Bağa baxarsan, bağ olar...

 

Buzovna Bələdiyyə parkında gördüklərimiz...

 

Qızmar yay davam edir. Gərgin əmək fəaliyyətindən, yorucu işdən sonra doğma evinə, ailəsinə qayıdan insanlar burda da rahatlıq tapa bilmirlər. Əslində evdə - dörd divar arasında oturub teleseriallara baxmaqla, yaxud qəzet-jurnal oxumaqla, istirahət etmək olmaz. Fəal istirahət etmək, təmiz hava almaq üçün gərək mütləq təbiətin qoynuna çıxasan, onun həyatverən nəfəsini, hənirtisini, mehini, kölgəsini duyasan. Bəs şəhərimizdə və eləcə də Abşeron yarımadasındakı yaşayış məntəqələrində belə istirahət guşələri çoxdumu? Təəssüf ki, yox!

 

Uşaqların və böyüklərin, qocaların və cavanların, yeniyetmələrin və gənclərin qızmar yay günlərində istirahət elədikləri belə guşələrdən biri də paytaxtın Əzizbəyov rayonunda, Buzovna qəsəbəsindəki bələdiyyə parkıdır. Magistral yolun kənarında, onlarla ailənin yaşadığı bir məkanda salınmış bu bələdiyyə parkı sözün həqiqi mənasında əsl kütləvi istirahət məkanıdır. Gündüzlər məktəblilərin, axşamlar isə bütün ətrafda yaşayan sakinlərin ləzzətlə sərinləndikləri, öz yorğunluqlarını unudaraq “oxayyy...” deyib dincəldikləri bu parkda nələr yoxdur? Balacaların əylənməsi üçün əlvan rəngli yelləncəklər, hava “şəlaləsi”, rahat oturacaqlar, skamyalar, içərisində balıqlar üzən yaraşıqlı daş hovuz, gecələr bər-bəzəkli işıqları ilə ürəkləri fərəhləndirən “palma”lar, həmişəyaşıl dekorativ kollar, bəzək ağacları, hər gün biçilib hamarlanan təbii ot əkilmiş çəmənlik, müxtəlif çiçəklər və sair gözəlliklər bu parka gələn hər kəsə böyük zövq verir. Parkda həmçinin kiçik çayxana da var. Burda uşaqlara dondurma, müxtəlif şirələr, sərinləşdirici içkilər də təklif olunur.

Buzovna Bələdiyyə parkından istifadə pulsuzdur. Bələdiyyə sədri Rahib Rzayev bizimlə söhbətində parkın cəmi 3 il bandan əvvəl yaradıldığını bildirdi:

- Əvvəllər bu yerdə zir-zibil əlindən tərpənmək mümkün deyildi. Sakinlər buranı, demək olar ki, bərbad vəziyyətə salmışdılar. İllərdən bəri yığılıb qalaqlanmış məişət tullantıları, inşaat materiallarının qalığı, cürbəcür tör-töküntü buranı, necə deyərlər, zibilliyə çevirmişdi. Yay aylarında isə bu antisanitariya, ətrafı bürüyən üfunət xəstəlik mənbəyi idi. Qəsəbəmizin adına yaraşmayan belə bir vəziyyət, təbii ki, bələdiyyə üzvlərini narahat etməyə bilməzdi. Beləcə, bir yerə toplaşaraq abadlıq işləri aparmaq, daha doğrusu, indi gördüyünüz bu yaraşıqlı istirahət parkını yaratmaq qərarına gəldik.

Bələdiyyə sədrinin müavini Əfrasiyab müəllim də bütün bu deyilənləri təsdiqləyərək əlavə edir:

- Gördüyünüz bütün bu işlərin hamısını bələdiyyəmiz öz hesabına həyata keçirib. Heç bir təşkilatdan, yaxud qurumdan bir qəpik belə yardım almamışıq. Çalışırıq ki, qəsəbəmiz gözəl, yaraşıqlı, təmiz olsun.

Bələdiyyə parkını gəzdikcə bir daha bütün bu deyilənlərin şahidi oluruq. Parkın girəcəyindəki kiçik şüşəli köşkün qarşısında əyləşmiş ağsaqqalla hal-əhval tuturuq, kefini xəbər alırıq. Öyrənirik ki, bu ağsaqqal parkın keşikçisi Fazil dayıdır. Fazil dayı deyir ki, bu parkı öz doğma övladı kimi sevir. Gününün demək olar ki, çox hissəsini burada keçirir. O, arada bəzi mədəniyyətdən kəm insanların ünvanına bir-iki söz deməyi də unutmur:

- Görürsünüzmü, bu parkdakı səliqə-sahmanı. Bir dənə zibil tapmazsınız.

Çünki bu yerdə təmizliyə çox ciddi şəkildə nəzarət olunur. Və bu, parka gələnlərdən də tələb olunur. Ancaq nə gizlədim, bəzən elələri də olur ki, yaşıllıqlara əl uzadır, çiçəkləri qırmaq istəyir, yaxud dondurma kağızını, şirə bankalarını hara gəldi tullayır. Yaxud yelləncəkləri, skamyaları sındırır. Belələrini dərhal “cinayət başında” yaxalayırıq. Utandırırıq, ictimai qınağa çəkirik, onlardan qayda-qanuna riayət etməyi tələb edirik. Axı, neyləmək olar, aramızda hələ də şəhər həyatına hazır olmayan, birgəyaşayış mədəniyyətinə uyğunlaşmayanlar var.

Elə bu an ata-analarının əlindən tutmuş bir dəstə uşaq parka girir. Uşaqlar sevinclə yelləncəklərə sarı qaçırlar. Şənlənən balaların sevinc nidaları ətrafı bürüyür. Park bir az da gözəlləşir...

 

 

Cəlal Tağıyev

 

Mədəniyyət.- 2009.- 22 iyul.- S. 8.