26 Bakı Komissarı
haqqında əsl həqiqətlər
Film arxiv materialları əsasında
çəkilib
İyunun 5-də Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) Tədris Teatrında "Əfsanənin
əks üzü" seriyasından "26 Bakı
Komissarı" sənədli filminin təqdimatı
keçirildi. Rusiyanın
"Studiya Kinoprodukt"
şirkətinin istehsal
etdiyi sənədli filmin aparıcısı bu ölkənin məşhur kino ulduzu Aleksandr Nosik, redaktoru Olqa Ditrixdir. Filmin rejissoru Roman Otrıba və operatoru İvan Rozovdur. Ekran əsərinin elmi ekspertləri Rusiyanın hərb tarixçiləri Dmitri Fost, Vyaçeslav Zvyagintsevlə yanaşı,
azərbaycanlı alim,
filologiya elmləri namizədi Asif Rüstəmlidir. Sənədli
filmdə 26 Bakı Komissarı haqqında geniş ictimaiyyətə
bəlli olmayan faktlar iyirminci əsrin əvvəllərində
neft bumu yaşayan Bakının fonunda tamaşaçılara
təqdim olunub. Ekran əsərində başda S.Şaumyan olmaqla, bolşevik cildinə girmiş erməni daşnaklarının
azərbaycanlılara qarşı
soyqırım aktı
törətməsi faktı
öz əksini tapıb. Filmdə elmi ekspert kimi
çıxış edən
A.Rüstəmli kadrların
birində erməni qatillərin Bakıda, Şamaxıda, Qubada silahsız və günahsız insanları
qəddarlıqla kütləvi
şəkildə qətlə
yetirməsini xüsusilə
vurğulayıb. Sözügedən
film Moskvanın "Zvezda" telekanalında dörd dəfə, onlarla regional telekanallarda, yüzdən çox kabel televiziyası xətti ilə Rusiyada nümayiş etdirilib.
Filmin çəkilişləri
Moskvada, Türkmənistanda, Bakıda - Dənizkənarı
Bulvarda, İçərişəhərdə,
Şirvanşahlar Saray Kompleksində, keçmiş "26-lar
bağı"nda, Bibiheybətdə və Məhəmmədi
kəndinin ərazisində yerləşən Yanardağda
aparılıb.
Filmin nümayişindən
sonra çıxış edən ADMİU-nun prorektoru Rafiq
Sadıqov A.Rüstəmlinin Azərbaycan tarixinin qaranlıq səhifələri
ilə bağlı maraqlı araşdırmalar apararaq, bir
sıra ciddi faktları ortaya
çıxardığını söylədi. Filmin tarixi əhəmiyyətindən
danışan prorektor belə ekran əsərlərinin ictimai əhəmiyyətini,
təkrar-təkrar nümayişinin vacibliyini vurğulayıb.
Kulturoloq Fatimat Məmmədova,
filologiya elmləri doktoru İslam Ağayev, tarix elmləri namizədi
Şöhrət İsmayılov və başqaları filmdə
Bakı komissarlarının fəaliyyəti, o cümlədən
soyqırıma məruz qalan soydaşlarımızın məhvində
əsas rol oynamış Şaumyan haqqında maraqlı
faktların əks olunmasını yüksək qiymətləndirdilər.
Filmin həm tarixi-ictimai proseslərə diqqət yönəltməsi,
həm də geniş tamaşaçı marağı cəlb
etməsi baxımından uğurlu
alındığını bildirdilər.
Sonda
çıxış edən A.Rüstəmli filmin arxiv
materialları əsasında çəkilərək, həqiqətlərin
ekran təcəssümü kimi ərsəyə gəldiyini
bildirib: "Bu ekran əsəri bəlkə də ermənilərin
azərbaycanlılara qarşı soyqırım törətdiklərini
təsdiq edən və Rusiya məkanında geniş
auditoriyaya çatdıran ilk sənədli filmdir. Şaumyanın Azərbaycan
xalqına qarşı
qəddarlığı, çox
ağır cinayətlər
törətməsi filmdə
önə çəkilib.
Güman edirəm ki, soydaşlarımıza
qarşı ötən
əsrin əvvəllərində
törədilən mart
qırğınının dünya ictimaiyyətinə
çatdırılmasında bu filmin böyük
əhəmiyyəti olacaq".
A.Rüstəmli "Əfsanənin
əks üzü"
seriyasından çəkilən
bütün filmlərin,
o cümlədən də "26 Bakı Komissarı"nın Rusiyada maraqla izləndiyini qeyd edərək, Azərbaycanda
da filmin rəğbətlə qarşılanacağına
əminliyini bildirdi.
İntiqam
Mədəniyyət.- 2009.- 10 iyun.- S. 9.