Uşaqların sevimli bəstəkarı

 

   Tanınmış bəstəkar Oqtay Zülfüqarovun 80 illik yubileyi təntənəli şəkildə qeyd edilir. Yubiley tədbirləri bir çox mədəniyyət ocaqlarında, o cümlədən Musiqi Gimnaziyası, Muğam Teatrı, Bakı Musiqi Akademiyasında, filarmoniya və digər yerlərdə bəstəkarın ötən illər ərzində yazıb-yaratdığı dəyərli musiqi əsərlərinin səslənməsi ilə müşayiət olunmaqdadır. Uşaq auditoriyası üçün məhsuldar işləmiş sənətkarın «Meşə nağılı» operası, «Pişik və sərçə», «Qız və ulduz» radio operası, «Şəngülüm, Şüngülüm, Məngülüm» oprettası azyaşlı uşaqların və məktəblilərin sevimli tamaşasına çevrilmişdir.

   300-ə qədər uşaq mahnısı yazan bəstəkarın yaradıcılıq «mətbəxindən» böyük səhnə üçünçox sayda əsərlər meydana çıxmışdır. Onların arasında hələ tələbəlik illərində yazdığı, D.Şestokoviçə həsr edilmiş trio diqqəti cəlb etmişdir. Daha sonra Sumqayıtın əzəmətli tikintisinə həsr edilmiş 1¹-li «Sumqayıt» simfoniyası, «Şənlən, mənim xalqım» üverturası, simli kvartet, fleytasimfonik violençelsimfonik orkestr üçün konsertlər və nəhayət, yenicə yazılmış 2¹-li simfoniya həyata vəsiqə qazanmışdır. Fortepiano üçün bir çox prelüdromanslar yazmış bəstəkar öz potensial imkanlarını çoxdan sübuta yetirib.

   Yaradıcılıqla bağlı sualları cavablandırarkən Oqtay müəllim bunları söylədi: «Hər bir kəsin bir sevimli bəstəkarı olur. Mənim də ən sevimli bəstəkarım Bizedir. «Karmen» məni bəstəkar elədi. Baxmayaraq ki, mən klassikləri sevmişəm, lakin heç kəsi təqlid etməmişəm. Bəstəkarın öz siması olmalıdır. Məsələn, mənim triomya «Şənlən, mənim xalqım» üverturası səslənərkən deyirlər ki, bu, Oqtaydır. Heç kimə bənzəməmək yaradıcılıqda əsas şərtlərdən biridir. Hər bəstəkarın öz mətbəxi var. İri formalı əsərlər yazarkən etalon kimi hər hansı bəstəkarı seçməyi qətiyyən düzgün hesab etmirəm. Mən əsərlərimi əsasən piano arxasında işləyirəm və bunu düzgün hesab edirəm. Pianosuz işləyənlər də çoxdur. Ancaq əvvəl-axır piano ilə uyğunlaşdırmaq, yoxlamaq lazım gəlir. Tələbəlik illərində Q.Qarayev bizə İ.Stravinskiyə, Prokofyevə, Motsarta, Bethovenə qulaq asmağı tövsiyə edirdi. Onların musiqi üslublarını bilirəm. Lakin bu dövr çoxdan arxada qalıb və mənə lazım olan müəyyən «baqaj» (və ya sandıqça) artıq dolub».

   Bəstəkar yüzdən çox uşaq mahnısının sözlərini də özü yazıb. (Bax; O.Zülfüqarov «Oxuyur Aysel», Bakı, 2007).

   Bəstəkar bir çox tanınmış şairlərin şeirlərində məharətlə düzəlişlər də edib.

   Sənətkarın yeni yazdığı 2¹-li simfoniya yaxın günlərdə filarmoniyamızın səhnəsində səslənəcək. Bu barədə isə müəllif söylədi ki, əsəri 2 ay müddətinə intensiv işləməklə yazıb tamamlayıb. Simfoniya 4 hissəlidir. Partitura kompyuterlə səliqə ilə yığılıb, ifa üçün hazırdır. Sovet dövrünə xas olan not köçürmələri artıq tələb olunmur.

   80 yaşınız mübarək, maestro. Saçınız ağarsa da, sizin qəlbiniz yaradıcılıq eşqiylə doludur. Sənət ilhamınız, duyğularla dolu enerjiniz çağlayan, tükənməz, çoşqun dağ çayına bənzəyir. Oqtay müəllim xoşbəxt bəstəkardır ki, onu uşaqlar öz valideynləri, valideynlər isə öz övladları qədər sevirlər.

  

   Şahin Qarayev

 

Mədəniyyət. - 2009.- 10 iyun.- S. 11.