Həyatımızın bir anı
Fotojurnalistika
jurnalistikanın xüsusi sahəsi sayılır. Əlbəttə
ki, bu bölməyə aid jurnalistlər məlumatları
söz vasitəsilə deyil, görüntülərlə
çatdırırlar. Jurnalist sanki zamanın bir anını əbədiləşdirir,
real insanlar və hadisələr tamaşaçıların
qarşısında fotoaparatlı insanın gördüyü
kimi canlanır. Hər bir fotoşəkil salnamə sənədinə
çevrilir. Elə buna görə də totalitar rejimlər məhz
kinoxronika və fotoşəkilləri xüsusi ciddi senzuraya məruz
qoyurlar. Fotojurnalistilər öz sahələrinin müxtəlif
janrlarından istifadə edirlər: xülasələr,
reportaj, şəkillər seriyası, xəbər-oçerklər...
Vacib hadisələri lentə almaqla onlar həm də məqalə
üçün vacib olan dinamikanı gücləndirmiş
olurlar. Ötən əsrin 90-cı illəri
fotojurnalistikanın önə çıxması ilə yadda
qaldı. Buna səbəb müxtəlif maraqlar xatirinə
siyasi meydanda sözün “satın” alınması rəyinin
formalaşması idi. Foto isə səssiz, lakin sübut mənbəyi
idi.
Hər il Azərbaycanda
Mətbuat Günü ilə bağlı mükafatlar təqdim
olunanda demək olar ki, foto (illüstrasiya) nominasiyasında
heç bir yer öz sahibini tapmır. Mükafat təsisçiləri
bunu ya foto təqdim edənlərin yoxluğu və ya hədsiz
azlığı ilə əlaqələndirirlər. Belə
götürəndə isə heç bu sahəyə dair
müsabiqələr də çox deyil. Elə bu fakt
fotojurnalistikanın inkişafının
plyonkasız-filansız göstəricisidir. Digər tərəfdən,
Azərbaycanda fotojurnalistikanın inkişafdan qalması da fakt
sayılmalıdır. Bizdə belə rəy formalaşıb
ki, tədbirləri lentə almaq bu sahənin təmsilçisi
olmaqdır. Əslində isə fotojurnalistika sırf
yaradıcılıq sahəsidir. Yaradıcılıq çərçivə
tanımadığı üçün fotojurnalist hər
zaman yaradıcılıq axtarışında olmalı,
obyektivin arxasından gördüyü həyatın
anlarını məhz yaradıcı surətdə bir daha bizlərə
göstərməli, düşündürməli və
düşünməlidir. Onun qələmi məhz
çiynindəki fotoaparat olmalıdır. Fotojurnalist
üçün yaradıcı ruh ilkindir, aparat isə ikinci dərəcəlidir.
Fotonu effektli edəndə elə yaradıcı yanaşma və
anı seçməkdir.
Dünyada ən
bahalı sənət növlərindən biri
fotojurnalistikadır. Bizdə isə redaksiyaların işində
ən sonuncu yer fotoreportyorlara “ayrılır”. İmkanlı
redaksiyalar digər texnikaya daha çox səy edirlər, nəinki
fotoreportyoru üçün yeni avadanlıq almağa.
Yaxud fotoreportyor əməyindən
bəhrələnməyə üstünlük verilmir. Halbuki
bir foto qəzetin həmin sayının tam surətdə
satılmasına gətirib çıxara bilər. Ümumiyyətlə,
demək olar ki, fotoreportajlardan bir janr kimi qəzetlər istifadə
etmir. Bunun digər səbəbi qəzetlərin əsasən
keyfiyyətsiz mətbəələrdə nəşridir,
fotolar yetərincə effektli çap edilmir. Təkcə
qonşu Türkiyəni nümunə seçsək görərik
ki, fotojurnalistikanın inkişafı bu sahədə yetərincə
ciddi və çoxsaylı mükafatların ayrılması
hesabına baş verib. Lakin bizdə fotojurnalistikaya mükafat
ayrılmaması üçün daha çox bəhanə
axtarılır. Ola bilsin ki, bir, ya iki il zəif işlərə
yer vermək lazım gələr, lakin bu, stimul yaranmasına gətirib
çıxarardı. Zəifdir, neynək, amma
özümüzündür, olanımız budur. Həm də
qəzet fotomüxbirlərinin yetişməsi
üçün müvafiq ixtisas hazırlığına diqqəti
artırmaq lazım gəlir. Bu, həm jurnalistikanı, həm
də incəsənət faktorunu birləşdirən sahə
olduğundan xüsusi qabiliyyət tələb edir. Hələlik
biz fotomüxbirlərimizin sərgilərinə, sənət
çıxışlarına, mükafat almalarına rast gəlmirik.
Amma yəqin ki, növbəti bir 22 iyul bizdə peşəkar
fotomüxbirlərin təsdiqi günü kimi də
jurnalistikaya daxil olacaq. Biz yaşamımızı
fotomüxbirlərin baxışından görəcəyik.
Sabutay
Mədəniyyət.- 2009.- 22 iyul.- S. 12.