Kinomuzun ən
böyük problemi dramaturgiyadır
Kamran Qasımov:
““Bakıfilm” studiyası çalışır ki, həm
Azərbaycan dövlətinin, həm ANS-in, ümumən milli
kinomuzun tələbinə uyğun işləsin”
İxtisasca rejissor olan və
bu yaxınlarda ANS Şirkətlər Qrupunun rəhbəri tərəfindən
“Bakıfilm” studiyasına baş direktor təyin olunan Kamran
Qasımov studiyada yeni layihələr üzərində iş
getdiyini bildirir. Qeyd edək ki, 4 ilə yaxın
Kinematoqrafçılar İttifaqında
çalışdıqdan sonra bir müddət ANS
televiziyasında baş redaktor işləyib. Kamran Qasımovla
görüşüb “Bakıfilm” studiyasının layihələri
və gənc kinematoqrafçıların bugünkü
işləri barədə söhbət etdik.
- İxtisasca rejissor
olsanız da, imzanıza daha çox ssenariləriniz əsasında
çəkilən müxtəlif filmlərdə rast gəlmək
mümkündür.
- Yazıçı
Anarın “Vahimə” hekayəsi əsasında “Tilsim” ssenarisini
yazdım. 2004-cü ildə bu ssenarini tammetrajlı videofilm
formatında ekranlaşdırdım. Film 2008-ci ildə bir neçə dəfə “Xəzər”
TV-də nümayiş
olundu. Ardınca “Mozalan” studiyasında “Dəyərli kitab” adlı süjet çəkdim. Ssenarilərim
əsasında çəkilən
filmlərin quruluş
verdiyim filmlərdən
çox olması ilə razıyam. “Qrinviç meridianından
kənarda” adlı ssenarim Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu
ekran-2006” müsabiqəsinə “Yeni dalğa” prodüser mərkəzi tərəfindən təqdim
edildi. İlk dəfə keçirilən
bu müsabiqədə
üç qalib ssenari arasında “Qrinviç meridianından
kənar”ın da adı var
idi. Filmin rejissoru Yusif Quliyev idi. Düzü,
filmdə rejissor ssenaristin fikrindən kənara çıxmışdı.
Rejissor işi baxımından filmi bəyənmədim. Həmin
filmdə ən çox nəzərə çarpan bədii rəhbər tərəfindən
edilən diktə idi. Sonra işimi
ANS-də davam etdirdim. İlk olaraq “Bakıfilm” studiyasında istehsal olunan “Qızlar” serialının ssenarisini yazdım. Müəyyən
səbəblərdən 20 seriyasından 6-sı çəkildi. “Qoç döyüşü” serialının
6-11-ci seriyalarının ssenarilərini
də yazmışam.
Serial bu yaxınlarda efirə çıxacaq. Tahir Salahovun atası, repressiya qurbanı olmuş Teymur Salahov haqqında “Zülmətli işıq”
sənədlı filmini
çəkdim. Film
ANS televiziyasında çəkilməsinə
baxmayaraq, sırf sənədli kino formatında lentə alındı. Bir çox televiziya proyektlərinin (“Qışlama
əməliyyatı”,”Yatmış
gözəl” və s.) ssenarı müəllıfi və prodüseri olmuşam. Azərbaycan Cümhuriyyətinə
həsr olunmuş “23 ay” kino-roman kitabının da müəllifiyəm.
- “Bakıfilm”
studiyasında hazırda hansı proyektlər üzərində
işlər gedir, yəni siz bura baş direktor təyin
olunduqdan sonra?
- “Bakıfilm”
studiyası 2007-ci ilin
iyununda ANS-in tərkibində
yaradılıb. Bu iki
ildə studiyada “Seçilən”, “Bulağıstan”
bədii filmləri, “Qızlar”, “Qoç döyüşü” serialları
və bir çox sənədli filmlər istehsal olunub. “Bulağıstan” filmini festivallara təqdim etmək fikrindəyik. Bu yaxınlarda
Qarabağ haqqında tammetrajlı bədii filmin istehsalına start verəcəyik. Hələlik
bu proyekt barəsində tam məlumat
verə bilmərəm.
Ümumiyyətlə, “Bakıfilm”
studiyası Qarabağ
və vətənpərvərlik
mövzusuna xüsusi diqqət yetirir və əsas işini bu istiqamətdə
qurur.
- Filmlərin dövlət
sifarişi ilə prodüser mərkəzlərinə verilməsindən
artıq 4-5 il keçir. Amma hələ də Azərbaycanda prodüser kinosu yoxdur.
- Mədəniyyət və
Turizm Nazirliyinin prodüser mərkəzləri ilə işə
başlayarkən Kinematoqrafçılar İttifaqinda işləyirdim.
Hələ o zaman
prodüser mərkəzləri
və prodüser kinosu barədə informasiyaları “Kino+” qəzeti
ilk olaraq Azərbaycanda
geniş şəkildə
gündəmə gətirmişdi.
Haqlı olaraq bu qəzet bildirirdi
ki, artıq köhnə çərçivələrdən
çıxmaq lazımdır.
Çünki “Azərbaycanfilm”
kinostudiyası istehsalçı
təşkilat olaraq əslində fabrik rolunu oynayır. Bilıdiyimiz kimi, filmin əsas mərhələlərindən biri çəkilib hazır olduqdan sonra başlayır. Bu mərhələyə “Azərbaycanfilm”
kinostudiyası cavabdeh
olmur. Digər tərəfdən isə çox təəssüf
ki, hazırda bizdə icraçı prodüserləri prodüser
kimi qələmə verirlər. Amma tam demək olmaz ki, filmlərin prodüser mərkəzlərinə
verilməsi prosesi özünü doğrultmadı.
Sadəcə, bu missiyanı müəyyən
mənada yerinə yetirən və yetirməyən prodüser
mərkəzləri də
var. Bu yaxınlarda filmlərimiz
“Oskar” və “Kann” festivallarına təqdim olundu. Təqdimatın özü də böyük irəliləyişdir.
Deməli, təqdim etmək üçün məhsul var. Özəl sektorları kino sahəsinə cəlb etmək lazımdır. Bu
gün özəl sektorun kinoya marağı yoxdur. Çünki filmlərin əsas gəlir mənbəyi sayılan müasir kinoteatrlarımız
yoxdur. Məncə, özəl sektorlar kinoteatrlar inşa etsələr, kinonun nə qədər gəlirli sahə olduğunun şahidi olarlar. Deməli, bu gün dövlət
kinonun üstündən
əlini götürsə
vəziyyət 90-cı illərin
əvvəllərindəki kimi olacaq. İstehsalat
sıradan çıxacaq,
kino adamlarının vəziyyəti ağırlaşacaq.
Fakt göstərir ki, kinomuz dirçələnə
qədər dövlətin
himayəsində olmalıdır.
Paralel olaraq özəl sektoru kino sahəsinə cəlb etməliyik. Bu gün niyə yeni çəkilən Azərbaycan filmləri DVD
formatında satışa
çıxarılmır? Filmlərimiz
keyfiyyətindən asılı
olmayaraq DVD-də buraxılmalıdır.
- Artıq gənclər
müxtəlif prodakşnlarda işləməklə
yanaşı, onların bir çoxu öz
prodakşnlarını təsis ediblər. Yəni imkanlar genişlənməkdədir. Belə
olduğu halda, bu gün gənc
kinematoqrafçılarımızın aktual problemləri nədən ibarətdir?
- Əslində bir neçə il bundan əvvəl güclü aktual problemlər mövcud idi. İndi də problemlər var. Yaradıcı mühit bir az fərqlidir.
Bəzilərinin əlində
maraqlı ssenariləri
var, amma həyata keçirə bilmirlərlər. Yaxud da çəkdiyi filmləri istədiyi kimi ekranlaşdıra bilmir. İndi gənclərin kinoya gəlməsi üçün
heç bir maneə yoxdur. Misalı elə özümdən gətirim.
“Tilsim”i çəkəndə
ən böyük problemim maliyyə idi. Burdan belə
bir nəticə çıxır ki, bu gün gənclərin
ən böyük problemi maliyyə ilə bağlıdır.
Bunun üçün
də prodüser kinosu yaranmalıdır.
Kino biznesə, gəlir
sahəsinə çevrilməlidir.
Bundan sonra festival filmləri istehsalına başlamaq olar. Bütün mərhələləri
ardıcılıqla keçməliyik.
- Söhbət maliyyədən
gedirsə, Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi “Bu
meydan, bu ekran” müsabiqəsi ilə gənclərin kino sahəsində işləməsi üçün
şərait yaradılmışdı.
Amma 3 il keçirilən müsabiqədə
sübut olundu ki, problem təkcə maliyyədə deyil. Sən demə, ən böyük problem mövzu seçimində,
ssenaridə, yəni dramaturgiyadadır.
- Azərbaycan kinosunun ən
böyük problemlərinin dramaturgiyada olması ilə
razılaşmaq olar. Ola bilər ki, hər kəs
öz yazdığı
dramaturgiyanı ideal bilsin.
Amma bu yolla
heç yerə getmək olmaz. İndi bəzi gənclər fəlsəfi
mövzulara meyl edirlər. Amma ortaya tamamilə başqa bir şey çıxır. Çünki sağ əllə sol qulağı
qaşımaq nə vaxtdan fəlsəfə sayılıb?! Elə sanırlar ki, tamaşaçının ekranda
anlamadığı fəlsəfədir,
psixologizmdir. Amma xeyr. Bu, sadəcə, dramaturgiyadan yaxa qurtarmaqdır. Film çəkmək
xatirinə maliyyəni
göyə sovurmaq düzgün deyil. Ssenari zəif oldusa, film heç vaxt alınmayacaq. Məncə, ən istedadlı rejissor belə bunun öhdəsindən gələ
bilməz. Amma bu gün Azərbaycanda
kino sahəsinə dövlət tərəfindən
göstərilən qayğını
yüksək qiymətləndirirəm.
Çünki prosesin getməsi özü bir dirçəlişdir.
İndi əsas məsələ kinonun biznesə çevrilməsidir.
Bunun üzərində
işləmək lazımdır.
Sadə bir mexanizmdir. Artıq dünyada bu sistem mövcuddur. Sadəcə tətbiq etmək lazımdır. Bizi çaşdıran sovet dönəmidir. Bundan qurtulmaq lazımdır. Kinoya biznes layihəsi kimi baxmağin məqamı gəlib çatıb. Gəlir və uğur gətirən ssenarilər
qəbul olunmalıdır.
İntiqam
Mədəniyyət.- 2009.- 10 iyun.- S. 9.