İsveçrədən Azərbaycana qələbə
sorağı
20 yaşlı cazmen İsfar Rzayev-Sarabski Montro Caz Festivalında
qalib gəlib
İyul ayının
2-dən 19-dək İsveçrənin Monrto şəhərində
ənənəvi Beynəlxalq
Caz Festivalı keçirilib. Arıtq 43-cü dəfə baş tutan bu sənət bayramında Azərbaycan musiqiçiləri də iştirak edib.
Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin İncəsənət şöbəsinin
müdiri Fərəh
Əliyevanın dediyinə
görə, bizim musiqiçilər festivalda
iyulun 16-dan etibarən
cazsevərlərin qarşısında
öz çıxışlarına
başlayıblar. İyulun 15-dən başlayaraq, «Montro Caz Kafe» adlanan
məkanda xüsusi layihə kimi «Şərq həzzi: Azərbaycan» silsilə konsertləri keçirilib.
Layihə çərçivəsində,
iylun 15-də «Montro Caz Kafe»
məkanında Emil İbrahim öz qrupu ilə, ertəsi gün isə Zülfüqar Bağırovun kvarteti çıxış ediblər.
İyulun 18-də isə «Pötet Pale» hotelinin konsert salonunda əməkdar artist, pianoçu-bəstəkar Salman Qəmbərovun qrupu (Vaqif Əliyev - piano, Tofiq Cabbarov - zərb, Emil Hüseynov - bas gitara) möhtəşəm konsert verib.
Konsertlərdən təəssürat nə qədər güclü olsa da, Azərbaycan cazının ən böyük uğuru Montro festivalının müsabiqə proqramında
qazandığı uğurdur.
Belə ki, müsabiqə iştirakçıları
əvvəlcədən CD-lərlə
seçilib. Bakı Musiqi Akademiyasının tələbəsi, 20 yaşlı
İsfar Sarabski ayın 17-də keçirilən solo-piano üzrə yarımfinalda iştirak edib. ABŞ, Macarıstan, Almaniya, İsveçrə,
Fransa, Polşa, Gürcüstan kimi böyük caz ənənələrinə malik
ölkələrin təmsil
olunduğu yarımfinalda
İsfar Bill Evansın bir kompozisiyasını və
«Qara qaşın vəsməsi» Azərbaycan
xalq mahnısı üzərində öz caz improvizasiyasını ifa edərək finala çıxıb. Yalnız 5 nəfərin buraxıldığı finalda
özünün bəstələdiyi
«Novruz» caz kompozisiyasını ifa edən İsfar müsabiqəni qələbə
ilə başa vurub. Yeniyetmə gürcü caz-pianoçu
Beka Qoçiaşili ilə birinciliyi bölüşən İsfar
Sarabski, həm də tamaşaçı
rəğbəti nominasiyasının
da qalibi olub. Beləliklə, gənc musiqiçimiz
iki il əvvəl
cazmen Şahin Növrəslinin ikinci mükafat qazandığı
ənənəvi Montro
Beynəlxalq Caz Festivalındakı uğuru
bir daha sübuta yetirib ki, Azərbaycan cazının belə nüfuzlu sənət yarışmalarındakı nailiyyəti
təsadüfi deyil.
Yeri gəlmişkən,
deyək ki, İsfar Sarabskinin adı Azərbaycandan başqa, xarici cazsevərlərə də
yaxşı tanışdır.
İsfar indiyədək
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə bir neçə beynəlxalq müsabiqədə
iştirak edib.
Fərəh xanımın dediyinə görə, İsfarın
bu qələbəsi iyulun 18-də keçiriliən
Azərbaycan gününə
marağı xeyli artırıb. Həmin gün yerli vaxtla qədim
Şiyon qəsrində
nümayəndə heyətimizin
verdiyi ziyafətdə
bizim milli xörək və şirniyyatlarımız qonaqlara
təqdim edilib. Azərbaycan milli geyimləri ilə, vətənimizə həsr
olunmuş stendlə tanış olan qonaqlar dünyaşöhrətli
Əzizə Mustafazadənin
«Odlar yurdunun hekayəti» adlı solo-konsertindən də böyük zövq alıblar.
Gülcahan
Mədəniyyət.- 2009.- 22 iyul.-
S. 3.