Azərbaycanın turizm infrastrukturu genişlənir
Əbülfəs Qarayev: “Ölkəmiz tezliklə yeni
bir turizm marşrutu kimi bütün dünyanın diqqətini
çəkəcək”
Coğrafi mövqeyinə görə əlverişli
bir ərazidə yerləşən Azərbaycanda turizm ən
perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin
də turizmə yaxından diqqəti və qayğısı
bu sahənin gələcək inkişafına zəmin
yaradır. Təsadüfi deyil ki, dövlət büdcəsinin
2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı
hesabına genişləndirilməsi nəzərdə tutulur.
Elə bu səbəbdən
də, bütün dünyada olduğu kimi, Azərbaycanda da hər
il turizm mövsümünün açılışı
münasibətilə Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
geniş bir tədbir düzənlənir. Builki
mövsümün açılışı da iyun
ayının 13-də Novxanıda yerləşən AF Hotel
Aqua Parkda reallaşdı.
Qeyd edək ki, bu hotel
ölkəmizdə fəaliyyət göstərən ən
böyük və ən çox turist qəbul edən istirahət
mərkəzlərindən biridir. Geniş bir ərazidə
yerləşən hotelin füsunkar mənzərəsi var.
Burada qonaqların istirahəti və dincəlməsi
üçün hər bir şərait mövcuddur. Dumduru su
ilə doldurulmuş çarhovuzlar, müxtəlif kafelər,
yüksək zövqlə dizayn edilmiş və Avropa
standartlarına uyğun xidmət səviyyəsi olan qonaq evləri
AF Hotelə xüsusi gözəllik verir. Onu da vurğulayaq ki,
bu istirahət mərkəzində turistlərin ailəvi dincəlməsi
üçün də hər bir şərait var. Uşaqların
əyləncəsi üçün nəzərdə tutulan
karuselləri, yelləncəkləri, kiçik oyun
meydançalarını xüsusilə qeyd etmək yerinə
düşərdi.
Həm xarici, həm də
yerli turistlərin özünə istirahət məkanı
seçdiyi hotelin menyüsündə isə Azərbaycan mətbəxinin
əksər yeməkləri yer alıb. Buraya süfrəmizin
şahı olan plovdan tutmuş müxtəlif milli yeməklərimiz,
kabablar, yüksək peşəkarlıqla
hazırlanmış soyuq salatlar, cürbəcür meyvələr,
təbii şirələr, xarici və yerli istehsalımız
olan şərablar və s. daxildir.
Mövsümün rəsmi
açılışı elan edilməmişdən öncə
Azərbaycan Respublikası mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev tədbirlə bağlı
jurnalistlərə açıqlama verdi. Mövsümə
hazırlıqla bağlı danışan nazir bildirdi ki,
nazirliyin turizm şöbəsinin əməkdaşları
aprel-may aylarında regionlara ezam ediliblər və
mehmanxana-komplekslərin vəziyyəti ilə yaxından
tanış olublar. Ümumiyyətlə götürdükdə
isə Ə.Qarayevin dediyinə görə, builki mövsümə
infrastruktur tamamilə hazırdır: «Artıq havalar istiləşdiyindən
turizm obyektlərində də insanların sayı artır. Mövsümün
açılışından əvvəl Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşları Azərbaycanın
demək olar ki, bütün zonalarında olublar. Mövcud olan
nöqsanların aradan qaldırılması üçün
müəyyən tədbirlər görülüb, yerli icra
hakimiyyəti orqanlarına lazım olan tövsiyələr
verilib. Vətəndaşlarımız bu il Azərbaycanda
istirahət etmək seçimlərində yanılmayacaqlar».
Nazir onu da
vurğuladı ki, bu il Bakı-Quba yolunun inşası başa
çatıb. Bu da adıçəkilən regiona turist
axınının yaranmasına imkan yaradıb. Çünki
ötən il yollarda təmir işlərinin getməsi səbəbindən
turistlər həmin zonaya getməyə müəyyən qədər
çətinlik çəkirdi. Bu il artıq bu problem də
aradan qalxıb.
Qiymətlərlə də
bağlı danışan nazir dedi: «Mehmanxana rəhbərləri
ilə dəfələrlə apardığımız
söhbətlərdən belə məlum olub ki, onların rəhbərlik
etdikləri istirahət obyeklərində mövsüm ərzində
bir dənə də boş yer olmur. Əlbəttə ki, ilbəil
Azərbaycanda adıçəkilən sahə inkişaf edir,
infrastruktur genişlənir, yeni hotellər istifadəyə
verilir. Bu da turizmin çox gəlirli sahəyə çevrilməsinə
şərait yaradır».
Ə.Qarayevin dediyinə
görə, bu səbəbdən də dünyada gedən
iqtisadi böhrana baxmayaraq, aparılan statistikaya rəğmən
demək olar ki, bu il Azərbaycana gələn turistlərin
sayında azalma müşahidə olunmayıb: «Bunu 2009-cu ilin
birinci rübünün nəticələrinə əsasən
də demək olar. Bu səbəbdən də hotellərimiz
qiymətlərində endirim etmək fikrində deyillər.
Lakin onu da qeyd etməliyəm ki, böhran sözsüz ki, təsirsiz
də ötüşmür. Bunu turistlərin səfər
müddətinin qısa olmasından görmək olur. Əgər
vaxtilə turistlər öz səfərlərini 2 həftəyə
planlaşdırırdısa, indi 5-7 günlə məhdudlaşdırırlar».
Bütün bunlarla bərabər,
nazir bildirdi ki, Azərbaycanda turizmin inkişafı dövlət
başçısının şəxsi nəzarəti
altındadır: «Bütün regionlarda turizm infrastrukturunun
genişləndirilməsinə diqqət yetirilir. Regionların
inkişafına dair Dövlət Proqramında da turizm obyektlərinin
sayının və şəbəkəsinin genişləndirilməsi
nəzərdə tutulur. Bu baxımdan da əminliklə deyə
bilərəm ki, Azərbaycan tezliklə regionda yeni bir turizm
marşrutu kimi bütün dünyanın diqqət mərkəzinə
çevriləcək».
Sonra Əbülfəs
Qarayev mövsümün rəsmi
açılışını etdi və bu münasibətlə
ölkəmizin turizm strukturlarında çalışan
bütün insanları təbrik etdi.
Mərasim münasibətilə
Azərbaycan mədəniyyət ustalarının
iştirakı ilə gerçəkləşən konsert
proqramı gecə saatlarına qədər davam etdi.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 17 iyun.- S. 8.