Qulu Ağsəsin
“Nabran novellası”
Qulu Ağsəsin
“Nabran novellası” adında yeni kitabı nəşr olunub. Qutlu və
axarıncı olsun. “Avrasiya press” nəşriyyatında
cap olunan bu iri həcmli kitabda Qulu Ağsəsin
novellası, pyesi, hekayələri, esse və publisistikası, eləcə də onun haqqında Ç.Əlioğlu, F.Qoca,
V.Bəhmənli, R.Kamal,
T.Abdinin və başqa tanınmış
imza sahiblərinin yazdığı məqalələr
toplanmışdır.
Daim işdən qovulmuş adam kimi yeriyən, otağında hamını
xoş üzlə qarşılayan, sakit və nizamlı danışan Qulunun başının altında
“nələri” varmış.
“Nabran novellası” Qulu Ağsəsin nasir və dramaturq
kimi tanınmasına zəmin yaradır. Bizsə, Qulu Ağsəsi bu günə kimi daha çox şair və publisist kimi tanımışıq. Ədəbiyyatda
elə şeirlər var ki, onlar
həm də şairin obrazını yaradırlar. Məsələn,
“Gülhanə parkı”
- N. Hikmət, “Aysel, git başımdan” - Atilla İlhan, “Ayrılıq” - Ramiz Rövşən və b. Qulu Ağsəs deyiləndə mənim ağlıma gələn
ilk söz “Müharibə
əlili” olur. Mənim fikir-düşüncəmdə
Qulu Ağsəs neçə kitab çıxarsa da şair daim yaşayacaq başqa cür qəbul olunmasını istəməzdim.
Mən dünya və Azərbaycan ədəbiyyatından çox
az şeir bəyənirəm. Bəyəndiyim
şeirlərdən biri
də “Müharibə
əlilidir”. Şair Qulu Ağsəslə nasir və dramaturq
Qulu Ağsəsi ürəyimdə və beynimdə tam ayrı köşələrə qoyaraq
bu məqamda “Nabran novellası” haqqında danışmaq istəyirəm.
“Nabran novellası” daha çox ovqat əsəri sayıla bilər. Adətən novella janrı
oxucunu gözlənilməzliyə
aparır. Bu novellanı
oxuyan adamsa iki qat yanılır.
Birinci qatda oxucu Buninin “Kənd” povesti ilə bu hekayənin
nə bağlılığı
olduğunu anlamağa
çalışır. İkinci
qatda filosof bildiyi şəxsin “suyun dalğa tutmayan hissəsində heyvanlara göz qoyan” sıradan bir adam olduğu
anlaşılır. Lakonik
və maraqlı novelladır.
“Qədir gecəsi” xatirə, gündəlik janrlarını sanki hekayənin bətnində
əritməyə çalışıb.
Bu mündəricə Qədir
Rüstəmovu yaxından
tanımayanlar üçün
daha maraqlı görünə bilər.
Hekayədə maraqlı
faktlar - Qədir Rüstəmovun maşınını
polis işçilərinin saxlaması, sonra sənətkara hörmət
naminə vəzifə
pozuntularına yol vermələri qabardılır.
Böyük daxili mənalar ehtiva etməsə də, maralı ovqat hekayəsi sayıla bilər.
“Dörd sim” Habil Əliyevə həsr edilib. Hekayə təhkiyə baxımından sanki Habil Əliyevin dilindən verilir. Oxucuda elə assosiasiya oyadır ki, sanki Habil
Əliyev müsahibə
verir. Patrik Zuskindin “Kontrabas” monopyesində olduğu kimi, sənətkarın dilindən sənət haqqında çox maraqlı fikirlər söylənilir. “ Mən neylədim? Neyləyəcəm,
kökündən çalmağa
başladım, kamançanı
tarın əlindən
aldım”.
“Solo konsert” hekayəsi Möhlət Müslümovun
dilindən söylənilir.
“Dörd sim” hekayəsindəki bədii
texnikadan burada da istifadə edilib. Bu hekayədə də sənət haqqında çox dəyərli fikirlər söylənilir. “Fəxri
adımın olmamağı
heç məni pəjmürdə eləməyib”.
Doğulanda “mitirkama” yazmamışdılar ki, əməkdar artist Möhlət
Müslümov. 46 yaşım
var, hamı mənə hörmətlə
sənətkar deyir. Ustad deyənlər də var” və
yaxud “Hərdən məndən soruşurlar ki, tarı sevirəm?
Sən Allah, bu da sözdü? Sevməsəm, onu necə bağrıma basa bilərəm? Heç də o, güclə gəlib mənim sinəmə sığmaz, axı...”
“Qarğış” hekayəsində
Süleyman Abdullayevin ömür-günündən bəhs
edilir. Təhkiyə ümumi əvvəlki iki hekayədən fərqlənir. Süjet yuxarıda adıçəkilən
iki hekayədən fərqli olaraq burada olub bitmiş
hadisələrin xatırlanması
yönümündə əks
olunur. Hekayədə Seyid Şuşinski və Süleyman Abdullayevin simasında “ustad və şəyird”
məqamlarına toxunulur.
“Bəbiş kişinin qızı” hekayəsində
Akif İslamzadə və Sara Qədimova haqqında danışılır.
“Qarğış” hekayəsində
olduğu kimi, burada da hadisələr
xatırlanma metodu ilə əks olunur və obrazların dili ilə müasir problemlərə də toxunulur. “ Düzdü, o dövrdə qadağalar olub, amma indiki
biabırçılıqları biz görməmişik. Müğənnilər
bir-birini qəzetdə
ifşa eləyir, məhkəmədə tutdurur.
Bizim ağzımız
nə idi, Xan əminin, Yavər xanımın qabağında oxuyaq”.
“Peyğəmbərin məqbərəsində
qətl”. Bu ədəbi
nümunə klassik hekayələrin (Ə. Haqverdiyevin
“Qiyamət”, Cəlil Məmmədquluzadənin “Pirverdinin
xoruzu”) üslubuna bənzəməklə digərlərindən
fərqli olaraq yetkin bir süjetə
malikdir. Qarabağlı
Abdal Qasımın qəhrəmanlıqlarından danışılır.
Qulunun publisistikasında
və hekayələrində
(hətta şeirlərində
də) təbii olaraq vətən yanğısı, həsrəti
yer alır. Hekayənin sonu bu sözlərlə tamamlanır “... Nəvə
Qasım danışır
ki, atam öləndə mənə
son sözü bu oldu: Sən Abdal Qasımın nəvəsisən, Əfqan
kişinin də oğlu - unutma! Bizim bu xalqdan
düşmənimiz olmayıb,
ermənidən dostumuz.
Bir də bunu yadında saxla”.
“On üç şəkilli pyes” əsərini kitabın ürəyi adlandırmaq olar. Pyesdə Asif Yusif oğlu Məhərrəmovun taleyindən,
müharibədə yaralanmasından,
ölümündən danışılır.
Ayrı-ayrı illərdə
qəhrəmanın taleyilə
bağlı maraqlı
məlumatlar verilir. Asifin simasında Qarabağ problemi, hadisələrin üstündən
ötən illər oxucuya sadə dillə birbaşa çatdırılır. Ənənəvi
dram quruluşundan fərqli
olan pyes bir növ remarka
təhkiyəsi ilə
verilir. Çox maraqlı bədii texnika ilə işlənilib və dil faktoru baxımından
da uğurludur. “Əsərin sonu isə daha təsirlidir.
Belə ki, hadisələrdən bir neçə il sonra Asif Yusif
oğlu Məhərrəmovun
ev-muzeyinə gələn
6 nömrəli məktəbin
şagirdləri muzeydəki
lövhədən qəhrəmanın
adını, tərcümeyi-halını
oxuyurlar: “Sənəti:
kişi. Sənəti:
Vətənə xidmət.
Şəhid olduğu
tarix: Ağdamın işğal günü. Şəhid olduğu tarix: 1 iyun 1994-cü il. Gözünün düşməni: şər.
Gözünün düşmənləri:
Yurdun düşmənləri.
Təxəllüsü: Freyd.
Varisi: düşmən
çəpəri oğullar.
Mirası: Kişilik”.
“Yuxu dərmanı” essesi mətn strukturu və məzmun baxımından çox maraqlıdır.
“Ulduz” jurnalında bir dəfə oxumağıma baxmayaraq, təkrar oxudum. Bəzi məqamları tezislər şəklində
əks etdirib. Hətta bəzi cümlələr var ki, aforizm kitablarına
da daxil edilə bilər. Məsələn:
«Qorxaq dünyaya qalib gəlmək arzusuna qalib gəlmişdi».
«Həqiqət qarşısında
çoxu baş əyir. Sevdiyindən yox, həqiqətin gözünün içinə
baxa bilmədiyindən».
Bəzi məqamlarsa poetik nəsri xatırladır, sanki poeziyanı prozada əritmək istəyib: “Otları meh bişirir, qoyun yeyir». «Bahar adamı yanına çağırır, qış
adamın ayağına
gəlir”. Ən çox bəyəndiyim və səmimiyyətinə
heyran qaldığım
Qulunun dostlar haqqında yazdığı
məqam oldu. “Mənim azərbaycanlı
dostlarımın çoxu
ingiltərəli çıxdı:
məlum oldu ki, onların daimi dostları yox, daimi maraqları
varmış”.
Bundan başqa, Ə.Əylisli, V.Səmədoğlu,V.B.Odər,
R. Rövşən və.
b. (hamısını yazmaq
üçün Qulu Ağsəs olmaq lazımdı) haqqında maraqlı, arqumentlərlə
zəngin məqalələr
var.
Fərid Hüseyn
Mədəniyyət.- 2009.- 12 iyun.-
S. 13.