Çinlilər xalçalarımızı saxtalaşdırır

 

Standartlaşdırma və müəllif hüquqlarının qorunmasındakı problemlər Azərbaycan mallarına da təsir etməyə başlayıb. Lazımi ehtiyat tədbirləri görülmədiyinə görə, xaricdə Azərbaycan xalçaları saxtalaşdırılır. Dövlət qurumları vəziyyətdən çıxış yolunu şirkətlərin əmtəə nişanı almasında görürlər.

 

Əmtəə nişanlarının olmamasına görə ilk zərbə Azərbaycanın qədim xalçalarına dəyib. Bu haqda bir qədər sonra..

Xalçaçılıq Azərbaycan tətbiqi incəsənətinin ən qədim və geniş yayılmış növlərindən biri sayılır. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir.

Azərbaycan xalçaları hazırlanma texnologiyasına görə xovlulara və xovsuzlara bölünür.

Xovlulardan daha qədim olan xovsuz xalçalar özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq “məişət xalçaları” adlandırırlar. Bunlar palaz, kilim, cicim, şəddə, vərni, zilli, sumaxdır ki, onlar xalçaçılığın inkişafında ilkin mərhələni təşkil edir. Bu mərhələdə xalçalar bəsit üsulla əriş və arqac saplarının bir-birinə keçirilməsi və qıraqlarının toxunması vasitəsilə istehsal olunurdu.

Çoxsaylı kompozisiyalı sxemlər və zəngin ornamentli motivlərdə olan xovlu xalçalar da xüsusi seçilirlər. Bununla yanaşı, Azərbaycan xalçasının estetik prinsipi “rəsmlərin” müstəvi həllində, şəkillərin ritmikasında, mərkəzi və köbə hissələrə bölmə ənənəsində, elementlərin lakonik həndəsəsində öz əksini tapmışdır. Qubanın “Pirəbədil”, “Qımıl”, “Sirt-çiçi” xalçaları zərif işləmələri və xırda bitki rəsmləri, parlaq boyaların sıx rəng qamması ilə insanı valeh edir. Şirvanın “Muğan”, “Tabistan”, “Şilyan” xalçaları isə daha çox ciddi ritm ideyası və sakit, əzəmətli koloritlə zəngin qədim kompozisiyalara meyllidir. Qarabağın “Xanlıq”, “Malıbəyli”, “Lyampa” xalçaları özündə peşəkar kompozisiya, yaradıcı təxəyyül, rəngarəng koloriti əks etdirir. Bakının “Hili-buta“, “Novxanı”, “Fatmayi” xalçaları isə zərif rəsmləri və mürəkkəb ornamenti ilə diqqəti cəlb edir. Gəncə və Qazağın qabayunlu, məxmər çalarlı “Fəhralı”, “Şıxlı” və “Borçalı” xalçaları sadələşdirilmiş üslubda iri həndəsi cərgələrlə, Təbrizin «Sarabi”, “Əfşan”, “Ləçək-turunc” xalçaları dekorativ hörmə naxışlar, dünyanın əbədi harmonik obrazını yaradan dairəvi və spiralşəkilli bəzəklərlə zəngindir.

Ermənilərdən sonra indi də çinlilər xalçalarımızı saxtalaşdırmağa başlayıblar. Daha dəqiq desək, Çin də bizim naxışlarla xalça toxuyur və bunları Avropada “Azərbaycan xalçasi” adı ilə satır. Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patent şöbəsinin müdiri Miryaqub Seyidov bu məsələyə aydınlıq gətirərək bildirdi: “Əlimizdə artıq faktlar var ki, Çində Azərbaycan xalçaları toxunur və Avropaya çıxarılır. Avropada hətta erməni mağazalarında erməni xalçası adı ilə satılan xalçaların əksəriyyəti Azərbaycan xalçalarıdır”.

Yəni Azərbaycanın özündə əsl xalçaların satışı azaldığı halda, xaricdə saxta xalçalar satılır. Azərbaycan tərəfi çinlilərin bu hərəkətinin qarşısını almaq üçün yollar axtarır. İndi məlum olur ki, çıxış yolu Azərbaycan xalçaları və xalça naxışlarının əmtəə nişanı kimi qeydiyyatdan keçməyidir. Belə olsa, bu naxışlardan istifadə edənləri məhkəməyə verib onlara qadağa qoymaq olar. Artıq «Azərxalça» İstehsalat Birliyi bunun üçün Patent Komitəsinə müraciət edib, qurum da məsələni Ümumdünya Əqli Mülkiyyət Təşkilatı qarşısında qaldırıb. Təşkilatın nümayəndəsi Berti Bernsonun sözlərinə görə, xalçaların və ornamentlərin qorunması üçün bir neçə üsul var. Əvvəla, bu naxışlar sənaye nümunələri kimi qoruna bilər. Təbii ki, ayrı-ayrı bölgələrin özünəməxsus ornamentləri var. Azərbaycan bununla bağlı mövcud olan beynəlxalq sazişlərə qoşulmaqla, həmin ornamentlərin mənşəyini qoruya bilər.

Ümumiyyətlə, Azərbaycanda hesab edirlər ki, məhsulların əmtəə nişanı alması üçün ən yaxşı variant onları bölgələrlə əlaqələndirməkdir. Məsələn, Azərbaycanda buraxılan şərabların adları rayonlarla əlaqələndirilir. Yəni regional xüsusiyyətlərə malik olan əmtəələr yaxşı olar ki, coğrafi göstəricilərlə məşhur olsunlar. Məsələn, Bakı xalçası, Gəncə xalçası, Qarabağ xalçası. Bunun nəyi pisdi ki?!  

 

 

Turan

 

dəniyyət.- 2009.- 10 iyun. – S. 14.