Yumulmayan gözlər
Hekayə
Qulağında anlamadığı cümlələr səslənir,
gözləri gah yerə zillənir, gah da soyuq
daşların üzərində
üşüyürdü. Baxışlarında özünə
agah olmayan yorğunluq, sanki nəyəsə təslim
olunmuş bir ifadə var idi. Bunun necə
olduğunu hiss etmədi; qarnının üzərində düyünlənmiş
əlləri bir-birindən ayrıldı, üzü qızardı. Qalın paltarının altında tumarlanmış
tükləri biz-biz oldu, bədənindən xəfif bir gizilti hiss etdi.
Heyrətlənmə səhnəsini məharətlə
oynamağa çalışdı.
Üzünü qızardacaq
ifadələr gəzdi,
bütün cəhdi ilə həyəcanını
təsirli bir şəkildə göstərmyə
çalışdı. Yerindən
tərpənə biləcəyini
anladı, ancaq özünü elə göstərdi ki, guya kimsə onu yarım
metr yerə basdırıb. Ətrafındakı
onlarca adam bir anda yoxa
çıxmışdı, ancaq bilirdi ki,
hər kəs öz yerindədi. Gözləri montaj olunmuş film kimi lazımsız səhnələri kəsib
çıxarmağa başladı.
Yerə basdırılmış
ayaqlarını, necə
oldusa, unutmadığı
illərdə, küçələrdə
gəzdiyini hiss etdi.
Beləcə birinci səhnənin mahir ifaçısı öz işini yerinə yetirdi. Daha doğrusu,
qonşusunun onun çiyninə “gedirik” deyib toxunduğu an ona elə
gəldi ki, rejissor birinci səhnəyə “stop” dedi. Gəldikləri maşına minib daş-kəsəkli yolla enişi aşağı enəndə
özünü hələ
də bayaq durduğu yerdə gördü. O, bura qayıdacaqdı...
- Bu başqası ola bilməz, mən onu görən kimi tanıdım - O, otaqda var-gəl edərək dostunu görcək dilləndi - İllər keçib, amma heç dəyişməyib...
Dostunun “Əminsən, odu?” - sözünü eşidən kimi - O, mənə baxırdı, bu baxışları lap uzaqdan da tanıyaram. Onu gördüyümə sevinməkdən
çox, onunçün
necə darıxdığımı
hiss etdim. Əlimin əsdiyini, döyüntüsünün azlığından
həkimə şikayət
etdiyim ürəyimin həyəcanlı dup-dup səsini eşitdim. - Yox, bu başqası
ola bilməzdi. Onu gördüyümə
sevinməkdən çox,
intizarın, ayrılığın
necə can ağrıdan bir şey olduğunu hiss etdim. Çarəsizliyimə,
gücsüzlüyümə, özümə yazığım
gəldi. O isə bunları hiss edirmiş kimi sakitcə mənə baxırdı - uşaqlıqda
baxdığı kimi...
Günəşin qarşısını
kəsən qara bulud kimi, bir
neçə qara paltarlı adam onun ətrafında gəzişirdi, ancaq küləyin qovduğu buludların arxasından onun gözlərini aradabir görürdüm.
O, mənim keçmişim
idi, üzü solğun və...
Mərmər
gözlərinin içində
bir anlıq uşaqlığımızı gördüm. Elə bil heç
vaxt yatmayan gözlərində uşaqlığımızı
gizlətmişdi. Həyətdə
palçıqla, torpaqla
oynadığımız uşaqlıq...
Bilirsən, mən bunca illərdən sonra onu necə
sevdiyimi hiss etdim. Ömür boyu içimdə qalan kəmliyin səbəbini gördüm.
Uzun illərdən sonra dünən, onu gördüyüm gün başa düşəcəkdim
ki, o, məni
torpağı sevdiyim qədər sevirmiş. Sevmədiyi torpağı.
Mən isə bu sevgini, bu
fədakarlığı görməyəcək
qədər uşaq idim. O isə uşaq olsa da, mənə yaxın olmaq üçün hər şeyi nəzərə alacaq qədər böyük imiş. Dostu çənəsini büzərək, aramsız
etirafların içində
uşaqlıq illərini
xatırladı: Yavaş-yavaş
uzanan boyunu, yavaş-yavaş yekələn
sinəsini, bədənini.
Bədəni ilə yanaşı, enlənən
üzü, qaşı,
güllü paltarlarını,
güllü corablarının
belə böyüməsi,
ciddiləşməsi... Mən
bütün bunların
o zamankı mənasını dünən
anladım.
Onu, 8 yaşında
öyrəndiyi sevgi hissini, mən çox sonralar öyrənəcəkdim. Onların
bizim məhəllədən
köçüb getdiyi
gün hiss edəcəkdim. Həmin gün mənə zillənən gözləri
bir daha unutmadım. Bədənimdəki
gizilti, həyəcan həmin günün xatırəsi olaraq qaldı içimdə. O baxışları ilk dəfə orda görmüşdüm, soyuq
və lal...
- Bəlkə, ora gedəsən - Dostu ehtiyatla onu, sözünü kəsdi.
- Yox, hələ tezdi.
Axşam dostuna “tezdi” dediyi yerə getmək üçün
artıq “gec” olduğunu anladı.
Ancaq yenə də getdi.
Gecə idi, yoxuşu yuxarı qalxdıqca ayağını əzən
daşlara fikir vermirdi. Tələsirdi, ancaq bilirdi ki, o
baxışlar heç
bir yerə tərpənə bilməyəcək.
Daşa həkk olunmuş üzü sığalladı,
qəribə bir istilik hiss etdi-
heç vaxt sığallamadığı, istiliyini
və yumşaqlığını
hiss etmədiyi üzü. Sanki qız yad kişinin
ona sığal çəkməsindən utandı,
yanaqları pörtdü.
Sinəsindən aşağı
bədənini görmədi
ki, qucaqlasın, amma yenə də başdaşını qucaqladı.
Bilmədi ki, qızın öldüyünə
ağlasın, yoxsa onu necə sevdiyini
heç vaxt ona deyə bilməyəcəyinə.
Ancaq ağladı...
Nahid
Mədəniyyət.- 2009.- 17 iyun.- S. 13.