Hotellərin fəaliyyətini necə tənzimləməli?
Ağarəhim Əliyev: «Bu
sahəyə təsirin gücləndirilməsinə
çalışıram»
Hər bir turisti ölkəyə
cəlb edən mühüm amillərdən biri də
müasir standartlara uyğun hotellərin olmasıdır. Aparılan araşdırmalar
göstərir ki, bu gün bir sıra MDB ölkələri ilə
müqayisədə Azərbaycanda hotelçilik daha
yaxşı inkişaf edib. Azərbaycanda hazırda mövcud
olan iqtisadi inkişafın içərisində hotellərin
yaranması təqdirəlayiqdir. Lakin bu sahə
turizmin inkişafına hazırda çox zəruri olan təkanı
verə biləcək həddədirmi sualına müsbət
cavab vermək, hələ ki mümkün deyil. Çünki
hotelçilik özəl sahə olduğundan dövlət
onların işinə müdaxilə edə bilmir. Burda
bir məqamı qeyd etmək yerinə düşərdi ki,
2008-ci ildə turizmdən 22 milyard dollar gəlir götürən
Türkiyədə dövlət və özəl sektor turizm
sahəsində müştərək işləyir. Bəs Azərbaycanda
bu sahədəki mövcud durumu hansı yolla tənzimləmək
mümkündür?
Sualımıza cavab
almaq üçün Azərbaycan Hotel Kompleksləri
Assosiasiyasının prezidenti Ağarəhim Əliyevə
müraciət etdik.
Söhbətini əsasən
tənqid üzərində quran Ağarəhim müəllim
hotel komplekslərinin işini tənzimləməkdə müəyyən
çətinliklərlə üzləşdiklərini
bildirdi: «Hazırda Bakı şəhərində 165,
bütün ölkədə isə 500-dən artıq hotel fəaliyyət
göstərir. Amma bunu
dəqiq say hesab etmək olmaz. Çünki hotellərin
sayı gündən-günə artır. Lakin bu o demək
deyil ki, onların hamısı normal fəaliyyət göstərir.
Bu hotellərin bəzilərinin lisenziyası yoxdur.
Lisenziyasız fəaliyyət göstərmək də çətindir.
Onu da etiraf edim ki, əksər hotellər işini
düzgün istiqamətdə qurmur. Burada işləyənlərin
çoxu təsadüfi adamlar olur. Bu hotellərdə
ixtisaslı kadrlara, təcrübəli mütəxəssislərə
demək olar ki, rast gəlmək mümkün deyil. «Hotel xidmətçisi»
ifadəsinin çox geniş anlamı var. Bunu bəzi insanlar
başa düşmürlər. Turist kimdir? Əvvəla,
turist ölkənin qonağıdır. İkinci tərəfdən,
insanlar yeməklərinə, xərcliklərinə qənaət
edərək 2-3 il ərzində pul yığırlar ki,
normal bir ölkədə istirahət etsinlər, oranın
tarixi, mədəniyyəti ilə bağlı maraqlı məlumatlar
əldə etmək imkanı qazansınlar. Bu səbəbdən
də ölkəyə gələn turistlər dövlət səviyyəsində
qarşılanmalıdır. Amma gəlin görək, bizdə
hotel rəhbərlərini bu məsələlər
maraqlandırırmı? Xeyr. Onları ancaq bir şey
düşündürür, gələn qonaqdan mümkün
qədər çox pul qoparmaq, vəssalam».
Bəs hotellərin
işini hər hansı bir formada tənzimləmək
mümkün deyilmi? Agarəhim
müəllimin fikrincə, əslində bu, elə onun rəhbərlik
etdiyi qurumun işidir: «Amma təsəvvür edin ki, bu hotellərin
rəhbərlərini başa sala bilmirik ki, assosiasiyaya üzv
olmalıdırlar. 2 ildir rəhbərlik etdiyim qurum
yaradılıb. Cəmi 48 üzvümüz var. Böyük
hotellərin əksəriyyəti dünyada məşhur olan
brendlər altında fəaliyyət göstərir. Həmin
brendin daxil olduğu hotellər şəbəkəsi də bu
hotellərə rəhbərlik etmək üçün
öz adamlarını göndərirlər. Bu gün Azərbaycanda
mehmanxana sistemində baş müdirlərin əksəriyyətinin
əcnəbi olması narahatçılıq yaradan hallardan
biridir. Məsələni daha da çətinləşdirən
amil isə sözügedən hotellərdə həmyerlilərimizin
çox aşağı əməkhaqqı ilə işləmələridir.
İndi biz bir məsələnin də həllinə nail olmaq
istəyirik ki, hər bir hotelin həmkarlar təşkilatı
yaradılsın. Bu zaman həmin müəssisələrdə
işçilərin əmək hüquqları qorunacaq. Əcnəbilərin
yalnız bir məqsədi var. Mümkün qədər
çox pul qazanmaq və çıxıb getmək. Niyə
biz öz vətəndaşlarımıza üstünlük
verməyək? Xarici elə-belə gəlmir. Ona ev tutulur,
maşın verilir, sığorta etdirilir. Bütün
bunların hamısı puldur. Ona görə də
çalışıb öz soydaşlarımızı
yetişdirib, hotellərdə yuxarı vəzifələrə
oturtmalıyıq».
Ağarəhim müəllimin
dediyinə görə, heç bir əcnəbi hotel rəhbəri
ilə şəxsi-qərəzliyi yoxdur, amma fakt odur ki, rəhbərin
əcnəbi olması hotellərin normal fəaliyyət
göstərmələrinə də imkan vermir: «Dediklərimdən
sizdə elə təsəvvür yaranmasın ki, xarici mütəxəssisin
burda çalışmasına qərəzim var. Xeyr. Sadəcə, istədiyim
odur ki, burda işləyən insan əvvəlcə adət-ənənələrimizi,
mədəniyyətimizi, mətbəximizi öyrənsin. Bunun
üçün xüsusi qayda tətbiq edilməlidir. Mənim
mətbəximi bilməyən, adət-ənənələrimizdən
xəbərdar olmayan adam ölkəmə gələn
qonağı necə yola sala bilər? Üstəlik, hotellərimiz
Azərbaycanın mədəniyyətini, həyat tərzini təbliğ
etməlidir. Bu gün mehmanxanalarda geniş təbliğat
işi aparılmalı, onların içərisində milli mətbəxə
malik restoran, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə
və Azərbaycanın digər tanınmış rəssamlarının
əsərlərindən ibarət qalereya fəaliyyət
göstərməlidir. Hotelə daxil olduqda oradan dahi
Üzeyirin, Qara Qarayevin, Fikrət Əmirovun və başqa
korifey bəstəkarlarımızın musiqilərinin səsi
gəlməlidir. Və yaxud bu gün muğama dövlət səviyyəsində
bu qədər diqqət ayrılır. Bütün dünya Azərbaycan
muğamına heyrandır. Amma hansısa bir hoteldə
muğamdan nişanə görə bilərsənmi? Yox. Xarici
ölkələrdə bu sahəyə çox böyük
önəm verilir. Azərbaycanın tarixi minilliklərə
gedib çıxır. Sadəcə olaraq, biz
özümüzü təbliğ etmirik. İndi elə hotellər
var ki, onların daxilində «Quba zalı», «Şirvan zalı»
adlanan zallar fəaliyyət göstərir. Amma həmin zallarda
addan başqa azərbaycançılıq hiss olunmur. Hotel
başdan-ayağa Avropa üslubunda hazırlanıb. Amma
avropalı bunları öz evində görür axı!.. Ona
maraqlıdır ki, gəldiyi ölkəni görsün. Buna
görə də Azərbaycanda fəaliyyət göstərən
hər kəs bu ölkənin qanunlarına tabe
olmalıdır».
İşində belə
nöqsanları olan hotellər içərisində ulduz
alanların da olduğunu deyən AOKA prezidenti bildirdi ki, ulduzu
olan hotellər öz işlərini elə qurmalıdırlar
ki, onlardan qonaqların heç bir narazılığı
olmamalıdır: «Əksər hotel sahibləri elə bilirlər
ki, ulduz aldılar, bununla da iş bitdi. Elə deyil axı. Hər bir ulduz daha
artıq məsuliyyət deməkdir. Gərək ulduzu «işlədəsən»
ki, o da gün-gündən parıldaya. Yoxsa ki, al, at bir
qırağa. Bir neçə ildən sonra görəcəksən
ki, pas atıb. Hər bir hotel rəhbəri, xüsusilə də
ulduz alan hotellərin sahibləri öz məsuliyyətlərini
dərk etməlidirlər. Elə bəzi hotellərin rəhbərləri
bu məsuliyyətin ağırlığını bildiyindən
ulduz almağa çalışmırlar. Çünki bilirlər
ki, bu ulduza layiq işləməlidirlər. Axı turist bir dəfə
gəlmir. Qonağı elə yola salmaq lazımdır ki, o,
bir də gəlmək istəsin».
Bunun bir səbəbinin
də vergidən yayınmaq olduğunu deyən mütəxəssis
bildirdi ki, hotel rəhbərləri bununla digər tərəfdən
turistlərin həyatına təhlükə yaradırlar. Belə ki, daha az vergi ödəməyin
müxtəlif yollarını arayan hotellər hətta istifadə
etdikləri ərzaqlara belə həkim kağızı
almırlar: «Bu yaxınlarda Meksikada A/H1N1 virusu yayılanda
assosiasiya olaraq hotellərə bazardan alınan bütün
malların sənədləşdirilməsi ilə
bağlı göstəriş verdik. Amma gəlin görək
bu göstərişə hansı hotel əməl etdi.
Heç biri. Niyə? Çünki sənədlə işləyəndə
istər-istəməz fəaliyyətləri nəzarət
altına düşür. Bu isə onlara sərf etmir. Sovet
dövründə hətta göyərtini belə sənədlə
alırdıq. Bu, həm mehmanxanamızda qalan qonağın
sağlamlığına tam təminat verirdi, həm də
işimizi şəffaf qurmağa kömək edirdi. Bu səbəbdən
də arzulayan insanlar «İnturist»də qala bilirdilər.
Üstəlik, balıq məhsullarını ancaq bəzi
aylarda yeməklərin siyahısına salırdıq. Hətta
çiyələyi belə turistlərin menyusuna daxil etməyə
ehtiyat edirdik. İndiki hotellərdə isə bu qaydaların
heç birinə əməl edilmir».
Hazırda hotellərin
sovet dövründə olduğu kimi, dövlətə məxsus
olmadığını, özəl müəssisə kimi fəaliyyət
göstərdiyini xatırlatdıqda isə A.Əliyevdən
maraqlı cavab aldıq: «Özəl sahə anarxiya demək
deyil axı. Özəl
adı ilə gəlin dövləti pis vəziyyətə
qoymayaq. Əksinə, işimizi nümunəvi qurmaqla daha
çox nailiyyət qazana bilərik. Bütün turizm müəssisələri
satdığı malın təmizliyinə təminat verən
xüsusi topdansatış mərkəzindən alver etməlidirlər.
Mən belə bir təcrübəni bu yaxınlarda səfər
etdiyim Səudiyyə Ərəbistanında gördüm. Təsəvvür
edin ki, bu tapdansatış müəssisəsi özəl
olmaqla, bir nəfər şeyxə mənsub idi. Buradan təkcə
turizm obyektləri deyil, şəhərin bütün
mağazaları alver edirlər. Çünki bilirlər ki,
aldıqları malın tam təminatı var».
Assosiasiya
prezidenti deyir ki, hotellərdə ixtisaslı kadrlara da ehtiyac
var. Bu problemi həll etmək üçün hotel müdirlərinə
öz əməkdaşlarını təcrübə toplamaq
məqsədilə turizmin yüksək inkişaf etdiyi ölkələrə
göndərməyi məsləhət bilsələr də,
çox vaxt onlar bundan imtina edirlər: «Öz təcrübəmdən
çıxış edərək deyirəm ki, bunun effekti
çox böyük olur. «İnturist»də biz əməkdaşlarımızı
İngiltərəyə, Fransaya, hətta Amerikaya göndərirdik
və yüksək nəticələr də əldə
edirdik. Amma indi hotel sahibləri bunu etmək
istəmirlər. Çünki buna maliyyə
sərf etmək lazımdır. Hətta
sizə bir faktı da deyim ki, əksər hotellər bu
mövsümdə işlədikləri insanlarla növbəti
mövsümdə işləmirlər. Küçədən
kim gəldi, təki ucuz işçi
qüvvəsi olsun, gətirib işlədirlər. Buna görə də bizdə xidmətin keyfiyyəti
aşağıdır».
A.Əliyevin AOKA
prezidenti kimi hotellərə təsir mexanizminin gücləndirilməsinə,
onların işinə nəzarət olunmasına
çalışdığını bildirdi və hotel rəhbərlərinə
öz tövsiyələrini də verdi: «Bu gün dövlət
tərəfindən turizm sahəsinə böyük diqqət
yetirilir. Bu sahə günü-gündən
inkişaf edir. Biz niyə bu inkişafdan
yararlanmayaq? Hərə öz sahəsinin
mütəxəssisi olmalıdır. Müstəqilliyimizdən
istifadə edib nöqsanlarımızı aradan
qaldırmalı, insanlarımızın rahatlığı
üçün əlimizdən gələni etməliyik».
Sonda Ağarəhim
müəllim maraqlı bir məlumatı da nəzərimizə
çatdırdı ki, AOKA Beynəlxalq Hotel Kompleksləri
Assosiasiyasına üzv olmağa hazırlaşır. Artıq
quruma üzvlük üçün müraciət etdiklərini
deyən mütəxəssis, yaxın vaxtlarda onların məsələsinə
baxılacağını da bildirdi.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 22 iyul.- S. 7.