Kiçik açarla
böyük qapı açmaq arzusu...
Səməndər Mənsim oğlu Rzayev 1945-ci il
yanvarın 2-də Ağsu şəhərində anadan olub. M.A.Əliyev
adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (ADMİU) aktyorluq fakültəsini bitirib (1968). Sumqayıt
Dövlət Dram Teatrında və 1967-ci ildən
çalışdığı Akademik Milli Dram
Teatrının səhnəsində obrazlar qalereyası
yaradıb. Dövlət mükafatı laureatı (1980), əməkdar
artist (1974) kimi fəxri adlara layiq görülüb. Səməndər
Rzayev 1986-cı il martın 27-də dünyasını dəyişib.
Mədəniyyətimizin
inkişafında müstəsna xidmətləri olan Səməndər
Rzayevin aktyorluq sənətini seçməsində Azərbaycan
radiosunun rolu danılmazdır. Radioda səslənən
tamaşaları milli aktyorlarımızın ifasında dinləyən
yeniyetmə gəncin arzularını oxşayan, xəyallarına
sığal çəkən milli radiomuzun rəngarəng
proqramları onun özünü gələcəkdə bu məkandan
milyonların sevimlisinə çevrilməyə
ruhlandırıb, aktyorluq sənətini seçməsinə
təkan verib.
Sumqayıt Dövlət
Dram Teatrında və Akademik Milli Dram Teatrında yaratdığı
obrazlarla böyük tamaşaçı auditoriyasının
rəğbətini qazanır. Səməndər Rzayevin
müraciət etdiyi bütün obrazların daxilində
xüsusi bir ciddilik var. Aktyor ona həvalə olunan komik
rolları belə real personaj kimi təqdim edərək hadisələri
həyatiləşdirir, əsərin səhnə təcəssümünü
təbiiləşdirirdi.
Teatral
yaradıcılığı ilə paralel televiziya filmlərinə
və kinoya çəkilən Səməndərin hər bir
rolu mizan və ifa baxımından fərqli idi. O,
yaratdığı hər bir obrazın təfsirində
növbəti istedadını təsdiqləyərək
kiçik epizodlarda belə diqqət çəkirdi. Səməndərin
səhnə duyumu, aktyorluq məharəti tərəf-müqabillərinə
sirayət etməyə bilməzdi. Onun sənətinə
qarşı olan tələbkarlığı,
yaradıcılıq axtarışları tərəf-müqabillərinə
sərbəst improvizələr etməyə şərait
yaradırdı. Bir də ki, o, aktyorluğu mütaliə ilə
öyrənməmişdi. Aktyorluq onun daxilində idi. O, həyatın
mürəkkəb üzünü seyr etməklə kifayətlənmək
istəmədiyindən yaratdığı bütün
obrazların xarakteristikasını dərin mənalı
emosionallığı ilə təqdim edirdi. Bu sənətə
o, yalnız güldürmək üçün yox, həm də
düşündürmək üçün gəlmişdi. Aktyorun
ifaçılığındakı komik rollarında belə
dramatik məqamlar diqqət çəkir və yaxud əksinə
dramatik obrazlarındakı peşəkar
ifaçılığı kadrda anidən komik məqamlar
yaradaraq (Rejissor: Tofiq Tağızadə “Babamın
babasının babası” filmi) tamaşaçıya yumorla
dolu şirin gülüş bəxş edirdi. Bununla sanki o,
kinodramaturgiyasındakı kolliziyanın mahiyyətini,
düşündürücülüyünü və kinonun
həyatımızı təqib etməsinin vacibliyini sübut
etməyə çalışırdı. Bəlkə, bu səbəbdəndir
Səməndər yaradıcılığı bu gün də
tamaşaçıların maraq dairəsindədir. Məsələn,
“Bəyin oğurlanması” filmində Hidayət müəllimin
timsalında biz əsl kolxoz sədrlərinin xarakterik
simasını gördük. Onun komik ifasında belə kadrlar
ciddiləşir, tamaşaçı marağı ekrana hakim kəsilir,
əsərin bədii-ideyası açılır, filmin mahiyyəti
qiymətlənirdi. Özünü səmimi, əliaçıq,
gülərüz insan kimi təqdim edən kolxoz sədrinin
sosial cəhətdən bərabərhüquqlu sayılan kənd
əhli üzərindəki hökmranlığı onun kəskin
baxışlarından və amiranə nitqindən bəlli
olur. Komik nüanslarla obrazı satirik xarakterizə edən
aktyor Səməndər Rzayev, Hidayət müəllimin sevimli
sədr olmadığını fərdi improvizələri ilə
aydın səciyyələndirir. Onun kənd
ağsaqqalları cərgəsində elçi getməməyi
və böyüklü - kiçikli “indi oynallar” deyib
insanları rəqs etməyə məcbur etməsi bu faktı
təsdiqləyir. Onun yaratdığı personajların
psixoloji durumu, daxili aləmi bizə tamamilə aydın təqdim
olunduğuna görə rejissor, dramaturq ideyaları
açıqlanır, filmin ümumi kompozisiyası tamamlanır.
Sosial bərabərsizliyi
satirik boyalarla qınaq obyektinə çevirmək sanki onun bir
çox rollarının boyuna biçilmişdi. Məsələn,
“Evləri köndələn yar” televiziya tamaşasında
oynadığı Şakir Səkəroviç obrazı ilə
o, müasirlərinin şöhrətpərəstliyə, diktatorluğa
meyllilik ideyalarını psixoloji nüanslarla qabardaraq baş
rol səviyyəsində təqdim edir.
Nadir səs tembrinə,
xarakterik simaya, səviyyəli ifaçılıq üslubuna
malik olan Səməndər Rzayev təəssüflər olsun
ki, çox vaxt istedadını kinoda ikinci planlı və
epizodik rollarda təsdiqləməli olurdu. “Kiçik
açarla da böyük qapılar açmaq olar”, - deyən
sənətkar bu tendensiyanı kino
yaradıcılığındakı epizodik rollarında sevərək
gerçəkləşdirirdi. Aktyorun ifasındakı təkrarsızlıq
və gerçəklilik çəkildiyi 20-ə yaxın
filmdə bu fikri təsdiqlədi. “Evlənmək istəyirəm”
filmində aktyorun yaratdığı Həsənağa
obrazının timsalında cəmiyyətin haqqını
tapdalamaqla sinfi bərabərsizliyə səbəb olan burjua
nümayəndəsinin mövqeyi pafoslu ifa ilə yox, sərbəst
dialoqlarla açıqlanır. Ümumiyyətlə Səməndər
Rzayevin yaradıcılığını əks etdirən
prototiplərin hər biri düşündürücü
meyarlarla hafizələrdə təzələnir. Epizodik
rollara çəkilmək təkliflərini həvəslə
qəbul edən aktyor kinematoqrafik görünüşü, zəhmli
siması daxilində milli xarakterlər ustası idi. O, ekranda
yaratdığı mənfi obrazları da şəxsiyyət
kimi təqdim edirdi. Ekran əsərlərinin süjet xətti
zəif olsa belə onun ifaçılığını əks
etdirən kadrlardakı personajların ciddiliyinin fərqinə
varmamaq qeyri-mümkündür. Bu xüsusiyyətlərə əsasən
onu hər dəfə ekranda görüb,
yaradıcılığını sevən
tamaşaçı filmi finaladək izləməyi
üstün tutur. Açığı onu filmlərə
uğur qazandıran aktyor adlandırmaq olar.
Onun tarixi rollarından
olan İbn Bais (“Babək”) və Şirvanşah İbrahim (“Nəsimi”)
surətləri ikinci planlı rollar olsa da o, hadisələrdəki
ziddiyyətlərin kəskinləşməsini təşkil
edən mürəkkəb xarakterli prototiplərin fonunda, ekran
dramaturgiyasındakı ardıcıllığı orijinal
ifaçılığı ilə paralel inkişaf etdirir,
diksiyasındakı səlis ifa tərzinə əsasən isə
əsərin mahiyyətini açıqlayır, rolun
mövqeyini dəqiq xarakterizə edirdi.
Xürrəmilər hərəkatına
qoşulan İbn Baisin saxta mövqeyi, dostluğu təbliğ
edən yalançı natiqliyi filmdə ziddiyyətlərin mərkəzində
dayanacaq tipaj olduğunu məharətli ifası ilə bəyan
edir və film boyu bu mürəkkəb məxluqun ibtidai
şüuruna qarşı ikrah hissi yaradır, yaşam siyasətini
qınaq obyektinə çevirir. Onun istedadına ünvanlanan
bütün mənfi obrazlar aktyor ifaçılığı
mövqeyindən möhkəm müdafiə olunur,
reallığa uyğun olan xarakteristikası müxtəlif
boyalarla üzə çıxarılır. Səməndər
Rzayevin ecazkar səsi dublyaj etdiyi rolları belə sevdirirdi.
Radionun “Bulaq” verilişinin aparıcısı olan bədii qiraət
ustasının çıxışlarından doymayan dinləyicilər
dublyaj olunmuş filmləri də onun səsi ilə seyr etdikdə
ekran əsərinin emosionallığına qapılır,
filmin dəyərini dərk edirdilər. O, aktyorluq sənətində
olduğu kimi, dublyaj işinin ciddiliyinə də hörmət
qazandıran aktyorlarımızdan idi. Səməndər
Rzayevin səsi ilə tamaşaçı diqqətini çəkən
onlarla film bu gün də öz bədii - səviyyəsini
saxlamaqdadır.
Şəhla Bürcəliyeva,
Kinoşünas
Mədəniyyət.- 2009.- 12 iyun.- S. 5.