Azərbaycanda Qətər mədəniyyətinin
növbəti günü
Məlum olduğu kimi, bu il Bakı - İslam Mədəniyyətinin
Paytaxtı elan olunub. Bununla əlaqədar, Azərbaycanın
digər ölkələrlə, xüsusən də müsəlman
ölkələri ilə həm siyasi, həm iqtisadi, həm də
dostluq münasibətlərini daha da
yaxşılaşdırmaq məqsədilə ölkəmizdə
bu il çoxsaylı mədəniyyət günləri təşkil
olunur. Bu, qarşılıqlı münasibətləri daha da
yaxşılaşdırmaq və mədəniyyətimizi həmin
ölkələrdə təbliğ etmək, tanıtmaq istəyindən
qaynaqlanır.
Növbəti belə yüksək
səviyyəli tədbir iyunun 10-da Mərdəkan Mədəniyyət
Mərkəzində keçirildi. Qətər Mədəniyyət
Günləri ilə bağlı keçirilən bu tədbirdə
Azərbaycan və Qətər dövlətindən olan bir
çox nümayəndələr, Qətərin Mədəniyyət,
İncəsənət və İrs Milli Şurasının
baş katibi və Azərbaycandakı səfiri Mübarək
Bin Nasir Əl-Xəlifə, həmçinin hər iki ölkənin
mətbuat, mədəniyyət işçiləri, incəsənət
adamları iştirak edirdilər.
Tədbir özündə
Qətərin adət-ənənələrini, milli kaloritini,
özünəməxsus mental dəyərlərini əks
etdirən “Les noces au Qatar” adlı kliplə açıq elan
olundu. Klipdə qətərlilərin salamlaşma tərzi,
özündən böyüyə hörmət, toy adət- ənənələri,
xınaçılıq, ətirlər, gəmiçilik, xalq
şirniyyat növləri və başqa bu kimi maraqlı
etnoqrafik və müasir həyatını əxs etdirən
nümunələr tamaşaçıların ixtiyarına
verildi. Bir məqamı xüsusilə vurğulayaq ki, klipdə
daha çox diqqət cəlb edən toy adət- ənənələri
oldu. İnsana keçmiş mühiti xatırladan və əsl
Şərq üslubunda təşkil olunan otaqlarda qəribə
bir toy ab-havası hiss olunurdu. Gəlin üçün
hazırlanmış otaqlardan birində onun yaxınları,
dost- tanışları ətrafına yığışaraq
ona təbriklər, xeyir-dualar deyir, anası isə dua
oxuya-oxuya qızının əlinə və ayağına
xına, gözlərinə sürmə çəkirdi. Rəfiqələrindən
biri də gəlinin başına gülab səpələyərək
onun saçlarını, əl-qolunu xüsusi buxurun
tüstüsü ilə ətirləndirirdi. Qarşı
otaqlardan birində də bir qadın toyda iştirak edən
başqa qadınlara gəlinin “cehiz”lərini müxtəlif rəngli,
bər-bəzəkli, zəngin naxışlarla işlənmiş
parçalarını, bəzək əşyalarını,
geyim və digər aksessuarlarını göstərirdi. Paralel olaraq, başqa bir otaqda bəyin
toya hazırlıq prosesi gedirdi. O, dost və qohumları ilə birgə yerdə oturub milli musiqi alətlərinin
sədaları altında
dua oxuyurdu. Az sonra
bütün otaqdakılar
həyətə çıxıb
musiqi ritmləri altında əl çalaraq rəqs edir, ata və
oğul isə otaqda söhbət edirdilər. Daha sonra qadınlar
gəlini bəyin yanına gətirirlər.
Bəy namaz qılır, mətbəxdə isə qadınlar səhərə
yemək hazırlayırlar.
Digər bir diqqət
çəkən cəhət isə kişilərin yekə bir
sini ətrafında toplaşaraq, yeməyi eyni qabdan, həm də
əllə yemələri, uşaqların isə
qohum-qonşuya yemək paylamaları oldu. Klip bitdikdən
sonra Qətərin rəqs ansamblı səhnəyə çıxıb
kəndirlə, qılıncla
müxtəlif rəqslər
ifa etdilər. Rəqs edən qadınlar isə səhnədəki
çıxışları zamanı çarşabı
atmaqla, bizə “azad qadın”ı xatırlatdılar.
Beləliklə,
tamaşaçılar Qətərin milli mədəni adət-ənənələri
haqqında bilgilərini daha da zənginləşdirdilər və
hamı zalı xoş təəssüratlarla tərk etdi.
Yeganə,
Könül
Mədəniyyət.- 2009.- 12 iyun.- S. 4.