«Öyrənilən bir şey deyil»
Rəhman Əlizadə: «Bacarıqlı
heç, amma istedadlı adam həmişə əziyyət
çəkir»
Dramaturqların barmaqla sayılacaq qədər qıt
vaxtında, rejissorların məzuniyyətə
buraxılıb istirahət etdiyi yay bürküsündə
Dövlət Kukla Teatrının baş rejissoru, dramaturq,
«Pyeslər» kitabı təzəcə çapdan
çıxmış Rəhman Əlizadə ilə
görüşüb söhbətləşdik.
Tanınmış teatr adamının 60 illik yubileyinə təsadüf
edən görüşümüzün səbəbi yubiley
olsa da, mövzusu sadəcə teatr oldu. Elə Rəhman müəllimin
çox sevdiyi teatr...
Yay gecəsində yuxu
- Rəhman müəllim,
bir az əvvəl Gənclər Teatrına baş rejissor
göndərilmişdiniz. Məlum islahatlardan sonra yenidən
Kukla Teatrına qayıtdınız. Bu ərəfəni fəaliyyətinizdə
necə bir dövr kimi qiymətləndirirsiniz?
- Əgər bir adam bir
sənətlə məşğuldusa, hara getməsindən
asılı olmayaraq, o sənəti içində
daşıyır. Yəni bir rejissor kimi düşüncəmdə
öz teatrım var. Hara getsəm, o teatr mənimlədi.
Dünyanın harasına getsəm, Rəhman Əlizadəni
aparacam.
Gənclər
Teatrına getməyim belə oldu ki, oranın baş rejissoru rəhmətlik
Hüseynağa Atakişiyev mənim beş-altı
komediyamı tamaşaya qoymuşdu. Özüm də orada bir dəfə
tamaşa qoymuşdum. Onda Gənclər Teatrının
aktyorları da müraciət edib məni o teatra az-çox bələd
olan biri kimi baş rejissor çağırdılar. Orada
altı tamaşa hazırladım - «Mürafiə vəkillərinin
hekayəti» (A.F.Axundov), «Sara xatun» (N.Saraclı) və s.
İş elə gətirdi, teatrda islahatlar başladı,
teatrlar birləşdirildi və mən yenə Kukla
Teatrına, öz yerimə qayıtdım. Mən bu teatrda 35
tamaşa hazırlamışam.
- Bəs Satira Teatrı?
- «Satira» teatr
studiyasıdır. Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin nəzdində fəaliyyət
göstərir. Yalnız Mədəniyyət və İncəsənət
Universitetinin dördüncü kurs tələbələrini
götürdüm. Studiyada özümün «Vicdansız»
adlı komediyamı hazırladım. Tamaşalar göstərildi.
İndisə Şekspirin «Yay gecəsində yuxu» pyesini
tamaşaya hazırlamaq fikrindəyəm.
- Sizcə kukla bəzəmək,
kukla oynatmağın fəlsəfəsi nədir, nədən
gəlişir? Estetik təfəkkürdə kukla oynatmaq nəylə
bağlıdır?
- Kuklaçı aktyor
bir yaradıcı kimi «mən»indən imtina edir sanki. O ideya və
hisslərini cansız bir taxta parçasına
ötürür. Yəni kuklaçı aktyorla
tamaşaçının arasında bir kukla var. Kukla, yəni
oyuq arada qalır, yəni mən oyuqla göstərir, oyuqla
deyirəm. Həm də bunun bir mistikası var.
Uşaq öz
oyuncağı ilə sanki canlıymış kimi rəftar
edir. Məsələn, aktyor bir obrazı yaradır.
Kuklaçı aktyor isə o canlı ifadan da artıq bir obraz
yaratmaq niyyətindədir. O canlı aktrisanın edə bilmədiklərini
kukla ilə etmək istəyir. Əsas olan inandırmaq və
heyrətləndirməkdir ki, bu balaca taxta divdi, özü də
çox qorxulu divdi.
«MXAT»da işləmişəm...
- Kukla Teatrında bir
stereotip formalaşıb və bu teatrı profilləşdirir,
məhdudlaşdırır. Sanki kukla teatrı yalnız
uşaqlar üçündür. Axı kuklalarla
böyüklər üçün də tamaşa
hazırlamaq olar...
- Bu teatrda işlədiyim
13 il müddətində bu çərçivəni
dağıtmışam. Brextin «Kuraj ana və uşaqları»,
Axundovun «Hekayəti Xırs-quldurbasan» pyeslərini qurmuşam.
Eksperimental tamaşalar da olub. İndi gənclərə meydan
vermişik. Özü də peşəkar teatrda.
Bilirsiniz, əvvəllər
bizim nəsil rejissorlar bir müddət xalq teatrında işləyirdilər.
Dövlət teatrında bizə eksperiment etməyə imkan
vermirdilər.
Mənim də, Vaqif
İbrahimoğlunun da, Hüseynağa Atakişiyevin
özünün də xalq teatrı olub. Bir növ bu teatrlarda
peşəkarlaşdıqdan sonra dövlət teatrına gəlmişik.
Mənim işlədiyim Mərdəkan Xalq Teatrı var idi ona
zarafatla “MXAT” deyirdik. Bu “MXAT” xaricə də getdi.
Çexoslovakiyaya getdi, Moskvaya getdi və s. Lütfi Məmmədbəyovun
xalq teatrı var idi. Nə qədər məşhur aktyor bu
teatrdan çıxdı - Səməndər Rzayev, Mikayıl
Mirzə, Mərahim Fərzəlibəyov və b. Yəni belə
bir proses gedirdi. Rejissor bu prosesdən keçməlidi. Musiqini
öyrənməlidi, qrafikanı, müasir ədəbiyyatı,
klassikanı, dramaturgiyanı... yəni bilməli olduğu bir
aləm şey var.
- İndi gənclər
üçün studiyalar yoxdur ki?..
- O zaman Tofiq Kazımov,
Mehdi Məmmədov kimi rejissorlar öz teatrını aça
bilməzdi. İndi kim istəsə öz teatrını
aça bilər. Məsələn, mədəniyyət evləri
boşuna qalıb. Burada işləyə bilərlər.
Özünü rejissorluqda sınamaq istəyən cavan adam
bununla məşğul ola, hətta pul da qazana bilər.
Məsələ
istedaddadır. Bilirsiniz, istedadlı adam var, bir də var
bacarıqlı adam. Bacarıqlı heç, amma istedadlı
adam həmişə əziyyət çəkir. Çox qəribə
bir şeydi. Böyük dramaturqlar, yazıçılar,
şairlər sanki əziyyət çəkmək
üçün doğulublar. Bu, sanki yazılmamış
qanundur.
O yerdə ki şərt var, orada oyun var...
- Bu sualı həmsöhbət
olduğum əksər sənət adamlarına verirəm.
Hamı da fərqli cavablar verir. Madam ki, bu məqama
çatdıq, sizdən də soruşum, oyun
qurmağınız, oyun düzənləməyiniz
yaşamağınıza, həyatınıza paradoks deyil ki?
- Elə bir peşə
yoxdur ki, orada oyun olmasın. Müəllim dərs deyirsə, o
artıq bir oyun qurub. Həkim xəstə münasibəti də
bir oyundur. Yəni iki nəfərin söhbətində bir əməl
var. Hətta biz sizinlə danışırıq, bu da
artıq bir oyundur. Siz mənimlə danışarkən
şüuraltı olaraq istədiyiniz məlumatı tam almaq
istəyirsiniz. Bu artıq dramaturgiyadır və oyundur. Aktyor sənətində
bu artıq texnikadır, peşədir. Bu peşənin iki min
beş yüz il tarixi var. Bu üç dinin üçündən
də əvvəl yaranmış bir sənətdir. Sonra kilsələrdə
də dramlardan istifadə olundu. İslamda şəbeh
tamaşaları yarandı. Kukla teatrının özündə
bütpərəstlikdən gələn məqamlar var. Hətta
ən qədim əhvalatın - Adəmlə Həvvanın
alma yeyib cənnətdən qovulması da belədir. Burada da
şərt qoyulur-almaya toxunmamaq şərti. O yerdə ki
şərt var, orada oyun var. Demək, Tanrı şərt
qoymaqla bir oyun qurub. Hər sahədə bir oyun var. Siyasətdə
də, iqtisadiyyatda da. Teatrdasa oyunun qanunları var.
Bu işin də formulu
özünlə səmimi olmaqdır. Hərçənd daim
yalnız heyvanlar səmimi ola bilir. Peşəkarlıq da
öz yerində. Əsas odur ki, özün-özünü
oynamayasan. Bir var oyun qurmaq, bir də var rejissorluğu oynamaq,
şairliyi oynamaq... Ən pisi budur. Şairdisə gərək
dəniz qırağında kədərli pozalarda dayansın,
rejissordusa, məşqdə qışqırsın... Bu,
yolverilməzdi. Bu mənada səmimi olasan.
Kitabxanadan kitab alıram
oxumağa, təəccüblənirlər ki, Rəhman Əlizadə
kitab alır oxuyur. Amma bu, mənim işimdi də. Bu, mənim
sənətimdi. Bunu böyütmək, ya da buna təəccüblənmək
lazım deyil.
- Rəhman müəllim,
dramlar yazırsınız, sözsüz ki, orada sizi
düşündürən problemlərdən, mövzulardan
danışırsınız. Cəmiyyətdə gedən
proseslərlə nə dərəcədə
maraqlanırsınız? Yoxsa hər şey müşahidələrinizə
əsaslanır?
- Sənətkar
qılafda qala bilməz. İllah da teatrda. Teatr son dərəcə
sosial, kütləvi bir sənətdi. Və teatr, sənət
yaranandan problem insan problemidi. Əsas faktor insandı. Teatrda
şəxsiyyət problemi və ya fərd və cəmiyyət
problemi qoyulur. Əbədi problemlər, mövzular var. Bu
problemlər formasını dəyişir, amma mahiyyətini dəyişmir.
Məsələn, Leyli-Məcnun problemi əbədidir. Amma o
başqa məsələ ki, indi Məcnun olub çöllərə
düşmək özü bir problemdi. Cəmiyyətdən
qaçmaq mümkün deyil. Mən bu məsələyə
hətta bir az komik nöqteyi-nəzərdən
yanaşdım. Məsələ, sadəcə problemə necə
yanaşmaqdadı.
İndi çoxları
cavanların korlandığını deyir. Amma bəlkə də
bunu deyənlər özləri qocalıblar. Şərt fiziki
şəkildə yaşlanmaqdan getmir ha. İndiki cavanlar sadəcə
olaraq az oxuyurlar. İş də bundadır. Vəssalam.
«Saf məhəbbət»dən «Əbləhlərin
toyu»na kimi
- İndinin gənclərini
qınadız. Bəs siz gəncliyinizdə nə yazıb, nə
oxuyurdunuz?
- Doqquzuncu sinifdə
oxuyanda «Saf məhəbbət» adlı faciə
yazmışdım. İlk komediyamı 1975-ci ildə
yazmışam. Sonra rəssamlıqla da məşğul oldum.
Universitetdən sonra yavaş-yavaş rejissorluqla, dramaturqluqla məşğul
olmağa başladım. «Dadaşbala əməliyyatı»nı
Gənc Tamaşaçılar «Doğmalar» pyesini Sumqayıt, Gəncə
teatrları hazırladı. «Günah» pyesi Akademik Milli Dram,
«Sabah çoxdan başlanıb» Gənc tamaşaçılar
teatrlarında oynanıldı. Hətta ittifaq üzrə
müsabiqədə yer tutdu bu tamaşa. Bir-birinin ardınca
daha altı pyes yazdım. İndi belə şey yoxdur. Bir pyes
yazan dayana bilməz, gərək mütləq hansısa teatra
aparsın. Mənim bir pyesimi Mərkəzi Komitədə
araşdırıblar. Özümü çağırıb
danışdırıblar. «Günah»ın dövlət
sifarişi olmasına baxmayaraq, Moskvanın icazəsi ilə
tamaşaya buraxıblar. İndisə daha rahatdı - «Buyur, istədiyini
yaz». İndiki nəslin daha bir üstünlüyü var.
Onların özlərinin öz gənc sənətşünasları
var. Onlar bir-biri ilə maraqlanır. O zamansa yalnız bir
neçə nəhəng, adlı-sanlı rejissordan
yazırdılar. Amma söhbət ondan gedir ki, fakt olaraq
ortalığa çıxacaq bir əsər yox dərəcəsindədir.
Məsələn, mən Ramiz Rövşəndən sonra o səviyyəli
şair görmürəm. Ramiz Rövşəni təkrarlamaq
da lazım deyil.
- Bəlkə onları
siz tanımırsınız?
- Xəbərim var. Amma
yenə də fakt olaraq ortalığa çıxası bir
şey yoxdur. Bədii tərcümələr yoxdur. Orijinaldan
tərcümələr yox dərəcəsindədir.
Baxmayaraq ki, hamı dil öyrənir. Məşhurlaşmaq həvəsi
var. Müğənnilərdə olduğu kimi, ədəbiyyatda
da bu proses gedir.
Bundan yaxşı nə olsun?
- Kukla Teatrında
peşəkar kadr problemi nə dərəcədədir?
- Mədəniyyət və
İncəsənət Universitetində sırf
kuklaçı aktyor ixtisası yoxdu. Obraztsovun bu istiqamətli
kursu olub, onu bizdən bir nəfər qurtarıb - Nazim Bəykişiyev.
O isə teatr rəssamlığı ilə məşğuldur.
Aktyorluğu öyrənmək olur. Rejissorluq isə öyrənilən
bir şey deyil. Rejissor səhnənin şairidi.
- Teatrınız təmirdən
yeni çıxıb, yeni avadanlıqlarla da təchiz olunub. Bu
yəqin ki, yaradıcılıq üçün daha
böyük imkanlar deməkdir.
- Teatrda işıq
çox vacibdi. Bütün işıq qurğuları, səs
avadanlıqları yenilənib. Son dərəcə yüksək
səviyyədə. Artıq kimsə tamaşa hazırlaya
bilmirsə, bu, onun problemidi. Çünki bəhanə yoxdur.
Aliyə
Mədəniyyət.- 2009.- 24 iyul.- S. 5.