Gənc ədiblərin “Ulduz»u
Bir neçə ay
əvvəl Gənc Ədiblər Məktəbinin
qonağı olan “Ulduz“
jurnalının baş redaktoru
E.Hüseynbəyli dərginin dördüncü
sayını bütövlükdə gənclərə
ayıracağını demişdi.
Artıq jurnal nəşr olunub.
Jurnalın araya-ərsəyə gəlməsində Rəbiqə,
Qismət, Cavid Zeynallı böyük
zəhmət çəkdilər. Bütün
dostlara təşəkkür edirəm. Gənclər
haqqında Qulu Ağsəs jurnalın ilk səhifəsində yazdı, daha sonra “Ədalət” qəzetində
onun ayrıca bir məqaləsi
dərc olundu. Qeyd etməliyəm
ki, Gənc Ədiblər Məktəbinin
üzvlərinə “525-ci qəzet”, “Ədalət”, “Mədəniyyət”
qəzetləri kifayət qədər cap olunmaq imkanı yaradır. Jurnalda
əsərləri çap olunmuş şair və
nasirlər haqqında eyni məqalə
daxilində ətraflı danışmaq imkanı
olmadığından yalnız nasirlər haqqında yazmaqla kifayətlənəcəm. Mən heç də özümü
onlardan təcrübəli yazar
hesab eləmir və təhlilimi tənqid kimi yox, dost
sözü kimi qəbul
edəcəklərinə inanıram.
Gənc Ədiblər Məktəbinin ən
çılğın üzvü olan Nahid
çalışqan, maraqlı, bir qədər
də tələskən nasirdir. Daim ədəbi saytlarda yeni hekayələrini oxuyuram.
“Ulduz”un 4-cü
sayında çap olunan
üç hekayəsi (novellası)
maraqlı idi. Amma iki mühüm və nəzərəçarpan
problem var ki, onları qeyd etməliyəm.
Birincisi, Nahid istər
real, istərsə də romantik
(bəzənsə sentimental) ruhlu hekayələrini sonda
gözlənilməz sonluqla bitirməyə,
oxucunu “azdırmağa”, bununla
maraqlı görünməyə çalışır. Novellaya olan meyl əsərdəki bədii ruhu
azaldır. Psixoloji qatlara
enə bilmir. “Dəmir qapı” hekayəsi
uğurlu dialoqlar
üzərində qurulub, amma
sonda məlum olur ki, səyahətə çıxmaq istəyən
adam həbsxanadadır. Qeyd
etdiyim mənfi cəhət Nahidin ideallarını “buxovlayır”, bu da hekayənin “alt qatı”nı uçurur.
Hekayə adi fraqment təsiri
bağışlayır. Ikincisi, dil problemidir ki, bu da
biz gənclərin çoxunda
özünü göstərir. Məsələn,
“Biz öz
arzularımıza uduzanlarıq” cümləsi “Biz
öz arzularına uduzanlarıq” kimi olsa, daha
effektli olar. Bu tipli misalların
sayını artıra da bilərəm. Bununla yanaşı, Nahidin
hekayələrində iki müsbət hal diqqətimi daha çox çəkdi. Birincisi,
hekayələrin həcmi adətən çox
kiçik, situastik olur. İkincisi, müxtəlif
bədii texnikalardan istifadə edir. Məsələn, F.Kafkanın “Qəsr”
romanında K. adlı obraz olduğu
kimi, Nahid əsas qəhrəmanın
adını T. qoyub. Milli
nəsrimiz üçün yenilik saymaq olar. Birinci və ikinci novellalar yeni, ikinci isə qismən
“çeynənmiş” bir bədii texnika ilə işlənib. Çünki
istər milli, istərsə də dünya ədəbiyyatında sonluğu
yuxu ilə bitən xeyli
əsər var. Tələskənliyini və
dil problemini yensə, Nahid yaxşı nasir olacaq...
Zərdüşt Səksənaltının “Mahmudsuzluq” hekayəsi maraqlı konfliktlər, dolğun hadisələr üzərində qurulub. Digər hekayələri ilə
müqayisədə burada dil
problemi, demək olar ki, yoxdur. Bəyəndiyim əsas
cəhət: obrazlar “öz
dili” ilə danışır, yəni çoban alimlik eləmir.
Məişət üslubunu bədii üslubda çox uğurla əridib. Bəyənmədiyim cəhətsə
Zərdüştün qəzetçilik həyatının
çətinliyindən, səriştəsiz baş
redaktordan danışması, amma sonda hekayəni qəribə
sonluqla - komik aspektdə
tamamlamasıdır. Ə. Haqverdiyevin
“Qiyamət” hekayəsində olduğu kimi, ciddi problemlərdən
danışır, amma gülüşün
“daxilində”. Nəticədə böyük
ailə problemi çox
primitiv, psixolji əsası
olmayan bir formada öz həllini
tapır. Dünya ədəbiyyatında A.Çexov, G.D.Mopassan, C.London və b. hekayə
ustalarının əsərlərinə nəzər salanda görürsən ki,
məzmun bədii detalla real
və psixoloji aspektdə nəzərə
çatdırılır. Amma bizim ədəbiyyatımızın məşhur
hekayə ustaları sayılan C.Məmmədquluzadə, Ə.
Haqverdiyev, Y. Çəmənzəminli və.
b acınacaqlı, ağrılı hadisələri
də kəskin gülüşün
müşayiəti ilə veriblər. XX əsrin əvvəllində
bu, təbii qarşılana bilərdi. Çünki dramaturgiyası XIX əsrdə yaranan xalq komediyaya
həvəsli idi. Digər tərəfdənsə,
bizim xalqımız lətifəyə həmişə
meyilli olub. Molla Nəsrəddindən Hacı dayıya qədər...
Orxan Muxtarlının hekayəsinin mövzusu və dili zəifdir.
“Həyatın qanunu” hekayəsində Orxan dilin qrammatik
qanunlarını pozur. Məsələn,
sadə cümləyə baxaq:
“Tanımadığımdır”. Bu tipli misalların sayını artırmaq da olar. Nasir
qoyunun diliylə həyat-ölüm “fəlsəfəsini”
açmağa çalışır. Amma hekayə Kanada
yazıçısı Tomsonun alleqorik nəsr daxilində qoyduğu
problemlər kimi sosioloji,
yaxud psixoloji təsir
bağışlamır. Çünki hər
hansı təmsil nəsrdə faş olunur. Fəqət müəllif toxunduğu problemi qoyuna baxan insanın hissləri
kimi versəydi, daha
maraqlı ola bilərdi.
Elbrus Ərudun iki
hekayəsi - “Əhli və Ağabəyim” və “Qaz yumurtası” məndə heyrət hissi doğurdu. Bu gün dünya
nəsrində bədii-texnika ilə ideallar
arasında qarşıdurma yarandığı dövrdə Elbrus Ərud bu qədər
sadəlövh ruhda, nağılvari nəsr
yazır. Birinci hekayənin sonunda müəllifin təhkiyəsi ilə izahat verilir, sanki hekayə çox
ağır məna yükünə malikdir.
Bu cəhət sübut
edir ki, Elbrus intellektual nəsrin
effektindən, yazılma metodundan hələ
kifayət qədər məlumatlı deyil.
Cavid Zeynallının
“Yazıçı və koko-kola” hekayəsi
maraqlı dialoqlar üzərində qurulub. Obrazlar səmimi təsir
bağışlayır, “öz dili” ilə danışırlar. Məsələn,
“Cərə olsunlar, cəhənnəmə
olsunlar, sən də qoşulmusan
onlara”. Cavidin dilindəki
şirinlik onu Ə.
Əylisliyə bənzədir. Yaxşı haldır ki, Cavid hər iki hekayəsində (“Yazıçı və
koko-kola”, “Səfər”) sosial
problemlərə toxunub. Təəssüf
ki, Cavidin hekayəsində
müəmmalı qalan, insanı
düşündürən tərəflər görünmür,
hər şey gözgörəsi
açıqlanır, hamısını oxucuyla
bölüşür. Bu
problem onun nəsrinin
intellektuallıq səviyyəsini azaldır.
Qaraqan artıq imzasını təsdiqləmiş,
romanı cap olunmuş
nasirdir. Birinci hekayəsi
mənə “türk serialları”nın təsirini
bağışladı. Sentimental, dramatik ruhda olan hekayə sonda novella tipli sonluqla
bitir. Zərdüştün
və Nahidin novella
meyilləri Qaraqana (Bəlkə də biz gənclərin çoxuna)
da sirayət edib.
“Şeytanın duası” hekayəsi isə jurnalın ən
maraqlı hekayələrindən biridir.
“Əvvəllər mən insanları sənin yolundan
çıxara bilirdim. İndi
isə heç kəsi yoldan
çıxara bilmirəm. Heç kəsi
pis yola sala bilmirəm, çünki
insanlar özləri pis
yola gedir. Mənə heç ehtiyacları yoxdur”.
Hekayədə şeytanın dili ilə insan və onun taleyi, cəmiyyətin eybəcərlikləri
sadə və təsirli yolla oxucuya çatdırılır. Qaraqanın mistik ruhlu bu
hekayəsi oxucuya qorxulu,
dəhşətli yox, real
təsir bağışlayır. Qaraqanın yaxşı nasir olacağına inanmaq
olar.
Ülviyyə Heydərova “Pəncərə”
jurnalının müxbiri və “Notbook” povestinin müəllifi
kimi, yəqin çoxlarınıza
tanışdır. “Ana və uşaq” hekayəsi qısa həcmli, ancaq aktual mövzulu
hekayədir. Süjetsiz hekayədə ana bətnində olan
uşağın hissləri, abort olma qorxusu əks olunur. Fikrimcə, hekayə ana
bətnində olan körpənin yox, artıq ölmüş
körpənin dilindən verilsəydi, daha
yaxşı və dramatik alınardı.
Ülviyyə Heydərovanın hekayələrinin dili çox səlisdir.
Mütaliə və təcrübə həmişə dada gəlir. “Xəzərin dostları” hekayəsi
isə bir o qədər
də maraqlı deyildi.
Sevinc Mürvətqızı “525-ci
qəzet”in əməkdaşıdır. Ülviyyə kimi, yəqin onun da imzası çoxlarına
tanışdır. “Bağlı qapıların ardı” hekayəsini
xanım yazarların çoxundan fərqli
olaraq komplekssiz, əsl
yazıçı kimi yazıb.
Əsirlikdə olan həmvətənlərimizin
taleyini maraqlı və təsirli
yazıb. Xalqımızın bəzi qeyrətsiz
oğullarınısa olduqca böyük cəsarətlə “yamanlayıb”.
Süjet, ümumən mətnin strukturu çox maraqlı
qurulub. Hekayəni oxuduqca
publisistik dilin hakimiyyəti
açıq şəkildə nəzərə
çarpır. Hekayənin mənfi cəhəti isə siyasi və sosial məsələlərin
ədəbiyyat yolu ilə realizə
olunmasıdır. Sevinc məqsədini -
hekayənin məzmununu oxucuya
çatdırmaq üçün qeyri-real yolla problemi oxucuya “yedirdir”.
P.S. Sonda bütün
gənc yazarlara uğurlar
diləyir, digər jurnal redaktorlarına da E.Hüseynbəyli kimi səxavətli
olmağı arzulayıram.
Fərid Hüseyn
Mədəniyyət. - 2009.- 10 iyun.- S. 13.