26 Bakı Komissarı
haqqında əsl həqiqətlər
Film arxiv materialları əsasında çəkilib
İyunun 5-də Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) Tədris
Teatrında "Əfsanənin əks üzü"
seriyasından "26 Bakı Komissarı" sənədli filminin təqdimatı keçirildi.
Rusiyanın "Studiya Kinoprodukt"
şirkətinin istehsal etdiyi
sənədli filmin aparıcısı bu ölkənin məşhur kino
ulduzu Aleksandr Nosik, redaktoru Olqa Ditrixdir. Filmin rejissoru Roman Otrıba və operatoru
İvan Rozovdur. Ekran əsərinin elmi
ekspertləri Rusiyanın hərb tarixçiləri Dmitri Fost, Vyaçeslav
Zvyagintsevlə yanaşı, azərbaycanlı alim,
filologiya elmləri namizədi Asif Rüstəmlidir. Sənədli filmdə
26 Bakı Komissarı haqqında geniş
ictimaiyyətə bəlli olmayan faktlar iyirminci əsrin əvvəllərində
neft bumu yaşayan Bakının fonunda
tamaşaçılara təqdim olunub. Ekran əsərində başda
S.Şaumyan olmaqla, bolşevik cildinə girmiş
erməni daşnaklarının azərbaycanlılara
qarşı soyqırım aktı törətməsi
faktı öz əksini tapıb. Filmdə
elmi ekspert kimi çıxış edən A.Rüstəmli
kadrların birində erməni qatillərin Bakıda,
Şamaxıda, Qubada silahsız və
günahsız insanları qəddarlıqla kütləvi
şəkildə qətlə yetirməsini xüsusilə
vurğulayıb. Sözügedən film
Moskvanın "Zvezda" telekanalında dörd dəfə, onlarla
regional telekanallarda,
yüzdən çox kabel
televiziyası xətti ilə Rusiyada nümayiş etdirilib.
Filmin çəkilişləri Moskvada, Türkmənistanda, Bakıda - Dənizkənarı
Bulvarda, İçərişəhərdə,
Şirvanşahlar Saray
Kompleksində, keçmiş "26-lar
bağı"nda, Bibiheybətdə və Məhəmmədi
kəndinin ərazisində yerləşən Yanardağda
aparılıb.
Filmin nümayişindən sonra çıxış edən ADMİU-nun prorektoru Rafiq Sadıqov A.Rüstəmlinin Azərbaycan tarixinin qaranlıq səhifələri ilə
bağlı maraqlı araşdırmalar apararaq,
bir sıra ciddi
faktları ortaya
çıxardığını söylədi. Filmin tarixi əhəmiyyətindən
danışan prorektor belə ekran əsərlərinin ictimai
əhəmiyyətini, təkrar-təkrar nümayişinin
vacibliyini vurğulayıb.
Kulturoloq Fatimat Məmmədova, filologiya elmləri doktoru İslam Ağayev, tarix elmləri namizədi Şöhrət
İsmayılov və başqaları filmdə Bakı komissarlarının
fəaliyyəti, o cümlədən
soyqırıma məruz qalan
soydaşlarımızın məhvində əsas rol oynamış Şaumyan
haqqında maraqlı faktların əks olunmasını
yüksək qiymətləndirdilər. Filmin
həm tarixi-ictimai proseslərə diqqət
yönəltməsi, həm də geniş
tamaşaçı marağı cəlb etməsi
baxımından uğurlu
alındığını bildirdilər.
Sonda çıxış edən
A.Rüstəmli filmin arxiv
materialları əsasında çəkilərək, həqiqətlərin
ekran təcəssümü kimi ərsəyə gəldiyini bildirib: "Bu
ekran əsəri bəlkə də ermənilərin
azərbaycanlılara qarşı soyqırım törətdiklərini
təsdiq edən və Rusiya məkanında
geniş auditoriyaya
çatdıran ilk sənədli filmdir. Şaumyanın Azərbaycan xalqına
qarşı qəddarlığı, çox
ağır cinayətlər törətməsi filmdə
önə çəkilib. Güman
edirəm ki, soydaşlarımıza
qarşı ötən əsrin əvvəllərində
törədilən mart
qırğınının dünya
ictimaiyyətinə çatdırılmasında bu filmin böyük
əhəmiyyəti olacaq". A.Rüstəmli
"Əfsanənin əks üzü"
seriyasından çəkilən bütün
filmlərin, o cümlədən də
"26 Bakı Komissarı"nın Rusiyada
maraqla izləndiyini qeyd
edərək, Azərbaycanda da filmin rəğbətlə
qarşılanacağına əminliyini bildirdi.
İntiqam
Mədəniyyət. - 2009.- 10 iyun.- S. 9.