Hamam, hamam içində...

 

Və yaxud gənc yazarların roman cəhdləri

 

Cavan nasirlərimiz (bəzən sadəcə nəsrə iddialılar) bir-birinin ardınca yeni-yeni romanlar ortaya qoymaqdadırlar. Əlbəttə, onların bəzilərindən danışanda “roman” sözünü dırnaq işarəsi içərisində yazmağa mənəvi haqqımız çatır. Bu yazıda üç nasir (yaxud nasir adına iddialı) yazardan söz açmaq istəyirik. Adlarını bəri başdan deyirəm ki, çox da intizarda qalmayasınız - Elçin Səfərli, Elxan Qaraqan və Taleh Şahsuvarlı.

 

E.Səfərli rusdilli yazıçıdır, kitabları Moskvada rus dilində çap olunur. Əsasən Türkiyəyə qazanc dalınca getmiş rus qızlarının, türklərin sözü olmasın, nataşaların həyatından yazır. İndiyə qədər “Bosforun şirin duzu”, “Ordan geriyə yol yoxdur” və “Mən qayıdacağam” kitabları işıq üzü görüb və insafən də deyək ki, oxucular arasında müsbət rezonans doğurub. İlk romanı “Bosforun şirin duzu” ilə diqqəti cəlb etmiş Elçin haqqında istər Rusiya, istərsə də Türkiyə mətbuatında tənqidçi və jurnalistlər müsbət rəylər verməkdədir. Onu hətta Şərqin ən populyar yazıçılarından biri hesab edir, “Gənc Orxan Pamuk adlandırır”lar.

Bir qayda olaraq həyatın dibində olan insanları romanlarının baş qəhrəmanına çevirən Elçin yazır: “İş elə gətirib ki, mən uşaqlıqdan sadə adamlarla əhatə olunmuşam. Nə bir siyasətçi, artist, yazıçı, teleaparıcı görməmişəm. Amma elə sadə adamlar arasında böyümüşəm ki, əslində onların qeyri-adi həyatı var. Məhz onların həyat tərzini mənimsəmişəm. Onlar haqqında hər cür pafosdan, bəlağətdən, bər-bəzəkdən uzaq bir dillə yazmağa çalışmışam. Hər yeni romanımı yazmağa başlayanda qarşıma məhz onlardan yazmaq məqsədi qoyuram. Halbuki onlar çox vaxt ədəbiyyatın kölgəsində qalıb, ikinci planın personajları olublar. Ona görə sadə adamları simasız kütlədən ayırıb, onların taleyi ilə oxucunu tanış etməyi özümün bir yazıçı kimi əsas vəzifəm hesab edirəm”.

İstər hərarətli melodramatik üslubda yazılmış “Bosforun şirin duzu”, istərsə də sərt realist-psixoloji tonlarla təqdim olunan sonrakı romanlarında Elçin həyatın acı həqiqətlərindən danışır. Bundan başqa, o, bədii ədəbiyyatın süniləşdiyi, bədii obrazların robotlaşdığı indiki durumda yenidən insanı, onun daxili əzablarını, etiraflarını, sevgisini, xoşbəxt olmaq həsrətini diqqət mərkəzinə çəkir. Onun romanlarının istər Rusiya, istərsə də Türkiyədə hərarətlə qarşılanmasının əsas səbəbi də yəqin ki, elə budur.

Bu romanların hər üçündə insanın taleyi iki qütbün, iki mentalitetin, iki fərqli psixologiyanın - Şərq və Qərbin qarşılaşdırılması fonunda əks olunur. Məhz bu cəhət onun romanlarını adi melodram səviyyəsindən çıxarıb onlara qlobal sosial-fəlsəfi anlam verir. Qətiyyətlə demək olar ki, Elçin Səfərlinin son romanları öz üslub axıcılığına, mövzunun işlənmə dərinliyinə görə Paolo Koelyonun romanlarından heç də geri qalmır. Ünlü türk kinoaktrisası Yasimin Atasoyun fikrincə isə hətta Elçinin “Ordan geriyə yol yoxdur” romanı ilə müqayisədə P.Koelyonun “On bir dəqiqə”si sadəlövh təsir bağışlayır. “Görərsiniz, bu roman təkcə Qərbdə yox, Şərqin özündə də sensasiyaya çevriləcək”, - deyə Y.Atasoy roman barədə fikirlərinə yekun vurur və biz buna inanmaq istəyirik.

E.Qaraqanın “A” romanının adı istər oxucular arasında, istərsə də mətbuatda kifayət qədər populyardır. Romanın müəllifinin cəmi iyirmi yaşı var. O, HOST rep qrupunun üzvlərindən biridir. Amma, məncə, “A” romanının rezonansı romanını özü ilə müqayisədə xeyli böyükdür.

E.Qaraqanın romanında da P.Koelyonun aşıq-aşkar təsiri hiss olunur. Amma Elçindən fərqli olaraq, Elxan Koelyonu sadəcə təqlid edir, özü də, məncə, bunu o qədər uğurla eləyə bilmir. Bu təsirin hansı səviyyədə olduğunu Koelyonun “Portobelli cadugər” əsərini oxuyanda daha aydın hiss edirsən.

E.Qaraqanın romanı da təxəllüsü kimi ekzotikdir. Hansısa gənclər bir gizli təşkilat yaradır və romanın qəhrəmanı fantastik dərəcədə ağlasığmaz hadisələr nəticəsində o qrupa daxil olur. Qrupun başçısı A adlı bir nəfərdir. Amma o, mason təşkilatının başçısı kimi özünü gizlədir. Qrupun üzvləri müxtəlif sosial-anarxist səciyyəli planlar qururlar: əvvəlcə fahişələri tutub damğalayır, guya bununla fahişəliyin qabağını alır, sonra liftdə rüşvətxor müəllimləri cəzalandırırlar və s. bu qəbildən olan cəfəngiyyat. Axırda isə belə məlim olur ki, bütün bunlar əsərin əsas qəhrəmanının hallüsinasiyaları imiş.

Məncə, nə postmodernist üslubun şərtləri, nə müəllifin yaşının azlığı, nə də “A”-nın onun ilk roman cəhdi olması kimi amillər belə bu dərəcədə zəif bir əsəri nə roman adı ilə dərc etdirməyə, nə də Rəşad Məcidin, Vaqif Yusiflinin, Cavid Zeynallının onu “qruppovoy” şəkildə tərifləməsinə hələ əsas vermir. Çünki ət yeyən quş dimdiyindən, istedadlı yazar isə elə ilk əsərindən özünü büruzə verir.

Hansısa bir qəzetin baş redaktoru, yaxud həvəskar gənc yazarın belə məsuliyyətsiz, şişirdilmiş təriflərə yol verməsi başadüşüləndir. Amma söz Vaqif Yusifli kimi özünü professional tənqidçi sayan bir adamdan gedəndə bunu başa düşmək bir qədər çətin olmur. Təkcə E.Qaraqan haqqında yazısı yox, ümumən cavanlardan bir çoxu haqqındakı yazılarında Vaqif Yusiflinin məntiqi və tənqidçi mövqeyi başa düşülmür. Axı gəncliyə sevgi bütün əlinə qələm alan, həvəskar səviyyədə yazılar yazan cavanları ağına-bozuna baxmadan tərifləmək demək deyil. Bu, heç bir parametrdən düzgün deyil. Bizim ədəbi mühitdə indi az qala elə bir meyl formalaşıb ki, guya cavansansa, hökmən istedadlısan və hökmən haqlısan. Əslində isə istedad və həqiqət gənc-qoca təbəqəsinə uyğunlaşdırılmır. Gənclərin də, qocaların da arasında istedadlılar və istedadsızlar var. Məncə, “A” romanının müəllifini hələ ki bu iki qütbün heç birinə aid etmək mümkün deyil. “A” isə uzaqbaşı həvəskar səviyyədə adi bir qələm (qoy olsun lap kompyuter) məşqidir. Görək, “B” necə olacaq?!

O ki qaldı Taleh Şahsuvarlıya, burda məsələ bir az qəlizdir. Çünki biçarə Talehin Qaraqandan fərqli olaraq, tərifçilər ordusu yoxdur. Qara qanlar onun təxəllüsündən yox, ürəyindən axır. Taleh özü özünün reklamçısıdır. Özü də pis reklamçı deyil. Hələ kitabı çıxmamış başlanan hay-küy, verilən intervülər, misli-bərabəri olmayan, fantastik Nobel iddiaları, özünü postmodernist elan eləmək, artıq kifayət qədər məşhur “postmodernistlər” üzərinə nəzəri hücumlar və s. hamısı birbaşa təbliğata hesablanmışdı.

Bütün bunlar Talehin özünü piar eləmək baxımından postmodernist nəzəriyyəni yaxşı mənimsədiyini sübut edir. Amma məncə, Talehin postmodernizmi özünü piar eləməkdən uzağa getmir. Çünki “Canlanma” adlanan kitabı nəşr olunandan sonra məlum oldu ki, bu kitab neçə vaxtdan bəri susqunluq duyulan ədəbi mühitdə şoudan başqa elə bir şey canlandıra bilmədi. Taleh yaxşı şoumendur, amma romanı roman deyil.

Taleh də eynilə Qaraqan kimi, hansısa gizli təşkilatdan - yəhudilərin kabbala inancına (Taleh səhvən və ya qəsdən “kabala” yazır), masson qurumuna, italyanların karbonari təşkilatına və sairəyə uyğun gələn mistik, konspirativ və tarixə yön verən Azərbaycan lojasından bəhs edir. Guya bu Lojanı idarə edən Babək Xürrəminin yeni tarixi şəraitdəki canlanması - təcəssümü olan Azər Kürəçi adlı bir nəfərdir. Onu dünyanın müxtəlif gizli təşkilatları izləyirlər, guya Azər Kürəçi axırda Bəzz qalasına dönür və s. Bir sözlə, Fatma nənənin nağılları. Amma Qaraqandan Talehin iki fərqi var. Birincisi, o, portuqal yazıçısı yox, öz halalca türkümüz Necati Şaşmazı təqlid edir. İkincisi isə romandan yox, teleserialdan ilhamlanır.

İndi gəlin görək özünü Nobelə iddialı bilən Talehin dünya postmodernizminə gətirdiyi yeniliklər nədən ibarət imiş. Müəllifin adı və soyadının baş hərflərindən romanının bəzi fəsillərində istifadə olunmaması! Kəsəsi, Taleh də Qaraqan kimi ədəbiyyatın hələ hərfləri ilə oynayır, əlifbasını məşq edir. Onların hər ikisi əlifbamızın otuz iki hərfini tez-tələsik öyrənsələr, yaxşı olar.

Amma Talehin romanı bir cəhətdən məni çox razı saldı. Elə hey məni yazdığım yazıların dilinə görə tənqid edirlər. Talehin qatmaqarışıq, bərbad dillə yazılmış romanını oxuyandan sonra özümə şükür elədim. Ümumiyyətlə, Talehin dili, yazı üslubu bədii əsərdən daha çox, qəzet publisistikasını xatırladır. Elə bil ki, bu romanı yazıçı yox, müxalifət qəzetinin müxbiri, dramaturq Ə.Əmirli demişkən, “mıxbiri” yazıb.

Romanın ən maraqlı cəhətlərindən biri Talehin qəribə optimizmidir. Oxucu romanı oxuyub başa vurandan sonra bu optimizmin müqabilində deməyə bircə söz tapır: yuxun çin olsun, Taleh!

Bəli, ədəbiyyatımız “inkişaf edir”. Elçin də roman yazır, Elxan da, Demokratizmin bolluğundan istifadə edib Taleh də roman yazır. Elçin yaxşı yazır, Elxan yaxşı yazmır, Taleh yaman yazır. Necə deyərlər, hamam hamam içində, xəlbir saman içində... Gerisini yazmayacam, çünki özünüz yaxşı bilirsiniz. Axı Elxanın və Talehin nağıllarını eşitməmişdən neçə-neçə illər əvvəl Fatma nənənin nağılına qulaq asmısınız. Nağıllarda isə işin gerisini demirlər. Özünüz bilirsiniz də gerisi nədir?

 

 

Sabutay Nağıyev

 

 Mədəniyyət.- 2009.- 12 iyun.- S. 12.