Teatr klassikanı seçir
Şəki
teatrının bu mövsümdə yeni tamaşası ərsəyə
gəldi - “Pəri Cadu”: Milli dramaturgiyamızın
klassikası hesab edilən bu əsərin Azərbaycan
teatrında quruluş tarixi maraqlı və əlamətdardır.
Səhnəmizin neçə-neçə
qüdrətli sənətkarı bu əsərdəki surətlərin
ifası ilə tanınmış, sevilmişdir.
Ayrı-ayrı kollektivlər, ayrı-ayrı yozumlar və
ifalar baxımından “Pəri Cadu” əsəri, həm öz
həmişəyaşarlığını sübut edir, həm
də sənət ucalığına can atanları öz
cazibə dairəsinə çəkir. Bu baxımdan Şəki
teatrının təqdim etdiyi “Pəri cadu” tamaşası hələlik
sonuncudur.
Tamaşa salonuna daxil
olar-olmaz diqqəti çəkən tərtibat
(quruluşçu rəssam Qüdrət Məmmədov) yetərincə
sadə olsa da, gələcək oyunun meydanı kimi maraq
oyadır. Burada
şirma kimi verilən dekorasiya daxilində müxtəlif məkanların
yaradılması üçün əlverişli şərait
var. Həmin şirmanın üstündə səhnənin
texniki qurğuları vasitəsilə asılmış
müxtəlif ağac budaqları, sağ və sol tərəfdə
isə ayrı-ayrı məkanların təsvirini təmin edəcək
elementlər verilmişdir.
Şəki
teatrının mühəndis-texniki imkanlarını nəzərə
almalı olsaq, quruluşçu rəssamın rejissor tərəfindən
nəzərdə tutulan ideya-bədii konsepsiyanın estetik
realizəsi baxımdan ən uyarlı bədii tərtibat həlli
tapması təqdir edilməlidir.
Bəllidir ki, Ə.Haqverdiyev
əsərin fabulasını realist mündəricə ilə
mənalandırsa da, ədəbi-bədii təqdimatda mistikaya
yaxın nağılvari elementlərdən təkanverici vasitə
kimi istifadə etmişdir.
Tanış dramaturji ədəbiyyatlardan
analogiyalar barədə düşünsək, Şekspirin bəzi
pyesləri yada düşür.Yeri gəlmişkən, ədəbi
materialın pritça mahiyyətli mündəricəsi
tamaşada da saxlanılmış, amma hadisələrin
dramatik axarının bədii istiqamətinin məntiqi
yükü teatr vasitələri ilə gücləndirilmişdir.
Müəllifə
görə, “nəfsi-əmmarə”nin əsiri olmağın
faciəsini Şəki teatrı özünəməxsus məzmun
qatları müəyyənləşdirməklə, sanki onu
sadəlövhlükdən uzaqlaşdırmağa cəhd
etmişdir. Belə ki,
müəllif əsərinin qəhrəmanını Qurban
adlandırmaqla, onun xarakterini və əməllərinin bəhrəsi
kimi sonluğunu vurğulamışdır. Teatra görə,
burada təkcə əsərin əsas qəhrəmanı
deyil, onunla bu və ya digər dərəcədə əlaqəli
olan başqa surətlər də qurbandır. Onların aqibətinin
motivlərində fərqlər olsa da, mahiyyətcə eynidirlər.
Amma maraqlı və diqqət çəkən bu deyil.Teatr
tamaşanın janrını ədəbi materialdakından fərqli
olaraq, mistik komediya kimi müəyyən etmiş və oyunun
qaydalarını məhz bu sayaq şərtləndirmişdir.
Söz yox, əsərdə
mistik elementlər, o cümlədən bayaq qeyd etdiyimiz kimi
mücərrəd, mistik obrazlar var, amma nə
üçün rejissor tamaşanın janrını komediya
kimi müəyyən etmişdir? Yəni O, bu əsərdə ənənəvi
komediya janrına uyğun nə görmüşdür? Bəlkə
teatr öz tamaşaçısını, onun estetik tələbini
ödəmək üçün bu yolu seçmişdir.
Axı Şəki başdan-binadan nəhəng
gülüş mətbəxidir. Burada gülüş
yaxşı hazırlanır, dadlı alınır.
Yəqin ki, nə
üçünlərin və bəlkələrin mənasız
cavab axtarışlarını yox, nəticəni labüdləşdirən
məqamları nəzərdən keçirməyimiz daha
faydalı olar.
Beləliklə,
teatr mistik komediya təqdim edir. Olsun. Görək, o, müəyyən
etdiyi bu janrın bədii oyun prinsiplərini, ifadə
biçimlərini necə realizə edir?
Bu başdan onu deyək
ki, teatrın müəllif istəyinə qarşı öz
niyyətini qoyması onun müstəqil yaradıcı iradəsini
göstərməklə bərabər, tamaşaçı
üçün də tanış ədəbi əsəri
aktyor oyununun ifadə vasitələri sayəsində yeni
baxış bucağında dəyərləndirmək
imkanı yaradır.
Elə ilk səhnələrdən,
aşkar bəlli olur ki, rejissor müəllifə
sayğısını ədəbi materialın estetik maddiləşməsi
ilə deyil, onun gizli və sirli bədii ləyaqətlərini
fərqli dünyagörüşlə əyaniləşdirmək
yolu ilə göstərməyə cəhd etmişdir. Bu
zaman onun qarşısında duran NƏ?, NİYƏ? NECƏ?
sualları yaradıcı fəhmin cəsarətli tətbiqi
ilə cavablandırılmışdır.
Ə.Haqverdiyevin
çoxsaylı pyesləri içərisində ikisi -
“Ağa Məhəmməd şah Qaçar”və “Pəri
Cadu” digərlərindən əsaslı şəkildə
seçilir. Elə bil bu pyesləri yaradanda müəllif
ilahi bir enerji ilə öz yaradıcılığının
fövqünə qalxmışdır. Belə ki, “Ağac
kölgəsində”, “Köhnə Dudman”, “Sağsağan”,
“Yoldaş Koroğlu”əsərləri ilə müqayisə
edilməz dərəcədə bitkin kompozisiya, dürüst
dramaturji struktur, psixoloji və ədəbi məntiqə
söykənən xarakterlər, bədii üslub və dil səlisliyi,
konflikt qurma ustalığı və s. sənətkarlıq
xüsusiyyətləri onun yuxarıda qeyd etdiyimiz iki əsərində
daha mükəmməldir. Bu baxımdan “Pəri Cadu”nun
dramaturji strukturu Avropa dramaturgiyasının bir sıra dəyərli
nümunələri ilə müqayisə edilə bilər.
Digər tərəfdən, “Pəri Cadu”da milli
dramaturgiyamızın da təsiri, hətta bəzi surətlərin
Pyesdə üç
qadının - Səlimənin, Hafizənin və Pərinin əhatəsində
olan Qurban, müəllifə görə, sadə, amma halal səadətini
çılğın istəklərinin ayaqları altına
atır, bu zaman həmin istəklərin gətirdiyi bəlanın
qurbanına çevrilir.
Teatr bəzi
məqamlarda müəlliflə eyni ahəngdə
addımlayır. Yəni o da Qurbanı üç
qadının yaratdığı virtual
üçbucağın mərkəzində yerləşdirilir.
Burada da mistik obrazlardan - İblisdən, Şamama Cadudan, əcinnələrdən
və sairdən istifadə ilə ədəbi mətnə əsasən
riayət edilir. Amma tamaşanın konseptual yozumu və plastik
həlli tamamilə başqa cürdür.
Yuxarıda qeyd etdiyimiz
kimi teatr mistik komediya göstərir.Yəni burada bəlli ədəbi
material əsasında müstəqil yozumla səhnə əsəri
- tamaşa yaranır və təbii olaraq, onun janrı
yaradıcı heyətin estetik niyyətinə müvafiq olaraq
müəyyənləşməli idi. Əslində
müəllif əsəri faciə adlandırsa da, burada
melodramatik ovqat çox güclüdür. Hətta “Vəfalı
Səriyyə, yaxud Göz yaşları içərisində
qəhqəhələr”, “Solğun çiçəklər”
pyeslərində olduğundan neçə qat artıqdır.
Burasını da qeyd edək ki, “Pəri Cadu” pyesində müəllifin
janr olaraq təqdim etdiyi faciə, formal ədəbi göstəricilərdə
özünü büruzə versə də, problemin məzmun
qatı və hadisələrin dramaturji xətti, həmçinin
faciəni yaradan motivlər, müəllif tərəfindən
istər mənəvi- psixoloji, istər ədəbi-bədii
baxımdan yetərincə əsaslandırılmayıb.
Mətləbdən
uzaqlaşmadan teatrın tamaşa üzərindəki işlərinə
diqqət yetirək. Sevgilisinin onu atıb, başqası ilə
evləndiyinə, başqa sözlə, xəyanətinə
görə əzab çəkən Pəri intiqam hissi ilə
yaşayır. Dünya görmüş Dərviş onun əzablarının
səbəbini öyrənəndən sonra səbr etməyi
tövsiyə edir. Amma Dərvişin tövsiyələri Pərini
nəinki ovutmur, əksinə, qəzəbini
alovlandırır, içindəki acıları daha da
göynədir. Və O, “Cəmi kişi cinsindən” hayıf
çıxmaq üçün bütün qara qüvvələri
köməyə çağırır. İblis (müəllifdəki
kimi peyda olmur) eksentrik yerişlə gəlir. Yeri gəlmişkən,
burada teatrın təcrübəli aktyorlarından olan Xanlar Həşimzadənin
hər iki obrazda (aktyor həmin tamaşada Əmrah rolunu da ifa
edir) uğurlu ifasını qeyd etmək lazımdır. Onun
ifasındakı İblis pirotexnik vasitənin köməyilə,
yəni od, tüstü içindən deyil, aramla, kiçik
addımlarla pilləkənləri qalxıb, səhnəyə
daxil olur. X.Həşimzadənin təqdim etdiyi İblis bəlli
mücərrədlikdən fərqlidir. O, adidir, tanış gələn
əlamətlərə malikdir. Aktyorun oynadığı
obrazın plastik rəsmi ilə verdiyi estetik informasiya qane edir.
Bu zaman O, impulsiv jestləri ilə qorxunc bir məxluqu deyil,
süjetin sonrakı hadisələri üçün gərəkli
olan, konkret funksiyasını yerinə yetirən personajın
işini görür. Bununla bərabər, X.Həşimzadənin
yaradıclığı üçün epizodik olsa belə,
bu obrazı əlamətdar hesab edirik. Həmin
tamaşadakı Əmrah rolunda isə aktyoru tanış
ampluada seyr edirik. O, səhnədə çevikdir, məzəlidir,
oynadığı obrazın xarakterik cizgilərini, əməl
xəttini dürüst bədii biçimlər, təsirli
vurğularla işarələndirməyi bacarır.
Amma
tamaşadakı səhnəyə ilk gəlişində o,
İblis kimi gəlir. Pərinin intiqam arzusunu öyrənincə
sevinir. Ruhuna hakim kəsilməklə, öz
üzüyünü Pərinin barmağına taxır.
Sövdələşmə baş tutur, ona Pəri Cadu
adını verir və Şamama Cadunu Pəriyə xidmətçi
təyin edib gedir.
Rejissor M.Səlimli
müəllifin faciə qəhrəmanı kimi təqdim etdiyi
Qurbanın düşüncələrini və əməllərini
əsassız və gülünc hesab edir. Belə ki,
odunçu olan Qurban heç bir iş görmədən, yəni
zəhmət çəkmədən, mövcud vəziyyətini
dürüst qiymətləndirmədən “gözəl arvad,
gözəl güzəran” deyə xam xəyallarla
xumarlanır. Bu zaman o, heç nə görmür, heç kəsi
eşitmir.
Hafizə
xanım da belədir. Hər şeyə-mülkə, var
dövlətə malik olan, yaraşıqlı cavan,
harunlamış Hafizə xanım kişi həsrətindədir.
O, sağlam, yaraşıqlı, sözə baxan kişi
axtarır, Şamama Cadunun vasitəsilə Qurbanı tapır.
İndi onun dəlisov ehtiraslarını təmin edəcək
adam var. Amma...
Bunların hər birinə
heyvani ehtiyaclarını ödəmək arzusu hakimdir. Nəcib
əməllərə, duyğusal mətləblərə
onların həyat lüğətində yer yoxdur. Onlar
acdırsa, qəzəblidirlər, təmin olunmuşlarsa,
yaşamaq ləzzətli məşğuliyyətdir onlar
üçün. Əsl heyvan psixologiyası ilə dolanan
(yaşayan yox) bu məxluqlar L.Tolstoyun təbirincə desək,
gülünc olmasaydılar, iyrənc olardılar. Odur ki,
rejissor onların cılızlığına gülür. Bu
məxluqların arzusu da gülüncdür, əməlləri
də, xoşbəxtlikləri də gülüncdür,
qisasları da.
Beləliklə, Pərinin
və bəlli olduğu kimi Qurbanın, Səlimənin, Hafizənin,
bütövlükdə, sonrakı hadisələrin hərəkət
sükanı Şamama Cadunun əlinə keçir. İlk
baxışda əmrlərin, göstərişlərin sadəcə
icraçısı kimi görünən Şamama Cadu, əslində
hadisələrin nizamlayıcısına, insan talelərinin
hakiminə çevrilir, onlarla dəcəl uşaq oyuncaqlarla
oynadığı kimi oynayır.
Rejissor
konsepsiyasının aparıcı siması kimi Şamama Cadunu
seçməkdə haqlı iş görmüşdür. Bu
zaman onun etibar etdiyi aktyor Əbülfət Salahovu uğurlu
seçim hesab etmək olar. Bu aktyorun təqdim etdiyi Şamama
Cadu ağasına sədaqətlidir, öz işinin məharətli
ustasıdır. Şamama Cadu obrazının aktyor
ifasındakı plastik həlli bu və ya digər vəziyyətlərdəki
əməl xətti, uğurlu xarakterik boyaları yerli yerindədir.
O, tamaşaçını bezdirmir, hər gəliş, hər
səhnə üçün yeni motivlər, yeni oyun vasitələri
tapır, tərəf müqabilləri ilə ünsiyyətdə
təklif edilmiş şəraitə uyğun ifadə tərzi
nümayiş etdirir. Odur ki, Qurban-Şamama Cadu, Hafizə-
Şamama Cadu, Pəri-Şamama Cadu, Təlxək Əcinnə
-Şamama Cadu duetlərində fərqli bədii məqsədlərə
müvafiq oyunu diqqət çəkən aktyor
tamaşanın poetika göstəricilərində xüsusi
yeri olan ifaçılıq çalarlarına zənginlik gətirir.
Maraqlıdır ki, əsərin
baş qəhrəmanı sayılan Pəri surətinin
tamaşadakı bədii-estetik yükü, yetərincə
görünmür. Bəlkə elə bu səbəbdəndir
ki, bu surətin ifaçısı Yasəmən Malikin səhnədəki
özünüifadə imkanları kəsirdə qalır.
Doğrudur, ədəbi materialdan irəli gələn məhdudiyyət
öz işini görür, amma aktrisanın özünün
də ifasında müşahidə edilən rəng
kasadlığı, yeknəsəklik, təqdimat monotonluğu
bu surətin təsirli səhnə təcəssümünə
xələl gətirir. Aktrisa diksiyasına, mizanların ifadəli
rəsminə, təqdim etdiyi surətin xarakterindəki
xüsusiyyətlərin açılmasına daha diqqətli
olmalıdır. Yəni Pəri surətinin ilk
görünüşündən başlamış,
tamaşanın sonuna qədər keçdiyi estetik təkamül
müəllif tərəfindən günbəgün qeyd edilməsə
də, ifaçı tərəfindən öyrənilməli
idi. Belə olsaydı, tamaşaçıların ekspozisiyada
gördüyü Pəri ilə son gəlişdə
gördüyü Pəri arasındakı fərqlər, təkcə
geyim və əda ilə deyil, mahiyyət dəyişməsi
şəklində aydın seçilərdi.
Buna bənzər fikirləri
Hafizə xanım surətinin ifaçısı haqqında da
söyləmək olar. Aktrisa Sima Şabanovanın
ifasında verilən bu surət varlıdır, cavandır,
yaraşıqlıdır, hökmlüdür. Aktrisa öz qəhrəmanını
məhz bu cür təqdim edir. Amma o, həmin xüsusiyyətlərin
zahiri tərəflərinə daha çox aludədir. Halbuki
bu surətin daxilindəki təlatümlü ehtiraslar,
qadınlıq müəmması, fərqlənmək
iddiaları daha zərif, daha məzmunlu, təsirli və əlvan
oyun üslubu tələb edir. Surətin yuxarıda qeyd etdiyimiz
keyfiyyətlərinin zahiri görüntüləri ilə
uğur qazanmaq çətindir.
Tamaşada oyun payı
az olan başqa bir qadın surəti kimi Səliməni göstərmək
olar. Aktrisa Lalə Səlimova bu surəti köməksiz,
zavallı qadın cildində təqdim edir. Amma bu surət barədə
müəllifdən gələn bioqrafik xüsusiyyətləri
rejissor məharətlə istifadə edir, Səliməni
bütün tamaşa boyu diqqətdə saxlayır. Surətin
bədii ləyaqətləri, özünüifadə
imkanı az olsa da, ifaçı həmin imkanın tam realizə
edilməsinə nail olur.
Səlimədən
bir qədər fərqli olaraq Sayad xaraktercə oynaq,
çoxbilmişdir. Surətin səhnə təqdimində
ifaçı aktrisa İnqa Şabanova rejissorun göstərişlərinə
dürüst riayət etməklə maraqlı təsir
bağışlayır. Hafizə xanımın qulluqçusu
olan Sayadın həmin evin nökəri Əmrahla səhnəsində
İnqa Şabanova tərəf müqabili Xanlar Həşimzadə
ilə ahəngdar duet kimi, təkcə şuxluqla deyil,
bütövlükdə tamaşanın məzmun qatını
zənginləşdirməklə yadda qalırlar.
Nəhayət, hadisələrin
lap qaynar xəttində olan Qurban surətinə növbə
yetişdi. Bir neçə söz də onun və həmin surəti
tamaşaçıya çatdıran ifaçı barədə
söyləməyin vaxtıdır.
(Ardı gələn sayımızda)
İsrafil İsrafilov,
Sənətşünaslıq doktoru,
Professor
Mədəniyyət.- 2009.- 17 iyun.- S. 10.