Saz-söz ustadı
- Aşıq Əhməd
Öz
yaradıcılığı ilə aşıq sənətimizdə
xüsusi yeri olan Əməkdar mədəniyyət
işçisi aşıq Əhməd Rüstəmovun
bir-birindən maraqlı, məzmunlu şeirləri,
qoşmaları, gəraylıları, dastanları uzun illərdir
ki, dillərdən düşmür. Dərin hikmətlərlə,
nəsihətamiz fikir və düşüncələrlə
zəngin olan bu sənət inciləri bir çox
aşıqların, xanəndələrin, müğənnilərin
repertuarında geniş yer tutur.
1920-ci ildə Kürdəmir
rayonunun Carlı kəndində dünyaya gələn Əhməd
lap uşaqlıqdan aşıqlığa maraq göstərib
və o, ömrünün axırınadək
yazıb-yaradıb. 90 ilə yaxın acılı-şirinli
xatirələrlə dolu bir ömür sürmüş ustad
sənətkar zəngin yaradıcılıq irsi qoyub
getmişdir.
Mərhum Aşıq Əhmədlə
bağlı bu düşüncələr məni xəyalən
ötən illərə apardı. O illərə ki,
ümummilli liderimiz Heydər Əliyev hər dəfə
Kürdəmirə gələndə onu ilk
qarşılayanlardan biri də Aşıq Əhməd olurdu.
Yadımdadır, dahi
şəxsiyyətlə belə görüşlərin birində
ustad sənətkar ulu öndərə olan ürək
sözlərini elə oradaca sinədən ifadə etdi. Sonra bir neçə şeirlər
kitabını xatirə
olaraq sevimli rəhbərə təqdim
etdi. Heydər Əliyev ustad sənətkarın ona hədiyyə verdiyi kitabları özünəməxsus
xoş təbəssüm
və həssaslıqla
qəbul etdi. Həmin fərəhli məqamlarda Aşıq Əhməd bu misraları söylədi:
Əhməd deyir, nursan Azərbaycana,
Sənə bənzər Heydər doğmaz hər ana.
Qüdrətinlə yaraşırsan
cahana,
Fikrin bənzər peyğəmbərə, rəhbərim,
Xoş gəlmisən Kürdəmirə, rəhbərim!
Aşıq Əhmədin vaxtilə uzun illər yaşadığı ev, məhəllə təkcə ustad sənətkarın özü üçün yox, hər kəsin fəxr duyduğu doğma və əziz bir ünvan idi və vaxtilə yaşadığı küçəyə onun adının verilməsi kürdəmirlilərin arzusu idi.
…Bugünlərdə Kürdəmir şəhər sakinləri, rayon ictimaiyyətinin nümayəndələri sevinc və minnətdarlıq hissi ilə Aşıq Əhmədin evinin qarşısına toplaşmışdılar. Mərasimi giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Ədəbiyyat Muzeyi «Aran» regional şöbəsinin müdiri, filologiya elmləri namizədi Yaqut Əşrəfova açdı.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov mərasimdə çıxış edərək, Əhməd Rüstəmovun ulu aşıq sənətimizin inkişafındakı xidmətlərindən, ustad sənətkara olan el hörmətindən söz açdı, qeyd etdi ki, Aşıq Əhmədin yaşadığı küçəyə onun adı verilmişdir.
Sonra mərasim
«Günəş» şadlıq
evində davam etdirildi. Ölməz sənətin parlaq işığına toplaşmış
məclis iştirakçıları
Aşıq Əhmədin
keçdiyi mənalı
və şərəfli
ömür yolunun, yaradıcılıq həyatının
ayrı-ayrı məqamlarını səhifələyən
videolentə tamaşa etdilər. El şənliklərində,
dövlət tədbirlərində
həmişə böyük
şövqlə, ilhamla
çıxışlar edən,
sinəsində saz məclislərdə dövran
quran Aşıq Əhməd canlı görüntülərdə bir
daha canlandı.
Məclisin keçirildiyi salonda Aşıq Əhmədə həsr olunmuş guşə, eləcə də yazıçı-jurnalist Yaqut Bahadurqızının nəfis şəkildə yeni çapdan çıxmış «Aşıq Əhmədin yaradıcılığı» kitabı da mərasim iştirakçılarının marağına və rəğbətinə səbəb oldu. Oxuculara təqdim edilən bu kitabda ustad Aşıq Əhmədin zəngin yaradıcılığı, özünəməxsus sənətkarlıq xüsusiyyətləri məharətlə təhlil olunur, oxucularda sənət və sənətkar barədə geniş təəssüratlar oyadır.
Mərasimdə çıxış edən filologiya elmləri namizədi Məlahət Kələntərli, tanınmış folklorşünas alim, filologiya elmləri namizədi Elxan Məmmədli Aşıq Əhmədin bənzərsiz istedadından, onun ulu aşıq sənətimizə bəxş etdiyi yaradıcılıq töhfələrindən danışdılar. Müəllim Abduləziz Xanəhmədoğlu ustad sənətkara həsr etdiyi yeni şeirini oxudu.
Öz gözəl çıxışları ilə məclisi şənləndlirən tanınmış aşıqlar Yanvar Bədəlov, Əhliman Şirvanlı, Əvəzxan Xankişiyev, Ağamurad Mərzəngəli, Əli Tapdıqoğlu, istedadlı xanəndə Səfalı Əliyev Aşıq Əhmədin sözlərinə yazılmış mahnıları və muğam parçaları ifa etdilər.
Çıxış və söhbətlərdə, bir-birindən maraqlı xatirələrdə Aşıq Əhmədin ölməz sənət dostları Aşıq Şakir, məşhur zurna-balaban ifaçısı Həsrət Hüseynov, xanəndə Eynulla Cəbrayılov da bir daha yada salındı. Aşıq Şakirlə Aşıq Əhmədin vaxtilə Bakının Novxanı kəndindəki bir məclisdə məşhur deyişməsindən nümunələr aşıqların ifasında səsləndi və bu gözəl sənət inciləri məclis iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Aşıq Əhmədin həyat yoldaşı Mələk xanım, oğlu Fərhad sənətkarın xatirəsinə göstərdikləri hörmət və ehtirama görə respublika və rayon rəhbərliyinə, Aşıq Əhmədin xatirəsini əziz tutan hər kəsə dərin minnətdarlıqlarını bildirdilər.
Ustad Aşıq Əhmədin xatirəsinə həsr olunmuş mərasim aşıq və xanəndələrin birlikdə ifa etdikləri məşhur «Şirvan şikəstəsi»nin sədaları altında başa çatdı.
Tofiq Abdullayev
Mədəniyyət.- 2009.- 12 iyun.- S. 11.