Səhnədən səngərə, səngərdən səhnəyə
Bu yol yüzlərlə döyüşçü
dostumdan birinin yolu…
Dünya həm sənindir, həm də mənim,
qardaş. Özü də «beşgünlük»
deyil bu dünya. Nəqdisindən 2009 ili təqvimə
düşüb, eramızdan əvvəlləri də ki,
öz yerində. Sən ondan danış ki, bu dünyanın
Qarabağ adlı cənnətməkan bir diyarı neçə
illərdi işğal cəhənnəmində
«yaşayır». Ana torpağımızın bir
parçası bu sayaq yaşayırsa, biz bu torpağın digər
parçasında nə sayaq yaşayaq, qardaş?
İnsan nə qədər
ömür sürür, bunun nə qədərini yuxulu, nə
qədərini oyaq olur, nə qədər şər, nə qədər
xeyir işlər görür - bunları hesablamaq o qədər
də çətin deyil. Çətini, hesaba gəlməyəni
yaşamağın nə demək olduğunu hesablamaqdır. Vətəndaş
olmaq hansı hesabdandır, görəsən? Deyirik hər
şeyi Allah bilər. Düppədüz! Nə qədər
vicdanla yaşayıb-yaşamadığımızı da
Allahdan başqa heç kim bilmir, əcəba?! Yəni biz o qədər
bisavadıqmı ki, necəliyimizi, nəcürlüyümüzü,
hansı il, hansı gün, hansı saatda, harada neyləmişik,
nələrə yol vermişik - bilməyək? Hər kəs
öz ömürnaməsini özü yazmırmı?
Yaşın neçə olması o qədər də vacib
deyil. Vacibi odur ki, özünçünlükdən bir az kəsib
Vətən üçün, millət üçün xərcləyəsən.
Xərclənən elə təkcə pul deyil ki,
qardaşım! Bir yetimə ümidverici bir baxışı,
bir arxasızın kürəyinə qoyulan əli bəzən
dünyanın heç bir bankı əvəz edə bilməz.
Tanrıdan başqa hər şey
müvəqqətidir. Amma müvəqqətiliyin də
aşağı-yuxarılığı var. Bir
körpünün ömrü onun üstündən keçənlərin
ömür cəminə bərabərdir. Bir abidənin
ömrü ona baxıb zövq alanların cəminin
ömrü qədərdir. Bir yaxşı soz, bir yaxşı
əməl, mənalı bir misra dünya durduqca durmurmu, şəhidlər
kimi ölümsüz olmurmu?..
Şəhid
və qazi dostlarımdan - vətənimizin dar günündə
döyüşlərə atılan cavanlıq dostlarımdan,
məsləkdaşlarımdan az yazmamışam. Daim arzulamışam ki, o igid vətən
oğulları haqqında nəsə yazıb yadigar qoyum. Əlbəttə,
onların hamısı haqda yazmaq mümkün deyil. Bir də
ona görə ki, onların hər birinin həyatı
bütöv bir romanlıqdır. Mən isə sadə bir qələm
əhliyəm və bu an hər gün gözlərim
önündən kino lenti kimi gəlib keçən o günlərdən,
o dostlardan bir «kadr» haqda - «Elxan kadrı» haqda
düşünürəm. Keçmiş könüllü
döyüşçü, bu gün isə Ağdam Dövlət
Dram Teatrının baş rejissoru Elxan Mikayılov haqda...
Torpağı
qəlbən sevməsən, onu nəinki müdafiə, hətta
əkib-becərə də bilməzsən. Düzdür, o vaxtlar - 80-ci illərin
sonlarında vətəni qorumaq dövrün tələbi idi.
Elxan kimi oğullar isə daha dözümsüz, Vətəni
qorumağa vicdani məhkumlardan idilər. Düşmən tərəfdə
bizim torpağımıza necə susamışdılarsa, bizlərin
içərisində də düşməni məhv etməyə
eləcə susayanlar var idi. O günlərədək
bütün sözünü-söhbətini xalqımıza səhnədən
deyən Elxan qəddar düşmənin Vətənimizə
basqısından sonra sözünü silahla deməyi qərarlaşdırdı.
Mən Elxanı
Dağlıq Qarabağ münaqişəsindən əvvəl
Ağdam Teatrının aktyoru kimi tanıyır və dostluq
edirdim. Tez-tez parkda,
çayxana və digər ictimai məkanlarda oturub söhbətlər
edir, sənət haqda, onun və başqalarının
yaratdığı gözəl obrazlar, maraqlı rollar haqda
fikirlərimizi bölüşərdik. 80-ci illərin
ortalarından etibarən söhbətlərimizin predmeti dəyişirdi.
Biz Ermənistanın və onun havadarlarının
xalqımızın əleyhinə hazırladıqları
işğalçılıq ssenarisinin qoxusunu duyurduq.
Çoxlarının haqlı olaraq “yenidənqırma” kimi
qiymətləndirdiyi yenidənqurma illəri başlananda Elxan
həmin məsələnin heç də bizim xeyrimizə
olmayacağı ilə bağlı maraqlı bir kompozisiya
hazırladı. Burada böyük bir kütlə iştirak
edirdi və o vaxtlar mənim dərs dediyim məktəbin
şagirdləri də o teatral quruluşda var idi. Artıq Elxanın
fəaliyyət, görüş dairəsi teatr səhnəsindən
həyat səhnəsinə keçmişdi və o dövr
hökumət adamlarının xoşuna gəlməyən bu
kompozisiya onun bu işdən uzaqlaşdırılması ilə
nəticələndi. Bizim söhbətlərimiz də sənətdən
həyata keçmişdi. Biz artıq Ermənistandan - əslində
klassik Azərbaycandan kütləvi şəkildə
qovulmağa başlayan soydaşlarımızın aqibəti
haqda düşünür, nələr baş verəcəyi ətrafında
yerli ziyalılarla diskussiyalar aparır, bu yolun o başında
bizi nələr gözlədiyi barədə mübahisələr
edirdik.
Hadisələr də
sürətlə bir-birini əvəz edir, gündə-günaşırı
camaata yeni-yeni sürprizlər «bəxş» edirdi. Vaxt gəldi ki, mən bu söhbətlərdən
ayrılmalı oldum; o vaxtların terminləri ilə desək,
artıq bir çox «dözümsüz», «ekstremist» adamlar
olaraq, cəbhəyə gedir, tezliklə daha qızğın
şəkil alası döyüşlər üçün səngərlər
qazır, digər hazırlıq işləri
görürdük. Mən gecələr erməni kəndləri
ilə bizim kəndlər arasındakı məsafələr
və digər strateji məsələlər haqda məlumatlar
toplamaqla məşğul olduğumdan xeyli müddət idi ki,
Elxanı görə bilmirdim.
Və bu da
92-ci ilin yanvarı. Elxan geridə qalan illəri çox
çətinliklə yola verirmiş. Sonradan mənə
danışdığı söhbətlərdən aydın
oldu ki, o, döyüşdən kənarda keçirdiyi bu
müddət ərzində hər gün öz
düşüncələrində vuruşurmuş. Və nəhayət,
həmin ilin həmin günündə qərara gəlib ki,
bizim batalyona gəlib düşmənə qarşı
qanlı döyüşlərə atılsın.
Gəldiyi
gün gözümə bir az narahat dəydi. Ümumi vəziyyətdən
əlavə, mənim ortancıl oğlum Sənanın şəhid
olması Elxanı çox sarsıtmışdı.
«Dünyada hər şey ola bilər» fikri ilə söhbətimizi
yekunlaşdırdıq və mən ona təklif etdim ki,
döyüşlərin önündə yox, bir az təhlükəsiz
yerlərdə olması məsləhətdir. Lakin nə qədər
təkid etsəm də, Elxan qəti qərar verdi ki, milli
ordumuzun tərkibində, özü də
döyüşün ən qızğın yerlərində
iştirak etməkdə israrlıdır.
Açığı, mən çox narahat idim: «Belə bir
istedadlı sənətçi, ziyalı və… heç nəyə
baxmayan güllələr!..»
Qızğın
döyüşlərin ardı-arası kəsilmirdi. Elxan
onların, demək olar, hamısında iştirak edirdi. O, həm
döyüşür, həm məqam tapdıqca
döyüş gündəliyinə sətirlər yazır, ən
maraqlı məqamları, mənzərələri
fotoaparatının yaddaşına
köçürürdü. O, qəhrəman əsgər
dostları haqda yazdığı məqalələri qəzetlərdə
çap etdirir, döyüşçülərimizi
ruhlandırır, bəzən, necə deyərlər, iki
daşın arasında da rejissorluğundan, aktyorluğundan
qalmırdı; tutalım düşmən tərəfdə
atəşimizdən yıxılan bir Hayrapetin şəbehini
çıxarması ilə bizim uşaqların daha
böyük ruh yüksəkliyi ilə döyüşməsinə
təsir edirdi. O, çox qorxubilməz
döyüşçü idi. İri cüssəsi, çox
çevik hərəkətləri ilə ətrafa qəhrəmanlıq
dalğalandırırdı.
1992-ci il
iyulun ortaları. Güllə
çatışmazlığı üzündən mən
Elxanla arxa batalyona getməli olduq. Biz dağdan enən zaman, o
vaxtların dili ilə desək, «dadlı» bir səs
eşitdik. Bu, ermənilərin bir-birinə çaqqal səsi
ilə parolları idi. Səslərindən bilinirdi ki, iki nəfərdi.
Zil qaranlıq gecə. Bir az uzaqda isə pulemyotların gecənin
bağrını dələn şaqqıltıları. Bu iki
çaqqal da bəlkə elə o səslərin və
zülmət gecənin qorxusundan ulaşırdı.
Düzü, biz özümüz də üşənirdik.
Elxan istədi ki, onlara atəş açsın və beləliklə,
biz də bu müdhiş situasiyanın qorxusunu
canımızdan çıxaraq. O, üzünü mənə
tutub pıçıldadı: «Komandir, onların səsini kəsmək
istəyirəm». Mən başımın hərəkəti
ilə bildirdim ki, hələ dayan. O, əlavə etdi:
«Camaatın üstünə it hürəndə, bizim də
üstümüzə çaqqal-çuqqal ulaşır». Mən
bildirdim ki, erməninin iki ölüsündənsə,
düşmənin iki «dil»i bizim üçün daha vacibdir.
Gözlə, bəlkə tutub apara bildik. Elxan: «Bu zülmət
qaranlıqda zülmət zarafat! Komandir, bu, çaqqalların
tülkülüyü də ola bilər. Bəlkə, ikicə
səs çıxarmaqla bizi aldadırlar, bəlkə
onların sayı-hesabı yoxdur. Bir dərindən nəfəs
al və dərindən fikirləş. Ya əgər tərs
damarın tutubsa, avandına çevir, icazə ver onları gəbərdim».
Nəhayət, Elxan dediyi oldu. Onları öldürdük.
Sonra balaca bir dialoqumuz oldu. Elə oradaca Xocalının
zülmət gecə qırğınını
xatırladıq. Bu düzəngahda onlardan çox, lap
çox sayda öldürmək istəyimizdən
danışdıq. Lakin geridəki batalyonumuzun əsgərlərinə
güllə çatdırmaq gərək idi. Mən - bunlar
hamısı başa düşüləndir, Elxan. - dedim. -
Lakin bunun da vaxtı, məqamı var. Allah sənin kimi
oğlanlara dəyməsin, vaxt gələr, bütün qisas
planlarımızı yerinə yetirərik.
Sonra biz
qarşıdakı hənirtilərə doğru irəlilədik.
Eyni vaxtda atəş açdıq. Gecənin zil
qaranlığında aləm bir-birinə qarışdı.
Atəş səsləri qayalarda əks-səda verirdi. Donuz səslərinə
oxşar zarıltılar eşitdik və çaqqallar
orkestrinin ulartıları fonunda yolumuza davam etdik.
Mən o
gecə nələr düşünürdüm. Fikirləşirdim
ki, görəsən, bu saat bütün Qarabağ
döyüşlərində neçə sənət
adamı olar? Görəsən, onları
qorxu-hürküsüz sənət aləmindən
ayırıb bu dəhşətli məkan və məqamlara gətirən
hansı hisslərdir? Bu suallara Elxanın üzünə
baxdıqca və sözlərini dinlədikcə aydın
cavablar tapırdım. O gecə Elxanın silueti də
çox söz danışırdı. Bunlardan mənim
üçün ən aydını bu idi ki, «Vətən
bütün sənət və sənədlərdən
üstündür. Vətən yoxdursa, səhnə də
yoxdur, sənət də yoxdur. Vətəni müdafiə etmək
nəinki teatr səhnəsini, bütövlükdə
bütün sənət və həyat aləmini müdafiə
etmək deməkdir».
O gündən mən
Elxanı çox az-az görürəm. Amma onun səsini,
söhbətini daim eşidir və arxayın oluram ki, bu saat Bərdə
şəhərində yerləşən Ağdam Dövlət
Dram Teatrında baş rejissor işləyən Elxan
Mikayılov öz sənət döyüşlərindən
bir an belə qalmır...
Həmişə əsgər - Hacı Əkbər
Mədəniyyət.- 2009.- 22 iyul.- S. 5.