Mahnıyabənzər...
"Qalmaz belə, dünya"
mahnısının müəllifi ilə müsahibəmizi
belə adlandırmalı oldum
Həvəskar bəstəkar Rauf Məmmədov ixtisasca
jurnalist (BDU), yaşca
müdrik (50), mühitcə elitar (Bakıda doğulub),
zövqcə - belə demək mümkünsə, əlli-əlliyə
(Motsartla Ələkbər Tağıyevi eyni məhəbbətlə sevir)
və nəhayət, düşüncə-dünyabaxışı
etibari ilə bu
söhbətindən tanıyacağımız qədər
bir ziyalıdır. Onunla
bu "uzun bir mahnıyabənzər" müsahibəmizdə
çox şey var; mahnılar, mübahisəli taktlar, nəqarat, təsnif (adətən buna "mahnı içində segah" deyirik), zil, bəm və s. Burda bir az
da imtahan, müzakirə,
respondensiya-korrespondensiya elementləri də
"çalınır". Axı son vaxtlar musiqi təsərrüfatımızda
professionallıq və qeyri-professionallıqla bağlı atəşin
bir "nihilizm" sindromu yaşanır. Hər iki
tərəf öz dəmir məntiqi ilə
bir-birinə qarşı ittihamlar irəli
sürür; nə öz
tərəfinə tam tərəfkeşlik
etmədən yanaşan var,
nə qarşı tərəfin yaxşısını tam etiraf edən. Bəs nə
etməli? Barışa bir yol
yoxmu? Bəyəm hər iki tərəf haqlıdır (və ya haqsızdır)? İki
güləşəndən birinin
yıxılması aksiomdur axı. Bədbəxçilikdən
(bəlkə xoşbaxtçılıqdan?!) bu
sahə üzrə bir tərəzi, məhkəmə
də yox ki, bu mənəvi məhsulları çəkiyə-vəznə
vurdurub, müasir
şou-bağırsaq kimi uzanan
mübahisələri durdurasan. Professional deyir, mən ali musiqi məktəbi, akademiya bitirmişəm, qeyri-professional
buyurur ki, gəl
mahnılarımıza qulaq asanların
sayını toplayaq, hay-harayını vuraq, çıxaq, bölək və görək...
- Hə, Rauf müəllim, deyin görək onlar düz deyir, ya sizlər?
- Əvvəla qeyd edim
ki, Siz professional
bəstəkarlarla qeyri-professionallar
arasındakı fərqlərdə çox
tünd rənglərdən istifadə etdiniz. Həyat mübarizədir, əksliklərlə
doludur - indi bunu hamı bilir. Amma mən bir jurnalist kimi,
çox mütaliə və
müşahidə edən bir adam kimi deyim
ki, bizlərə qarşı çox sərt və barışmaz mövqedə
olan bəzi professionallar
bu və ya başqa səbəbdən ali
bəstəkarlıq təhsili almasaydılar və təsadüfdən-zərurətdən
mahnı yazmalı olsaydılar, bu gün elə biz deyəni
deyərdilər.…
- Sözünüzü
nəğməylə kəsirəm; bəs şəxsən Siz necə, təsadüfən BDU-nun
jurnalistikasını yox, arzusu
gözünüzdə qalmış konservatoriyanın bəstəkarlıq
fakültəsini bitirmiş
olsaydınız, bu gün
"özünüzkülüyü"
beləmi müdafiə edərdiniz?
- Mən bu nüansa
münasibətimi ilk sualınıza
cavabımın üçüncü
cümləsində bəyan etdim. Və davam edim ki,
mən kim və nə haqdasa
danışanda özünü onun yerinə qoymağı bacaranlardanam.
- Sözünüzü
bir daha kəsməli
və deməliyəm ki, şəxsən
mən Sizin mahnılarınıza bir çox başqaları
qədər vurğun deyiləmsə də,
bir müsahib, həmsöhbət
kimi çox professional olduğunuzun fərqindəyəm.
- (Gülümsünür). Mənsə
təşəkkür və sözümü
tez-tez kəsməməyinizi rica edirəm.…
- Belə səmimi bir məqamda bir nostalji sual. Mən ana laylasından sonra gözümü musiqi dünyasına
"Ay dağlar" mahnısı
ilə açmışam,
bəs Siz?
- Tofiq Quliyevin "Bakı" mahnısı ilə...
- Görürsüz,
hər ikisi professional
bəstəkarlara məxsusdur.
- Olsun. Amma minlərlə dinləyici var ki, onların gözləri sənət
səsinə, ictimai sədaya, məhəbbət
dünyasına həvəskar
bəstəkar Ələkbər
Tağıyevin "Qonşu
qız", "Bizim
Bakı gecələri",
"Şikayətim var"
və s. mahnıları
ilə açılıb.
Götürək xalq mahnılarını.
O mahnıların heç
birinin müəllifi heç bir məktəb oxumayıb. Lakin bu gün məktəblərdə
keçilən dərslərin
əsas predmeti həmin o təhsilsiz müəlliflərin "xalq"
imzası ilə yaratdıqlarıdır. Bu gün tarixin gözdən saldığı
Lenin yaxşı demişdir:
"İncəsənət xalqa məxsusdur". Biz nə ediriksə,
xalq üçün edirik. Mənim fikrimcə, o musiqi,
o əsər insanın
qəlbinə yol tapır ki, o, professional işdir. Çox bəstəkarlar var ki, çox
savadlı, çox texnardırlar, amma xalqa yaxın düşə bilmirlər.
Mən bu sözlərimlə xalqın ruhunu çalan professionalları
nəzərdə tutmuram.
Amma
professional mahnı, əsər
təkcə beyin işi deyil. Professionallıq həm də
ürək, qəlb işidir.
- Rauf müəllim, mallarını
"bazar əhli"
deyilən "alıcılar"
üçün nəzərdə
tutanlar da var axı. Hələ günü
bu gün də bər-bəzəkli
zümrələr var
ki, "Sevilya bərbəri"ni dəllək
kimi, formaca gözəllər var ki, "Yeddi gözəl"i atılıb-düşənlər
kimi "səciyyə"ləndirirlər.
- Burda bir az təbiilik də var. Çünki o əsərlər
siz dediyiniz adamlardan çox yuxarıdadırlar.
- Professionalları
sevib-qiymətləndirənlər Ələkbər Tağıyevləri
də öz qədərində dəyərləndirirlər.
"Məsələ" burasındadır ki, yalnız Ə.Tağıyevlərin
vurğunları yuxarıya
boylanmırlar və qeyri-professional bəstəkarlar
da elələrinin zövqünü daim təchiz etdiklərindən,
onlar anlam çiyinlərini daha ağır, mənalı sənət yükü altına vermək istəmirlər. Beləliklə
də illər, onillər boyu yerindəsayan nəsillər
toplusu yaranır...
- Dediklərinizlə
müəyyən mənada
şərikəm. Yaratmağa başladığı
gündən bütün
ayıq dünyaya yaxın olan Qara Qarayev bir
vaxt öz xalqına çox çətinliklə yaxın
düşə bilirdi.
Çünki o vaxt bu xalq Qara Qarayev
mərhələsində deyildi.
Amma bu gün
mənzərə dəyişib
və hələ ondan "qorxun" ki, sabah belə
dahilər bir vaxt xalqa çox
yaxın olmuşları
xalqdan uzaqlaşdırma
"günahına" batmasınlar.
Bayaq - diktofonu qoşmazdan öncə - soruşdunuz ki, professional - qeyri-professional
tərəzisinin hansı
gözü ağır
gələr? Məncə, bu, sual-cavabsız da aydındır. Burda mənim vurğulamaq istədiyim ondan ibarətdir ki, professionallar bütün zamanlar və bütün ölkələr
üçün təbii
olan, yazmasalar yaşaya bilməyən qeyri-professionalların varlığına
da professional yanaşmalıdırlar.
- Bəs Siz buna necə
baxırsız ki, professionalları efir-ekrana
həvəskarlara nisbətdə
az çağırırlar...
- Bu, artıq sizin müasir həmkarlarınızın işidir.
Bir vaxtlar Tofiq Quliyevlərin, Səid Rüstəmovların
efir "limit"ləri
dolandan sonra həvəskar bəstəkarların
mahnılarına yer ayrılırdı. Hətta
o vaxt bu pay azlığının özü də
professional musiqiçilər tərəfindən qısqanclıqla
qarşılanırdı. Bu gün isə yerindən duran mahnı yazır və belə hesab edirəm ki, təkcə savad, təhsilcə qeyri-professional yox, ümumən istedadsız,
ürəksiz olanların
musiqi qədər zərif bir sənətlə "məşğul"
olmaları insanların
zövqünü çox
korlayır. Musiqi, mədəniyyət yük
qatarı deyil ki, onu
irəli-geri dartasan. Musiqi durna qatarıdı; o, yalnız gözəl səslərlə irəli
- xalqın zövq, səviyyə zirvəsinə
doğru pərvazlanmalıdır.
Baxın, bir vaxtlar əsasən kiçik dairələrin,
məclislərin dəbinə
çevrilmiş muğamımız
bu gün xalqın zövq aləmində hansı mərtəbəni tutub! Ölkə rəhbərliyinin,
xüsusən Mehriban xanım Əliyevanın diqqəti, qayğısı
xalqımızın bu
mənəvi nemətini
yenidən necə dəyərə mindirib! Azərbaycan musiqisi çox zəngin, çox universaldır. Bu xalqın problemi "nə tapım", "nə seçim"də
deyil, nəyi seçimdədir. Seçim boldur.
Bülbül, Rəşid
Behbudov, Zeynəb Xanlarova, Flora, Alim, Azərin... Hərəsinin də öz
yeri var. Azərbaycan xalqı əlini gözünün üstünə
qoyub dünyəviləşmək
istəyəndə bunu
götürür, qanı-geni
acanda onu. Bir vaxtlar səhnədəki donuqluğu Zeynəb xanım açdı, bir çevriliş elədi, ifaçılıq
sənətini ətalətdən
çıxartdı. Bu
gün də elə yenilikçilər,
inqilabçılar çıxmalıdır
ki, səhnələri,
ekranları, efirləri
başına götürmüş
xırım-xırda oxuyanlar,
"üç badam,
bir qoz" mahnılar, bəstəkarlar
sıradan çıxsın.
Bu işdə isə əsasən efirlər günahkardır.
İndi müğənnilərin mərtəbələrini
SMS-lər təyin edir. Bizim adlı-sanlı sənətkarlarımız
isə fikirlərini konkret demirlər. Deyirlər "pisdi", amma kim
pisdi - deyən yoxdur.
- Neçə
mahnınız var?
- Yüzə yaxın.
- Bir neçəsinin adını
çəkin.
- "Qalmaz belə, dünya",
"Qarabağ", "Anam
mənim", "Yol
verin, əsgər gəlir", "Yaşayacaq
Azərbaycan", "Yaşa,
mənim xalqım",
"Ağlama, Sevda",
"Gilavar" və
s.
- İndi
Rauf Məmmədov qeyri-professional olaraq, professionallar içində
özünü necə
hiss edir?
- Səmimiyyətimə
inanın; mən heç vaxt bəstəkar adı iddiasında olmamışam.
Amma bayaqdan ara-sıra vurğuladığım bəzi
"professionallar" içində
özümü qeyri-professional
hesab etmirəm. Yalnız təhsilcə professionalların qarşısında
niyə deməyim ki, mən bəstəkaram!
Deyim ki, bir çox
müasir professional bəstəkarlar
məni normal qəbul
edir, mahnılarıma
diqqət yetirir, xətrimi əziz tuturlar. Mənim birinci mahnımı
Zeynəb Xanlarova ifa edib. Mənim mahnılarımı indi Mələkxanım, Ağadadaş,
Azərin, Brilliant, Kəmalə,
Bəsti, Zöhrə,
Ruhəngiz, Mətanət
oxuyur. Türkiyənin ünlü sənətçilərindən
Zəki Müren, Bülənd Ərsoy mənim mahnılarımı
ifa ediblər, Əhməd Şəfəq
Bakıda mənim bir mahnımın ("Yaşa, mənim xalqım!") adı ilə xeyriyyə konserti verib. Mən çox şadam ki, 19 il öncə
yazdığım mahnılar
hələ də məşhur müğənnilərimizin
repertuarlarındadır.
- Rauf müəllim, professional bəstəkarların
çoxusu "niyə
klassiklərin şeirlərinə
az müraciət edirsiz" sualından adətən çox professionallıqla yayınırlar...
- Bu sualın cavabında mən də onların davamçısı olduğumu
bildirir və ağzımdan bircə söz qaçıra bilərəm: dolanışıq.…
Söhbətləşdi:
Kəmalə Cəbrayıl
Mədəniyyət. - 2009.- 3 iyun.- S. 5.