Tikdim ki
izim qala...
Öz əzəməti
və möhtəşəmliyi ilə diqqəti cəlb edən
Ramana qalası. Bakının qədim yaşayış məskənlərindən
olan eyniadlı kəndin - Ramananın ən yüksək yerində
qərar tutan bu qala kəndin simvoluna çevrilib. Zatən kənd
özü də tarixi ədəbiyyatda əsasən «Ramana
qalası» adı ilə tanınır. Üzərində
bürcləri olan hündür divarların əhatəsində
tikilən bu qalaya baxdıqca, istər-istəməz
düşünürsən: kim bilir, o, neçə-neçə
döyüşlərə, düşmən
hücumlarına, müharibələrə sinə gərib. Və
öz möhtəşəmliyini itirmədən bu
günümüzə alnıaçıq, üzüağ gəlib
çıxıb.
Bu müdafiə tikilisi
XIV əsr abidəsidir. Ağ daşdan tikilən qalanın
hündürlüyü 15 metrdir. Güman edilir ki, qala
müdafiə məqsədilə tikilib və
Şirvanşahlar dövləti dövründə qəsr kimi
istifadə olunub.
Abidənin həyətinə
daxil olmaq üçün dəmir qapıdan içəri
girmək lazım gəlir. Qala divarlarına qalxmaq
üçün divarın sol tərəfində iki pilləkən
var. Onlardan biri - burma daş pilləkən vasitəsilə
divarın içərisindən yuxarıya, təxminən
yarım metr çölə tərəf tikilən dəhlizə
qalxmaq mümkündür. Digər daş pilləkən isə
qalanın həyətindən yuxarıya tərəf
qalxır. Bu pilləkənlər vasitəsilə qala
divarlarına qalxanda kəndin gözəl mənzərəsi
açılır. Buradan bütün kəndi seyr etmək
mümkündür.
Vaxtilə qalanın
içərisindən də yuxarı qalxmaq üçün
pilləkən olub. Lakin o uçduğundan yol yarıda kəsilir.
Qalanın sağ tərəfində qazılmış quyu isə
illər keçdikcə baxımsızlıq üzündən
zibillə dolub və nəticədə tamamilə tutulub. Deyilənlərə
görə, vaxtilə Ramana qalasından Qız Qalasına
yeraltı yol olub. Kim bilir, bəlkə bu quyu həmin yola
aparırmış?..
Qala kino tariximizdə də
rol oynayıb. «Koroğlu», «Nəsimi» və «Babək» filmlərində
müəyyən fraqmentlər bu tarixi abidədə lentə
alınıb.
Qala divarlarından
bayırda, sağ tərəfdə qayaya bənzər iri
daş parçası ilk baxışdan diqqəti cəlb etməsə
də, belə demək mümkünsə,
özü-özlüyündə xoş bir hadisəni
yaşadır: Dahi Bülbül Koroğlunun ariyasını məhz
bu daşın yanında ifa edib. Elə kənd sakinləri də
tarixi abidəni ziyarət edən hər kəsə bu iri
daş parçasını məhz belə təqdim edirlər.
Hazırda qala Mədəniyyət
və Turizm Nazirliyinin nəzarəti altında mədəniyyət
abidəsi kimi dövlət tərəfindən qorunur.
Qalada sonuncu dəfə
60-cı illərin sonu, 70-ci illərin əvvəllərində
təmir-bərpa işləri aparılıb. Yaxın gələcəkdə
digər Abşeron qalaları kimi, Ramana qalasında da təmir-bərpa
işlərinin aparılması planlaşdırılır
Mədəniyyət.- 2009.- 24 iyul.- S. 16.