Gəncliyin səsi
Dursun Musayeva,
Müşfiqabad
qəsəbə Mədəniyyət
Evinin metodisti
Gəncliyin səsi
Mən gəncliyəm!
Qüdrətimə tunc qayalar baş əyib.
Keşməkeşli cığırlarda
neçə dəfə
ayağıma daş dəyib.
Dönməmişəm öz
yolumdan
vuruşmuşam zaman-zaman.
Əsrləri inadımla döyə-döyə
yumruğumla yol açmışam
gələcəyə.
Mən gəncliyəm!
Saf məhəbbət, sevgi olub qanadım.
Zaman haqqın tərəzisi
Pərsəngində neçə
yaxşı,
neçə yaman sanadım.
Dünya köhnə dəyirmandı
get-gəlində dönə-dönə sınandım,
Mən insanlar arasında
qardaşlığa, məhəbbətə
inandım.
Mən gəncliyəm!
Sevdiyim gün doğulmuşam,
Halal qandan doğru,
düzgün doğulmuşam,
Mən dünyanı sevmək üçün
doğulmuşam.
Sərhədsizdi məhəbbətim
Dili, dini, irqi
yoxdur.
Bir Allahın bəndəsiyik,
insanıqsa fərqi yoxdur.
Mən gəncliyəm!
Bu dünyanı məhəbbətə çağırıram.
Boğur ərzi siyasətin dumanları,
Mən dünyanı ədalətə çağırıram,
həqiqətə çağırıram.
Millətləri bir-birinə vuranlara,
Qana həris, pula düşkün tiranlara,
İkiüzlü, ikibaşlı ilanlara yox deyirəm!
Yetər artıq, bir-birini qırdı bəşər
Terrorlara, talanlara yox deyirəm!
Mən gəncliyəm!
Qoruyuram vətənimin sərhədini.
Üz-üzəyəm, göz-gözəyəm düşmən ilə.
Bir imzaya, əmrə bəndəm,
Yaraqdayam, himə bəndəm
Mənə yumruq göstərənə
Bildirərəm öz həddini.
Mən gəncliyəm!
Odlar yurdu, Azərbaycan vətənim,
Oğuz köküm, ulu Turan vətənim.
Torpaqları sərhədindən soyulan,
Damarımda kükrəyən qan - Vətənim
Murov, Laçın, Qoşqar mənəm,
Araz mənəm, Kür mənəm.
Bunu bilsin, yağı düşmən,
Torpağımdan bir qarış da
Bir kimsəyə vermərəm!
Mən gəncliyəm!
Od nəfəsim əridəcək zülmətləri,
Yer üzündə sülh olacaq,
Gül açacaq insanlığın şah əsəri.
Müharibə, terror sözü
Lüğətlərdən silinəcək,
Dünya üzü daha xoşbəxt,
Daha məsud görünəcək.
Bir dil ilə danışacaq bəşər o gün
Sevgi dili, nəğmə dili -
Daha doğru, daha düzgün.
Mən gəncliyəm!
Xəyanəti bəd şiş kimi, yara kimi
Kəsib atmaq istəyirəm,
Mən yaratmaq istəyirəm.
Səhralarda ev tikirəm,
Qayalardan yol çəkirəm,
Ömrüm boyu haqq yolunda çalışmağa,
Vətən üçün məşəl kimi alışmağa
Qol çəkirəm, qol çəkirəm!
Mədəniyyət.- 2009.-
12 iyun.- S. 13.