Yubiley təbriki
və ya «tanış mövzuda variasiyalar»
Əlisəftər Hüseynovun 50 illiyinə
Müdriklərdən biri deyib ki, ciddi işlərdə
insanlar necə görünmək lazımdırsa, elə
görünürlər, xırda məsələlərdə
isə necə vardırlarsa, elə. Qəribədir, haqqında söhbət açacağım
insan isə ciddi işlərdə də, xırda məsələlərdə də
necə vardırsa, eləcə görünür,
yəni olduğu kimi. O, bu günə
kimi nə əqidəsindən dönüb,
nə ətrafındakılara
qarşı münasibəti
dəyişib, nə də kiməsə nədən ötrüsə
minnətçi düşüb.
Dəyişən yalnız
onun gördüyü
gərəkli və əhəmiyyətli işlər,
xeyirxah əməlləridir.
Yaxın illərin söhbətidir.
1985-ci ilin ortaları
idi. Azərbaycan Dövlət Kinematoqrafiya
Komitəsi Məlumat-reklam
bürosuna və onun nəşrlərinə-«Kino»
qəzeti və «Film» jurnalına rəhbərlik
edirdim. Bir gün redaksiyamıza
cavan bir oğlan gəlib jurnalda çap olunmaq üçün
material gətirdiyini bildirdi.
Məqalənin adı
bu günə kimi yadımdadır: «Musiqi mühüm amildir». Məqaləyə
göz gəzdirib soruşdum: «Sizin musiqi savadınız var?» «Xeyr»
cavabını alcaq ikinci sualımı verdim: «Siz kino
işçisisiz?» Yenə də «xeyr». O, qısa pauzadan sonra dedi: «Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsini
bitirmişəm, fərqlənmə
ilə». O, son sözləri
qürurla dedi. Elə yazısından da savadlı olduğu görünürdü. Bu gənc oğlan sonralar kino nəzəriyyəsi
sahəsində istedadlı
alim kimi tanınacaq, kino sahəsində bir neçə kitabın müəllifi, sənətşünaslıq
namizədi, ADMİU-nun müəllimi
olacaq Əlisəftər
Hüseynov idi. Bir neçə gündən
sonra o, yenidən redaksiyaya gəldi. Yenə də material gətirmişdi.
Cavabım çox qısa oldu: «Məqalə çox xoşumuza gəldi. Sən belə məqalələrdən
yenə gətir».
O, xoş bir əhval-ruhiyyə ilə xudahafizləşib getmək
istərkən, özüm
də düşünmədən
ona müraciətlə:
«Vaxt gələcək,
sən Azərbaycan kinematoqrafiyasının istedadlı
sənətşünaslarından biri kimi tanınacaqsan.
Bunu sənə mən yox, kino nəzəriyyəsi
ilə bağlı yazdığın elmi məqalən deyir».
Beləliklə də bu
cavan oğlan uzun müddət bizimlə əməkdaşlıq
etdi, dövri mətbuatda da onun bədii-publisistik və elmi-nəzəri
yazıları çap olundu, ilk kitabı-«Sənətdə
keçən ömür» 1990-cı ildə işıq
üzü gördü. Kitab Azərbaycanın görkəmli sənətkarı,
xalq artisti Həsən Məmmədovun
həyat və yaradıcılığına həsr
olunmuşdu. Kitabın bir
nüsxəsini mənə
bağışlayanda sevincim
yerə-göyə sığmadı.
Axı Azərbaycan kinosunun daim axsıyan kinoşünaslıq elminə
yeni nəfəs gəlmişdi. Özü də
kinomuzun nəzəri problemləri ilə məşğul olan mütəxəssisə böyük
ehtiyac duyulurdu. Elə bu gün də
ehtiyac böyükdür.
Onun ilk kitabını
oxuyarkən bu insanda iki cəhət
mənim diqqətimi cəlb etdi: Onun Azərbaycan kinosuna olan böyük
məhəbbəti və
bu sahədə gərgin əməksevərliyi.
Onunla ilk
görüşdə zənnimdə
yanılmadığım kimi,
bu dəfə də fikrim qəti idi. «Döyüş havası»
(1996), «Yuxudan reallığa»
(1998), «Kino və poeziya»
(2000), «Tanış mövzuda
variasiyalar» (2009) kitabları,
ekran sənətinin estetik problemlərinin tədqiqi ilə ardıcıl məşğul
olması, kinonun estetikası, başqa sənət sahələri,
xüsusilə poeziya ilə əlaqələri,
ekran təhkiyəsinin
strukturu və s. mövzularda yazdığı
məqalələrin «Ulduz»,
«Qobustan» jurnallarında,
«Kino +», «Bakı», «Yeni
fikir», «Müstəqil
qəzet», «Ülfət»
qəzetlərində çap
olunması, mütəxəssislər
və oxucular tərəfindən maraqla
qarşılanması bunu
bir daha təsdiq edir. Ən başlıcası
«Kino və poeziya» monoqrafiyasında Azərbaycan
ədəbi-tənqidi fikrində
ilk dəfə poetik mətnlərlə ekran mətnlərinin müqayisəli
analizini aparıb, sintaktik və semantik quruluş baxımından poeziya ilə ekran sənətinin əlaqələrini
hərtərəfli şəkildə
araşdırmasını, ekran dilinin zənginləşməsində,
montaj təfəkkürünün
formalaşmasında poeziyanın
nailiyyətlərinin önəmli
rol oynamasını elmi əsaslarla sübut etməsi kinoşünaslıqda əlamətdar
hadisəyə çevrilmişdir.
Hətta
o, Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi
«Kino sahəsində ən
yaxşı tədqiqat
əsəri və tənqidi məqalə» müsabiqəsinin qalibi olmuşdur. Eyni zamanda rumın
mənşəli fransız
dramaturqu E.İoneskonun
«Borc qurbanları» pyesini, X.Kortasarın, A.Hiçkokun hekayələrini
Azərbaycan dilinə
tərcümə etmişdir.
Ən maraqlısı
burasındadır ki, o, yaradıcılıqla məşğul
olmaqla bərabər 1983-2007-ci illərdə Azərbaycan
Silahlı Qüvvələrində zabit kimi hərbi xidmətdə
olmuş, Vətən qarşısında öz borcunu ləyaqətlə
yerinə yetirmiş və baş leytenant rütbəsindən
polkovnik-leytenanta qədər yüksəlmişdir. Əhsən belə oğula!
Tale elə gətirdi ki,
biz bir neçə il bundan əvvəl yenə də bir yerdə
əməkdaşlıq etməyə başladıq. Bu dəfə Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində. Hər ikimiz
bu elm ocağında dərs deyirik, mən Azərbaycan kino tarixindən, o isə kino nəzəriyyəsindən.
O, öz bilik və təcrübəsini
tələbələrinə böyük həvəslə
öyrədir, onların
kino sənətini dərindən başa düşmələri üçün
əlindən gələni
əsirgəmir. Tələbələri də müəllimlərindən
çox razılıq
edirlər, onun xətrini çox istəyirlər. Həmkarım elmi axtarışlarının
nəticəsi olaraq
2007-ci ildə uğurla
«Ekran sənəti və poeziyanın qarşılıqlı əlaqələri
problemləri» mövzusunda
dissertasiya müdafiə
edərək, sənətşünaslıq
namizədi elmi dərəcəsini alıb.
Belə bir məsəl var, deyərlər: «Alim olmaq asandır, adam olmaq çətin».
Bilmirəm, bu sözlərdə nə qədər həqiqət
var, amma onu yaxşı bilirəm ki, alim olmaq da
çətindir, adam olmaq da. Xoşbəxtlikdən həmkarım, dostum
Əlisəftər müəllim
həm alimdir, həm də gözəl insan, çox sadə, yumşaq təbiətli, böyüklə böyük,
kiçiklə kiçik,
həm də mehriban ailə başçısı.
Əlisəftər müəllimin bu günlərdə 50 yaşı tamam olur. O, həyatda nə qazanıbsa özü qazanıb, öz zəhməti ilə, alın təri ilə: hörməti də, cəmiyyətdə tutduğu mövqeyi də. Mirzə Şəfi Vazeh demişkən:
Sən özün qazanmasan
səadətini hərgah,
Onu sənə verəmməz
nə bir Allah, nə bir şah.
Doğru sözə nə deyəsən. Birinci yarım əsri ləyaqətlə başa vurub, ikinci yarım əsrə alnıaçıq və yaxşı əhval-ruhiyyə ilə qədəm qoyan gözəl ziyalımız Əlisəftər Hüseynovun istər şəxsi həyatında, istərsə də çoxşaxəli yaradıcılığında ona daha böyük uğurlar arzulayıram.
Aydın Kazımzadə,
Kinoşünas
Mədəniyyət.-
2009.- 17 iyun.- S. 11.