Şərq-Qərb dünyası uşaqların gözü ilə

 

   Muzey Mərkəzində 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Şərq-Qərb dünyası uşaqların gözü ilə” devizi altında keçirilən beynəlxalq rəsm sərgisinə yekun vuruldu. Bu, həm də 1iyun-Uşaqları Beynəlxalq Müdafiə Günündə uşaqlar üçün əsl sürpriz oldu.

   Mərasimdə mədəniyyət və turizm naziri Əibülfəs Qarayev, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin direktoru Adel Darviş və başqaları çıxış etdilər. Natiqlər bildirdilər ki, müsabiqədə məqsəd uşaq yaradıcılığının inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi, müxtəlif xalqların mədəniyyətləri ilə tanışlıq vasitəsilə uşaqlar arasında dostluq əlaqələrinin yaradılması məqsədini daşıyır.

   Sivilizasiyalararası dialoqun qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından birinə çevrildiyi, mədəni müxtəlifliyin müasir cəmiyyətin əsas mövcudluq şərtlərindən olduğu bir dövrdə mədəniyyətlərarası dialoq mənəvi zənginlik mənbəyinə çevrilərək xalqlar arasında qarşılıqlı anlaşmanın, barışıq və tolerantlığın möhkəmlənməsinə xidmət edir.

   Gənc nəslin dünya xalqlarının mədəniyyətinə marağını artırmaq, uşaqları kiçik yaşlarından digər xalqların mədəniyyətinə hörmət ruhunda tərbiyə etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətlərarası dialoqa həsr edilmiş tədbirlər sırasında uşaq və yeniyetmələrin iştirakı ilə keçirilən tədbirlərə böyük əhəmiyyət verir.

   "Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsinə Azərbaycan, Belarus, Bolqarıstan, Çin, Filippin, Gürcüstan, Honq-Konq, İsrail, Qətər, Qazaxıstan, Latviya, Misir, Rusiya, Tailand, Türkiyə, Ukrayna, Pakistan, Polşasair ölkələrdən 5-15 yaşlı uşaqların 2000-ə yaxın rəsm əsəri daxil olub. Müsabiqənin əsasnaməsinə müvafiq olaraq, bunlardan ən yaxşı 350 əsər seçilərək sərgidə nümayiş etdirildi.

   Qaliblər Azərbaycan, Rusiya və Özbəkistanın tanınmış rəssam və sənətşünaslarından ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirildi və onlara diplom, medal və hədiyyələr təqdim edildi.

   5-8 yaş qrupu üzrə I dərəcəli diplom, medal və hədiyyə ilə türkiyəli Yedikat Erkay, II yeri azərbaycanlı Seymur Həsənov və misirli Farah Essam Badavi, III yeri belaruslu Diana Qrineviç, latviyalı İnqa Neimane və ukraynalı Əhməd-Mustafa Seyidxəlilov tutdu.

   9-12 yaş qrupu üzrə isə I dərəcəli diplom, medal və hədiyyəyə azərbaycanlı Fidan Quliyeva, II dərəcəli diploma qətərli Alfahd Ravda Abdel Rahmen və rusiyalı Valeriya Rudenko, III dərəcəli diploma isə bolqarıstanlı Kirill Georgiyev Kirilov, çinli Vu Fei və gürcüstanlı Çingiz Qurbanov layiq görüldülər.

   13-15 yaş qrupu üzrə I dərəcəli diplom, medal və hədiyyəni bolqarıstanlı Teodora İvalinova Tinçeva, II dərəcəli diplomu israilli Marqalit Lenk və tailandlı Jirarat Sukraseranee, III dərəcəli diplomu isə azərbaycanlı Ulduz Nağıyeva, pakistanlı Naveed və rusiyalı Dilara Yumaquzina qazandılar.

   Digər 30 azyaşlıya isə müsabiqədə iştirak etdiklərinə görə fəxri fərmanlar təqdim edildi.  

 

   Həmidə

 

Mədəniyyət. - 2009.- 3 iyun.- S.2.