Qərib qəbrin
harayı
Bolqarıstanın Ruse şəhərində dəfn
edilən Məmmədov Aslan Sarı oğlu əslən Samux
rayonunun Aşağı Qarasaqqal kəndindəndir
Rəsmi statistikaya
görə, İkinci Dünya müharibəsində 640 mindən
çox azərbaycanlı iştirak edib, onlardan 400 minə
yaxını döyüşlərdə həlak olub.
Qafqazdan Berlinədək
şanlı döyüş yolu keçən azərbaycanlı
əsgərlərin çoxunun indiyədək dəfn
olunduğu yer yaxınları üçün naməlum
qalıb.
Belələrindən
biri də Məmmədov Aslan Sarı oğludur. Elmi ezamiyyətlə
əlaqədar olduğum Bolqarıstanın Ruse şəhərindəki
sovet əsgərlərinin qardaşlıq qəbiristanlığında
eloğlumuzun adına rast gələndə beynimdən
keçən ilk fikir “görəsən, doğmaları onun
burada uyumasından xəbərdardırmı?” oldu. Bu suala
cavab tapmaq üçün keçmiş SSRİ, indiki Rusiya
Müdafiə Nazirliyinin xüsusi saytında axtarış
apardıq. Həmin arxivdə Məmmədov Aslan Sarı
oğlunun 1924-cü ildə Samux rayonunun Aşağı
Qarasaqqal kəndində anadan olduğu, 1942-ci ilin sentyabr
ayında orduya çağırıldığı və
1945-ci ilin mart ayında itkin düşdüyü barədə
qeydlər vardı.
Burada eyni zamanda başqa
bir qeyd də vardı ki, serjant Məmmədov A.S. 1920-ci ildə
anadan olmuş (il fərqinə diqqət yetirin), 1945-ci ildə
Bolqarıstanın Ruse şəhərində dəfn
olunmuşdur. Onu da bildirək ki, Rusedə heç bir
döyüş olmayıb. Sadəcə, Rumıniya ərazisindəki
ağır döyüşlərdə yaralanmış əsgər
və zabitlər Ruseyə, hərbi hospitala gətirilmiş,
dünyasını dəyişənlər elə burada da dəfn
olunmuşdur.
Yeri gəlmişkən,
Rusiya Federasiyasının Ruse şəhərindəki baş
konsulluğu sovet əsgərlərinin uyuduğu qəbiristanlığı
daima diqqətində saxlayır və hər il mayın 9-da
burada anım mərasimi təşkil edir. Axtarışımızla
əlaqədar konsulluğa da müraciət etdik. Lakin Məmmədov
A.S.-yə aid əlavə məlumat əldə edə bilmədik
və konsulluqdan Bolqarıstan-Rusiya Dostluğu Cəmiyyətinin
Ruse bölməsinin sədri İvan İordanova müraciət
etməyi məsləhət bildilər. İ. İordanovla
görüşümüz zamanı məlum oldu ki, qəbiristanlıqda
daha bir həmyerlimizin məzarı var. Bu, 1907-ci ildə Cəbrayıl
rayonunun Tatar kəndində anadan olmuş Nəbiyev Sultan
Mamitoviçdir. Atasının adının bu formada
yazılması ilk axtarışımızda bizi
çaşdırmışdı.
Düşünmüşdük ki, belə yazılış
adətən digər millətlərə xasdır. Lakin
İ.İordanovun mənə təqdim etdiyi SSRİ Nazirlər
Soveti yanında Baş Arxivlər İdarəsindən verilən
arayışda yuxarıda qeyd olunan məlumatlar, yəni onun azərbaycanlı
olduğu öz əksini tapmışdır. Bu da onu deməyə
əsas verir ki, ola bilsin, Nəbiyev Sultanın burada uyuması
haqqında doğmalarının məlumatı vardır.
Mayın 9-da Rusiya
Federasiyasının Ruse şəhərindəki Baş
Konsulluğu növbəti anım mərasimi təşkil
etdi. Mərasimdə baş konsul Mixail Torşin, Ruse bələdiyyə
başqanı və digər rəsmilər iştirak edirdi. Öncə
sovet əsgərlərinin xatirəsinə
ucaldılmış abidənin (yerlilər ona Alyoşanın
abidəsi deyirlər) qarşısında başlayan mərasim
qardaşlıq qəbiristanlığında davam etdirildi. Mərasimdə
bu sətirlərin müəllifi, Xəzər Universitetindən
dosent İsmət Əhmədov və Gəncə Dövlət
Universitetinin tələbəsi Niyazi Həsənov da
iştirak edirdi. Həmyerlilərimizin məzarı
üstünə tər qərənfillər düzdük və
ruhlarına fatihə oxuduq. Mərasim haqqında yerli “Bryaq” qəzeti
11 may tarixli sayında ətraflı məlumat dərc etdi.
Bahadur Bilalov,
Ruse şəhərindəki
Anqel Kançev adına
Universitetin doktorantı,
tarix elmləri namizədi, dosent
Mədəniyyət.- 2009.- 12 iyun.- S. 9.