Uçub getdi qərib durna...
Kinoçulardan ilk dəfə şəxsən
tanış olduğum ən yaşlı adam gərək ki, o
idi. Təqribən iyirmi ilin söhbətini
eləyirəm. İyirmi yoxdusa da, üstündən bir-iki il əskik
olar. SSRİ dağılhadağılıydı.
Başımda gənclik havası mədəniyyət aləmində
qabağıma kim çıxırdısa, nə
görürdümsə, əlimdən buraxmırdım. Hər
gün irili-xırdalı nəsə yazırdım. Başqa
qəzetdə işləsəm də, «Kino»dan sifariş,
sifariş dalınca gəlirdi. Hər həftə kinostudiyaya,
sənətkarların evinə gedib-gəlməkdən
qısa zamanda məşhurlaşmışdım. Tanış-bilişlərimin sayı günbəgün
artırdı. Hər şey bu minvalla getdiyi bir vaxtda tale məni
Niyazi Bədəlovla görüşdürdü. Kinomuzun
veteran sənətkarlarından biriylə. O vədə Niyazi
müəllim artıq səksəni yola salmışdı.
Amma yaşına görə qıvrağıydı, hafizəsi
də yerindəydi. Təqaüdə
çıxdığından, özü demişkən, qoca
qarısıyla bir damın altında dövranını
sürüb, gününü keçirirdi. Arada
yaşadığı binayla üzbəüzdə yerləşən
Yasamal bazarına və dörd bir yandakı dükanlara
baş çəkməyini nəzərə almasaq, axtaranda,
demək olar, çox vaxt evdə tapardın.
Mən onunla bir
yazılıq söhbət zamanı yaranan
tanışlığın sonradan səmimi münasibətə
çevriləcəyini, dostluq səviyyəsinəcən
yüksələcəyini ağlıma gətirə bilməzdim.
Ən azından yaş
fərqinə görə. Axı, o mənim babam yerindəydi.
Haqlı yerə «ağlıma gəlməyən başıma
gəldi» deyiblər. Uzun illər bundan qabaq öz şəxsimdə
gördüklərim bu qənaəti bir daha təsdiqlədi.
Niyazi Bədəlov əslən
Şəkidəniydi. Elə xasiyyətinə görə də
oralıydı ki, durmuşdu. Şəkililərə məxsus
hazırcavablıq, baməzəlik canında-qanındaydı.
Sadə, səmimi, ünsiyyətcilliyi isə özgə aləmiydi.
Kimlə sözü-söhbəti tutdu, onnan
axıracan varıydı. Ta bu adamın işi-gücü,
qulluğu onu maraqlandırmazdı. Deməyim odur,
tanışının, həmsöhbətinin vəzifəsindən,
imkanlarından istifadə eləmək barədə fikirləri
bir yol xəyalında dolandırmazdı. Əqidəsi
çürüklərdən deyildi axı, ona görə.
Uşaqnan uşaq,
böyüknən böyük olmağı bacaran, yeri gələndə
tay-tuş görünən, məqamı çatandasa pərdə
saxlamağı bacaran bu kişi maraqlı ömür yolu
keçmişdi. Doğulanda
Azərbaycan çar Rusiyasının əsarəti
altındaydı. Ağlı kəsər-kəsməz
dünya-aləm bir-birinə dəymişdi. Nikolay taxtdan
düşmüşdü, bolşeviklər hakimiyyətə
gəlib tamam yeni bir cəmiyyət qurmuşdular. Niyazi Bədəlov
onda uşağıydı. Məktəbə gedirdi, xoşbəxt
sovet balalarından biri kimi yazıb-pozmaq öyrənirdi. Və
o öyrənən düz ömrünün sonunacan şəxsi
nə qeydləri vardısa, hamısını əski əlifbayla
yazırdı. Zarafat deyil, uşaq vaxtından ta doxsanı
haqlayanacan bir əlifbadan yapışıb durasan. Təqribən
səksən ildə gör nə qədər işlər
olmuşdu, neçə yol əlifba dəyişmişdi. O isə əli qələm tutanda öyrənib
isinişdiyi hərflərdən əl çəkmirdi,
onların köməyilə gündəliyini yazanda
könlü açılırdı. Niyazi müəllimin
ürək-könül həmdəmini, səhifələri
muncuq kimi xətlə yazılı dəftərini mən də
görmüşəm. Baxmayaraq ki, can
yoldaşı, ömür sirdaşı sayılacaq dəftər
sirr dağarcığıydı. Orda sahibinin
çoxlarına danışmadığı neçə-neçə
mətləblər varıydı. Yəqin elə bu səbəbdən
də hər saat üzə çıxmazdı. Evin içəri
otağında, hündür, əlçatmaz yerdə saxlanardı...
Niyazi müəllim Şəkidə məktəbi
bitirər-bitirməz kinomexaniklik peşəsinə yiyələnmişdi.
Rayon mərkəzindəki
«Yeni yol» kinoteatrında işə düzəlmişdi. 17-18
yaşlı gəncin sənətə maraq göstərməsi,
kinomexanik köməkçisi kimi əmək fəaliyyətinə
başlaması təsadüfi deyildi. Onun ailəsində
teatra məxsusi münasibət varıydı. Atası,
böyük qardaşı və əmisi oğlu bütün
Şəki camaatının tanıdığı və
sevdiyi insanlarıydı. Ötən əsrin əvvəllərində
onlar illər boyu həvəskar aktyorlar kimi
tamaşaçılar qarşısında
çıxış edib, məharət göstərmişdilər.
Təbii ki, lap balaca yaşlarından düşdüyü
mühit Niyazi Bədəlovu da sehrləmişdi. Amma o,
teatrı sevə-sevə, digər istiqamətə üz tutdu.
Taleyini incəsənətin ən cavan sahəsi-kinoyla
bağladı. Çox güman dövrünün
gözüaçıq gənclərindən biri kimi o, bu sənətin
imkanlarının genişliyinə, laübalı aləminə
vurulmuşdu...
1931-36-cı illəri Moskvada
keçdi. Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq
fakültəsinin tələbəsi kimi həyatının
beş ilini sevib-seçdiyi sənətin incəliklərini
öyrənməyə sərf etdi. Müəllimi,
dünyaşöhrətli Sergey Eyzenşteyn idi. Milli kinomuzun
ilk peşəkar rejissoru kimi tarixə düşəcək,
dünyadan nakam köçmüş Səməd Mərdanov,
sonralar Azərbaycanın ən məşhur sənətkarları
olacaq Hüseyn Seyidzadə, Əlisəttar Atakişiyev də
onunla bir vaxtda oxuyurdular. Mədəniyyətimizdə yeni
intibah dövrünün qurucuları o zaman bundan xəbərsiziydilər.
Və böyük arzularla peşələrinin sirlərinə
yiyələnirdilər. Onlar müəllimlərindən
öyrəndiklərini bölüşməkçün vətənə
tələsirdilər. Burda nəylə qarşılaşacaqlarını
bilmədən. İstedadlarının, zəhmətlərinin
müqabilində heç nə ummadan.
1930-cu illərin sonunda o
zamankı, «Azərfilm»ə yeni gənc qüvvələr gəldi.
Moskva mühitindən
çıxmış peşəkarlar kinoda öz sözlərini
demək üçün qollarını
çırmalayıb, həvəslə işə başladılar.
Milli kadrların çatışmadığı, erməni və
yəhudi millətindən olanların meydan suladığı
vaxtda film çəkmək, sənət göstərmək
çətiniydi. Bu çətinlik Niyazi Bədəlovdan
da yan keçmədi. 1938-ci ildə ara vermədən «Komsomol
nəsli» və «Azərbaycan aşıqları» sənədli
filmlərini lentə aldıqdan sonra, bədii filmlər
rejissoru ixtisasına nahaq yiyələnmədiyini sübuta
yetirmək istədi gənc Niyazi. O, istedadını tam
nümayiş etdirmək üçün bədii kinoya üz
tutmağa can atırdı. Bir yandan qəlbinin hökmü beləydi,
o biri yandan ixtisası ona bu hüququ verirdi. Belə bir vaxtda ədəbiyyatda
kövrək addımlarını atan Ənvər Məmmədxanlı
«Ayna» adlı ssenarini kinostudiyaya təqdim elədi. Sadə bir kəndli qızının usta
xalçaçı kimi necə yetişməsindən bəhs
edən əsərə quruluş vermək Niyazi Bədəlovla
Hüseyn Seyidzadəyə tapşırıldı. O
zamankı, qaydalara görə, rejissorlarla yanaşı, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin,
Yazıçılar İttifaqının və Bakı
kinostudiyası nümayəndələrinin təmsil
olunduğu ssenari müzakirəsində tənqidi fikirlər səsləndi,
mübahisə düşdü. Bir müddət sonra Moskva
rejissor ssenarisini təsdiq etsə də, filmin xarici kinolentdə
çəkilməsinə razılıq verilmədi. Niyazi və
həmkarı baş verənlərdən usanmadılar. Tanınmış sovet kinorejissoru M.Çiaurelinin bədii
rəhbərliyilə filmin çəkilişlərinə
hazırlıq işləri aparıldı. Vətənpərvərliyi,
milli təəssübkeşliyilə seçilən gənc
rejissorlar filmi erməni əsilli operatorun çəkməsinə
imkan vermədiyindən, iki dəfə dəyişiklik oldu.
Və son nəticədə kamera arxasında ali təhsilli
kinooperator Əlisəttar Atakişiyev dayandı. Əsas qəhrəmanı-Ayna
rolunu oynamaq Leyla Bədirbəylinin öhdəsindəydi. Di gəl,
«Ayna» ortaya çıxmağa macal tapmadı. Sadalanan səbəblər
üzündən yubanan film üzərində iş
müharibənin başlamasıyla əlaqədar
yarımçıq qaldı. Əslində ekran əsəri
gec də olsa, tamam-kamal ərsəyə gələ bilərdi.
Amma yenə də rejissorların qabağını problemlər
kəsdi. Bu dəfə çəkilmiş materialların sənət
baxımından yararsızlığı səbəb göstərildi.
Hüseyn vəziyyətdən
çıxış yolunu tapdı. O, lentə
alınmış kadrlardan ərsəyə gələcək
yeni ekran əsərində-qısametrajlı bədii filmdə
istifadə etmək üçün kinostudiyanın rəhbərliyini
razı saldı. Beləliklə, 1942-ci ildə İmran
Qasımovun ssenarisi əsasında arxa cəbhədəkilərin
döyüş meydanındakılara köməyindən
söhbət açan «Sovqat» filmi yarandı. Bu, Niyazi Bədəlovun
nəhayət ki, arzusuna çatması demək idi. Və
çox güman, o özü də belə qənaətdəydi.
Amma yox, rejissorun bədii kinoya birinci və axırıncı
sovqatı oldu «Sovqat».
Aradan çox illər
ötüb. Təqribən yetmiş il qabaq əslində nə
baş verdiyini, nəyə görə Niyazi müəllimin
bir daha bədii filmə üz tutmamasının səbəbini
bilən canlı şahidlər qalmayıb. Doğrusu,
sağlığında sənətkarla yetərincə
görüşümüz olsa da, bu sualın tam
cavabını eşitdiyim yadıma gəlmir. Onunla həyat və
sənət mövzusunda elədiyimiz söhbətlərdə
o bir yol bu məsələyə aydınlıq gətirməyib.
Qəribədi ki, aramızdakı pərdə məsələsinə,
ya nəyə görəsə bilmək istədiyim məqamı
onun dilindən eşitməyə təkid eləməmişəm.
İndisə nə rejissorun özü var, nə də
canlı şahidlər. Demək, bu sirri onlar özləriylə
apardılar. Daha kimsənin əsl həqiqətdən agah
olacağına güman yoxdu. Bir də, həqiqətə
sahib çıxacaq insanın özü yoxsa, bundan nə
fayda?
Niyazi Bədəlov
taleyilə barışanlardanıydı. Hər halda, mən
onu həmişə şükranlı gördüyümdən
bunu əminliklə deyirəm. Çox yəqin bir daha bədii
film çəkməmək «hökm»ünü də o,
alın yazısı kimi qəbul eləmişdi. Arada müəyyən
illərdə Teatr Texnikumunda kino texnikası fənnindən dərs
deməsini, dublyaj rejissorluğunu, Salyan Dövlət Dram
Teatrının təşkilində rolunu və burada
tamaşalara quruluş verməsini, təqaüdə
çıxandan sonra «kiçik kino» həvəskarlar kinosunun
inkişafındakı uğurlu fəaliyyətini hesaba almasaq,
onun bütün həyatı sənədli filmlərin çəkilişində
keçib.
Niyazi müəllim
Böyük və Kiçik Qafqaz sıra dağlarında,
Mingəçevir SES-də, Neft Daşlarında, Mil
düzündə, qoruqlarda, idman yarışlarında, mədəniyyət
günlərində və sair yerlərdə
saysız-hesabsız süjetlər çəkib. Rejissor
axırıncı dəfə kamera arxasına keçib, «Xəzər
üzərində körpü»nü lentə alanda səksən
yaşına bircə il qalmışdı. 1938-88-ci illər
arasında onun müəllifi olduğu filmlərin
siyahısında «Dağlıq Qarabağ», «Yedilliyin
qabaqcılları», «Biz Bakını müdafiə edirik», «Mirzə
Fətəli Axundov», «Neft akademiyası», «Dağlarda ada», «Əbədi
iz», «Estafet», «Xalq şairi Səməd Vürğun», «Onu
Serafino çağırırdılar», «Hanı mənim
övladlarım?» və sair sənədli ekran əsərləri,
1941-45-ci illər müharibəsini, «Ordenli Azərbaycan»,
«Novosti dnya», «İncəsənət», «İdman» və
başqa kinojurnalları əhatə edən yüzlərlə
süjetlər var. Bunların arasında dahi şairimiz Məhəmməd
Füzulidən bəhs edən eyniadlı film xüsusilə
diqqəti çəkir. 1958-ci ildə lentə
alınmış «Məhəmməd Füzuli» nadir kadrlarla zəngindi.
Burada Hüseynqulu Sarabski və Cabbar
Qaryağdıoğlunun çıxışlarına,
görkəmli aktyor Kazım Ziyanın ifasında səslənən
qəzəllərə yer ayrılıb. Ölməz söz
ustasının «Şikayətnamə» əsəriylə
bağlı ekranlaşdırılmış parçanın
hüsnüsə bambaşqadı. Azərbaycan kinosunda
dahi şairin bədii obrazı ilk dəfə məhz bu filmdə
xalq artisti Əli Qurbanovun ifasında
yaradıldığına görə. Yeri gəlmişkən,
görkəmli müğənni Zeynəb Xanlarovanın
kinokamerayla birinci tanışlığı da buradan
başlayıb. O dövrün neçə-neçə alimlərinin,
sənətkarlarının əla qiymətini alan filmdən.
Bədii kinoya təşnə rejissorun sənədli
ekranın diliylə bədii fikirlərini,
duyğularını çatdırdığı canlı
lent parçasından.
Yasamalda bir ev var. Onun
üçüncü mərtəbəsində sadə,
mehriban və surəti xəyalımdan itməyəcək bir
insan yaşıyırdı. Yanında qoca qarısı, əlindən
çörək yediyim Şəfiqə xanım, stolunun
üstündə termosda hazır çayı...
Ev yerindədi. İllər o iki nəfəri
qoparıb aparsa da, sakinləri dəyişən evin
çörəyi təknədən üzülməyib. Sənətkarla
müəllimin halal ruzisindən binə tutan ocağın
çörəyi üzülməz axı...
Seymur Elsevər
Mədəniyyət.- 2009.- 29 iyul.- S. 11.