Kitabımızın növbəti uğuru
Son illər ölkəmiz beynəlxalq aləmdə,
yaxın və uzaq xarici ölkələrdə keçirilən
kitab sərgiləri və müsabiqələrində daha
yaxından iştirak edir. Bu, bir tərəfdən Azərbaycan
kitabının dünyada təbliği baxımından əhəmiyyətlidirsə,
digər tərəfdən, beynəlxalq təcrübənin
Azərbaycana gətirilməsi və kitab sənətimizin daha
da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
İllər keçdikcə
kitabla bağlı Mədəniyyət və Turizm Nazirliyinin
qatıldığı tədbirlərin sayı artmaqdadır.
Və sevindirici haldır ki, bu tədbirlərdə Azərbaycan
kitabına maraq da günü-gündən artır. Azərbaycan
kitabı həm mövzu və ideyası, həm də
poliqrafik keyfiyyəti ilə kitabsevərlərin, eyni zamanda
mütəxəssislərin diqqətini cəlb etməkdə
davam edir.
Bu yaxınlarda Moskvada
keçirilən VI Beynəlxalq “Kitab sənəti” Müsabiqəsinin
nəticələri də sevindiricidir. Ənənəvi olaraq
MDB ölkələri “Dövri mətbuat, kitab nəşri,
kitab yayımı və poliqrafiya məsələləri
üzrə” Dövlətlərarası Şurasının təşəbbüsü
ilə keçirilən tədbirdə Azərbaycandan Mədəniyyət
və Turizm Nazirliyi Nəşriyyat sektorunun müdiri, şair
Çingiz Əlioğlu iştirak edirdi. Məlumat
üçün bildirək ki, Çingiz müəllim
Dövlətlərarası Şuranın həmsədri,
müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər
Heyətinin üzvüdür.
Öncədən qeyd edək
ki, müsabiqədə iştirak edən 11 kitabımızdan
3-ü müxtəlif nominasiyalar üzrə 2-ci və 3-cü
yerlərə layiq bilinib.
Müsabiqə barədə
təəssüratını bizimlə bölüşən
Ç.Əlioğlu öncə bunları söylədi:
“Rusiya Federasiyası və Belarus kimi nəşr nəhəngləri
ilə eyni müsabiqədə iştirak edib hər hansı
yerə sahib olmaq o qədər də asan məsələ
deyil...”
Məlumat
üçün bildirək ki, adıçəkilən
ölkələr müsabiqənin münsiflər heyətində
3, Ukrayna, Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan və başqa respublikalar 1 nəfər
nümayəndə ilə iştirak ediblər. Bu il ilk dəfə
olaraq tədbirə qədim kitab nəşri mədəniyyəti
olan Estoniya da qoşulub.
200-dən artıq
kitabın qiymətləndirildiyi müsabiqədə əsasən
çap məhsulları ideyasına, poliqrafiya icrasına və
ünvanlandığı oxucu auditoriyasına görə
seçilib. Kitablar 8 nominasiya üzrə qiymətləndirilib:
“Qələbə” (İkinci Cahan Müharibəsinə aid
kitablar), “Birlik”, “Ölkəm”, “Uşaq və gənclər
üçün kitablar”, “Bizim müasirimiz”, “Art-klub”, “Birlikdə
nəşr olunmuşdur” və “Qran Pri”.
“Bizim müasirimiz”
nominasiyası üzrə Heydər Əliyev Fondunun nəşr
etdiyi “Rafiq Babayev” adlı fotoalbom və elektron nəşri
2-ci yerə layiq bilinib.
İkinci yerə layiq
bilinən daha bir kitabımız “Uşaq və gənclər
üçün kitablar” nominasiyasına təqdim olunan istedadlı
yazıçı Solmaz Amanovanın “İrs” kitabı olub. Kitabın
qiymətləndirilməsi ilə bağlı təəssüratlarını
bölüşən Ç.Əlioğlu qeyd etdi ki, “İrs”
kitabı eyni nominasiyada birinci yeri tutan Ukrayna və Belarus
kitablarına cəmi 0,5 xalla uduzub: “Nəzərə almaq lazımdır
ki, “Uşaq və gənclər üçün kitablar”
nominasiyasına qalib gələn kitablar son dərəcə
bahalı və zəngin poliqrafiya icrasına məxsus idilər.
Buna baxmayaraq, ideyası, tərtibatı və müəllif tərəfindən
işlənməsi etibarı ilə daha üstün cəhətlərə
malik olduğuna görə bizim kitaba cüzi
üstünlüklə və çox çətinliklə
qalib gəldilər”.
Solmaz Amanovanın daha
bir kitabı “Birlikdə çap olunmuşdur” nominasiyasında
3-cü yerə layiq bilinib. “Anatomik teatr” adlanan kitabda Rusiya Elmlər
Akademiyasının 2 üzvü rəyçi kimi iştirak
etmişdir.
VI Kitab Müsabiqəsinin
birinci mükafatına (Qran Pri) isə müsabiqə tarixində
ilk dəfə olaraq Belarusun və Rusiya Federasiyasının 2
kitabı layiq görülüb.
Ç.Əlioğlu:
““Qran Pri” Rusiya Rəssamlar Akademiyasının həqiqi
üzvü tərəfindən hazırlanmış orijinal
bürünc fiqur və 1 milyon rublla
mükafatlandırıldı. Xatırladım ki,
bütünc fiqur da sənət əsəri kimi çox qiymətlidir”.
Məlumat
üçün bildirək ki, Azərbaycan kitabı 8
nominasiyadan yalnız beşində (“Ölkəm”, “Uşaq və
gənclər üçün kitablar”, “Bizim müasirimiz”,
“Art-klub”, “Birlikdə nəşr olunmuşdur”) təmsil olunub.
İndiyə qədər
isə Azərbaycan kitabı Qran Pri almasa da bir neçə dəfə
birinci yerə layiq bilinib.
Kitabımıza yeni-yeni
və təbii ki, daha böyük uğurlar arzulayırıq.
Çünki kitab mədəniyyətlərin dialoqu kimi qlobal
bir məsələdə ən tutarlı vasitələrdəndir.
Şərif
Mədəniyyət.- 2009.- 10 iyun.- S. 3.