Bir əsrlik səhnə ömürlüyü
Ötən həftə Azərbaycanın dahi sənətkarı Üzeyir
Hacıbəyovun ev-muzeyində yazıçı- publisist Mustafa Çəmənlinin
“Leyli və Məcnun- 100 il
səhnədə” adlı kitabının təqdimat mərasimi
keçirildi. Azərbaycanın xalq artistləri, xalq
şairləri, millət vəkilləri və bir
çox görkəmli sənətkarların
iştirak etdiyi tədbiri
yazıçı-dramaturq Əli Əmirli açıq elan etdi. Daha
sonra danışmaq üçün
söz Mədəniyyət və Turizm Nazirliyinin şöbə
müdiri Vaqif Bəhmənliyə
verildi.
V.Bəhmənli kitabın əhəmiyyətindən söz açdı: “Bu
kitabın ən birinci yaranma
səbəbi prezidentimiz cənab İlham Əliyevin “Leyli və
Məcnun” əsərinin 100 illiyi ilə
bağlı sərəncamıyla əlaqədardır. Mustafa Çəmənli bizə
yazdığı kitabın çap
olunması ilə bağlı müraciət etdikdə, məmnuniyyətlə
razı olduq. Üzeyir
Hacıbəylinin ölümsüzlüyünün
sübutu olan bu kitabı çap etdirməmək
günah olardı”.
Musiqişünas
Ramiz Zöhrabov “Leyli və Məcnun- 100 il
səhnədə” kitabına elmi redaktorluq etməyindən çox
məmnun olduğunu açıqladı: “Kitabın elmi redaktoru
olsam da, əslində
mənə elə də ağır bir iş düşmədi. Çünki
kitab çox gözəl,
səlis, maraqlı bir tərzdə, hər
bir misra yüksək
səviyyədə yazılmışdı. Həm də Mustafa özü
muğamın tədqiqatçısı, musiqinin
ən yaxşı təhlil edəni və o cümlədən də güclü
redaktordur”.
Xalq artisti, şöhrət ordenli Canəli Əkbərov Üzeyir
Hacıbəylini “Milli musiqimizin
peyğəmbəri” adlandıraraq, bizim Üzeyirin mənəvi övladları olduğumuzu, Füzulinin söz dünyasının, Üzeyir
musiqisinin isə bizim
mənəvi güzgümüz olduğunu vurğuladı: “Biz gedəcəyik, amma bu kitab qalacaq
və gələcək nəsillərə mənəvi sərvətimiz
kimi çatacaq”.
Sonda Mustafa Çəmənli kitabla
bağlı öz ürək sözlərini
bildirdi: “Bu kitabı ərsəyə
gətirənə qədər mənim döymədiyim
qapı, baş vurmadığım arxiv qalmayıb. Arxivlər bir
yana, kitabda elə
şəkillər var ki,
mən onları ayrı- ayrı sənətkarların evlərindən,
qohumlarıgildən tapıb ortaya
çıxarmışam. Niyyətim başqa
müəlliflərin üzərinə kölgə salmaq deyil. Amma
düzü, bu gün birinin təvəllüdünü
hərə bir cür
yazır. Mən belə səhvlərə yol
verməmək üçün bir şeyi 1 yerdən deyil, 2- 3 yerdən araşdırıb dəqiq
öyrəndikdən sonra yazmışam. Bu kitabın ortaya
çıxmasına qədərki yolda mənə
yardımçı olan insanları, təşəkkür
edəcəyim kəsləri sayıb qurtara
bilmədiyimdən, ümumən hamıya dərin minnətdarlığımı
bildirirəm”.
Könül NƏCƏFOVA
Mədəniyyət. - 2009.- 10 iyun.- S. 3.