Böyük Sabirin hüzurunda

 

   Xalqımızın böyük şairi, bənzərsiz söz ustası Mirzə Ələkbər Sabirin doğum günü - mayın 30-u hər il təntənəli şəkildə qeyd olunur. Bir çox təhsil və mədəniyyət müəssisələrinin ayrı-ayrılıqda keçirdiyi tədbirlərin sırasında, sözsüz ki, dövlət səviyyəsində təşkil olunan Sabir poeziya günləri önəmli yer tutur. Xatırladaq ki, Sabir poeziya günlərinin əsası ötən əsrin 60-cı illərində xalq şairi Rəsul Rzanın təşəbbüsü ilə qoyulub.

   Bu il mayın 30-u səhər başda Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar olmaqla, bir qrup şair-yazıçı və qonaqlar Sabirin Bakıdakı əzəmətli heykəlini ziyarət etdilər. Onun abidəsi qarşısına tər gül-çiçək düzdülər. Qeyd edək ki, builki Sabir poeziya günlərinə Azərbaycan Yazıçılar Birliyi ilə yanaşı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də təşkilatçılıq edirdi. Təbii ki, bu faktı dövlətimizin Sabir poeziyasına və ümumilikdə söz sənətinə, mədəniyyətə verdiyi yüksək dəyərin göstəricisi saymaq olar. Bakıdakı Sabir bağının qarşısından tərpənən avtobus və maşınlar üzü Şamaxıya yol aldı. Növbəti dayanacaq ulu şairimizin son mənzili - Yeddi gümbəz qəbiristanlığı oldu. Tədbir iştirakçıları böyük Sabirin məzarı üstündə ucaldılmış məqbərəyə üz tutdular. Üstü qara mərmərlə götürülmüş məzarın sinə daşının üzərinə al-əlvan gül-çiçək dəstələri qoydular. Şamaxı məktəbliləri də məşhur həmyerlilərini ziyarətə gəlmişdilər.

   Burda bir haşiyə çıxmaq istəyirəm. Düzü, bayram ovqatlı bu yazıya qan qaraldan xırda bir nüansı belə qatmaq fikrim yoxdur. Ancaq öz şeirləri ilə yaşadığı dövrün bütün ictimai eybəcərliklərini, geriliyi, cəhaləti qamçılayan Sabirə Şamaxıda olan münasibətdən ikicə kəlmə yazmasam, böyük şairin ruhu məni bağışlamaz. Sabirin məzarı üstündə ucaldılmış məqbərəyə qədəm basanda və içəridəki baxımsızlığı görəndə, istər-istəməz, dahi şairimizin «Bizdə bu soyuq qanları neylərdin, ilahi?» sözləri yadıma düşdü. Məsələnin bir pis tərəfi də o idi ki, bu mənzərəyə tamaşa edənlərin sırasında Sabir poeziya günlərinə təşrif gətirən Gürcüstan Yazıçılar İttifaqının sədri, şairə Maqvala Qonaşvili də vardı. Məqbərəyə gələn yolun bərbad vəziyyətdə olmasını da bunun üstünə gələndə, tam əminliklə demək olar ki, həmyerliləri böyük Sabirin ad gününə sadəcə hazırlaşmayıblar. Keçmiş olsun...

   Sabir poeziya günləri İsmayıllı Rayon Mədəniyyət evinin qarşısında davam etdirildi. Tədbirin aparıcısı, istedadlı şair Əjdər Ol bütün iştirakçıları salamladı və bildirdi ki, Azərbaycan Yazıçılar Birliyinin qərarına əsasən, Sabir poeziya günləri həmişə olduğu kimi Şamaxıda deyil, hər il bir bölgədə keçiriləcəkdir. O, öz çıxışında Sabirin ədəbiyyatımızdakı yeri, onun yaradıcılıq xüsusiyyətləri, ölməz sənətkarın bağlı olduğu «Molla Nəsrəddin» jurnalı və onun ədəbi fikir tariximizdəki misilsiz rolundan danışdı.

   İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov Sabir poeziya günlərinin İsmayıllıda ünvan tapmasından məmnun olduğunu söylədi. O bildirdi ki, Sabir cəmi bir kitab yazıb - «Hophopnamə». Ancaq bu bir kitabla ədəbiyyatımızda özünə əbədi heykəl ucaldıb. O, bu kitabında yaşadığı zamanın salnaməsini yaradıb. N.Ələkbərov qeyd etdi ki, belə tədbirlərin bölgələrdə keçirilməsi, yerlərdə sənətə, şeirə məhəbbəti artırır, rayonun ictimai-siyasi həyatına da xoş bir ab-hava gətirir.

   Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Sabir yaradıcılığının ədəbiyyatımızda yeni bir mərhələ olduğunu bildirdi. O, İsmayıllıdakı poeziya günlərinin H.Əliyev muzeyinin yaxınlığında keçirildiyinibir qanunauyğunluq kimi qiymətləndirdi. Yazıçılar Birliyinin sədri dedi ki, ulu öndərimiz Heydər Əliyev ədəbiyyatımıza həmişə böyük qayğı göstərirdi.

   Gürcüstan Yazıçılar İttifaqının sədri Maqvala Qonaşvilininbu tədbirdə iştirak etməsi xəbəri alqışlarla qarşılandı. Sonra Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənliyə söz verildi. Sabir poeziya günlərinin əksəriyyətində iştirak etdiyini xatırladan V.Bəhmənli qeyd etdi ki, əvvəlki illər bu günlərlə bağlı şeirlər almanaxı çap olunurdu. Hayıf ki, bu gözəl ənənə unudulub. O bildirdi ki, təmsil etdiyi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi gələn ildən bu almanaxın çapını bərpa etmək niyyətindədir. V.Bəhmənli söylədi ki, son illər dövlət tərəfindən ədəbiyyatımıza və mədəniyyətimizə çox böyük diqqət göstərilir, mədəniyyət siyasətimizin tərkib hissəsi olan tədbirlərin sayı artır.

   Şair Musa Yaqub isə Sabirin şeirlərinin bu gün də sevə-sevə oxunduğunun sirrini, onların aktuallığında və yüksək poetikliyində gördüyünü dilə gətirdi. M.Yaqub bölgələrdə belə tədbirlərin keçirilməsini çox əhəmiyyətli və lazımlı bir kimi dəyərləndirdi. Sonra o, özünün «Dağlar, məni qəbul edin» şeirini oxudu.

   Gürcüstan Yazıçılar İttifaqının sədri Maqvala Qonaşvili üzü Nizamidən bəri Azərbaycan poeziyası ilə yaxından tanış olduğunu diqqətə çatdırdı. Azərbaycan və Gürcüstan ədəbi əlaqələrini ildən-ilə genişləndiyini bildirən şairə, bu tədbirə dəvət olunduğuna görə Azərbaycan Yazıçılar İttifaqına minnətdarlığını bildirdi. Səfər ərəfəsində Bakıda onun Azərbaycan dilinə tərcümə olunmuş şeir kitabının çap olunmasının da M.Qonaşvili bu ədəbi əlaqələrin bir göstəricisi olduğunu söylədi. Sonra o, özünün bir şeirini oxudu.

   AMEA-nın müxbir üzvü Teymur Kərimli öz çıxışında bildirdi ki, Sabirin anadan olmasından 147 il keçir. 3 ildən sonra biz onun 150 illik yubileyini qeyd edəcəyik. Sabirə isə 50 ilyaşamaq qismət olmadı, o, 49 il ömür sürdü. Lakin bu qısa ömründə əbədiyyət imzalı əsərlər yaratdı.

   Sabirin yaradıcılığından söz açan jurnalist-alim İlham Abbasov bildirdi ki, böyük şairin ölümündən iki il sonra onun kitabı işıq üzü gördü. 1922-ci ildə isə N.Nərimanovun təşəbbüsü ilə Bakıda onun heykəli ucaldıldı. Bu, Şərqdə ilk heykəl idi. İ.Abbasov bildirdi ki, Azərbaycanda elə adam tapılmaz ki, Sabirin «Uşaqbuz», «Gəl, gəl a yaz günləri» şeirlərini əzbər bilməsin. Bu şeirlər hələ məktəbə getməmişdən əvvəl dilimizin əzbəri olub. Bütövlükdə isə Sabirin poeziyası bir məktəbdir.

   Sonra şairlər - Gülhüseyn Hüseynoğlu, Oqtay Rza, Firuzə Məmmədli, Rəfiqə Nuray, Maarif Soltan, Musa Ələkbərli, Taleh Həmid və başqaları şeirlərini oxudular. Bədii qiraət ustası, respublikanın əməkdar artisti Ağalar Bayramov ölməz şairin şeirlərini söylədi.

   İsmayıllıdakı tədbir konsert proqramı ilə başa çatdı.

   İyunun 1-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Sabir poeziya günlərinin yekunu oldu. Kitabxananın direktoru Kərim Tahirov rəsmi açılışda tədbirə təşrif buyurmuş bütün qonaqları salamlayaraq, onları kitab sərgisinə baxmağa dəvət etdi. Tədbir kitabxananın iclas zalında poeziya gecəsi şəklində davam etdirildi. Tədbiri elə Sabirin şeirləri ilə açıq elan edən Əjdər Ol ilk sözü Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənliyə verdi. Bu cür tədbirlərin keçirilməsinin çox təqdirəlayiq və sevindirici hal olduğunu, xalqımızın poeziyaya olan sevgisini, bağlılığını sübut etdiyini vurğulayan Vaqif müəllim böyük məhəbbətlə Sabir yaradıcılığını xatırladı və hamıya həmişə poeziya ilə, həmSabir poeziyası ilə baş- başa olmağı arzuladı.

   “Hamımız Mirzə Ələkbər Sabirin poeziyası ilə çox yaxşı tanışıq. Çətin ki, Sabir poeziyası ilə maraqlanmayan, onun yaradıcılığından heç olmasa, bir şeiri belə əzbər bilməyən insan tapıla! Onun əsərləri hər bir kəsə mənən çox yaxındır. Çünki Sabir əsl şair idi. Sadəcə şeir yazmaq üçün yox, insanları düşündürmək üçün, onları maraqlandıran mövzularda, həm də ki, sadə, səlis dildə yazırdı. İnsanlarla dil tapmağın ustası idi, şair. Oxucuya Sabir lazım idi və hələ də lazımdır. Çünki onun yaradıcılıq mövzuları bu günlə də tam şəkildə səsləşir”. Bu sözləri söyləyən Əjdər Ol xalq şairi Fikrət Qocanı çıxış etmək üçün səhnəyə dəvət etdi. Fikrət Qoca hamıya, bu işdə balaca bir zəhməti olanlara belə dərin təşəkkürünü bildirdi. O, tədbir iştirakçıları üçünLeyli və Məcnun” adlı şeirini söylədi.

   Sonra şair İlyas Tapdığa söz verildi. “Sabiri kimdənsə eşidərək yox, məhz şəxsən oxuyaraq öyrənmək olar” deyən şair Sabir şeirinin şərəfinə məxsusi bir alqış istəyərək, öz yaradıcılığından bir şeiri auditoriyanın ixtiyarına verdi.

   Hər çıxışdan sonra Mirzə Ələkbər Sabirin şeirlərindən birini səsləndirən, Sabir deyəndə Cəlilin yada düşdüyünü, Cəlil işığında Sabirin daha parlaqdaha gözəl göründüyünü deyən Əjdər Ol dahi şairimizlə bağlı maraqlı əhvalatlara, xatirələrə də yer ayırdı. Məsələn, o, məşhur el sənətkarı Əli Kərimovun xatirələrindən belə bir əhvalat danışdı: Bir gün Əli Kərimov yolda Mirzə Ələkbər Sabirlə görüşür. Sabir onu evinə dəvət edir. Sənətkarın evinə ilk dəfə təşrif buyuran Əli Kərimov burada çoxlu musiqi alətləri görür. Məlum olur ki, Sabir həm də gözəl musiqi ustası imiş, heç kəsinsə xəbəri yox...

   Yeri gəlmişkən, musiqiyə də söz verildi. Şair İbayevin ifa etdiyi mahnıdan sonra şairlər - Fərqanə, Ədalət Əsgəroğlu, Narıngül, Tofiq Nurəli və başqaları öz şeirlərini oxudular. Böyük şair Mirzə Ələkbərin ustadı Seyid Əzim Şirvaniyad edildikdən sonra muğam müsabiqəsinin laureatı Qızılgül Babayeva xalq mahnısı ilə çıxış etdi.

   Tədbirə gənc nəslin nümayəndələri də dəvət olunmuşdu. Mirzə Ələkbər uşaqlarla çox maraqlandığından, yaradıcılığında da onları unutmadığından və qarşıdan uşaqlar bayramı gəldiyindən gənc şairə Rəbiqə Nazimqızı özünün “Qızım” şeirini oxudu. Gənc nəslin nümayəndələri - Anar, Amin, Əli, Fərhad, Qismət və başqalarının maraqlı və fərqli şeirləri alqışlarla qarşılandı.

   Bütün qələm dostlarını bir araya yığan böyük M.Ə.Sabirin poeziya günləri başa çatdı.   

 

   Qorxmaz ŞIXALIOĞLU

 

Mədəniyyət. - 2009.- 3 iyun.- S. 3.