142 kilometrlik reportaj

 

Heyran olmuŞAM AXI...

 

Paytaxt əhli üçün Şamaxının sadə bir ekzotikası var. Bu ekzotikanın heyranlığa gedib çatması bir az şəhərin, bir az adamın təbiətindən, bir az havadan, bir az əhvaldan, bir az küləkdən, bir az da fələkdən asılıdır. Şəhər kimi Şamaxının nəyi əskikdir axı? Qədimiliyi, yəni tarixi var, böyük şairləri var, özünəxas təbiəti, relyefi var, köhnə qaranlıq şərq koloritini xatırlamaq üçün tin-tikili az deyil, hələ qeybdən xəbər verən rəsədxanasına gəlib...

 

Bir zaman Şamaxı nəinki Azərbaycanın, bütöv Zaqafqaziyanın, hətta Şərqin ən qədim mədəni-tarixi mərkəzi olub. Hərçənd Şamaxı özəlliyini indi itirməyib. Odur ki, köhnə şamaxılılar dəstiri

«Pirdirəki pirivüz,

Biz sizin birivüz» -deyib üz tuturuq camaatın qoşa Pirdirəki dediyi iki, elə hündür olmayan, amma dik dağların ətəyində qərar tutmuş şəhərə. Şamaxıya yaxınlaşdıqca təmirə bağlanmış yolun əziyyətlərindən qurtuluruq, təzə yol hamardır hər cür poetik-əndəruni fikirlərə mane olmur. İl - on iki ay susuz olan Pirsaat çayı yaz yağışlarının suyu ilə qürrələnə-qürrələnə axır. Şamaxının üç məşhur qəbiristanlığı şəhərin girəcəyində, müxtəlif istiqamətlərdə yerləşib. Bunlardan biri Sabirin dəfn olunduğu Yeddi günbəz, o biri şəhidlərin uyuduğu Laləzar, digəri Seyid Əzimin dəfn olunduğu Şahxəndan qəbiristanlığıdır.

Şairlər şəhərinə ən şahanə əzəmət verən dəhşətli zəlzələ qırğınlara cürsə tab gətirmiş Cümə məscididir. Qəribədir, Seyidi şamaxılılar məsciddə basabasa salıb öldürdülər, sonra elə məsciddə ermənilər şamaxılıları diri-diri yandırdılar. Bu nədi? Tarixin çaş-baş məntiqi?

Məni Şamaxıya çəkən ekzotikanın qədimdənqalma qalıqları bu uzun dolaşıq düşüncələrdən ilk nəticələr çıxarmağa kömək edir: Şamaxı şəhəri tarixən dünya malından gözünü yığmış, fanidən əlini üzmüş dərvişlərin, qəribliyə üz tutanların, sufi müridlərin, alimlərin, şairlərin, bir sözlə, ilahi, səmavi hisslərə dərkə can atanların məkanı olub. Ona görə ən çox pir övliyalar Şamaxı ərazisindədir, ən çox şairlər bu şəhərdə yaşayıb, Qafqazda yeganə rəsədxana da Şamaxıdadır.

 

Yoxsul düzənlərin biçarə fəlsəfəsi

 

Yol uzunu düzənləri seyr etməkdən bezmiş yol yoldaşım sifətinə düşən günəş şüaları altında mürgüləməkdən yorulanda telefonunu qurdalayır. Avtomobil şüşəsinin o biri tərəfində bu kimi sivilizasiya ünsürlərini lazımsız edə biləcək qədər hökmü olan çılpaq dağlar görünür. Boz düzəngahda adam özünü Allahın altında tək hiss edir. Biçarə fəlsəfəni doğuran bu hisslər deyilmi?- deyə düşünürəm. Yol yoldaşım bu «pessimist» fəlsəfəni saya salmadan telefonu ilə əlləşir. Gözucu mobilə baxıram - mikrodünya həyatla doludur.

Şamaxı qonaqlarına əvvəlcə çay verir. Düzdü, bu çay o çaydan deyil - suyu lilli Pirsaat çayının üstündən şəhər öz mənzərəsini xəsisliklə göstərməyə başlayır. Yarıqəbiristan-yarıpark olan təpənin üstündə səmaya daha bir eyham var. Bu, Böyük Vətən müharibəsində həlak olmuş pilotların xatirəsinə qoyulmuş qırıcı təyyarə abidəsidir.

Bəlkə elə Nəsimi digər hürufilər bu eyhamlardan təngə gəlib Allahı göydə deyil, yerdə, özündə axtarmağı yol seçmişlər. Bu fikir ağlıma Şamaxının Babılar məhəlləsində gəlməsin? Fəlsəfə toxuduğum yetər. Yadıma düşmüşkən, qoy sizə əslən şirvanlı şairənin məzəli bir bayatısını yazım. Onun adı Pərnaz olub. Özü barədə isə bayatısı danışır:

   

   Bağırlıdı obamız,

   Dovğaçıdı babamız,

   Yara qurban oleydi

   Cəmi cəddi-abamız

   Qonaqlar üçün diri ayı

 

Çox aktual, işlək milli atalar sözlərimizdən birində deyilir: «Çayı keçənə qədər ayıya «dayı» deyərəm». Biz «İnturist» restoranındakı ayıya Pirsaat çayını keçəndən sonra rast gəldik deyin, onunla heç bir qohumluq münasibətləri yaratmadıq. Bu, restoranın qabağında qəfəsə salınmış ən bədbəxt ayılardan biridir. Yazıq hətta qış yuxusundan da məhrumdur. Əvəzində çox sənətçilərin arzuladığı çörəyi tamaşaçısı var. Qısamüddətli saymazyanalıqla ləngər vurandan sonra ayı qırsaqqız tamaşaçı jurnalist olduğumu nəzərə alıb bizə diqqət yetirdi. Azadlığı rahatlığını haram etmiş məxluqlara qarşı qəzəbini göstərmək üçün dişlərini qıcayanda oradan uzaqlaşırıq.…

 

Şəhərin dam öyləri...

 

Yoxuşda sıralanmış evlər, bəzi küçələrdəki qənbər daşlar İçərişəhərin relyefini xatırladır. Deyim sizə, şəhərin koloritinə ən böyük zərbəni vuran zəlzələ Şamaxını iki dəfə alt-üst edib. Sonuncu -1902-ci il zəlzələsi isə şəhəri əsl xarabazara çevirib. Elə məhz onda şamaxılılar şəhərlərini tərk edib ətrafa, ən çox da Bakıya dağılırlar.

Şükür Allaha, vətən hələ böyükdür biz bir türk şərqisi dinləyə-dinləyə Ağsuya tərəf, daha doğrusu, Pirqulu qoruğu istiqamətində hərəkət edirik. Rəsədxanaya aparan yol Əngəxaran Çuxuryurd kəndlərindən keçir.

 

Rəsədxana UNO (yəni Uçanqab Nağıllarda Olur)

 

Nəhayət, səfərin pik nöqtəsinə çatırıq - Nəsrəddin Tusi adına Şamaxı astrofizika rəsədxanası. Bura dəniz səviyyəsindən 1435 m yüksəklikdədir. Burada astronomiya müşahidə stansiyası 1960-cı ildə yaradılıb. Rəsədxanada 2 günəş, 4 ulduz teleskopu var. Ayrı-ayrı şöbələr, qalaktikaları, kometləri, ulduzları öyrənir. Necə deyərlər, hərənin öz obyekti var.

Məlum olur ki, rəsədxana işçilərinin dəqiq rejimi yoxdur. Onlar göyün üzü açıq olanda müşahidələr aparırlar. Elektronçu mühəndis bizi ən böyük qübbəli rəsədxananın içi ilə tanış edir. İçəridə elə böyük teleskop görürük ki, aya baxmaq bunun yanında ikinci dərəcəli məsələdir. Bu, ulduz rəsədxanasıdır. Teleskop obyektin, səma cisminin parlaqlığını artırmaq üçün nəzərdə tutulub. Yəni bu teleskop ulduzları böyütmür, o, sadəcə, görünməyən ulduzları görməkdə kömək edir. Güzgüsünün diametri iki metr, qalınlığı 40 sm, ağırlığı üç ton yarımdır. Obyektivin altındakı dairəvi kütlə teleskopun çəkisini, daha doğrusu, müvazinət-vəziyyətini balanslaşdırmaq üçündür. Teleskopun ümumi çəkisi isə az, çox, 85 tondur. Rəsədxananın qübbəsi 360 dərəcə fırlana bilir. Müşahidə zamanı qübbədəki ikitaylı qapı açılır obyektiv göy üzünə yönəldilir. İçəridə idarəetmə pultu müşahidə kabinəsi var.

Bu teleskop 1964-cü ildə Almaniyanın «Karl Seys Yena» firmasında hazırlanıb. Onun hissələri iki ilə bura gətirilib 1966-cı ildə quraşdırılıb.

 

Hərənin öz ulduzu

 

Göy üzü bizimçün sirdir. Nağıl həvəsli uşaqlar kimi yəqin çox sadəlövh suallar veririk. Mühəndisdən uçan naməlum obyekt görüb-görmədliklərini soruşuram. Belə şey görməyiblər. Rəsədxanadan çıxanda, yəni nağıl illüziyamız dağılan kimi buranın elmi nailiyyətlərini soruşuruq. İlk dəfə bu rəsədxanada Marsın görünməyən hissəsinin şəklini alim Nadir İbrahimov çəkibmiş. Son beş ildə rəsədxanada iki mindən çox ulduzun spektrləri alınmış, bir sıra ulduzlarda periodik dəyişkənliklər aşkar edilmişdir. Günəş atmosferində qeyri-adi dalğavari hərəkət qeydə alınıb, komet sistemində indiyədək məlum olmayan effektlər aşkar olunub. 1999-cu ildə Günəş tutulması müşahidə edilib. Günəş fəallığının yeni mexanizmi irəli sürülüb. Qoşa ulduz sistemləri burada aşkarlanıb.

Beynəlxalq Astrologiya Cəmiyyəti rəsədxananın direktoru Əyyub Quliyevin adını bir kometaya verib. Dünyanın işinə bax, kiməsə ulduz olmaq üçün mikrofon bir ay vaxt bəs edir, bəziləri isə ulduz olmaq üçün elm ömür sərf edirlər.…

 

 

Aliyə

 

Mədəniyyət.- 2009.- 10 may.- S. 7.