Yaxın keçmişdən
uzaq gələcəyə
Qüdrətli şair-dramaturq, XX əsr Azərbaycan ədəbiyyatında
fəlsəfi romantizmin banisi, ədəbi tariximizdə
çox mühüm bir mərhələni təşkil edən
Hüseyn Cavidin adı təbii ki, hər bir azərbaycanlı
üçün əzizdir. Bugünlərdə ədibin böyüyüb
boya-başa çatdığı Naxçıvandakı
ev-muzeyinə baş çəkdik.
Öz zənginliyi və
emosional baxımlığı ilə seçilən
eksponatları - nostalji yaradan əşyaları, bəşəriyyətə
töhfə olan əsərlərinin əlyazmaları, fotolar
və sənədlərlə zəngin mənzildə gələcək
nəsillər üçün böyük bir mənəvi xəzinə
yatır.
1882-ci ilin 24
oktyabrında Şərqin qapısı qədim
Naxçıvanda Əlixan məhəlləsində
dünyaya göz açan şair cəmi 59 il
acılı-şirinli ömür yaşayıb. Acısı
çox olan bu ömrün bir hissəsi Təbrizdə,
İstanbulda, Tiflisdə, bir hissəsi isə Gəncədə,
Bakıda, sonu isə soyuq Sibirin ən ucqar yerində
keçib.
Bu qısa ömürdə
Cavid hər kəlməsi bir fəlsəfə olan elə
gözəl əsərlər yaratmışdır ki, onlar
böyük şairə dahilik, ölməzlik bəxş
etmişdir. Cavid yaradıcılığı təkcə
Türk dünyasının
deyil, bütün bəşərin əbədi
parlayan ulduzudur. Xalqımızın ümummilli
lideri Heydər Əliyevin dahi şairin irsinə verdiyi yüksək dəyərin təcəssümü
olan Hüseyn Cavidin Naxçıvandakı
ev-muzeyi 1981-ci ildə
yaradılıb. Burada Cavidin
həyat və fəaliyyətini əks etdirən müxtəlif fotoşəkillər, «Keçmiş
günlər», «Peyğəmbər»,
«İblis», «Uçurum»,
«Topal Teymur», «Şeyda», «Şeyx Sənan», «Səyavuş» əsərlərinin ilk nəşrləri, üzərində
müəllifin avtoqrafla,
professor Əli Sultanlının bacısı
Bətula xanımın
hədiyyə etdiyi «İblis» (1926-cı ildə nəşr olunub) və qardaşı qızı Rəna Rasizadəyə hədiyyə etdiyi «Səyavuş» (1943-cü ildə
nəşr olunub) əsərləri qorunur.
Nümunələr
arasında şairin müxtəlif teatrlarda tamaşaya
qoyulmuş əsərlərinin afişa və proqramları,
müxtəlif xatirə əşyaları, məktublar, ədibin
qızı Turan Cavid tərəfindən muzeyə hədiyyə
edilmiş «Knyaz» əsərinin əlyazması da var. Burada hər memorial muzeyə xarakterik olan şəxsi əşyalar da var. Bu sırada ailə şəkilləri, stolüstü
yazı dəsti, ədibin oğlu Ərtoğrul Cavidin hərbi xidmət illərində 1942-ci ilin fevralından 1943-cü ilin
oktyabrına qədər
Abxaziyadan, Tiflis hospitalından
və Naxçıvandan
Bakıya - anası Miskinaz xanım və bacısı Turan Cavidə yazdığı 71 ədəd
məktub da xüsusi yer alır. Onu da qeyd edək
ki, muzey ekspozisiyasında tanınmış
alimlər Məmmədcəfər
Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov, Yaşar Qarayev, İsa Həbibbəyli, Rəfayel
Hüseynov, Hüseyn İbrahimov, Azər Turan, Ənvər Uzun və başqalarının
muzeyə bağışladıqları
onlarla kitab, şair haqqında xatirələr də qorunur.
Ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə 1982-ci ildə
baş vermiş tarixi hadisə - Cavidin nəşinin Uzaq Sibirdən
Vətəninə gətirilməsindən sonra bu
sensasiyalı xəbər keçmiş Sovetlər Birliyində
Cavid irsinə marağı daha da artırdı. Elə o vaxtdən Cavidin ev
muzeyi Cavid sənəti pərəstişkarlarının,
bir növ yaradıcılıq və
tədqiqat mərkəzinə
çevrilmişdir. Yarandığı
gündən indiyədək,
«H. Cavid və teatrı», «H.Cavid və Naxçıvan teatrı», «H.Cavid-100», «H. Cavid-125» adlı səyyar sərgilər təşkil
olunmuş və muxtar respublikanın mədəni-maarif müəssisələrində
nümayiş etdirilmişdir.
Muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət
işçisi Bəhruz
Axundovla muzeyin sərgi salonunda söhbətimizi davam etdirdik. Ötən il Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Hüseyin Cavidin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncama
əsasən, ev muzeyinin əməkdaşlarının
səyi ilə sərgilər təşkil
olunmuş, ədəbi-bədii
gecələr, görüşlər,
disputlar, şeir müsabiqələri keçirilmişdir.
Ev muzeyində nəfis şəkildə
tərtib edilmiş 6 lövhədən ibarət
«Hüseyn Cavid-125» adlı
sərgi ötən ilin may ayında Türkiyənin İstanbul
şəhərində Yedditəpə
Universitetində, Cavid
Əfəndinin vaxtilə
təhsil aldığı
İstanbul Universitetində,
Türkiyənin Yazarlar
Birliyinin İstanbul şöbəsində nümayiş
etdirilmişdir.
Ümumilikdə Cavidin
ev-muzeyi yarandığı gündən daim başqa muzeylərlə
əlaqələr yaratmış və bu işi davam etdirməkdədir.
Böyük tamaşaçı marağına səbəb
olan Hüseyn Cavidin ev-muzeyi naxçıvanlıların ən
sevimli ünvanına çevrilmişdir.
Hüseyn Əliyev,
Naxçıvan
Mədəniyyət.- 2009.- 10 iyun.- S. 7.