«SƏMA» dünyamızı gözəlləşdirir
Rəqs incəlik, zəriflikdir.
Hər rəqsin öz gözəlliyi, cazibəsi var. «Tərəkəmə»,
«Vağzalı», «Qıt-qılı», «Uzundərə»,
«İnnabı», «Mirzəyi», «Nəlbəki», «Naz eləmə»,
«Qaytağı», «Qazağı»… Onların hər biri
tariximizin, mədəniyyətimizin, incəsənətimizin
misilsiz sərvətidir. Bu rəqslərin hərəsi
özlüyündə bir aləmdir, sözsüz
danışıqdır. Burada dillər yox, musiqi və hərəkət,
plastika, əllər, ayaqlar, baxışlar hətta təbəssüm
də danışır. İllər keçir, nəsillər
dəyişir, minilliklərin o üzündən
süzülüb gələn rəqslərimizsə həmişəcavan
qalır. Rəqslərimizi yaşadan, onu həmişəcavan
saxlayan adlı -sanlı rəqs müəllimləri, indiki
cavanlar, onların ardıcılları uşaqlar, gənc
istedadlardır.
Ölkəmizdə
uşaq musiqi kollektivləri, rəqs ansamblları az deyil. Hərəsinin öz dəst-xətti, üslubu, seçim, təqdim imkanları var. Yeni nəsil
rəqs kollektivləri,
gənc ifaçılar
arasında Respublika Uşaq Təşkilatının
«Səma» rəqs ansamblının üstün
yeri var. Kollektivdə üç yaş qrupu üzrə 3 yaşından
17 yaşınadək uşaq-yüzə yaxın oğlan-qız rəqs sənətinin incəliklərini öyrənir.
Al-əlvan, yaraşıqlı, tikməli,
naxışlı rəqs
paltarlı, süslənib
sığallanan gözəl-göyçək qızların
hərəsi bir ətirli çiçəyə,
gülə bənzəyir.
Hərəsi bir ailədən,
ocaqdan gələn qızları, oğlanları
bir ünvanda- bir çəməndə,
çəmənzarda- Xətai
adına Mədəniyyət
Mərkəzində toplayan
uşaqlarla işləməyi
çox sevən, bilik və bacarığını
onlardan əsirgəməyən,
hər birinin nazını çəkən
rəqs müəllimi Səma Aslanovanın gözündə
bu qızlar dünyanın ən zərif, incə məxluqları, oğlanlar
ən igid, cəngavər cavanlarıdır.
Hələ siz «Səma»nın üzvlərini səhnədə,
sümük oynadan, könül dilləndirən
musiqi sədaları altında sıralanıb qanadlanan yerdə görəsiniz. Onda dünya bir qədər də gözəlləşir, həyat
bir az da
şirinləşir, uşaqlar
bir az da
bəxtəvər olurlar.
Gözlər süzülür,
baxışlar təbəssümlənir,
yanaqlar allanır, əllərin, ayaqların
sürətli hərəkəti
izlənilməz olur. Azərbaycan xalq rəqslərini, Avropa, Şərq, dünya xalqlarının rəqslərini ifasındakı
sonsuz coşquyla, məharətlə zənginləşdirən
«Səma»rəqs ansamblını Azərbaycanda
olduğu qədər
qardaş Türkiyə
Respublikasında da yaxşı tanıyırlar.
Hər il Rəşid Behbudov adına Mahnı Teatrında tamaşaçılar
qarşısında hesabat
konserti verən kollektiv Türkiyədəki
heyranları qarşısında
da eyni məsuliyyətlə
çıxış edir.
«Səma»nın
rəqqasları rəngarəng
rəqsləri, yeni quruluşlu rəqslərdən
ibarət repertuarı,
peşəkar çıxışlarıyla
hər il bütün dünya uşaqlarını bir araya gətirən 23 Nisan Uluslararası Çocuq Festivalının
tarixinə yeni, unudulmaz səhifələr
yazırlar.
Böyük Mustafa Kamal
Atatürkün tövsiyəsiylə keçirilən festival
dili, dini, hətta rəngi ayrı uşaqların timsalında
dünya xalqlarını bir-birinə yaxınlaşdırmaq,
doğmalaşdırmaq, Türkiyəni bütün dünyada
yetərincə tanıtmaq, sevdirmək məqsədi
daşıyır. Bu festival hər il təzə dostluq ünvanlarının
yaranmasına səbəb
olur, uşaqların həyatında ən gözəl, unudulmaz səhifələr açır.
Uşaqlar dostlaşan
yerdə sərhədlər
aradan götürülmüş,
dünya çoçuqların
gözündə bütövləşmiş,
tamlanmış olur. Azərbaycanda bu sayaq davamlı şəkildə beynəlxalq
uşaq festivallarının
keçirilməsinə ehtiyac
olduğunu xatırlatmaq
yerinə düşər.
Belədə Azərbaycanımızın
səsi-sədası bütün ellərə yayılar.
2000-ci ildə yaranan «Səma»
o zamandan bəri hər il 23 Nisan festivalına özəl dəvət
alır. İstanbulun konsert salonlarından «Səma»nın rəqsləri, bu rəqslərlə birgə
Azərbaycan musiqisi səslənir. Hər səfərdə sayı ilbəil çoxalan festival iştirakçıları
arasında Azərbaycanı
şərəflə təmsil
edən kollektiv öz uğurlarıyla seçilir, mükafatlar, hədiyyələr qazanır.
Bu səfərlər
«Səma»nın tarixində uğurlu addım, ifaçılar üçünsə unudulmaz
anlar deməkdir.
Kollektivin ifasında «Azərbaycan
süitası», «Yallı», «Tərəkəmə», «Naz eləmə»,
«Şənlik», «Şən qızlar, «Qıt-qılı» kimi
milli rəqslərimizlə yanaşı, müasir, dinamik rəqslər
baxılır, sevilir. Bu rəqslərlə «Səma»
çox uğurlara imza atıb. «Səma» rəqs ansamblı «İstedadlar sorağında» respublika rəqs müsabiqəsinin
fəxri mükafatçısı,
«Pöhrə» musiqi yarışmasının laureatıdır.
Bir neçə aydır ANS telekanalında
keçirilən «Yallı»
rəqs yarışmasında
da uğurla iştirak edir. Hər həftə yeni rəqslə tamaşaçılarının zövqünü oxşayır,
bunun qarşılığında
onların dəstəyini
qazanır. Kollektiv hələlik ən
böyük beynəlxalq
mükafatını Kiprdə
keçirilən «Dans»
festivalında qazanıb.
Çox ciddi tələbləri olan, bütün türk xalqlarının, Avropa dövlətlərinin nümayəndələrinin
qatıldığı beynəlxalq
festivalda iştirakın
özü fəxrdir,
o ki qala festivaldan mükafatla qayıdasan. «Səma» vaxtaşırı
Azərbaycanda fəaliyyət
göstərən səfirliklərə
dəvət alır. Belə görüş-konsertlərdən biri bu yaxınlarda Hindistan səfirliyində keçirilib. Dövlət
tədbirlərində, Bakı
Şəhər İcra
Hakimiyyətinin dəstəyi
ilə təşkil olunan konsertlərdə, Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin
keçirdiyi təbdirlərdə
«Səma» həmişə
ön sıralardadır.
Kollektivin tarixində önəmli hadisələrdən
biri «İlhamla irəli» klipinin çəkilişlərində iştirakıdır. Məhz «Səma»nın rəqqasə qızları öz gözəl rəqsləriylə
klipin uğurlu alınmasında müğənnilərə
yardım göstəriblər.
Əlbəttə, qazanılan
uğurların çoxluğu
gənc ifaçılarla
birgə kollektivin rəhbəri, rəqqasə
Səma Aslanovanın əməyinin bəhrəsidir. Səma müəllimə klassik rəqs məktəbinin ənənələrini yaşatmaqla,
uşaqlarda gözəl
duyğular aşılamağa,
onları bu duyğularla yaşamağı
öyrənməyə, insanlara
sevinc bəxş etməyə alışdırmağa
çalışır.
«Gözəlliyə dəyər
verməyi bacarmaq, insanlara xoş duyğular yaşatmaq
özü gözəllikdir». Bu, Səma müəllimənin
fikridir. Sonra o, sözünə davam edir: «Uşaqlar
hər evin, ailənin yaraşığı,
valideynin gözünün
işığı, ürəyinin
arzusudur. Hər kəs övladını sağlam, xoşbəxt görmək istəyir. Rəqs insana bu xoşbəxtliyi gətirir. Uşaqlar rəqsdən-rəqsə
dəyişir, kamilləşir,
bir qədər də gözəlləşirlər.
Rəqs onları düşünməyə, hərəkətlərini
tənzimləməyə, qamətli,
gözəl görünməyə
vadar edir. Rəqslə ən gözəl duyğuları
paylaşmaq olur. Rəqslərin quruluşunu
özüm işləyirəm,
süjetli rəqslərə
üstünlük veririk.
Çoxlu nağıl
rəqslərimiz var. Bu rəqslərə tamaşa edən uşaqlar, sanki musiqili nağıla tamaşa etmiş olurlar. Təzə rəqsləri son detallarına qədər işləməyincə səhnəyə
çıxmırıq. Bu
isə məsuliyyət
vərdişi yaradır.
Hər rəqsə uyğun zövqlə işlənmiş paltarlarımız
var, paltar rəqsi tamamlamalı, onu gözəlləşdirməlidir.
Modelyerimiz İradə
Hüseynova ilə birgə buna ayrıca önəm veririk. Bizim rəqs geyimlərimiz məhz uşaqlar üçün hazırlanır.
Rəqslərə, həm
də uşaqların
yaşlarına uyğun.
Bacarıqsız, qabiliyyətsiz
uşaq yoxdur, sadəcə, onların qəlbində gizlənən
duyğuları oyatmaq, uşaqlarla işləməyi bacarmaq,
musiqini, rəqsi sevdirmək gərəkdir. Bunun üçün
öncə uşaqları
sevmək gərəkdir.
Mən öz yetirmələrimlə işləməkdən
yorulmur, əməyimin
nəticəsindən zövq
alıram. Arzum ən yüksək səviyyəli professional rəqs məktəbi yaratmaqdır».
F.Qaziyeva
Mədəniyyət.- 2009.- 10 may.- S. 8.