XV əsrin möcüzəsi

 

Muzeyin yaranmasından 45 il keçir

 

Zamanın, dövrün daşlaşmış yaddaşını özündə əks etdirən abidələr tarixin dərin qatlarından xəbər verən ən etibarlı şahidlərdir. Özü-özlüyündə çox dərin mahiyyətə malik olan və insan əməyinin məhsulu olan bu abidələr elə tarixin özüdür. Bəzən bir abidə bütöv bir əsri özündə əks etdirir və insan onu seyr etdikcə, mahiyyətinə vardıqca, həmin illərin sirli-sehrli təsirinə düşür. Belə möhtəşəm tarixi abidələrdən biri də XV əsrdə İçərişəhərdə tikilən Şirvanşahlar saray kompleksidir. Saray ən gözəl Şərq memarlıq üslubunu özündə əks etdirən abidədir. Ekspertlərin bildirdiyinə görə, sarayın XV əsrdə tikilməsinə baxmayaraq onun bu günə qədər də qorunub saxlanılmasına səbəb ən yüksək memarlıq xüsusiyyətidir. Elə bil ki, saray bir əsrin memarlıq nümunəsidir. Çox kamilliklə işlənmiş tikilinin hər bir daşı, hörülmə forması, daşlar üzərində incə Şərq üslubu ilə həkk edilmiş ornamentlər bütünlüklə həmin dövrü insan üçün açır və XV əsrin sehrinə salır.....

 

Bütün ornament və yazılar İslam dinini əks etdirir

 

Şirvanşahlar saray kompleksinin memarlıq üslubu maraq doğurur. Belə ki, kompleksə daxil olan binalar bir-birinin arasında 5-6 metr hündürlük fərqinə malik olan üç həyətdə yerləşdirilib. Yuxarı həyətin sol tərəfində sarayın divanxanası, ondan sol tərəfdə isə saray, yəni şah ailəsinin yaşayış binası yerləşir. Tarixi məlumatlara görə, səkkizguşəli zaldan ibarət olan bu divanxanadan bir sıra məqsədlər üçün istifadə olunurmuş. Belə ki, bu binada həm məhkəmə işi, həm də rəsmi qəbulların aparılması ilə yanaşı onu dörd tərəfdən əhatə edən eyvanda əsasən tanınmış feodalların yığıncağı keçirilərmiş. Diqqəti çəkən məqam kompleksin üzərində olan bütün ornament və yazıların İslam dinini özündə əks etdirməsidir. Məsələn, yəqin ki, divanxananın qapı keçidləri üzərində 6 guşəli medalyonlar heç kimin diqqətindən yayınmayıb. Bu medalyonların içərisində 6 dəfə «Əli» adı oxunur. Tikilinin 4 tərəfində bir-biri üzərində tikilmiş ikimərtəbəli otaqlar saray mirzələrinin iş otaqları olub. Gözəl ornamentlərlə bəzədilmiş əsas qapı keçidinin yuxarı hissəsində Quranın 10-cu surəsinin 27-ci ayəsindən sözlər yazılıb. Dəhlizin qərb hissəsini yüksək əzəmətli portal təşkil edir ki, bu da oyuqlarla, Şərq xalçalarıının ornamentlərini xatırladan naxışlarla, həm də ki, Abşeron florasına uyğun olan əncir və üzüm yarpaqlarını xatırladan elementlərlə bəzədilib. Portalın aşağı hissəsində iki 6 guşəli medalyon və sol tərəfdəki 6 guşəli medalyonun içərisində 6 ədəd həndəsi fiqur əmələ gətirən gül şəklində rombun olması divanxananın memarlığına xüsusi gözəllik qatır. Həyətdə dərinliyi 3 metrdən 15 metrə qədər olan çoxlu quyuların olması isə maraq doğurmaqla yanaşı, divanxananın digər funksiyasını aşkarlamış olur. Demə, bu quyulardan vaxtilə saray əhlinin yeyinti məhsullarının saxlanması üçün istifadə olunub. Belə ki, quyularda saxlanılan ərzaq məhsulları xarab olmurmuş və bu da il boyu saray əhlinin bu ərzaqdan istifadə etməsinə imkan verirmiş.

 

Sarayda olan bütün əşyalar soyğunçuluğa məruz qalıb

 

Yuxarı həyətin mərkəzində yerləşən 2 mərtəbəli böyük saray və ya şah ailəsinin yaşayış binası tariximizdə baş verən faciələri də özündə yaşadır.

Əvvəllər 52 otaqdan ibarət olan sarayın 1-ci mərtəbəsinə yalnız gözləmə zalı adlanan girişin sağ tərəfindən aşağıya doğru pilləkənlərlə düşmək olur. Şahın qulluqçuları və kənizlərin yaşaması üçün istifadə olunan bu mərtəbədə 27 otaq var. Şah isə öz ailə üzvləri ilə birlikdə ikinci mərtəbədə yaşayıb. Əvvəllər sarayın bu hissəsində 25 otaq olsa da, indi onların sayı cəmi 16-dır. Çünki 10 fevral 1828-ci il Türkmənçay müqaviləsindən sonra bütün saray kompleksi rus hərbi qərargahına verildiyindən burada hərbi sursatların saxlanması üçün bir sıra təmir işləri aparılır, divarların araları götürülür və cəmi 16 otaq qalır.

Gözləmə zalı adlanan və sarayın girişində yerləşən 8 guşəli zal isə ilkin görünüşünü olduğu kimi saxlayıb. Zalın divarları arasında olan bir çox yarıqlar diqqətdən yayınmır. Bu yarıqlar vaxtilə birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan əlaqəni təmin edib. Dəftərxananın daş şəbəkələrlə bəzədilmiş pəncərələri Bakı buxtasının gözəl mənzərəsinə açılır. Sarayın digər hissələrində şahın taxt-tac salonu, ziyafət salonu və yaşayış otaqları yerləşir. Qeyd edək ki, vaxtilə saray yadelli hücumuna məruz qaldığından onun içərisində olan bütün əşyalar ya talan edilib, ya da saraydan aparılıb. Tarixi mənbələrdə sarayda zəngin kitabxana olduğu da bildirilir. Hazırda isə sarayın içərisində heç bir avadanlıq və eksponat yerləşdirilməyib.

 

İki şir və buğa rəsmi Şirvanşahların gerbi olub

 

Kompleksin orta həyətində, belə demək mümkünsə, orta həyətdə saray alimi Seyid Yəhya Bakuvinin türbəsi, Keyqubad məscidi, Xəzər dənizinin dibindən tapılan daşlar və XVI əsrə aid olan yeganə tikili- Murad darvazası var. Deyilənlərə görə, əvvəllər Bakuvinin türbəsi önündə Keyqubad məscidi olub. Lakin 1918-ci ildə ruslar tərəfindən yandırılıb. Bakuvinin türbəsi iki hissədən ibarətdir. Yuxarı hissə ibadət üçün istifadə olunub, aşağıda isə alim özü dəfn edilib. İkinci həyəti əhatə edən divarlarda yarıqlar var ki, onlar da mazğallar adlanır. Bu mazğallar əsasən müdafiə rolunu oynayıb. Xəzər dənizinin dibindən tapılan daşlar isə vaxtilə mövcud olan və sonra su altında qalan Bayıl adasında olan qəsrin qalıqlarıdır. XIII əsrə aid olan bu daşların üzərində müxtəlif heyvan təsvirlərinə rast gəlmək mümkündür. Üçüncü həyət adlanan aşağı həyətdə sarayın üç tikilisi, saray məscidi, şahın ailəvi türbəsi və sarayın hamamı yerləşir. Hündürlüyü 22 metr olan məscid minarəsinin eyvanı əvvəllər daş məhəccərlə əhatə olunub. Şahın ailəvi türbəsinin portalda olan medalyonlarda ancaq güzgü vasitəsilə oxuna bilinəcək memarın adı yazılıb ki, bunun da çox maraqlı tarixçəsi var. Deyilənlərə görə, əvvəllər memarlara adlarını tikili üzərinə yazmağa icazə vermirdilər. Lakin bir memar hiyləgərlik işlədib öz adını bu yolla medalyonun içərisinə həkk etməyə nail olub. Türbənin girişində iki xidmətçi otağı var. Ailəvi türbə olduğundan vaxtlə burada dini mərasimlər də keçirilib. I Şirvanşah Xəlilullahın qəbrinin aşağı hissəsindəki iki şir və buğa rəsmi isə öz-özlüyündə dərin əhəmiyyət kəsb edir. Belə ki, iki şir və buğa Şirvanşahlar dövlətinin rəsmi gerbi olub. Şah sarayında iki şir mərdlik rəmzi, buğa isə bolluq rəmzini ifadə edirdi. Türbədə Şirvanşahın anasının, xanımının və dörd oğlunun qəbri var. Qeyd edək ki, şahın 5 oğlu olub, onlardan 4-ü elə onun sağlığı dövründə vəfat edib. Amma böyük oğlu Fərrux Yassar şahın ölümündən sonra hakimiyyəti davam etdirib. O isə Səfəvilərlə müharibədə öldürülür. 1945-46-cı illərdə türbənin içərisində aparılan arxeoloji qazıntılar zamanı qəbirlərin içərisindən bir sıra əşyalar, o cümlədən qızıl sırğa və qızıl sancaq tapılıb.

Saraya məxsus məscidə üç qapı qoyulması da çox diqqət çəkəndir. Deyilənlərə görə, məscidə sağ tərəfdən şah və onun ailəsi, şimal tərəfdən kişilər, qərb tərəfdən isə qadınlar daxil olurmuş. Məscidin içərisində iki otaq var, böyük otaq kişilər, kiçik otaq isə qadınlar üçün nəzərdə tutulub. Kişilərə aid olan otaqda mehrab var, mehrab qiblənin isiqamətini göstərir.

 

Saray hamamı həm də istirahət məkanı olub

 

Bütünlüklə o dövrün Şərq memarlıq üslubunu özündə əks etdirən kompleksin tikililərindən biri saray hamamıdır. Qeyd edək ki, əvvəllər sarayın üzərində park olub. Bu tikili 1939-cu ildə aparılan qazıntılar nəticəsində aşkara çıxıb. Hamama daxil olmaq üçün pilləkənlərlə bir neçə metr aşağı düşmək lazım gəlir. Belə ki, temperatur rejiminə görə, yerin altında tikilən hamamın otaqlarında ancaq gümbəzlər görünürmüş. Gümbəzlərin üzərində açılmış yumru dəliklərdən otağın içərisinə işıq düşmək üçün istifadə edirlərmiş. Tikilinin sol hissəsi təmirə məruz qalıb, amma sağ hissə olduğu kimi qalıb. Cəmi 26 otaqdan ibarət olan hamam kompleksi həm də sarayda yaşayan insanlar üçün istirahət məkanı olub. Saray əhli burada istirahət edir, qonaq qarşılayır və hətta müqavilələr imzalayırmış. Hamamda soyunub-geyinmə otağı, masaj otağı, tək adamın yuyunması üçün otaqlar olub. Belə ehtimal olunur ki, pilləkənə yaxın içərisi kaşı daşlarla bəzədilmiş otaq şaha məxsus olub. Hamamdan bir qədər aralıda şah ovdanı deyilən yeraltı su anbarı olub ki, bu da qayadan 70 pilləkən aşağıda düzəldilib. Ovdan təmiz su ilə təmin edilirmiş. Çox ustalıqla düzəldilmiş ovdan elə maili istiqamətdə tikilibmiş ki, su öz axarı ilə sarayın hamamına gəlir, sonra külxanada qızdırılır, saxsı borular vasitəsilə otaqlara paylanırmış. Hamamın otaqlarında hələ də saxsı boruların qalıqları qalmaqdadır.

Beləliklə, bütün Şərq memarlıq üslubundan incəliklə istifadə olunaraq tikilmiş bu kompleks doğrudan da orta əsr memarlığının şah əsəridir. Belə bir əzəmətli abidəni yalnız qorumaq lazımdır ki, gələcək nəsillər də tarixin bu heykəlləşmiş yaddaşından ibrət götürsün.

 

 

Mehparə

 

Mədəniyyət.- 2009.- 17 iyun.- S. 7.