Kimdir müqəssir?
“Kinomuz inkişafdadır”.
Bu ifadəni kinomuza məsul olan rəsmilərin dilindən tez-tez eşitməli oluruq. Bəs “kinomuz inkişafdadır”la razılaşanlar varmı?
Razılaşanlar da, razılaşmayanlar da var. Bu isə
normaldır. Bəs reallıq necədir?
Kinonun prodüseri
Yarım əsrdən
çox bir müddətdə kinomuzun prodüseri sovet dövləti
olub. Bu dövlət
istədiyi filmi sifariş edib, istənilən mövzunun
ekranlaşdırılmasının qarşısını alıb.
Çəkilişinə icazə
verdiyi ekran məhsulunun maliyyə işlərini isə film direktorlarına tapşırıb. Sovet dövlətinin dağılması
ilə kino öz prodüserini itirdi. Müstəqil şəxslərin kinoya prodüserlik etməsini isə bu tezliklə
qəbul etmək çətin oldu. Belə məqamda kinomuz bir müddət
tamamilə özünü
itirdi. Hərə öz təklifi
ilə kinomuzun problemlərini artırdı.
Bu proses 2002-ci ilə qədər davam etdi. Ölkədə
vəziyyət sabitləşdikdən
sonra müstəqil dövlətimiz kinonu yenə öz himayəsinə götürdü.
Azərbaycan kinosu ovaxtkı Mədəniyyət
Nazirliyinə tapşırıldı.
İlkin olaraq ildə iki film
“Azərbaycanfilm” kinostudiyasında
istehsalata buraxıldı.
Filmin istehsalat işi köhnə qaydada aparılırdı.
Dövlət maliyyəni
“Azərbaycanfilm” kinostudiyasına,
bu təşkilat da həmin maliyyəni
sifariş olunan filmin istehsalatına yönləndirdi. Bunlar ilkin addımlar idi.
Ardınca kino
istehsalı ilə məşğul olmaq istəyən
prodüser mərkəzləri yarandı. Mədəniyyət Nazirliyi prodüser kinosunun yaranması üçün
həmin mərkəzlərlə
iş birliyinə start verdi. Çox
maraqlı idi ki, filmin istehsalına
lazım olan bütün maliyyəni nazirlik ödəyirdi. İlk işbirliyi üçün bu, labüd idi. Amma indiyəcən də bu belədir.
Mədəniyyət və
Turizm Nazırliyi prodüser mərkəzləri
ilə hələ də bəlli sistemlə işləyir. Artıq dövlət bu mərkəzlərlə
ildə 4-5 tammetrajlı
film istehsal edir. Hətta filmə lazım olan maliyyənin, demək olar ki, hamısını ödəyir. Bütün bu işlərin
nəticəsində Azərbaycanda
kino sahəsində durğunluq aradan qaldırıldı. Müxtəlif
layihələrlə gənclər
kino sahəsində çalışmağa başladı.
Hazırda müstəqil
kino şirkətləri
və “Azərbaycanfilm”
kinostudiyası ilə
Mədəniyyət və
Turizm Nazırliyinin
iş birliyi davam edir. İldə
istehsal olunacaq filmlərin sayı isə 8-ə qaldırılıb. Dövlət
(Mədəniyyət və
Turizm Nazırliyi) öz üstünə düşən vəzifəni
yerinə yetirir. Prodüser mərkəzlərinin
inkişafı və prodüser kinosunun yaranması üçün
lazım olan addımlar atılır. Şübhəsiz ki, burada dövlətin maraqları nəzərə
alınır. Bəs qarşı tərəf (müstəqil kino şirkətləri) bu müddət ərzində
hansı nailiyyətlər
əldə ediblər?
Prodüser kinosunun yaranması naminə nə kimi işlər
görülüb?
Kinonun icraçı
prodüseri
Prodüser mərkəzləri
isə hələlik dövlətin ayırdığı
maliyyənin müqabilində film istehsalı ilə məşğuldurlar.
Bu təcrübə
keçmiş sovet respublikalarında da var. Amma onların
əksəriyyətində və əsasən də Rusiyada müstəqil kino şirkətləri təkcə
dövlətin ayırdığı
maliyyə ilə kifayətlənmirlər. Onlar
sözün həqiqi
mənasında kino prodüserliyi ilə məşğul olurlar. Deməli, bizdə özünü prodüser
adlandıran şəxslər
sadəcə icraçı
prodüserlərdir. İcraçı
prodüser tamamilə
fərqlidir. Loru dildə desək, icraçı prodüser PRODÜSERin missiyasını
yerinə yetirir. Nəticədə dövlətin
(prodüserin) sifarişi
ilə film istehsal edən müstəqil kino şirkətləri (icraçı
prodüserlər) prodüserin
sifarişlərini yerinə
yetirirlər. Sözügedən
proses 5-6 ildir davam edir. Bu
müddət isə təcrübə üçün
heç də az deyil. Artıq
vaxtdır, kino öz prodüserlərini gözləyir.
İntiqam Hacılı
Mədəniyyət.-
2009.- 17 iyun.- S. 11.