Günahkar
Göydən elə bil yerə od ələnirdi. Həmişə
yamyaşıl olan ağaclar bir leysan yağışa həsrət
idi, tozdan rəngi bilinmirdi. Belə havada kənd yolunda avtobus
gözləmək bezdirici olsa da, başqa
çıxış yolu yox idi. Günorta mütləq evə
qayıtmalıydı.
Anasınin pay-pülüş
yığdığı çanta çox ağır
olduğundan gücü çatmayacağını
görüb içindəkilərdən bir az boşaltmaq istədi.
Anası razılaşmadı:
-Dayanacağa qədər mən kömək edərəm.
Bəlkə maşından-zaddan da rast düşdü, bir də
avtobusu gözləməzsən.
-Ay ana, xəstə ürəklə… nə vacibdi. Bazar evimizin yanındadı.
-Onlara verdiyin pula uşaqlara
başqa şey alarsan.
Adamın nəfəsini
kəsən istidə ağır çanta aparmağa həvəsi
olmasa da, xəstə atasının amiranə
baxışlarını görüb susdu.
Kənd camaatının
toplaşdığı avtobus dayanacağında indi gözə
heç kim dəymirdı. Bir
azdan qonşu kənddən gələn yolda bir maşın
göründü. Yanlarından
ötüb aralıda dayandı. Maşından
düşən oğlanla orta məktəbdə bir sinifdə
oxumuşdular. Salamlaşıb hal-əhval
tutanacan maşın yerindən tərpəndi. Anası nə
fikirləşdisə:
-Ay bala, maşın kimindi?
-Tanışdı, xala,
saxladım?
- Tanışdısa, hə.
Oğlan bir anlıq duruxub
qaldıqdan sonra fit çaldı. Uzaqlaşmağa
başlayan “06” geri qayıtdı.
-Qardaş, bu gəlini də apar, tanış adamdı, yolda qalmasın.
-Çox sağ
ol. Allah səni saxlasın.
Üzünü qızına tutub:
- Bayaqdan məni dərd
götürmüşdü ki, bu ağırlıqda
çantayla avtovağzaldan evə necə gedəcəksən.
Yaxşı oldu, elə taksi pulunu verərsən,
qapınıza qədər sürər.
Özü getsə
də, ürəyi valideynlərinin yanında qaldı. Anası ilə sağollaşdı.
Sürücüyə salam verib cantanı
oturacaqda yerləşdirməyə çalışdı.
-Yaman ağırdı, deyəsən?
Nə yığmısan içinə? Doludu. Yoxsa yük yerinə
qoyardıq, rahat oturardın.
-Eybi yox, belə də
yaxşıdı.
Bir tərəfdən
atasının xəstələnməyi, bir tərəfdən
dolanışıq çətinliyi fikirlərini
dolaşdırmışdı. Tamam diqqətsiz
olmuşdu. Hər dəfə kəndə əliboş
gedib, əlidolu qayıtmaq ona yaman ağır gəlirdi.
Əslində indi valideynlərinin köməyə
daha çox ehtiyacı vardı. Kasıbçılığın
üzü qara olsun, adamı hər yerdə çarəsiz
qoyur.
- O arvad kimiydi, aaz?-
kobudluqla səslənən sualdan diksindi. - Anandı?
- Hə.
Ləhcəsindən
sürücünün yerli olmadığını bilib təəssüfləndi.
Yoldaşına demişdi ki, kənd avtobusu ilə
qayıdacaq. Yəqin
tanımadığı adamın maşınında gəldiyini
biləndə əməlli-başlı hirslənəcəkdi.
Əvvəllər bu yerlərin camaatı
bir-birinə bacı-qardaş kimi idi. Kimin
maşınıyla olsa istədiyi vaxt arxayınca kəndə
gedib-gələ bilirdi. Qarabağın
işğalından, qaçqınlar bu yerlərdə məskunlaşandan
sonra vəziyyət tamam dəyişmişdi. Bəziləri dünya boyda dərdləri olsa da,
insanlığını qoruyub saxlamış, yerli camaatla
qaynayıb - qarışmışdılar. Bəziləri
isə mənəviyyatlarını da erməni tapdagında
qoyub gəlmişdi elə bil…
“Bilsəydim gəlmələrdəndir
heç maşınına minməzdim”. Özü də
hiss etmədən ürəyindən keçənləri bərkdən
dedi.
-Qaçqın olanda noolar. Bəyəm
biz adamyeyən-zadıq?.. Hələ bəlkə
dost da olduq.
Arxaya çevrilib mənalı-mənalı
irişdi.
Sürücünün
gözü güzgüdən ona zillənmişdi. Hissiyyatı ona deyirdi ki, təəssüflənməkdə
haqlıdır. Həyəcandan
yanaqları allandı. Bu, özündə
ən acığı gələn xüsusiyyət idi. O
dəqiqə qızarırdı. Müsahibi
sıxıldığını hiss edib bir az
da ayaqlandı:
- Hə, nə deyirsən,
tanış olaq?.. Nəsibdi
adım. Eşitməmiş olmazsan. Rayona gedən yoldakı yeməkxananı işlədirəm.
Bu özündən
razı təqdimat gəlini əsəbiləşdirdi.
Ürəyində “nə mədəniyyətsiz adamdı bu. Səndən
soruşan var ayın neçəsidi?” dedi. Danışmağa,
həm də tanımadığı biri ilə həmsöhbət
olmağa heç həvəsi yox idi. Düşüncələriylə
qala bilsəydi, daha yaxşı olardı. Kimliyini
tamlığı ilə aydınlaşdıra bilməsə də,
qarşısındakının “ad çıxarmış”
biri olduğunu başa düşmək çətin deyildi.
Həm havanın, həm də keçirdiyi həyəcanın
istiliyi nəfəsini kəsirdi. Ömründə
heç vaxt belə axmaq vəziyyətə düşməmişdi.
Amma deyəsən, yaman yerdə
axşamlamışdı.
-Yaman istidi hə. Heç adam da belə havada çölə
çıxar. İndininki dağın sərin
havasıdı. Kababdan yeyəsən, sərin sudan da içib istirahət edəsən. Düz demirəm?
Nə cavab verəcəyini
bilmədi. Ona görə də susdu.
-Yoldaşını yaxşı
tanıyıram, sarışın hündürboy oğlan
deyil? Deyəsən, axı o da biz tərəflərdəndi?
Hə, necədi razısan qarabağlılardan?
- Hər yerin yaxşısı da
var, pisi də. Xoşbəxtlikdən mənim
qismətimə yaxşısı çıxıb. İnsanlığı ki, var, bəsimdi.
Oturacağın üstündəki
çantaya işarəylə:
- Amma səni yaxşı
dolandırmır, deyəsən. Qohumlarının
köməyi olmadan keçinə bilmirsiz, yəqin?
Söz gəlinin
heysiyyətinə toxundu. Qarşısındakının
dediyində həqiqət olsa da, bunu başqalarının bilməsini
heç istəməzdi:
-Yox, niyə ki, ana ürəyidi,
yediyindən bizə də yedirtməsə, sakit olmaz. Bir də ki, indi hamının özünə
görə çətinliyi var.
-İşliyirsən?
Bu sorğu - sualdan asanlıqla can
qurtara bilməyəcəyini görüb candərdi cavab verdi:
-Hə.
-Lap işləsən də, nə
qədər maaş alacaqsan ki, yenə bir
qazanclı iş olsaydı.
- Öz xərclərimə
çatır. Öz-özünə “bu rayonda iş
tapmağın özü samanlıqda iynə axtarmaq kimi bir
şeydi. Bir də ki, əziyyətlə ali
təhsil almışam, maaşı azdı deyə evdə
oturum? Lap tutaq ki, evdə oturdum. Neyləyəcəm?”, - deyə düşündü.
Sürücü
güzgüdə gəlindən gözünü çəkmirdi.
Mənalı- mənalı:
-Amma yaxşı qazanclı işlər
də var… Gərək zəmanənin nəbzini
tuta biləsən.
Yol elə bil sicim
kimi uzanırdı. Ürəyinə
yüz cürə fikir gəlirdi. Birdən
ağzıgöyçək biri onu bu maşında görsəydi...Onsuz
da işsiz-gücsüz adamlar ağına - bozuna baxmadan
ağızlarına gələni danışmağa adət
eləmişdilər. Düşündüklərindən
yanaqları bir az da qızarıb -
pörtdü. ”Allah məni öldürsün, nə
ağıl elədim mindim bu maşına. Gərək avtobusu gözləyəydim”. Sürücü elə bil onun düşüncələrini
oxuyurdu. Başını geriyə döndərib:
-Bir az bu tərəfə
otur. Birdən maşınımda kimsə
tanıyar. Söz-söhbət
çıxmağını istəməzsən, hər halda.
Özüm üçün yox a, sənə
görə deyirəm.
İxtiyarsız
oturacağın ortasına tərəf sürüşdü.
Bu vaxt başını geriyə döndərmiş
sürücünün nəfəsini üzündə hiss
etdi. Gözlərindəki hiyləgər,
şikarını tora saldığına arxayın ifadə
diqqətindən yayınmadı.
-Qorxma. Mərkəzdə adam çox olur. Kənar
küçədən sürərəm, görən olmaz.
-Qorxmalı bir şey yoxdu, - desə
də, ürəyi səksəkədəydi. Bu
yaşacan kimdənsə və nədənsə çəkindiyi
olmamışdı. İndisə
özünü tanıya bilmirdi. Yəqin
qarşısındakı çox peşəkar olduğundan zəif
damarını tuta bilmişdi.
-Niyə danışmırsan.. Dost olursan mənimlə?
”Dost” sözünün sətiraltı
mənasını yaxşı bilsə də,
özünü avamlığa qoydu:
-Nə dost? Adam hər
rastlaşdığıyla dost olur? Özü də
indiki zamanda.
- Burda pis nə var ki? Zamana nə olub ki. Əslində
zaman elə bizim zamanımızdı. Azad... Sərbəst...
Adını da demədin heç. Demirsən demə. Necə olsa
öyrənəcəm.
Tez-tez üzünü yana
çevirib gəlinin üzünə baxırdı
. Nəfəsi gəlinin
alışıb-yanan sifətini qarsıdırdı elə
bil. Hər dəfə də həyasından
haldan - hala düşürdü. Az
qalırdı desin ki, yoluna baxsana. Amma bunu deməyə
üzü gəlmirdi. Ürəyində
özünə söylənirdi ki, “Arığın nə
işi var qoruqda, vurub ayağını da sındıralar”.
- Neçə yaşın var? Arada rastlaşıram. Uşaqların
hələ balacadır. Yəqin 25-zad olar.
İstehzayla
gülümsündü.
-Nə danışırsız, 25
nədi, 40 yaşım var mənim.
- Ola bilməz. Heç
elə görünmürsən.
“Nə işə düşdüm? Bircə evə
tez çatsaydım...”
- Yəqin gec ərə getmisən.
Nə əcəb? Gözəl -
göyçək gəlinsən .
Özü də nə siz, biz salmısan ,
yarım saatdı yol gəlirik. Dostlaşmadıq
daha?
Amiranə, mədəniyyətsizcəsinə
verilmiş suallarda qələbəsinə tam arxayınlıq
duyulurdu. Həyəsızlıq yağan
sifətini bir də geriyə çevirib düz gözlərinin
içinə baxdı. Gəlin özünü
topladı: ”Bunu yerində oturtmaq
lazımdı. Yəqin elə bilib ki,
yaşım azdı, təcrübəsizəm. Qadının da başına nə faciə gəlsə
utancaqlığından gəlir”. Yadına
adını və müəllifini xatırlamadığı
kitabdan nə vaxtsa oxuduğu bir cümlə düşdü.
“Bəzən ən çıxılmaz vəziyyətdə
kobudluq, qəddarlıq və həyasızlıq
qadının özünümüdafiə silahı olur”.
- Nə dostlaşmaq? Sizin kimisiylə...
Yenə ailəniz yanınızda olsaydı, başqa məsələ..
Nə qədər qətiyyətli
olsa da, kobudluq eləməkdən çəkindi. Beləsindən nə desən gözləmək
olardı. Onsuz da axır vaxtlar cibinin
qalınlığına arxayın olanlar ağıllarına
gələni eləməkdən çəkinmirlər.
-Maşınınızın
nömrəsi neçədi?
-Niyə soruşursan ki?
-Heç, yoldaşıma kimin
maşınında gəldiyimi deməliyəm axı.
Səsindəki qətiyyətdən
razı qaldı. Sıxıntısı
keçib getmişdi. Həm də evlərinə
çatmağa az qaldığından bir
az ürəklənmişdi.
-Nə vacibdi kimlə, nəylə
gəldiyini ərin də bilsin.
- Küçənin
axırında saxlıyın, zəhmət olmasa.
Çatdığına
sevinirdi. Ona elə gəlirdi ki,
maşından düşən kimi böyük bir bəladan
qurtaracaq.
- Sən məni
tanımadığına baxma, evinizə qədər apararam,
ünvanı bilirəm. Neçə ildi bu
rayonda yaşayıram. Daha biz də elə
buralı kimiyik. Bir də mənə bax, hara tələsirsən,
gedək kababdan - zaddan yeyək... Dostluğumuzu
qeyd edək.
- Daha lap ağ
elədiz ha.
Gəlinin üzü
yaman bozarmışdı. Bu, deyəsən, müsahibinə
xoş gəlmədi:
- Bayaqdan başqa cür idin
.Utanırdın. Üzün nə yaman
döndü birdən. Nə oldu ki?
Əl çantasından iki manat
pul çıxarıb qabaq oturacağa atdı:
-Saxlıyın maşını.
Pulu görən
sürücünü elə bil ilan vurdu:
-Sən mənə pul verirsən?
Mənə..? Sənin bütün nəslini
satın alaram pulumla.
Manatları
qamarladı. Hirslə əlində əzib
gəlinin üstünə atdı. Çathaçatda
sürəti bir az da artırıb
küçəni ötdü.
-Saxla demirəm sənə. Həyasızlığın həddinə bax.
Qızınla, bacınla belə rəftar eləsələr,
xoşuna gələr? Səviyyəsizin
biri. Başın bədəninə yaman
ağırlıq edir, deyəsən.
Hirsindən
bütün bədəni əsirdi.
-Qorxdun... hə qorxdun? Rişxəndlə irişdi.
Əyləcin
səsi kəsilməmiş maşının
qapısını açıb özünü yerə
atdı. Çantanı hirslə dartıb maşından
çıxardı. Sürücü sülh yaratmağa
çalışdı:
-Mən elə bildim dil taparıq səninlə. Sən
yenə bir yaxşı fikirləş.
-Belə bacarıqlıydınsa, torpağını
qoyub gəlməyəydin də. Buralarda meydan sulamağa hələ
üzün də var? Sahib olduğun pullarını erməniyə
qoyub gəldiyin torpağını geri qaytarmaq
üçün xərclə. Özünü yerli sayana bax.
Əvvəlcə adətlərimizə hörmət eləməyi
öyrən. Daha səni adam bilib maşınına minən
qız-gəlinə tamah salma, qeyrətsiz.
Gəlinin son sözləri güllə
kimi dəydi. Qapısını örtməyə
macal tapmamış maşın uğultuyla yerindən
sıçradı. Toz
-duman içində görünməz oldu.
Baş verənlərdən
özünü itirmişdi. Amma birnəfəsə də olsa
ürəyindəkiləri deyib, bir az sakitləşmişdi.
Xoşbəxtlikdən küçədə heç kim
gözə dəymirdi. Əvvəlcə istədi
yoldaşına heç nə deməsin. Sonra fikrindən
daşındı. İndiyədək ondan heç nə gizlətməmişdi.
Həm də belə həyasız adamdan hər
şey gözləmək olardı. Birdən yanında
ağlına gələni danışar, o da pis vəziyyətdə
qalardı.Yenə xəbəri olsa vaxtında
ağzını yumardı. Bir tərəfdən də
qorxurdu ki, üstünə davaya gedər, heç nədən
işə düşər. Bir qərara gələnəcən
yoldaşı gəlib çıxdı.
- Nə yaxşı evdəsən? Bəs demədin ki,
avtobusla gələcəksən? Mən də işdən tez
çıxdım ki, səni qarşılayım.
-Maşın rast düşdü.
-Kimin maşını idi?
-Nə bilim? Deyəsən, sənin yerlilərindən
idi.
Özünü itirmişdi. Həyəcandan əlləri
əsirdi.
-Necə yəni, nə bilim? Diqqətlə gəlinin
üzünə baxdı. - Nəsə olub?
Bir qərara gələ bilmirdi. Özünü
günahkar bilməsə də, ərinin davamlı
baxışları altında az qala ölüb yerə girmək
istədi.
-Bilirsən, axmaq bir hadisə gəlib başıma.. Amma
sən Allah, hirslənmə.. Axıra qədər qulaq as.
..Təbiətcə
təmkinli, mədəni adam olsa da, eşitdikləri onu ilan
vurana döndərdi.
-Niyə avtobusla gəlmirdin axı? Niyə
tanımadığın maşına minirdin?
Qapıdan çıxmaq istəyəndə əlindən
tutdu:
-Qurban olum...baş qoşma. Qoy cəhənnəm olsun.
Onsuz da mən özüm dişimin dibindən
çıxanı demişəm.
Getməkdən
daşınsa da hirslə divanda oturmuş gəlinin
qarşısında o tərəf, bu tərəfə
vurnuxmağa başladı. Elə bil otağın
uzunluğunu ölçürdü. Birdən
qarşısında dayandı. Başını
qaldırıb baxanda qəfildən üzünə dəyən
sillənin səsinə diksindi.
İndiyədək əri ona nəinki əlini,
heç səsini də qaldırmamışdı. Zərbənin
təsirindən başındakı guppultu azalsa da,
yanağı göynədi. Əli yaman ağır imiş..
Bundan incimədi, əksinə, elə bil çiyinlərindəki
ağır yükdən xilas oldu.
Nigarançılığı, həyəcanı azalsa da,
göz yaşlarını saxlaya bilmədi.
Günahı nədəydi? Acizliyində, qadın
olmağında, yoxsa əxlaqi dəyərlərin, mənəviyyatın
aşındığı bir cəmiyyətdə
yaşadığında?
Qəsidə
Hüseynova
Oğuz, 2009
Mədəniyyət. - 2009.- 3 iyun.- S. 13.