Kədərin bütün rənglərində Xızı
dağları...
Yol qeydləri-2
«Cəmiyyət xaricində insana məhrəm ya Allahdır,
ya da vəhşi təbiət»
Aristotel
Xınalı dağlar
Yazını başlamamışdan öncə bir şeyi qeyd
etməsəm, vicdan əzabı çəkərəm.
Bir dostumun “Kədərin
bütün rənglərində Zaqatala” adlı yazısı, orada
təsvir olunan payız və onun üzücü kədər
gətirən rəngləri çox xoşuma gəlmişdi. Payızın bütün rəngləri o
yazıda cəmlənmişdi... Nə vaxtsa
payız fəslində belə bir
reportajı yazacağımı düşünürdüm.
Lakin heç
ağlıma da gəlməzdi ki, kədərin görüntülərini
yayın ilk günlərində-7 iyunda, sərin küləkli, bir
az da çiskinli
havada duyub qeydlər aparacağam. Yazının adına görə
yəqin dostum məndən inciməz.
Dan yerinin yenicə
söküldüyü anlarda
Bakının adamsız, sakit küçələriylə
addımlayırdım. Heç vaxt belə tezdən tək yolda
olmamışdım. Addımlarımın səsini eşidirdim, bu təklik mənə
əsl azadlığı yaşadırdı... Hətta o an
yaşadığım bu azadlıq sevincinin dadını çıxartmaq üçün yolun tən
ortasında atılıb-düşmək, rəqs etmək,
ürəkdən gülmək istədim də... Nə isə,
bu dəliliklərimi burada
montaj edib keçirəm
əsas epizodlara - qrup
yoldaşlarım və kurs rəhbərimiz,
həm də rejissor Ədalət Ziyadxanovla birgə Xızı səyahətimizə
start verdiyimiz səhnələrə.
Xızı deyəndə hamının gözü
qarşısında ilk əvvəl
Xızı dağları canlanır... Nəbi Xəzri boşuna yazmayıb ki, “Məni
heyran etdi Xızı
dağları”. Deyildiyi qədər də
varmış! Dağların arasından keçən yolla irəliləmək, o
əsrarəngiz gözəlliyi seyr etmək
o qədər böyük
zövq verirdi ki... Balaca olarkən dənizin
sahilində qumdan “dağlar”
düzəldərdik. İndi də bu dağlar o “dağlar”ı xatırlatdı... Yalnız bir fərq var idi: bunları təbiət, onları isə biz yaratmışdıq. Günəşin aradabir buludların arasından görünən
şüaları da bir
aləm idi. Dağların
üzərində sanki
fırçaydı, hərdən bir rəng
qatırdı. Bu rənglər də vaxtdan asılı olaraq
işıq və kölgənin müxtəlif təzadlarını
yaradırdı. Üstündə iz açan cığırlar isə qoca adamların əllərindəki
damarları xatırladırdı. Uşaqlardan
bəzilərinin başı yeməyə
qarışsa da, bəzilərimiz Ədalət
müəllimlə gözlərimiz önündə sərgilənən
canlı kompozisiyadan və rəssamların,
xüsusilə də Rembranatın
yaradıcılığında əsas yer
tutan işıq-kölgə effektlərindən
maraqlı söhbətlər edirdik.
Oxu tar...
Xızıya gələsən, Müşfiqin,
Cəfərin ev muzeylərini ziyarət
etməyəsən...günah olar! İlk olaraq Müşfiqin evinə
baş çəkdik. Muzey
üzük qaşı kimi
dağlarla əhatələnmişdi. O an mənə elə gəldi ki,
bir vaxtlar qoruya bilmədiyimiz, repressiyanın qurbanı olmuş Müşfiqi, onun ruhunu indi
bu dağlar qoruyur. Muzeydə köhnə ab-hava
olmadığından ev mənə doğmalaşa bilmədi. Təkcə Müşfiqin yadigari olan, həyətdə öz
əliylə əkdiyi iki qovaq
ağacından başqa. Ağaclar balaca olduğundan, elə bil bir
neçə il bundan öncə əkilmişdi.
Bəlkə də o ağaclar
heç vaxt böyümək istəməyəcəkdi.
Axı Müşfiq də cəmi 30 il yaşadı...
Evlə üzbəüz
dağın üstündə
böyük bir tar və onun yuxarı
hissəsində böyük
hərflərlə yazılan
«OXU» sözü diqqətlərdən
yayınmadı. Bəli,
“Oxu tar, bir qadar!..
Nəğməni
su kimi
alışan
ruhuma çiləyim.
Oxu, tar! Səni kim
unudar?”
Müşfiqin
də şeirləri oxuyan tar kimi ruha su çiləyən,
sərinlik gətirən
musiqini xatırladırdı.
Məktəb vaxtı
onun şeirlərini oxuyarkən elə bilirdim buz kimi
soyuq su içirəm... Qəribə hisslər idi.
Allah rəhmət eləsin!
Qəribə həyəcan...
İçində böyük ideyalar
gəzdirən, bəşəriyyətin
vicdan işığını
yandırmağa çalışan,
ömrünü teatr
yollarında əridən
dahinin - Cəfərin
(mənimçün belədir!)
evinin qarşısında
idik. Şəhərdəki
ev muzeyində
yaşadığım bu
hissi eynən burada da yaşadım.
Cəfər mühiti...
Balaca otaqlardan ibarət köhnə bir ev. İçində Cəfərin anası
Şahbikə xanımın
istifadə etdiyi məişət əşyaları,
yerdə Cəfərdən
qalan çox balaca xalça var idi. Hamımız heyrətlə Cəfərin
toxunduğu, istifadə
etdiyi əşyalara, divarları arasında yaşadığı otaqlara
baxırdıq. Böyük məsuliyyət
duyurduq. Aydının,
Almazın, Elxanın,
Sevilin hüzurundaydıq
biz! Burada Cəfərin yadigarı
olan mürəkkəb
qurutmaq üçün
istifadə olunan əşya da var idi. Əlimlə o əşyaya
toxundum, axı nə vaxtsa Cəfərin ən çox əli dəydiyi əşya olub... Qrup yoldaşım
da öz zarafatından qalmadı:
“- Ay qız, Cəfərdən
sonra ona milyon əl toxunub”-deyib uşaqları güldürdü.
Ədalət müəllim
isə Cəfər barədə bizə qaranlıq qalan məqamlardan, onun işıqlı ideyalarından
və Cəfər qarşısında teatr işçisi olaraq bir borc kimi
səhnələşdirdiyi “Almaz” pyesindən danışırdı... Danışdıqca
da Cəfəri bir daha sevirdik!
Sonra hamı təəssüratlarını
muzeydəki dəftərə
qeyd etdi. Lakin onu da xüsusilə
qeyd edəcəm ki, qrupumuzda sözün əsl mənasında Cəfərin,
onun əsərlərinin
vurğunu olan dostum Rahil içimizdə
ən həyəcanlısı
idi. Cəfərdən
yadigar qalan hər bir əşyaya
toxunduqca özünü
dünyanın ən xoşbəxti hiss edirdi. Özü etiraf etməsə də, gözlərindəki
sevinc bundan xəbər verirdi. Dəftərdə Cəfərlə bağlı ən çox ürək sözlərini (dastan) yazan da o oldu.
Yazdığı sonuncu kəlmələrin
səmimiliyi diqqətimdən
qaçmadı. “Mən səni sevirəm, Cəfər, sevirəm, sevirəm,
SEVİRƏM!!!” Bəli, bu kəlmələr, doğrudan da ürəkdən gəlirdi...
Şişirtməsiz, yalansız,
filansız! Cəfərin
əsərləriylə nəfəs
alan tələbənin
qəlbindən bağırırdı
ağ kağıza bu kəlmələr!!!
Kədəri içib sərxoş olmaq...
Yəqin düşünürsüz ki,
yazının adıyla
bayaqdan bəhs etdiyim hadisələr nədənsə düz gəlmir... Mənim aləmimdə hər rəngin öz mənası var: qara-xoşbəxtlik, yaşıl-enerji,
mavi-sakitlik və s. anlamındadır... Lakin impersionalist rəssamların
çəkdikləri təbiət
görüntüləri həmişə
mənə kədər
gətirib... Bu gün
təbiət özü
də bu rəsmləri bizim üçün görüntülədi,
kimi görə bildi, kimi də
yox...
Yenə də təkliyi özümə həmdəm
götürüb (boşuna
bayquş demirlər ki) çəkildim dağın döşünə...
Üzbəüzdə silsilə dumanlı
dağlar sıralanırdı.
Hava buludlu idi. Arabir yağış da çiləyirdi. Ətraf
yalnız iki rəngdən ibarət idi: yaşıl və boz... Bozumtul duman, buludlar, yağış və küləyin özüylə birgə gətirdiyi kədər...
Lakin bu kədər kədəri bəxş etmirdi, insanı üzmürdü. Əksinə, təbiətdən maksimum
zövq almaq hissini yaşadırdı.
Bozumtul yağış isə üzüntüləri yuyub
aparırdı. Faiq Sücəddinovun
“Vətən ballada”sı
sədaları altında
mənzərəni seyr
edirdim. Dağların fonunda hündürlükdə
quş qanad açaraq havada küləklə mübarizə
aparırdı. Bəzən qanadları
təslim olub havadan asılı vəziyyətdə dayanır,
bəzənsə yenidən
irəli uçurdu.
Yaşıl dağlar isə
elə bil qalın parçadan özünə paltar biçmişdi. Burada düşüncələrim
də fərqli idi. Xəyallar, fikirlər kölgə
kimi ötüb keçirdi. Ölümün
kölgəsi isə
o qədər cılız,
o qədər görünməz
idi ki... Görünür təbiətin gözəlliyi
qarşısında o da
öz faniliyini dərk edirdi. Burada ölüm haqqında düşündüklərim şəhərdəki
səsli-küylü həyatın
içərisindəki fikirlərimdən
fərqli idi. Şəhərdəki ölüm
daha qorxunc, daha dəhşətli olduğu halda buradakı ölüm isə çox şəffaf, kədərin
bozumtul rəngində
ötüb keçirdi...
Bu ölüm o ölümdən
fərqli olaraq, insanın əbədiliyini,
Dostoyevskinin məşhur
“Gözəllik dünyanı
xilas edəcək” kəlmələrini bağıraraq
təslim olurdu...
Demosfen deyir ki, ən asan şey
insanın özünü
aldatmağıdır. Kim bilir, bəlkə də bayaqdan təriflədiyim dağlar,
təbiət məni aldadırdı... Kim bilir bəlkə də vəhşi Amazon meşələrini,
Himalay, And dağlarını və s.sözün əsl mənasında insanı heyrətləndirən mənzərələri
görsəydim, indi necə aldandığımı
hiss edərdim. Amma yox, bura bizim
Vətənimiz idi,
biz bu təbiəti doğru olaraq qəbul etmişdik, çünki Vətənin
övladlarıydıq, hər
şeyə rəğmən
köklərimizə bağlı
insanlar...
Kədər və sərhədsiz
AZADLIQ... Ədalət müəllimin bir
sözü var “Anı yaşamaq”. Mən bu
anı YAŞADIM!!!
Yeganə CANSAİL
yeganec@list.ru
P.S.: Yaddaşımızda vizual olaraq çəkdiyimiz
virtual kinonun
epizodlarını - otların ətrini, meşənin sükutunu, görünür,
hələ uzun müddət
xatırlayacağıq...
Mədəniyyət. - 2009.- 12 iyun.- S. 9.