Aida Həmdulla qızı Abdullayeva

 

   Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin təməlini qoymuş Aida Həmdulla qızı Abdullayeva dünyasını dəyişmışdir.

   Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olmuşdur. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilmişdir. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdır Opera Balet Teatrının orkestrində işə qəbul olunur. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edildi.

   1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunur Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilir.

   1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirir. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayır. Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlamışdır. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılmışdır.

   Aida Abdullayeva dəfələrlə arfaçıların beynəlxalq müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur.

   Aida Abdullayeva Respublikanın əməkdar artisti fəxri adına, fərdi prezident təqaüdünə layiq görülmüşdür.

   Gözəl insan istedadlı musiqiçi Aidə Abdullayevanın əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

   

   Azərbaycan Respublikası  Mədəniyyət Turizm Nazirliyi

 

Mədəniyyət. - 2009.- 12 iyun.- S. 2.