Yanar dağ
Təbiətin qədim Azərbaycan torpağına bəxş
etdiyi daha bir möcüzə - Yanardağ.
Ona baxdıqca, seyr etdikcə, doymursan. Qədim dövrlərdən
səyyahları heyrətləndirən,
onları dərindən
düşünməyə vadar edən bu möcüzə Abşeronun Məhəmmədi
kəndinin qərbində
yerləşir.
Orta əsr mənbələrində
Bakı od, alov püskürən şəhər kimi təsvir
olunur. Qədim zamanlardan etibarən Bakının rəmzi hesab
olunan üç yanar alov dili və dəniz simvolu da
Yanardağın mövcudluğuna istinadən qəbul edilib.
İslam dinindən əvvəl
Yanardağ atəşpərəstlərin dini inanc, sitayiş
yeri olub. Bu abidə ilə bağlı çoxlu əfsanə,
rəvayət mövcuddur.
Dağın arxa tərəfində
başqa bir aləm var. Dağdan bir az aralıda, yəni 200
metr cənubda yerin altından zəif vulkan püskürür
və ətrafa lillə qarışıq su səpələyir.
Həmin vulkan suyu ilə bərabər yerdən çıxan
kükürdlü qaza alışqan yaxınlaşdıranda,
ani olaraq alovun yanmasını müşahidə etmək olar.
Yerli sakinlər deyirlər ki, həmin vulkan suyu müalicəvi
əhəmiyyət daşıyır, dəri xəstəliklərini
müalicə etmək üçün ondan istifadə olunur.
Digər möcüzə
Yanardağın ən yüksək zirvəsində yerləşən
«Qurd qapısı» adlı mağaradır. Deyilənlərə
görə, vaxtilə burda canavarlar məskən
saldığına görə, mağaranı belə
adlandırıblar. Diqqətçəkən məqam
mağaranın divarlarında qədim sənətkarlar tərəfindən
yaradılan naxışlardır. Bu izlər sübut edir ki,
vaxtilə mağara həm də qədim insanların
yaşayış məskəni olub.
Yanardağın
yuxarı ərazisinin hündürlüyü 116 metrə
çatdığına görə Abşeronda ən
hündür yer hesab olunur. Bura Xəzər dənizi səviyyəsindən
86 metr yüksəklikdədir. Yanardağ Qafqaz sıra
dağlarının son zirvələrindən biridir.
Abidənin ətrafında
yanan alov əvvəlki illərdən fəqli olaraq sanki
azacıq səmtini dəyişib. Alov 10-15 metr
hündürlüyədək qalxır. Qış fəslində
alovun şöləsi daha aydın görünür.
Hazırda Yanardağ ərazisi
qorunan tarixi abidələrimiz sırasına daxil edilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Yanardağ
Dövlət Tarix-Mədəniyyət və Təbiət
Qoruğunun yaradılması haqqında 2 may 2007-ci ildə sərəncam
imzalayıb. Sərəncama müvafiq olaraq, Yanardağ tarixi
abidəsinin qorunması əsas məqsədlərdən biri
kimi qarşıya qoyulub.
Abidə milli qoruq elan
edildikdən sonra Hindistan, Pakistan, Almaniya, İngiltərə,
Yaponiya, Koreya, Norveç, İsveç və başqa ölkələrdən
gələn turistlərin böyük marağına səbəb
olur və dövlətin göstərdiyi diqqətin nəticəsi
olaraq turistlərin sayı getdikcə artır.
Mədəniyyət.- 2009.- 29 iyul.- S. 16.