Ömrün uşaqlıq sahilləri
Əməkdar incəsənət xadimi Rəşid
Şəfəqin adı geniş musiqi ictimaiyyətinə Qara
Qarayevin bəstəkarlıq məktəbini keçmiş
ustad bəstəkar, pedaqoq və musiqişünas kimi
çoxdan tanışdır. Onun uşaqlar üçün
yazdığı xor əsərləri və miniatürləri
bir çox musiqi məktəblərinin xor kollektivləri
üçün maraqlı repertuara çevrilmişdir.
O, Azərbaycan bəstəkarlarının
1920-70-ci illərdə yazdıqları uşaq
mahnılarının bir qismini xor üçün işləyərək,
”Beynəlxalq uşaq ili” elan olunmuş 1979-cu ildə ”Göyərçinik
biz” mahnılar toplusu kimi nəşr etdirmişdir. 1986-cı ildə
isə Rəşid Şəfəq uşaqlar və yeniyetmələr
üçün “Məktəblinin musiqi aləmi” adlı
ensiklopedik xarakterli fundamental bir kitabı “İşıq” nəşriyyatı
tərəfindən çap etdirmişdir.Həmin kitabın
ilk səhifəsində ölməz bəstəkarımız
Qara Qarayevin uşaqlara müraciəti faksimile (əlyazma) şəklində dərc
olunmuşdur.Ön sözü isə həmişəyaşar
bəstəkarımız Fikrət Əmirov yazmış,bu
kitabı ərsəyə gətirmiş uşaqların
sevimli bəstəkarı Rəşid Şəfəqin əməyinə
yüksək qiymət vermişdir. Daha 2 il sonra - 1988-ci ildə
xor almanaxı şəklində ”Pioner və məktəbli
mahnıları” adı ilə yeni çap vəsaiti həyata
vəsiqə alıb. Həmin xor məcmuəsinə
Moskvadan zəmanəmizin görkəmli bəstəkarı və
pedaqoqu D.B.Kabalevski rəy və ön söz yazaraq, qeyd
etmişdir ki, bu mahnılar toplusu antologiya səviyyəsində
Rəşid Şəfəq tərəfindən
hazırlanmış və tərtib edilmişdir. (Bu
yaxınlarda isə uşaqlar üçün “Min bir
mahnı” məcmuəsini üç cilddə tərtib edərək
onlara Azərbaycan bəstəkarlarının əsərlərindən
ibarət yeni bir müjdə təqdim etmişdir).
Uşaqlıq illərindən
danışarkən Rəşid Şəfəq
xatırlayır: ”Xalamın ömür-gün yoldaşı
Cavad bəy Cuvarlinski Qori seminariyasını Üzeyirbəylə
birgə oxumuşdular. Mənim 5 yaşım olanda o, məni Üzeyirbəyin
yanına aparmışdı. Üzeyirbəy mənim eşitmə
və musiqi qabiliyyətimi yoxlayıb
razılığını bildirdi və mənim musiqiçi
olmağımı tövsiyə etdi. Bu
görüş mənim həyatımda müstəsna rol
oynadı və özümə inamımı artırdı. Mən
uşaqlıq illərindən başlayaraq bəstəkar Midhəd
Əhmədovun sinfində ilk bəstəkarlıq vərdişlərinə
yiyələnməyə, eyni zamanda violonçel sinfində təhsil
almağa başladım”.
1967-74-cü illərdə
Rəşid Şəfəq Bakının 190 saylı məktəbində
Məktəbli Filarmoniyası yaratmışdır. Çox keçmir ki, o
Filarmoniyanın nəzdində Uşaq opera studiyasını da
təşkil edir. Abdulla Şaiqin məşhur “Tülkü həccə
gedir” adlı komik-alleqorik opera-nağılını Rəşid
Şəfəq məhz o vaxt yaradır. Balaca aktyorların
ifasında bu əsər böyük uğur qazanır.
70-ci illərdə sovet
dövründə çoxsaylı mədəni-kütləvi
tədbirlərin təşkil olunmasında fəallıq
göstərən bəstəkar, uşaqların bədii-estetik
tərbiyəsinin vacibliyini dərk edərək bu sahədə
flaqman rolunu yerinə yetirirdi. O vaxtlar, ənənə şəklini almış
mahnı bayramları keçirilirdi. Birləşmiş xorun
repertuarını hazırlayan və xor üçün
işləyəni, məhz Rəşid Şəfəq idi.
Respublika stadionunda Bakı məktəbləri də daxil
olmaqla bütün bölgələrdən gəlmiş10 mindən
çox uşağı özündə cəmləşdirən
ikisəsli xorun təşkil olunmasında Rəşid Şəfəqin
misilsiz xidmətləri olmuşdu. Birləşmiş xora
maestro Niyazi, Ə.Bədəlbəyli və b. dirijorluq edirdi.
Nəfəs alətləri orkestri və ona dəstək verən
Xəzər Dəniz Donanmasının, eləcə də digər
hərbi xarakterli müəssisələrin musiqiçiləri
xoru müşayiət edirdi. Belə tədbirlərə
Moskvadan məşhur bəstəkarlar - Kabalevski, Xrennikov da gəlirdilər...
Yaxın
keçmişə nəzər salaq. 1985-ci ilin yayında
Moskvada «Muzıkalnaya jizn» adlı ayda iki dəfə dərc
olunan maraqlı bir dərgi vardı.Adi bir təsadüf nəticəsində
redaksiyanın yanından keçən bəstəkar, baş
redaktorun müavini İrina Yuryevna Andropova (Y.V.Andropovun
qızı) ilə tanış olur.Bəstəkara jurnalda dərc olunmaq
üçün musiqi materialı vermək təklif olunduqda,
Rəşid bəy Üzeyir Hacıbəylinin 100 illik yubileyi
münasibəti ilə onun “Ey Vətən”
mahnısını qadın xoru üçün işləyərək,
V. Dubrovin adlı şairlə birgə mətni rus dilinə tərcümə
edərək, jurnalın not əlavəsi səhifəsində
dərc etdirir. Beləliklə, Moskvanın “Sovetskaya muzıka”
və “Muzıkalnaya jizn” jurnalında dahi Üzeyirbəyin
100-illik yubileyinə həsr olunmuş “Ey Vətən” xor əsəri
çap edildi.
1988-ci ildə
S.Marşakın poemaları əsasında yazdığı
“Səfeh siçan balası” və “Ağıllı
siçan balası” nağıllarını musiqi dilinə
çevirərək Rəşid Şəfəq uşaqlar
üçün maraqlı uşaq operaları
yaratmışdır. Əsərlər
Moskvada «Muzıka» nəşriyyatında nəşr
olunmuşdur. Ümumiyyətlə, Rəşid Şəfəqin
Moskvanın “Sovetskiy kompozitor” və «Muzıka” nəşriyyatları
tərəfindən bir çox əsərləri çap
edilmişdir. Onların içərisində “Ana yurdumuz”
mahnılar almanaxını xüsusilə qeyd etməliyik. Həmin
topluya bəstəkarın ən gözəl və ecazkar xor və
solistlər üçün nəğmələri, ”Cəngavərlər”
vokal-xor silsiləsindən “a capella” xoru üçün
yazılmış miniatürləri və s. diqqəti cəlb
edir. O, əsərlərin əksəriyyətini
Moskvanın Sveşnikov adına oğlanlar xoru, Mərkəzi
Teleradionun uşaq xoru, Leninqrad (indiki Sankt - Peterburq) Televiziya və
radiosunun uşaq xoru, Tallinn şəhərinin “Bahar” xor
studiyası. Tomsk şəhərinin birləşmiş xoru,
Sumqayıtın yeganə uşaq xor studiyası, Özbəkistan,
Türkmənistan, Gürcüstan,
Tatarıstan, həmçinin Türkiyənin,
Çexoslovakiyanin “Mladost” xor studiyası, Bolqarıstanın
“Bodra smyana” xor studiyası, Almaniyanın “Gevandhaus” xoru və
s. kollektivlərin repertuarında özünə layiqli yer
tutub. Ümumittifaq “Melodiya” firmasının
buraxdığı vallardan uşaqlar üçün
yazılmış fortepiano əsərləri sırasında
sənətkarın S.Prokofyevə həsr etdiyi “Sonatina”
da vardır. S.Prokofyevin stilistikasına uyğun bəstələnmiş
əsər xüsusi maraq kəsb edir. Belə tərzdə
yazılmış, sonatinalar, həsr etdiyi müəlliflərin
yaradıcılıq manerasına
uyğunlaşdırılaraq, bəstəkarlardan Q,Qarayev, F.Əmirov,
D.Şostakoviç, Bartok və s. həsr olunmuşdur.
Rəşid Şəfəq
yaradıcılığının maraqlı bir səhifəsi
də Hüseyn Cavid irsi ilə bağlıdır. Cavidin qızı mərhum Turan
xanım və Firudin Mehdiyevin librettosuna bəstəkar, ədibin
“Ana” adlı poeması əsasında 3 pərdəli opera
yazmışdır. H.Cavidin 130 illiyi münasibətilə bu
operanın səhnəmizdə gedəcəyinə
ümidvarıq.
Rəşid Şəfəq
13 yaşından mətbuat səhifələrində
maraqlı və cəlbedici yazılarla çıxış
edib. Onun bir çox bəstəkarlar,
artistlər, yaradıcı kollektivlər və
ifaçılar haqqında məqalə, musiqi təqvimləri,
resenziyaları dövri mətbuatda dərc edilib. O, musiqi tədqiqatçısı
kimi də yorulmadan çalışır. Belə
ki, Azərbaycanın döyüşçü bəstəkarlarından
M.İsrafilzadə, S.Srebnitski, Ə.Cavid haqqında maraqlı
tədqiqat isləri göz qabağındadır. 1979-cu ildən
bu günədək onun əsas yaradıcılıq və
axtarış fəaliyyəti dahi Hüseyn Cavidin yeganə
oğlu, Üzeyirbəyin tələbəsi Ərtoğrul
Cavidlə bağlıdır desək, yanılmarıq. Rəşid
Şəfəq 1981-ci ildə Ərtoğrulun fortepiano
üçün 9 variasiyasını, uşaqlar
üçün “Musiqi albomu”nu redaktə edərək nəşr
etdirmişdir. Bu yaxınlarda isə onun natamam əlyazma şəklində
qalmış, nəfəs alətləri üçün
yazdığı “Vətənpərvərlik
marşı”nı simfonik orkestr üçün işləmişdir.
Rəşid Şəfəqin
mahnıları “Qaya” vokal kvarteti, ”Sevil” vokal-instrumental
ansamblı və digər peşəkar musiqi
ifaçıları tərəfindən radio, televiziya
dalğalarında səsləndirilir. Uşaq xor kollektivlərinin,
o cümlədən, Aztv-nin “Bənövşə” usaq xorunun,
“Qız qalası” uşaq xor kapellası, ”Mələklər”,
”Bəri bax” və s. vokal ansambllarının ifasında bir
çox mahnıları uğurla səslənməkdədir.
Azərbaycan Radio və
Televiziyası simfonik orkestrində
çalışması,onun daim yaradıcı kollektivlə təmasda
olması,ona yaradıcılığında ilham verən əsas
amillərdən biridir.
Prezident İlham Əliyevin
sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan
olunduğu, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
uşaqlara qayğısının ön plana çəkildiyi
bir vaxtda bəstəkardan sevindirici xəbər aldıq. O uşaqlar
üçün yeni müjdə hazırlamışdı.
Musiqili Komediya Teatrı öz qapılarını uşaq
auditoriyasından ibarət geniş tamaşaçı
kütləsinə açdı. ”Yağmurcuğun macəraları”
adlı 2 hissəli müzikl janrında yazılmış bu
tamaşa anşlaqlarla keçir. Qısa vaxt ərzində bu müzikl dəfələrlə
göstərilib və teatrın repertuarında möhkəmlənərək,
vaxtaşırı məktəbliləri öz
görüşünə dəvət edir.
Tamaşanın ərsəyə
gəlməsində, ilk növbədə musiqi rəhbəri,
teatrın baş dirijoru Nazim Hacıəlibəyovun,
quruluşçu rejissor B.Qrafomankin, rəssam Validə İmaməliyeva,
baletmeysterlər Yelena və Zakir Ağayevlər, xormeyster Vaqif
Məstanov, konsertmeyster Emin Həsənov, baş rejissor Yusif Əkbərov,
rejissor assisenti Elməddin Dadaşov və teatrın aktyor heyətinin
əməyini xüsusi qeyd etmək lazımdır.
Rəşid Şəfəq
yaradıcılığının digər bir hissəsini də
onun musiqişünaslıq sahəsinə aid olan,
çoxsaylı qəzet, jurnal elmi, publisistik, tənqidi məqalələri
təşkil edir. O,
musiqi aləmində baş verən hər bir mütərəqqi
yeniliyi sevinclə qəbul edir,diletantlığa,məna
boşluğu olan, səviyyəsiz musiqiyə qarşı həmişə
öz etirazını bildirir. Dünyaşöhrətli bəstəkarımız
Qara Qarayevdən dərs almış Rəşid Şəfəqin
yaradıcılıq planları çoxdur. Ümid edirik ki, o,
uşaqları da, böyükləri də yeni-yeni musiqi əsərləri
ilə sevindirəcəkdir. Gəlin, bu işdə ona sənət
uğurları diləyək!
Şahin Qarayev,
Musiqişünas
Mədəniyyət.- 2009.- 29 iyul.- S. 6.