Müqəddəslərin həyat modeli

 

   Dədə (Şirməmməd) Nəzərlinin «Yusifin qəmi» pyesinə konseptual baxış

  

   İstedadlı publisist, yazıçı-dramaturq Dədə (Şirməmməd) Nəzərlinin «Yusifin qəmi» pyesi (Moskvada rus və Azərbaycan dillərində çap edilmişdir) ölkəmizdə dini mövzuda yazılmış dramaturji materiallar arasında ideya və fəlsəfi baxımdan seçilən bir əsərdir. Əsərin əsas mənbəyi tarix və müqəddəs kitabımız Qurani-Kərim olduğundan müəllif tarixi faktlara sadiq qalaraq məxəzlərdən istifadə etmişdir.

   Dədə Nəzərli din tarixinin maraqlı şəxsiyyətlərindən olan Yusif peyğəmbərin əhvalatından pyesində istifadə etmiş, onu daxilizahiri gözəlliyin təcəssümü kimi vizuallaşdırmışdır. Pyesdə təkallahlığın prinsipial əhəmiyyəti, insan ağlının gücü, Allaha tapınmağın fəziləti, məhəbbətin saflığı vəsf olunur. Qulluqçulardan İrlanın monoloqunda olanDoğrusu, adam məəttəl qalır, bilmir ki, Yusifin gözəlliyi çoxdur, ağlı üstündür, yoxsa həyası-izzəti artıqdır” - cümləsi bir daha anladır ki, Allah sevdiyi bəndəsinə hər cür gözəl məziyyəti verməyə qadirdir.

   Obrazların psixoloji durumu, təsvir olunan xarakterin bütövlüyü elə ilk dialoqda böyük təəssürat oyadır. Bunu da müəllifin əsas uğurlarından hesab etmək olar. Elə dramturji materialın gücünatamam obraz və kəsərli epizodların olmasındadır.

   Əsərin «Yusifin qəmi» adlandırılmasının səbəbini baş verən hadisələrin, namərd qardaşların, ümumilikdə insanlığın ağır yükünün fonunda anlayırıq. İnsanların tək Allaha yox, qeyri varlıqlara etiqadı Yusifi qəmli etsə də, həyatını böyük inamla yaşayır, çünki imanı böyükdür.

   Yusifin qardaşının kisəsindən cam çıxarkən və o, oğurluqda günahlandırılarkən qardaşlarından birinin «Binyaminin o biri qardaşı da (burada Yusif nəzərdə tutulur - R.R.) oğurluq etmişdi» deməsi onun qəlbində dərin ağrı yaradır və o, çox böyük təəssüflə monoloq söyləyir. Bu monoloqda İbrahim peyğəmbərdən Yusif peyğəmbərə qədər olan bütün tarixi gedişat öz əksini tapır. Qəhrəmanın, insanlığın keçib gəldiyi tarixə nəzər saldığı bu monoloqda təkallahlıq dininin tələb etdiyi qayda-qanunlar mətnaltı bir formada açıqlanır.

   Ümumiyyətlə, pyesdə təqdim olunan monoloji, dialoji, polioloji proseslər ağıl və məntiqin nəticəsi kimi sadə mətndən vizuallığa doğru yön alır. Dramaturq həyati modelin səhnə təsvirində dramaturji material sayəsində teatr vizuallığına nail olur.

   Yusifin fikrinə diqqət yetirək: «İnsan hər işdə Allaha ümid bəsləməlidir. Amma günahlarının bağışlanacağına görə Tanrıya arxayın olmamalıdır». Bəli, Qurani-Kərimdə belə bir açıqlama var ki, insan etdiyi günahının müqabilində üzr istədikdə əks tərəfdən bağışlanırsa, bu o demək deyil ki, Allah da həmin günahkarı bağışlayır.

   Dramaturq bütün fikir məntiq çözümündə ilahi hikmətə sığınır.

   Qadın şəhvətini böyük ustalıqla təcəssüm etdirən müəllif bizi bu hisslərin təbiiliyinə hadisələrin reallığına inandırmağa çalışır. Züleyxanın monoloqu bu qadının şəhvani düşkünlüklə sönməz bir alov burulğanında çabaladığını bir daha sübuta yetirir. Züleyxa: (Şərbət süzür). Yusifin təridir oxayy! Müşk-ənbər qoxusu gəlir (içir, sonra ovucuna töküb boyun-boğazına sürtür taxta uzanıb balışı qucaqlayır). Sinəsi tüklü yarım, yaxanı, köynəyini çıxart! Sənin ətrini-qoxunu ciyərlərimə çəkim, oldu?..» Belə güclü ehtirasın, şəhvətin qarşısında Yusif, kişi tamahına güc gəlir, nəfsini ram edir Züleyxaya «Öz ağlınla ehtiraslarına məlhəm ol», - deyir.

   Müəllif həyat həqiqətlərini vizuallaşdıranda, ağıl hikmətin əhəmiyyətini təsdiqləyir. «Nəfsimə baş əysəm, nemət sahibinə xəyanət etmiş olaram», - deyən Yusif bütün ruhu, mənəvi dünyası, ağıl məntiqi ilə ona həyat verənə bağlıdır. Müəllif bütün ilahi gerçəklikləri baş qəhrəmanın dili ilə bir növ sübuta yetirir.

   Yusif: “Mən iman məclisində suda üzən balıq kimi sərbəst oluram, ürəyim gülür. Allahsızların əhatəsində isə qəfəsdəki quşa bənzəyirəm».

   Baş qəhrəman qadınla bağlı səhnələrdə çox güclü sınaqlardan keçir, lakin heç bir halda əqidəsindən dönmür. Qız adlı obraz Yusifə var-dövlət, böyük maddi mənəvi imkanlar vəd edir. Ancaq Yusif ağlının qüdrəti ilə nəfsinə qalib gəlir.

   Yusif: “Yanılma, qız! Gözəl mən yox, Yaradandır. Yaradandır. Yaradan gözəl yaradıb. Ulu Tanrımız gözəl sifətlərindən yalnız bir kiçicik zərrəni lütf qılıb bizlərə, minnət qoyub verib».

   Qız: “Aldatma məni, ayüzlü Yusif! Sən gözəlliyin, ağlın rəmzisən. Təəssüf ki, çox qəmlisən. Başa düşürəm, azad, sərbəst deyilsən... Mən sənə sərbəst həyat vəd edirəm”.

   Yusif: “Heç elə deyil. Sən əks ilə əsli səhv salırsan. Get, əsli axtar. Ürəklə, imanla axtarsan, taparsan görərsən ki, qəmli Yusif haqlı imiş».

   Yusifin təfəkküründən süzülən bu fikirlər əslində müəllifin söykəndiyi Qurani-Kərimdən su içir. Əks ilə əsli səhv salmaq dedikdə, müəllif hər bir şeyin İlahi qiymətdən gəldiyini, insan həyatının iman qüdrətində qadağa icazələrə münasibətini açıqlayır.

   Yusif ağlı, dərin batini elmi ilə onun gözəlliyinə valeh olub bütün var-dövlətini qurban verməyə hazır olan qızı katarsis halına salır. Bu gözəl qız məhz Yusifin ağlının məntiqinin təsiri nəticəsində təmizlənir, bütpərəstliyə nifrət edir, bəsirət gözü açıldığı üçün düz yola - Allah yoluna qayıdır.

   Yusifə dəlicəsinə vurulan gözəl Züleyxa da səhvini anlayır, kor olmasının səbəbini başa düşür, günahının dərəcəsini dərk etdiyi üçün daxili özünütəmizləmə prosesinə məruz qalır.

   Tanrının bəxş etdiyi nur, bəsirət gözünün açılması sayəsində Yusif adil hökmdara çevrilir. Onun ağlı dünyagörüşündən nəinki öz bölgəsi, həm yaxın ərazilərdə yaşayanlar belə bəhrələnir, aclıqdan qıtlıqdan qurtulurlar. Hökmran olduğu ölkədə bərabərliyi, ədaləti, sərbəst yaşayışı bərqərar etdiyi üçün Yusif obrazı əhəmiyyətli həyat modeli kimi sekulyarlaşır. Elə buradan da obrazın didaktik təfəkkürü diqqəti çəkir.

   Yusif qardaşlarını islah edir, onları dünyaya kor baxmaqdan qurtararaq, xilaskara çevrilir. Həyatın psixoloji gerçəkliyində onlara mövqe anlamının əhəmiyyətini anladır.

   Yaşadığımız günlərdə «Yusifin qəmi» əsərinin məna yükü tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Əsərin didaktik cəhəti, sekulyarlığı barədə qısa şərhimizdən sonra yalnız bunu xatırlatmağı özümüzə borc bilirik ki, Qurani-Kərim hikməti peyğəmbərlərin həyatı əxlaq mücəssəməsi kimi həmişə diqqəti cəlb edir. Hazırkı yaradıcılıq atmosferində bu həyat modeli teatr vizuallığına film çəkilişinə ən layiqli nümunələr sırasında durmağa layiqdir.

  

   Rafiq Rəhimli,

   Teatrşünas

 

Mədəniyyət. - 2009.- 3 iyun.- S. 13.