Məqsəd - təhsilin keyfiyyətini yüksəltməkdir
Təhsil sistemində aparılan islahatlar uşaq musiqi
və incəsənət məktəblərinin fəaliyyətinə
yeni vüsət vermişdir. Əsasən ötən əsrin
30-cu illərində yaradılmış bu məktəblər
gənclərin maariflənməsi, onların estetik tərbiyəsinin
təkmilləşdirilməsi, professional musiqiçilərin
hazırlanması istiqamətində səmərəli fəaliyyət
göstərir.
Bəs indi uşaq musiqi
və incəsənət məktəblərində təhsilin
keyfiyyəti necədir? Redaksiyamızda keçirilən «Dəyirmi
masa» söhbəti də bu mövzuya həsr olunmuşdur. Söhbətdə
4 saylı Uşaq İncəsənət Məktəbinin
direktoru Səadət Eminova, 15 saylı Uşaq Musiqi Məktəbinin
direktoru Nadir Babayev, 3 saylı Uşaq İncəsənət Məktəbinin
direktoru Dəyanət Quliyev, 7 saylı Uşaq Musiqi Məktəbinin
direktoru Mehriban Rüstəmova, 6 saylı Uşaq Musiqi Məktəbinin
direktoru Validə İsgəndərova iştirak edirlər. Onlar
təhsilin keyfiyyətinin yüksəldilməsi yollarından
söhbət açırlar.
Səadət Eminova: -
Bizim uşaq incəsənət məktəbi Buzovna qəsəbəsində
yerləşir. Məktəbdə fortepiano, xalq
çalğı alətləri, nəzəriyyə
şöbələri, rəsm və rəqs sinifləri fəaliyyət
göstərir. 303 nəfər şagirdin təhsili ilə 62
nəfər müəllim məşğul olur. Qeyd etmək
istəyirəm ki, təhsilin keyfiyyətinin yüksəldilməsində
başqa amillərlə yanaşı, rahat və əlverişli
binanın olması da vacib şərtdir.
Hamıya məlumdur ki,
son illərdə Heydər Əliyev Fondunun, şəxsən
fondun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə təhsil ocaqları üçün yeni binalar inşa
olunur, mövcud binalar isə əsaslı təmir edilir. Bu il
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən bizim məktəbin binası əsaslı
şəkildə təmir edilmiş, yenidən qurulmuşdur. Burada
məşğələlərin yüksək səviyyədə
keçirilməsi üçün lazımi şərait
yaradılmışdır. Buna görə də nazirliyə dərin
minnətdarlığımızı bildiririk.
Respublika miqyasında
keçirilən festival və müsabiqələrdə, həmçinin
Buzovna qəsəbəsində keçirilən mədəni-kütləvi
tədbirlərdə şagirdlərimiz müvəffəqiyyətlə
çıxış edir, mükafatlara, diplomlara, fəxri fərmanlara
layiq görülürlər.…
Müxbir: - Səadət
xanım, dərslərin keyfiyyətinə mane olan cəhətlər
varmı?
- Bilirsiniz, dünya
standartları səviyyəsində qurulan təhsilin
özündə də nöqsan tapmaq olar. Bizdə çatışmayan cəhətlər
mövcuddur. İstismar müddətini başa vurmuş musiqi
alətlərini, xüsusilə piano və royalları dəyişdirməliyik.
Yeni dərsliklərin, müntəxabatların nəşrinə,
müxtəlif musiqi cihazlarına ehtiyac var. Bundan başqa,
müxtəlif musiqi materiallarından ibarət disklər dərsin
maraqlı və məzmunlu keçməsinə böyük
kömək edər… Düşünürəm ki,
bütün bunları da əldə edəcəyik.
Nadir Babayev: - Artıq 15 ildir ki,
15 saylı Uşaq Musiqi Məktəbinə rəhbərlik
edirəm. Bu illər ərzində məktəbimiz
bir sıra nailiyyətlər əldə etmiş, qabaqcıl təhsil
ocaqlarının siyahısına düşmüşdür.
Şagirdlərimiz respublika üzrə keçirilən
bütün festival və müsabiqələrdə uğurla
çıxış edir, yüksək mükafatlara layiq
görülürlər. Son vaxtlarda
qazandığımız nailiyyətlər haqqında bir
neçə fakt söyləmək istəyirəm. 1998-1999-cu
illərdə dünya şöhrətli bəstəkarımız
Qara Qarayevin yubileyi ilə əlaqədar Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsi tərəfindən
keçirilən fortepiano ufaçıları müsabiqəsində
məktəbimizin III sinif şagirdi Səriyyə İsayeva
III dərəcəli diplomla, IV sinif şagirdi Şəhla Məcidova
fəxri fərmanla mükafatlandırılmışdır.
Keçən il ulu öndər Heydər Əliyevin anadan
olmasının 85 illiyinə həsr olunmuş respublika
müsabiqəsində trombon ixtisası üzrə Tural
Tağıyev I yerə, skripka ixtisası üzrə Əli Əsgərov
IV yerə layiq görülmüş və
mükafatlandırılmışlar.
Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən
uşaq musiqi və incəsənət məktəblərinin
I Respublika müsabiqəsində məktəbimiz yüksək
professional səviyyədə şagirdlər
hazırladığına görə I dərəcəli
diploma layq görülmüşdür...
Müxbir: - Nadir müəllim,
təhsilin keyfiyyətini yüksəltmək üçün
təklifləriniz varmı?
- Təkliflərim
çoxdur. Onlardan ikisini söyləyim. Xalq çalğı
alətləri şöbəsində uşaqlara
yaşlarından asılı olmayaraq 5 il təhsil müddəti müəyyən
olunmuşdur. İstərdik ki, fortepiano şöbəsində
olduğu kimi xalq çalğı alətləri şöbəsində
oxuyan uşaqlar da iki yerə bölünsünlər. 7-9
yaşlılar - 7 illik, 10-13 yaşlılar isə 5 illik təhsil
almaq imkanı əldə etsinlər.
İstərdim ki, musiqi
məktəblərinin şagirdləri Simfonik Orkestrin
müşayiəti ilə çıxış etsinlər. Şagirdlərin
professional dirijor və peşəkar musiqiçilərlə
birlikdə çıxış etmələri onların məsuliyyət
hissini artırar, bu da tədrisin keyfiyyətinə müsbət
təsir göstərər.
Dəyanət Quliyev: - Fəaliyyətimizdə
ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
təhsil konsepsiyasının müddəalarını əsas
götürürük. Bu istiqamətdə islahatların
uğurla aparılması, perspektiv proqramlar çərçivəsində
intensiv səy göstərmək artıq öz müsbət
nəticələrini verməkdədir.
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
keçirilən müsabiqələr, festivallar və sərgilər
uşaq musiqi və incəsənət məktəbləri
şagirdlərinin mənəvi inkişafına, onların
istedadlı gənclər kimi yetişməsinə
böyük kömək edir.
Gələcəyin məktəb
modeli təhsilin variantlığı prinsipinə əsaslanır.
«Təhsil mühiti» deyilən bir anlayış var. Pedaqoji
prosesin uğuru, pedaqoji tərkibin peşəkarlığı,
eyni zamanda təhsil mühitinin keyfiyyətindən çox
asılıdır. Şəxsiyyətin formalaşmasında
mühitin birinci dərəcəli əhəmiyyəti
vardır. Məhz əhatə və təsir dairəsi
insanı və onun daxili aləmini yaradır. Daha səmərəli
təhsil mühitinin yaradılmasında pedaqoji kollektivlərin
üzərinə məsuliyyətli vəzifələr
düşür.
Gələcəyin məktəbi
də bir orqanizmdir ki, onun mərkəzində kiçik
uşaqların böyük dünyada gerçəklənməsi
təmin olunur. Peşəkar müəllimlərin bilik və
təcrübəsi, həmçinin təhsil mühiti bu məqsədə
xidmət edir.
Mehriban Rüstəmova:
- Mənim deyəcəyim bəzi fikirləri Dəyanət
müəllim ətraflı şərh etdi. Ona görə də mən fikrimi
qısaca ifadə etmək istəyirəm. Pedaqoji kollektimizin əsas
məqsədi tədrisin keyfiyyətini yüksəltmək və
istedadlı gənclər yetişdirməkdir. Bunun
üçün müasir mütərəqqi iş
üsullarından istifadə edir, işimizə məsuliyyət
hissi ilə yanaşırıq. Təhsildə uğurlar
qazanmaq üçün Mədəniyyət və Turizm
Nazirliyi, Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsi bizim üçün lazımi şərait
yaratmışlar. Elə qazandığımız nailiyyətlər
də bununla bağlıdır.
Məktəbimizin
şagirdləri Orxan Tağızadə «Gənc musiqiçilər
təhlil və ifa edir» müsabiqəsinin, Ülviyyə Məmmədova
xalq çalğı alətləri üzrə respublika
müsabiqələrinin diplomuna layiq görülmüşlər.
Aydan Rüstəmova
Rusiya Federasiyasının Soçi şəhərində
keçirilən VII «Kinotavrik» Beynəlxalq Uşaq İncəsənət
Festivanlında vakol-solo nominasiyası üzrə II dərəcəli
diploma layiq görülmüşdür. O, həm də YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın dəstəyi ilə Fransada və
Belçikada keçirilən «Azərbaycanın xoşməramlı
mələkləri» konsert proqramında Dövlət Gənclər
Simfonik Orkestrinin solisti kimi uğurla çıxış
etmişdir.
Məktəbin xor
kollektivi bu ilin aprel ayında Uşaq xor kollektivlərinin VI
Respublika müsabiqəsində fəxri fərmana layiq
görülmüşdür.
Onu da qeyd edim ki, xalq
çalğı alətləri üzrə Respublika
müsabiqəsinə yüksək səviyyəli şagird
hazırlığına görə məktəbimiz Mədəniyyət
və Turizm Nazirliyinin fəxri fərmanını alıb. Məktəbin
fortepiano ixtisası üzrə müəllimi Kamilla Əmirova
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsi tərəfindən «Ən yaxşı müəllim»
adlandırılmış, ona fəxri fərman təqdim
olunmuşdur.
Müxbir: - Mehriban
xanım, təklifiniz yoxdur ki?
- Bir təklifim var. Məktəbin
ümumi sahəsi 1500 kv.m olan inzibati binası bu təhsil
ocağının 2 illik təhsil ocağına çevrilməsinə
imkan yaradır. Düşünəm ki, 11 illik təhsil
bazası üçün bizim potensial gücümüz
vardır.
Validə İsgəndərova:
- Təhsilin keyfiyyəti ən əvvəl müəllimdən
asılıdır. Gərək
uşaqların musiqi, yaradıcılıq təhsili ilə məşğul
olan müəllim pedaqoji və psixoloji amilləri, fərdi
yanaşma prinsiplərini yaxşı bilsin, uşaqların
ürəyini oxumağı bacarsın. Tərif kimi qəbul
etməyin, qeyd etməliyəm ki, bizim məktəbdə belə
işgüzar müəllimlər çoxdur. Məhz
onların səyi ilə uşaqların təhsilində, tərbiyəsində
müvəffəqiyyətlər qazanırıq. Uşaq musiqi
və incəsənət məktəbləri xor kollektivlərinin
IV Respublika müsabiqəsində uğurlu
çıxışına görə məktəbimizin
müəllimi Məlahət Məmmədova fəxri fərmana
layiq görülmüşdür. Fortepianoda müşayiət
ifaçılığına baxışa yüksək səviyyədə
şagirdlər hazırladığına görə müəllimimiz
Elmira Balayeva Mədəniyyət və Turizm Nazirliyinin fəxri
fərmanını almışdır.
Bizdə gənc müəllimlərin
peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə
onları təcrübəli müəllimlərin hamiliyinə
veririk. Bu təcrübə
müsbət nəticə verir.
Müəllimlərimizin
gərgin səyi şagirdlərin musiqi təhsilinin keyfiyyətinin
yaxşılaşdırılmasına xidmət edir. Bizdə də istedadlı
uşaqlar çoxdur. Gənc pianoçuların respublika
müsabiqəsində çıxış edən VI sinif
şagirdi Tofiq Şəkinski, III sinif şagirdi İnarə -
Sermin Əsədova diplomlarla təltif olunmuşlar.
Bir məsələni də deyim.
Məktəbimizdə görkəmli sənətkarlarla tez-tez
görüşlər keçirilir. Bu da böyük
marağa səbəb olur, təhsilin keyfiyyətinin yüksəldilməsində
böyük əhəmiyyət kəsb edir. Bu il may ayında
SSRİ xalq artisti, respublikanın xalq artisti, Dövlət
mükafatı laureatı, akademik Arif Məlikovla
görüş böyük maraq doğurdu. Həmin
görüşdə bəstəkarın əsərləri
müəllimlər və şagirdlər tərəfindən
ifa olundu. Görüş böyük sənətkara,
müəllim və şagird kollektivinə xoş əhval-ruhiyyə
bağışladı. Tanınmış sənətkarlar Fərhad
Bədəlbəyli, Əziz Əzizli, Tofiq Bakıxanov,
Süleyman Ələsgərov, Azər Dadaşov və
başqaları ilə təşkil olunan görüşlər
böyük maraq doğurmuşdur.
Müxbir: - Validə
xanım, bir təcrübəli pedaqoq kimi uşaq musiqi və
incəsənət məktəblərində təhsilin səviyyəsini
daha da yüksəltmək, dünya standartları səviyyəsinə
çatmaq üçün hansı təklifləriniz var?
- Təkliflərim çoxdur. Əvvəla, Bakı Musiqi Akademiyasının, Milli
Konservatoriyanın nəzdindəki Musiqi Kollecinin və
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
professor və müəllimlərinin açıq dərslərinin
videoyazılarını musiqi məktəblərində
nümayiş etdirmək ümumi işimizə fayda verə
bilər. Müəllimlərin ixtisaslarının ildən-ilə
təkmilləşdirilməsi, onların İnternet vasitəsilə
qabaqcıl metodlara yiyələnmələri, ustad dərslərinin
keçirilməsi vacibdir.
Keyfiyyətli not ədəbiyyatının
nəşri, uşaqların bədii-intellektual səviyyəsinin,
bədii nitqinin yüksəldilməsi, klassik musiqiyə
geniş yer verilməsi, telekanallarda uşaqların tez-tez
çıxışlarının təşkili ön plana
çəkilməlidir.
Sözardı: «Dəyirmi
masa» iştirakçılarının ümumi fikrinə
görə, musiqi və incəsənət məktəblərində
tədris olunan hər bir fənn ixtisas fənni qədər əhəmiyyət
daşıyır, burada birinci və ikinci dərəcəli fənn
ola bilməz. Məşğələlər
zamanı şagirdlərə sərbəstlik verilməlidir.
Uşaqlar ifa etdikləri əsərləri özləri
duyduqları, hiss etdikləri kimi, başqa sözlə, öz
dəsti-xətləri ilə təqdim etməlidirlər.
Müəllim
uşaqlara müəlliflərin əsərlərinin mahiyyəti,
texniki və musiqi üsulları barədə düzgün
izahat verməlidir. «Musiqi fonetikası» otağının
yaradılması vacibdir.
Maraqlı bir cəhət
də vurğulandı. Musiqi məktəblərində şagirdlərə bir il
«Xalq yaradıcılığı» fənni tədris olunur. Bu
isə yetərli deyildir. Yaxşı olar ki, qeyri-milli musiqi alətləri
üzrə (fortepiano, skripka, violençel, gitara və s.) təhsil
alan şagirdlərə də muğam dərsləri tədris
olunsun. Gənc istedadlar gələcəkdə yaradacaqları əsərləri
milli musiqimizin bünövrəsi üzərində
yaratsınlar.
Söhbəti qələmə aldı:
Canalı Mirzəliyev
Redaksiyadan:
Əziz oxucu! İllər uzunu qəzet səhifələrində
imzasını gördüyünüz təcrübəli
jurnalist, neçə-neçə bədii və sənədli
kitabın müəllifi və qəzetimizin əməkdaşı
Canalı Mirzəliyevin bu yazısı, çox təəssüf
ki, sonuncu oldu. Vaxtsız əcəl onu
sıralarımızdan ayırdı. Ancaq bizə təsəlli
verən odur ki, Canalı müəllim adı, imzası mətbuat
tariximizdə yaşayacaq.
Mədəniyyət.- 2009.- 10 iyun.- S. 10-11.