Gədəbəy dəfinələri
Azərbaycanın bölgələrində mövcud
olan turizm potensialı ilk növbədə
regionlarımızın əlverişli təbii-coğrafi
mövqedə yerləşməsi, zəngin flora və
faunası, gözəl təbiəti ilə şərtlənir.
Son vaxtlar müasir tələblərə cavab verən istirahət
mərkəzlərinin, hotellərin inşası, paytaxtdan
regionlara gedən yolların bərpası nəinki xarici
turistlərin, eyni zamanda yerli insanlarımızın da öz
istirahətlərini bölgələrimizdə keçirməsinə
maraqlarını artırır.
Hazırda turizm mövsümünün
qızğın dövrüdür. Bu səbəbdən də
Azərbaycanın turizm üçün əlverişli olan
rayonları ilə bağlı bilgilərimizi
oxucularımızla bölüşməyi qərara aldıq.
Təbii abidələrin yaratdığı gözəllik
Azərbaycanın dilbər
guşələrindən biri də Bakıdan 444 km məsafədə,
Kiçik Qafqazın orta və yüksək dağlıq
zonasında yerləşən Gədəbəy rayonudur. 92
min nəfər əhalisi
olan bu rayonun
olduqca böyük turizm potensialı var. Buna həm rayonun IX - XIX əsrlərə aid maddi-mədəni
irs nümunələri,
həm də füsunkar təbiəti imkan verir.
Gədəbəyin ərazisindəki
ən uca zirvələr - Qoşabulaq (3549 m) və Qocadağ
(3317 m) dağlarıdır. Uca dağlarda
tundraya xas iqlim, dağların ətrafında isə quru isti yay
iqlimi müşahidə
olunur. Burada iyul ayında havanın temperaturu +10°C-dən
+20°C-dək, yanvar ayında
isə -2°C-dən -10°C-dək dəyişir.
Rayon ərazisində məşhur
“Qızılca” qoruğu və 4 təbii abidə - Qovdu,
Gödəkdərə, Gamış və Şamlıq
meşə massivləri var. Keçidərəsi
yarğanında gözəl bir şəlalə,
Keçi-keçi, Cərcə, Cüyür və Ayı
bulaqları, eləcə də Çaldaş, Qızılca
Narzan, Mormor mineral su bulaqları var.
Rayonun dağlarında,
meşə və dərələrində heyvanat və bitki
aləmi çox zəngindir. Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait
var. Qalakənd kəndinin
yaxınlığında balıqçılıq
təsərrüfatı fəaliyyət
göstərir.
Son Tünc - İlk Dəmir dövrünə aid
qalalar qədimlik nişanəsidir
Gədəbəy rayonu ərazisindəki
abidələr Azərbaycan tarixinə Gədəbəy-Xocalı
mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin
tərkib hissələridir. Burada Tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala
qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Onu Namərdqala da adlandırırlar, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var. Bundan başqa, rayonun ərazisində daha çox Son Tünc - İlk Dəmir dövrünə aid olan Qarabağ qalası, Pir qalası, Koroğlu qalası, Qrex qalası, Parakənd qalası, Səbətkeçməz kəndində
yerləşən XIX əsrə
aid körpülər, Novosaratovka
kəndində1535-ci ildə inşa edilmiş məbəd və s. var. Söyüdlü kəndi
ən çox abidələrlə zəngin
olan kənddir.
Buradan “Gədəbəy
dəfinələri” adı ilə məşhur olan, içərisində
müxtəlif qiymətli əşyalar, gümüş sikkələr,
ev müxəlləfatı, boyunbağılar və bəzək
əşyaları olan qədim küplər tapılıb. Şah
Təhmasibin hakimiyyətdə olduğu dövrdə
(1524-1576-cı illər) zərb edilmiş sikkələr Gəncədə,
Təbrizdə, Şirvanda və Ərdəbildə dövriyyədə
olurdu.
Gədəbəy rayonunun Qala
kəndi ərazisində
yerləşən qala
yerli daşlardan kobud şəkildə, lakin möhtəşəm
möhkəmlikdə tikilib.Qala
yüksək dağlıq
ərazidə yerləşir.
Qalanın Koroğlunun Azərbaycandakı
əsas sığınacaqlarından
olduğu güman olunur.
Koroğlunun əsas
istinadgahı Çənlibel qalası olub (müxtəlif ərazilərdə
"Çənlibel" adlı çoxlu qalalar
mövcuddur). 19-cu əsrə aid mənbələrdə
yaşayış məntəqəsi kimi Çənlibelin
adı çəkilir.
XIX əsrin
ortalarında Almaniyanın “Siemens” firması Gədəbəydə
iki misəritmə zavodu tikib. Çar Rusiyasında
əridilən misin dörddə bir hissəsi bu zavodların payına düşürdü. Siemens
qardaşları bu regionda aparılmış
arxeoloji qazıntıların
nəticələri əsasında
“Qalakənd” adlı elmi əsər də yazıblar.
Rayona ildə 1500 turist gəlir
Gədəbəy Rayon Mədəniyyət
və Turizm şöbəsinin müdiri Fazilə Məmmədovadan
aldığımız məlumata görə, rayonda əsasən
4 istirahət mərkəzi fəaliyyət göstərir -
«Yuxarı Narzan», «Aşağı Narzan», «Şirxan» və
«Göyçə». Bu istirahət
mərkəzlərində bir
gün ərzində
145 nəfər dincələ
bilir. İl ərzində isə
Gədəbəy rayonuna
təxminən 1000-1500 nəfər
turist gəlir.
Romantik səyahətləri
xoşlayanlar üçün piyada marşrutlar da var: Gədəbəy
- Qızılqala meşəsi-Namərdqala (13 km), Gədəbəy
- Söyüdlü kəndi (5 km), Gədəbəy - Maarif kəndi
- Slavyanka kəndi (10 km).
Müalicəvi və
mineral suları - “Narzan” (Slavyanka, Kiçik Qaramurad və
Söyüdlü kəndlərində), “Turşsu” (Qalakənd
kəndində), “Mormor” (Mormor kəndində), Turşsu
(Şınıx) bütün dünyada məşhurdur.
Rayonda çay şəbəkəsi
sıxdır. Ən böyük
çayları Axınca,
Zəyəm və Şəmkir çaylarıdır.
Orta dağliqda kollu və seyrək meşəli çəmənliklər,
enliyarpaqlı meşələr
(palıd, fisdıq, vələs), yüksək
dağlıq yerlərdə
isə subalp və alp çəmənlikləri
geniş yer tutur.
Rayonun ümumi sahəsi
27,2 min hektar olan meşələrində zəngin heyvanat aləmi
var. Burada dağkeçisi, cüyür, qonur ayı, canavar,
quşlardan - tetra, ular, qartala və bir çox nəslikəsilmiş
heyvanlara da rast gəlmək mümkündür.
Rayonda xalq sənətlərindən
bədii tikmə, xalçaçılıq, ağac və
metal üzərində oyma peşələri qorunub
saxlanıb.
Tarixi abidələrin bərpasına ehtiyac var
Yuxarıda təsvir
etdiklərimizdən də göründüyü kimi, Gədəbəyin
geniş turizm potensialı var. Və bu
potensial ildə nəinki 1500, hətta 15
000 turisti qarşılamağa
belə imkan verir. Lakin bir çox
amillər buna imkan vermir. F.Məmmədovanın dediyinə
görə, Bakı-Gədəbəy
magistral yolu təmirli olsa da, rayondan tarixi
abidələrin yerləşdiyi
kəndlərə gedən
yollar olduqca bərbad vəziyyətdədir:
«Üstəlik, bir neçə əsrlik tarixi olan abidələr
zaman keçdikcə korroziyaya uğrayıb. Onların mütəxəssis
nəzarəti altında
təmirinə ehtiyac
var. Rayona gələn
turist dağınıq
vəziyyətdə olan
abidə haqqında hansı təsəvvürdə
ola bilər?
Ona görə də hesab edirəm ki, həm kəndarası
yollar, həm də abidələr təmir edilməlidir».
Qeyd edək ki,
adıçəkilən rayonda istirahət mərkəzlərindən
əlavə, mehmanxana da fəaliyyət göstərir. Bundan əlavə, yerli bələdiyyələr vasitəsilə
şəxsi evləri
kirayələmək də
mümkündür. Gədəbəy şəhərinin özündə
müasir tipli idman kompleksi və mərkəzi şəhər stadionu tikilib. Həmin kompleksə 2005-ci ilin yanvarında olimpiya statusu verilib.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 24 iyul.- S. 8.