Köhnə Bakının yeni yaşıllıqları

 

   Respublikamızda, o cümlədən Bakı şəhərində yaşıllıqların qorunmasına və yeni yaşıllıqların salınmasına dövlət səviyyəsində qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında" bu ilin aprel ayında imzaladığı sərəncamda paytaxtın yaşıllaşdırılması və ətraf landşaftın estetik zövqlə tərtib edilməsi üçün dövlət başçısının ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə beş milyon manat vəsait ayrılmışdır. Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Hərəmiz bir ağac əkək!" təşəbbüsü uğurla davam etdirilir.

   Əvvəlcə Bakının yaşıllaşdırma tarixinə qısaca nəzər salaq. XIX əsrin ortalarında, demək olar ki, Bakıda çox az miqdarda əsasən nar və əncir ağacları olub, şəhər yaşıllıq sarıdan çılpaq məkan kimi görünüb. Həmin vaxtlar Azərbaycanın digər şəhərlərində, məsələn, Təbrizdə olduğu kimi Bakıda ictimai bağlar mövcud deyildi. Əlbəttə, yaşıl örtüyün az olması həm də mürəkkəb təbii-iqlim şəraiti ilə bağlıdır.

   XIX əsrin sonu, XX əsrin əvvəllərində iri neft sənayesi mərkəzinə çevrilən Bakının sürətli inkişafı şəhərin plan sistemininlandşaft arxitekturasının inkişafına da təkan verdi. O vaxtlar şəhərin mərkəzində ilk yaşıllıqlar - Mixaylovski, Nobel, Admiral, Mariyinski bağları, Dənizkənarı bulvarbaşqa bağlar salınmağa başlayıb.

   Ancaq Bakının əsaslı şəkildə yaşıllaşdırılması işi 1917-ci ildə Bakıda ilk su kəmərinin istifadəyə verilməsindən sonra mümkün olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yaşıllaşdırma işləri davam etdirilmişdir. 1923-cü ildə Bakıda yeni ştillik təsərrüfatının yaradılması da bu işləri daha da sürətləndirdi. Bakının mərkəzi rayonlarında İliç, Sabir, 26 Komissar, Çkalov, Dmitrov adına bağlar salındı. Bir fakt diqqəti çəkir ki, 1918-ci ildə şəhərdə yaşıllıqların sahəsi cəmi 10,2 hektar olduğu halda, 1940-cı ildə bu rəqəm 211 hektara çatdırıldı.

   Böyük Vətən müharibəsi illərində yaşıllaşdırma işləri bir qədər səngisə də, qələbədən sonra bu istiqamətdə görülən işlər geniş vüsət aldı. 1950-1960-cı illərdə Musabəyov, 8-ci kilometr, Montin qəsəbələri yaradıldı, həmin ərazilərin yaşıllaşdırılmasına başlandı. İnşaatçılar, Mikayıl Müşfiq prospektlərində və başqa şəhər magistralları ətrafında yeni parklar, bağlar, bağçalar salındı.

   Sonrakı illərdə Səbayel rayonunda, Qanlı gölün, Binə aeroportunun ətrafında, Badamdar yaylasında, Yasamal vadisində meşə-parkların salınması işinə başlanıb. Şəhərin mərkəzində - indiki Azadlıq meydanında, Gülüstan sarayının qarşısında, Mehdi Hüseyn küçəsində yeni bağlar salındı. Beləliklə, şəhərin yaşıl örtüyü dəfələrlə genişləndi. Əgər 1880-ci ildə burada yaşıllıqların sahəsi cəmi 3 hektar idisə, düz yüz ildən sonra - 1980-ci ildə bu rəqəm 9520 hektara çatdırıldı.

   Müasir dövrdə mövcud yaşıllıqlara ciddi qulluq edilməsi ilə yanaşı, şəhərin müxtəlif rayonlarında yeni park massivləri, bağlar, bağçalar salınır, gözəl fəvvarələr quraşdırılır. İndi Bakıda 50-dən çox fəvvarə işləyir. Yaşıl ağacların, gül kollarının, fəvvarələrin geniş şəbəkəsi şəhərin mikroiqliminin dəyişməsinə səbəb olur, ona estetik gözəllik bəxş edir.

   Bütün bunlara baxmayaraq, qeyd etməliyik ki, dünyanın ən böyük şəhərlərindən biri olan paytaxtımızın yaşıl örtüyünün hələ də qənaətbəxş olmadığı faktı bizə məlumdur. Moskva, Sankt-Peterburq, Kiyev, həmçinin Avropanın başqa şəhərləri ilə müqayisədə bizim Bakıda hər adama düşən yaşıllıq sahəsi nisbətən azdır.

   Elə buna görə də mövcud imkanlardan maksimum istifadə edərək, yaşıllıqların genişləndirilməsi ön plana çəkilmişdir. Hələ 1960-1980-ci illərin təcrübəsi bir daha göstərdi ki, ən azı ilin yarısında şimal küləklərinin əsdiyi, dəniz suyunun şoranlaşdırdığı Abşeron torpağında da yaşıl zolaqlar salmaq, bununla da təbiətin şıltaqlıqlarının qarşısını almaq mümkündür. Bu mənada mərhum akademik Həsən Əliyevin neftayırma zavodları ilə yaşayış massivləri arasında yaşıllıqlar salmaq təşəbbüsü böyük əhəmiyyət kəsb etmişdir.

   1970-1980-ci illərdə Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin Bakıda və respublikamızın digər ərazilərində yaşıllıqların qorunması, onun daha da genişləndirilməsi üçün göstərdiyi gərgin səylər hamıya bəllidir. O illərdə Bakıda iməciliklər yolu ilə yeni yaşıllıqlar salmaqona aqrotexniki qaydada qulluq etmək bir ənənəyə çevrildi. Az müddətdə Bakı yaşıl libasa büründü, beləliklə, ekoloji mühit əsaslı şəkildə sağlamlaşdırılmağa başlandı.

   …1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndərimiz bir vaxtlar onun təşəbbüsü ilə əkilən ağacların kəsilib yerində müxtəlif tikililəri görəndə acı təəssüf hissi keçirmiş və "bir ağac budağı kəsiləndə elə bilirəm qollarımı kəsirlər" - demişdir. Ölkə üçün ağır keçən o çətin günlərdə də ümummilli lider yenə də yaşıllıqların qorunmasına və genişləndirilməsinə xüsusi diqqət yetirdi.

   Qeyd etmək lazımdır ki, yaşıllıqlara dövlət səviyyəsində qayğı prezident İlham Əliyevin sosialyönümlü siyasətinin əsas sahələrindən biridir. Dövlət başçısı yeni yaşıllıqların salınmasını ekologiyanın qorunmasında ən mühüm amillərdən biri hesab edir. İndi şəhərətrafı ərazilərdə neftlə çirklənmiş sahələr təmizlənir, gölməçələr qurudulur, yeni yaşıllıqlar salınır.

   Dənizkənarı park ən yaxşı istirahət məkanı sayılır. Park Xəzərin səfalı sahilində yerləşir. Bu əsrarəngiz istirahət zonası, zövqlə qurulan fəvvarələr ətrafa xüsusi gözəllik verir. Parkda çoxlu sayda çay evləri, iaşə müəssisələri, attraksionlar fəaliyyət göstərir. Parkın dənizin içərisinə doğru uzanan hissəsində Yaxt Klub yerləşir. Burada hotel, restoran, banket zalı, yay festival meydançası fəaliyyət göstərir, dəniz gəzintisi həyata keçirilir.

   Məlumdur ki, 1998-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamına əsasən, Dənizkənarı bulvara Milli Park statusu verilib. Məhz ulu öndərin təşəbbüsü ilə Kür çayından Bakıya su kəməri çəkilmiş, bununla da yaşıllıqlara yeni həyat bəxş olunmuşdur.

   İndi Milli Parkda təmir, tikinti və yenidənqurma işləri davam etdirilir. Park bu gün gözəldir, sabah bundan da gözəl olacaqdır.

   Bakının Yasamal rayonunda yerləşən Hüseyn Cavid parkında da abadlıq və yenidənqurma işləri başa çatıb. Buradakı şairin heykəlinin arxa hissəsində silsilə şəlalə qurulacaq, bu şəlalənin uzunluğu 70 metr, eni isə 10 metr olacaqdır. İş icraçısının verdiyi məlumata görə, abidə-kompleksin təmir olunması, müasir işıq effektlərinin yaradılması, 15 min kvadrat metr sahəyə qranit döşəmək nəzərdə tutulub. Təmir materiallarının əsas hissəsi İtaliyadan gətiriləcək, park avqust ayına kimi tam istifadəyə veriləcəkdir.

   Füsunkar Filarmoniya bağında da istirahət üçün yaxşı şərait yaradılıb. Bağın bir hissəsində təmir-bərpa işləri davam etdirilir. Bakının bu ən qədim bağı əvvəllər "Qubernator" bağı, sovetlər vaxtı "Pioner bağı", indi isə "Filarmoniya bağı" adlanır. Yeri gəlmişkən qeyd edək ki, bağ 1830-cu ildə salınıb, buraya çox çətinliklərlə İrandan, Lənkərandan qara torpaq daşınıb, yaşıllıqlar salınıb. Maraqlıdır ki, o vaxtlar şəhər əhalisi bu bağa həftədə bir dəfə buraxılarmış. Ancaq bağın darvazaları yüksək rütbəli məmurların üzünə həmişə açıq olarmış.

   Hazırda bu bağ bakılıların ən çox sevdikləri yerlərdən sayılır.

   Məlumdur ki, Bakı şəhərində, həmçinin respublikamızın digər regionlarında ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan çoxsaylı parklar salınmış, fəvvarələr qurulmuşdur. Bu parklar vətəndaşların əsl istirahət məkanına çevrilmişdir. Vətəndaşlar bu parklarda rahat istirahət edir, ulu öndərin mənalı həyat yolunu bir daha xatırlayırlar.

   İndi şəhərin parklarında, bağlarında yaşıllaşdırma, abadlıq, quruculuq işləri uğurla davam etdirilir. Əlbəttə, bu yazıda məqsədimiz Bakının bütün yaşıllıqları, parkları, bağları barədə söhbət açmaq deyildir. Əsas məqsəd bundan ibarətdir ki, yaşıllıqları artıraq, onlara yüksək səviyyədə qulluq edək.

   Söz ardı: Bakıda ağac yetişdirməyin, yeni yaşıllıqlar salmağın nə qədər çətin olduğunu hamı yaxşı bilir. Xeyirxah insanlar uzun illər əziyyət çəkir, yaşıl örtüyü qoruyur, onu genişləndirirlər. Ancaq öz şəxsi mənafeyini ön plana çəkən bəzi nadanlar müxtəlif bəhanələrlə ağacları kəsir, şəhərdə oksigen qıtlığı yaradır, ekoloji tarazlığı pozur, Bakı şəhəri kimi böyük bir yaşayış məkanını radiasiya ilə üz-üzə qoyurlar. Təbiətə belə insafsız münasibət acı təəssüf hissi doğurur.

   İnsanların sağlam böyüməsində mühüm rol oynayan yaşıllıqlara belə münasibət bəsləmək olmaz.

   İndi Bakıya Dağüstü parkdan baxanda, ilk növbədə, yaşıllıqlardan daha çox çoxmərtəbəli binalar, qaldırıcı kranlar diqqəti cəlb edir. Əlbəttə, heç kim tikintilərin əleyhinə deyildir, ancaq yaşıllıqları məhv edib yerində müxtəlif binalar ucaltmaq nəinki insafsızlıq, hətta cinayətdir.

  

   Canalı Mirzəliyev

 

Mədəniyyət. - 2009.- 3 iyun.- S. 9.