yollarla gələcəyə
addımlayıb, yeni-yeni dünyalar kəşf etməyə
başlayacayıq.
Sağ-salamat
şagirdlərimiz Vətənə döndülər. “Mədəniyyət
inciləri” uşaq teatrı məktəbi daxili
baxış-imahan tamaşasına hazırlaşırdı.
Biz bu dəfə dahi Şərq bəstəkarı
Ü.Hacıbəylinin “Müsəlmanların halı”
komediyasına müraciət etmişdik. Teatrımızın
fəallarından Tural, Sərdar, Fərid baş rolları
oynayırdılar. İsmayıl da əsas obrazı- Kefli
Xanı canlandırırdı. Cəmi 30 dəqiqə çəkən
səhnəcik qonaqlar tərəfindən yüksək qiymətləndirildi.
Tamaşa qurtardı. Foyedə ədəbiyyatşünas
Firudin Qurbansoyla rastlaşdım. Görüşdük. Firudin
müəllim tamaşadan razı qaldığını
bildirdi. Bir az söhbət etdik. Elə bu ara gözüm
İsmayıla sataşdı. İsmayıl hələ obrazdan
çıxmamışdı. Əynində Xanın geyimi onu
yanıma çağırdım. Firudin müəllim əlini
İsmayılın çiyninə qoyub dedi:
- Əhsən
sənə, möhtərəm Xan! Meyvə şirəsini elə
içirdin ki, mən elə zənn etdim sən şərab
içirsən. Sən səhnəmizə lazımlı aktyor
olacaqsan.
- Firudin
müəllim, mən də Sizin fikrinizlə həmrəyəm.
Amma İsmayıl məni məyus edib, - deyə heyifsiləndim.
İsmayıl qəti qərar verib ki, polis olacaq. Ən
böyük arzusu Polis Akademiyasına qəbul olmaqdır.
Firudin
müəllim gülüb dedi:
- Lap
yaxşı! İsmayıl incəsənəti oxuya-oxuya,
öyrənə-öyrənə polis olacaq. Hamımız
güldük.
Sevincimin
üstünə sevinc gəlir. Bugünlərdə Azadlıq
Hərəkatçıları Birliyinin layihəsi əsasında
Natiqlərin I Ümumrespublika müsabiqəsi keçirilir.
Digər sevimli şagirdim Sərdar Hüseynov müsabiqədə
330 bal toplayaraq III olub. Maşallah, şagirdlərimin
uğurları günbəgün artmaqdadır.
Hazırda
teatrımız türk yazarı Ergin Köseoğlunun
“Övkeli Padişah” psixoloji komediyasını
hazırlayır. İnşallah, yeni dərs ilində
türk dilində yeni tamaşa ilə
görüşünüzə gələcəyik. Qəzetimizi
izləməyə davam edin!
Hə, əziz
oxucularım! Sizinlə bir görüşümdə bax beləcə
başa çatır. Bəlkə də yazımı oxuduqdan
sonra düşünəcəksiniz: “Eh, müəllimə
bax, şagirdlər arasında fərq qoyur, iki şagirdini
yamanca təriflədi”. Bəlkə də yanılıram.
Amma bir
düşünün. 14-15 yaşlarında yeniyetmələrin
115 ölkə arasında Azərbaycan bayrağını zirvələrə
qaldırıb “Yaşasın Azərbaycan!” şüarları
ilə müşayiət olunması bizim üçün fəxarət
deyilmi?! Hər dəfə bayrağımız zirvələrə
ucalanda bizim də fərəhdən ruhumuz ucalmırmı?! Düşünün,
bir müəllim ürəyi belə rəngarəng şagird
dünyasını necə də yazmasın?!
Bəli, bu
uğurlar bizim, bütün Türk dünyasının
uğurlarıdır! Bu gün Vətəninə, onun müqəddəs
dininə, dilinə, bayrağına hörmət və ehtiram
edən hər bir məktəbli dost haqqında
danışmayıb, yazmamaq ən azı günah sayılar.
Vətəni,
bayrağı, doğma dili üçün böyük məsuliyyət
hiss edib, sevgisi, sevinci naminə üçrəngli
bayrağını 115 ölkə içində zirvələrə
yüksəldən şagirdlər - Azərbaycan
övladları, valideyn üçün sevinc, müəllim
üçün xoşbəxtlik, Azərbaycan
üçün isə fəxr ediləsi deyilmi?!
Racu Şıxlı ƏLİOĞLU
Mədəniyyət.- 2009.- 22 iyul.- S. 9.