Rənglər
dünyasından nagıllar aləminə səyahət...
Ötən həftə “İnkişaf
və Dünya ”QHT və “Mc
Donalds” kompaniyasının təşkilatçılığı
ilə Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova
adına rəsm qalereyasında ilk dəfə
“Azərbaycan xalq nağılları
uşaqların illüstrasiyasında” adlı uşaq
rəsm təsviri sərgisi keçirildi.
Sərgidə 12 istedadlı uşaq və
yeniyetmənin xalq nağıllarına həsr
etdikləri 90-dan çox rəsm əsəri
nümayiş etdirildi.
Gənc rəssamlar milli adət-ənənələri,
mənəvi dəyərləri əks etdirən folklorumuzun zəngin və rəngarəng süjetli xalq
nağıllarından 12 nağıla: “Cırtdan”,
“Şəngülüm, Şüngülüm,
Məngülüm”, “Göyçək Fatma”,
“Tık-tık xanım”, “Süleyman şah və qarışqa”, “Mərd və namərd”,
“Yaxşılığa yaxşılıq” və bu kimi müxtəlif
maraqlı nağıllara müraciət edərək cazibədar
illüstrasiyalar yaratmışlar. Rəsmlərin
hər biri uşaqların özündə
əks etdirdiyi fantaziyasından
asılı olaraq fərqlənirdi. Balaca rəssamların rənglər
dünyasından nağıllar aləminə səyahəti
zamanı fantaziyalarında gördükləri xeyrə, şərə,
divə, qəhrəmanlara, heyvanlara
müxtəlif münasibətləri öz
qeyri-adiliyi ilə diqqəti özünə
cəlb edirdi. Onu da qeyd edim
ki, burada bir nağıla həsr edilmiş
bir neçə silsilə rəsmlər də
var idi ki,
onlardan da xüsusilə
balaca Şəmsin “Tıx-tıx
xanım”ı öz rəngarəngliyi ilə
seçilirdi. Tədbirin təşkilatçı
sədri Namazəli Mustafayev qəzetimizə
verdiyi müsahibədə sərgi və uşaqlar barədə bir
neçə kəlmə söylədi: “Biz
iki ilə yaxındır ki,
bu layihə ilə məşğuluq. Bu illər ərzində belə istedadlı
uşaqları axtarıb taparaq üzə
çıxarmışıq. Daha sonra onların əl qabiliyyətləri ilə
tanış olub müəyyən istiqamətə
yönləndirə bilmişik.
Respublikanın əməkdar rəssamı Rafael
Muradov da ayda bir dəfə bu uşaqlara master-klass dərsləri verir.
Bizim xüsusi ofisimiz, kompyuterlərimiz yoxdur.
Məhz sizlərin dəstəyi ilə bu
şəraitdə işləyirik. Sərginin
keçirilməsində əsas məqsəd uşaq
və yeniyetmələrin Azərbaycan xalq
nağıllarına marağını artırmaq,
xalqının milli-mənəvi dəyərlərini əks
etdirən nağılları təbliğ etmək və bu istiqamətdə onların
yaradıcılıq qabiliyyətlərini daha
da inkişaf etdirməkdən ibarətdir. Təsviri sənət sərgisi vasitəsilə
istedadlı uşaqları tanıtdırmaq, onların
yaradıcılıq qabiliyyətini və
nağıllarımızı geniş auditoriyaya təqdim etmək, onların çəkdikləri
illüstrasiyalarla təsviri sənətin
inkişafına kömək etmək, ən əsası isə
qiymətli sərvət kimi
nağıllarımızı qorumaqdır”.
Daha sonra
respublikamızın xalq rəssamı Toğrul Nərimanbəyov tədbir
iştirakçıları ilə görüşə gəldi.
Onu da qeyd
edim ki, böyük rəssamın gəlişi sərgiyə
özüylə bərabər xoş aura da gətirdi. Sərgidəkilərin,
xüsusilə də balaca rəssamların
üzlərindən oxunan şirin
həyəcanı və xoş sevinci sözlə ifadə etmək çox çətindir. Hamı rəssamın
ətrafına toplaşaraq onunla şəkillər çəkdirir, avtoqraf alır və ona suallar verirdilər. Toğrul
Nərimanbəyov özü də uşaq yaşlarında olarkən çəkdiyi
ilk - Bakı, Şirvanşahlar
sarayı, İçərişəhər təsvirlərindən
danışıb uşaqlarla zarafat da elədi: “Siz mənim o
yaşımda çəkdiyim rəsmlərdən daha yaxşı çəkmisiniz. Demək, gələcəkdə
yaxşı rəssam olmaq
ehtimalınız var”. Tədbirin sonunda isə təşkilatçı Namazəli
bəy qonaqlara öz
təşəkkürünü bildirərək uşaqlar üçün
əlindən gələn köməyi əsirgəməyəcəyini
söylədi.
Yeganə CANSAİL
Mədəniyyət. - 2009.- 3 iyun.- S. 5.