Növbəti uğurlara...
Azərbaycan incəsənəti və mədəniyyəti
öz uğurları ilə yüksək zirvələrdə
daim diqqət mərkəzində olmuşdur. Mədəniyyətimiz
xarici ölkələrdə də öz
orijinallığı və fərqliliyi ilə marağa səbəb
olaraq digər xalqları heyrətə gətirmişdir. Professional
musiqiçilərimizin qastrol səfərləri isə milli mədəniyyətimizin
necə yüksək və diqqətəlayiq səviyyədə
olmasını bir daha təsdiq edir.
Belə bir uğurlu
konsert səfərlərindən biri də Dövlət Gənclər
Simfonik Orkestri tərəfindən həyata keçirildi. Qeyd
edək ki, 29 iyun - 2 iyul tarixlərində Rusiya Federasiyası
və daha sonra Tatarıstanın paytaxtı Kazan şəhərində
Azərbaycan Mədəniyyəti Günləri qeyd edildi. Mədəniyyət
günləri çərçivəsində keçirilən
konsertlər isə respublikanın xalq artisti, dirijor Teymur
Göyçayevin rəhbərliyi altında Dövlət Gənclər
Simfonik Orkestrinə həvalə edildi. Mədəniyyət
günlərinin, eləcə də konsertlər və orkestrin
(qeyd edək ki, bu tədbirlərdə Bakı Xoreoqrafiya Məktəbinin
rəqs qrupu da iştirak edirdi) məharətli ifalarını
qeyd etməzdən öncə, Dövlət Gənclər
Simfonik Orkestrinin yaranması haqqında bir neçə
cümlə qısaca məlumat vermək istərdik.
Görkəmli
musiqiçi Mstislav Rostropoviç Bakıya olan səfərlərinin
birində Azərbaycanda Gənclər Simfonik Orkestrinin
yaradılması haqqında öz fikrini söyləmişdir.
Və bu fikir də yeni gənc musiqiçilər kollektivinin
yaranmasına bir təkan oldu. Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə 2006-cı ilin
martında kollektivin formalaşması işi başladı. Müxtəlif
musiqi məktəblərinin yaş həddi 13-23 arasında
olan şagirdlərindən ibarət olan gənc musiqiçilər
dəvət olundular. Orkestrin bədii rəhbəri və
baş dirijoru isə respublikanın xalq artisti Teymur
Göyçayev təyin olundu.
1 dekabr 2006-cı ildə
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin əmri ilə kollektivə Dövlət Gənclər
Simfonik Orkestri adı verilmişdir. Yarandığı gündən
orkestr 30-a yaxın konsertlər vermişdir.
15 dekabr 2007-ci il tarixdə M. Rostropoviç
adına I Beynəlxalq
Musiqi Festivalında orkestrin çıxışı
onun yaradıcılıq
yüksəkliyi oldu. Orkestr M. Rostropoviç adına hər iki (I və II) Beynəlxalq Musiqi Festivalında böyük
müvəffəqiyyətlə çıxış etmişdir.
Elə birinci musiqi festivalında orkestrin böyük uğurla keçmiş konsertində M. Rostropoviçin
həyat yoldaşı,
dünyaşöhrətli müğənni
Q.P.Vişnevskaya iştirak
etmiş və o, gənc kollektivin
yüksək səviyyədə
çıxış etməsini,
professionallığını və gözəl ifaçılıq qabiliyyətini
qeyd etdi. Orkestrin Fransa, Belçika, İsveç,
Hollandiya, Rusiya və s. kimi
ölkələrdə uğurlu
konsertləri böyük
ümidverici potensiala malik olduğunun sübutudur.
Bu gün orkestrin
repertuarında bir çox müəlliflərin və cərəyanların
30-dan çox əsərləri var. Bunlardan - Azərbaycan
klassik professional musiqisinin banisi Ü.Hacıbəyovun
“Koroğlu” operasından və “Arşın mal alan” musiqili
komediyasından uvertüralar, “Arazbarı”, eləcə də
A.Zeynallının, Q.Qarayevin, F.Əmirovun, T.Quliyevin,
V.Adıgözəlovun, V.Mustafazadənin, L.Vanşteynin, M.Mirzəyevin
əsərləri; xarici bəstəkarlardan - Hendel,
Y.Haydın, V.A.Motsart, A.Vivaldi, E.Kapua, L.Dents, T.Albinoni, C.Vilyams,
B.Yumens, İ.Ştraus, C.Pyerpontan; rus bəstəkarlarının
əsərləri - P.İ.Çaykovski, S.Prokofyev, Q.Sviridov,
İ.Frolov və b. qeyd etmək olar.
Məhz belə bir proqram repertuarı və uğurlu konsertləri ilə diqqəti cəlb edən orkestrə ilk dəfə Rusiyada zəngin Azərbaycanın mədəniyyət günləri ilə bağlı tədbirlər həvalə olundu. 29 iyun - 2 iyul tarixlərində keçirilmiş konsertlər Moskvanın “Kolonnı Zal”ında və “Zvezdnıy qorodok”-da, sonra isə Tatarıstanın Kazan şəhərində “Zurzal” böyük konsert zalında, eləcə də digər yerlərində keçirildi. Gənclər orkestri ilə yanaşı, Azərbaycanın xalq artisti Yusif Qasımovun rəhbərliyi altında Bakı Xoreoqrafiya Məktəbinin rəqs qrupu və respublika müsabiqəsinin laureatı, xanəndə Elməddin İbrahimovun parlaq, orijinal ifaları tədbirlərə xüsusi bir rəngarənglik qatdı.
*
* *
Nəzrin Mahmudova
(fortepiano), Mustafa Aşurov (tar), Elməddin İbrahimov (xanəndə), Çinarə
Quliyeva, Zəminə Sadıqzadə, Həmid Cəfərov, Akif Kərimli (rəqs qrupu), beynəlxalq müsabiqələr laureatları
Ceyla və Anar Seyidovlar (skripka), Günel Sadıqova (fortepiano), respublika
müsabiqələr laureatı
Mədinə Şahgəldiyeva
(kamança), Nicat Məmmədov (fleyta), İsmayıl Yunusov (vokal) kimi istedadlı
musiqiçilərimizin yüksək
səviyyəli ifaları
və təqdim etdikləri zəngin, rəngarəng proqram repertuarı (Ü.Hacıbəyovun
“Koroğlu” operasına
uvertüra, V.A.Motsart
“Fiqaronun toyu” operasına uvertüra, Q.Qarayev “İnsan məskən salır” k/f-dən musiqi, İ.Brams “Macar rəqsi”, Ü.Hacıbəyov
“Arşın mal alan” musiqili komediyasından uvertüra(rəqs qrupu), V.Adıgözəlov
“Skerso”, “Qarabağ şikəstəsi” (üçlük),
“Mənim Azərbaycanım”
xoreoqrafik süita (rəqs qrupu), Q.Qarayev “Yeddi gözəl” baletindən
“Ayişənin rəqsi”,
“İldırımlı yollarla”
baletindən “Qızların
rəqsi”, J.Bize - F.Drdla “Karmen-fantaziya” iki skripka üçün,
V.Mustafazadə “Mart”, C.Cahangirov
“Rondo”, İ.Ştraus “Ovçu
polkası”, Niyazi “Rast” simfonik muğamından fraqmentlər,
N.A.Rimski-Korsakov “Çar
Soltan haqqında nağıl” operasından
“Arı uçuşu”,
Q.Qarayev “Yeddi gözəl” baletindən Vals, italyan mahnısı
“Camayka”, Azərbaycan xalq mahnısı “Qalalıyam” ( vokal), F.Əmirov “Azərbaycan kapriççiosu”) çox
böyük diqqət
və heyranlıq, isti və səmimi
hisslərlə qarşılandı.
Qeyd edək ki, Mədinə Şahgəldiyeva istisna olmaqla, digər bütün ifaçılarımız
qastrol səfərlərində
olmuş və simfonik orkestrin müşayiəti ilə
təqdirəlayiq konsertlər
vermişlər. Q.Qarayev adına
8 saylı Musiqi məktəbinin (direktor, respublikanın əməkdar
müəllimi Kamal Paşazadə) şagirdi Mədinənin (müəllim
- “Tərəqqi” medallı
Təranə Babayeva) ilk dəfə olaraq simfonik orkestrin müşayiəti
altında, üstəlik
də belə bir məsuliyyətli konsertlərdə virtuoz ifası, həm Moskva, həm də Kazan tamaşaçıları
heyrətə gətirdi.
Qeyd edək ki, Mədinə
bu konsertlərdən öncə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə may ayında
Moskvada keçirilən
Spivakov fondunun 15 illiyinə həsr edilmiş “Moskva vstreçayet druzey” VI beynəlxalq festivalında
da yüksək səviyyədə çıxış
etmişdir. Və
Spivakov özü balaca və zərif Mədinəni dəfələrlə səhnəyə
dəvət edərək
onun ifasını yüksək qiymətləndirmişdir.
Həm Moskvada, həm də Kazanda baş tutmuş konsertlərin hər ikisində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edərək geniş nitqlər söyləmiş, gənc ifaçılarımıza hərtərəfli dəstək olmuşdur. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti - Uşaq Filarmoniyasının rəhbəri Fərəh Şəkinskaya, Azərbaycan Dövlət Filarmoniyasının rəhbəri Murad Adıgözəlzadə və digər həmyerlilərimizin bu tədbirlərdə olmaları və dəstəkləri gənclərimizə xüsusi bir ruh yüksəkliyi verdi.
Sözsüz
ki, gənc musiqiçilərimizin parlaq,
virtuoz və rəngarəng ifaları və konsertlərin təqdirəlayiq səviyyədə
keçməsində orkestrin
bədii rəhbəri
və baş dirijoru, respublikanın xalq artisti Teymur
Göyçayevin əməyi
və zəhməti böyükdür. Teymur müəllimin maraqlı,zəngin səfər və konsert təəssüratlarını
qısaca olaraq qeyd etmək istərdik: - “Əlbəttə,
müəyyən bir risk var idi.
Biz bir qədər
həyəcanlanırdıq ki, uşaqlar necə ifalar və çıxışlar
edəcəklər. Lakin
konsert zamanı bəlli oldu ki, onlar səhnədə
çox sərbəst
idilər və gözəl ifalar təqdim etdilər. Mən əsas etibarilə gənc ifaçılarımızın çıxışlarından razıyam. Proqramda kifayət qədər mürəkkəb, çətin
əsərlər var idi. Məsələn: Niyazi “Rast” simfonik
muğamından fraqmentlər,
F.Əmirov “Azərbaycan
kapriççiosu”, Motsartın
“Fiqaronun toyu” operasından uvertüra, İ.Brams “Macar rəqsi” (sol min., N3).Lakin bizim istedadlı və gənc musiqiçiləırimiz bu
çətinliklərin öhdəsindən
çox uğurla gəldilər. Qeyd edim ki, “Kolonnı
zal»da keçirilmiş
konsertimizdə əsas
tamaşaçı kütləsini
Moskvanın yaşlı
ziyalıları təşkil
edirdi. Konsertin sonunda onların müsbət mənada təəccüb və heyranlığı bizim üçün qürurverici
bir hiss idi. Kazanda keçirilmiş
konsertimizə gəldikdə
isə, çox yüksək səviyyədə
keçdi. Biz onların qonaqpərvərliyindən
və bizi gözəl, yüksək
səviyyədə qarşılamalarından,
onlar da bizim konsertimizdən, gənc musiqiçilərimizin
təqdirəlayiq ifalarından
razı qaldılar. Kazan əhalisi və dövlət nümayəndələri bizi
həddindən artıq
çox isti və səmimi qarşıladılar. Maraqlı
bir faktı da qeyd edim
ki, Kazan konservatoriyasının rektoru
ilə söhbət zamanı o bizə
belə fikir söylədi: - Bizim tamaşaçılar əvvəlcə
eşidəndə ki,
Azərbaycan Mədəniyyəti
Günləri çərçivəsindəki
konsertə incəsənət
ustaları yox, gənclər gələcəklər,
çox təəccübləndilər.
Lakin sonda yüksək və gözəl ifaları dinlədikdən sonra söylədilər ki, nazir Ə.Qarayevin ideyası çox düzgün və dəqiq düşünülüb.
Və onlar nəticədə Azərbaycan
mədəniyyətinin gələcəyini
gördülər. Bundan
əlavə, sonda onu da vurğulamaq
istərdim ki, xüsusilə Azərbaycan
nümayəndə heyəninin
iştirakı məni
müsbət dərəcədə
çox təsirləndirdi”.
Biz də öz növbəmizdə mədəniyyətimiz və musiqimizin istedadlı təmsilçilərinə uğurlar, onlara daim maddi və mənəvi dəstək olmuş dövlət nümayəndələrinə isə dərin təşəkkürümüzü bildiririk. Ümidvarıq ki, Azərbaycan mədəniyyəti və incəsənəti hər zaman olduğu kimi daim zirvələrdə qalaraq uğurları ilə bizi heyrətləndirəcək
Leyla Əliyeva,
sənətşünas
Mədəniyyət.- 2009.- 29 iyul.- S. 10.